adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

GÖZƏTÇİ

MAHİR QABİLOĞLU
25365 | 2014-09-24 01:44
- Alo. Dilqəm sənsən?
- Hə.
- Mənəm e... Sayalı.
- Nə olub? Bir hadisə baş verib?
- Yox. Sadəcə darıxdım, zəng elədim.
- Uşaqlar necədir?
- Yaxşıdırlar. Amma yuxuya gedə bilmirlər.
- Niyə?
- Dam axı qırdandır. İstiliyi verir içəri. Döşəmənin də altında siçovillar ciyildəyir. Qorxurlar. Sən neyləyirsən?
- Neyləyəcəyəm ki, Sayalı. Gözətçi neyləyər. Gecə saat on. Oturub səhərin acılmasını gözləyirəm. Yaxşı ki, kondisioner yanır. Sərindir. Dispenser də işləyir. Həm Gədəbəyin soyudulmuş bulaq suyu var, həm qaynar. Kompüter də açıqdır. İnternetə girib bozbaş pikçeresin meymunluğuna baxıram ki, vaxt tez keçsin.
- Kefdəsən ki, Dilqəm. Kompüterin də var? Amma özünə gözətçi demə də. Pis çıxır e... Mən qonşulara demişəm ki, ərim mebel firmasında seküritidir. Mebel salonu deməmişəm a... Yalanımı çıxarma.
- Əşşi, nə fərqi var? İstəyirsən seküriti de, istəyirsən qarolçu. Eyni şeydir.
- Mənimçün fərqi var. Dilqəm...
- Hə.
- A Dilqəm.
- Hə! Nədir?
- Darixiram e səninçün. Gör neçə vaxtdır ki, evdə gecələmirsən.
- Nə edim?
- Başa düşürəm e... amma, nə vaxtacan bu davam edəcək?
- Bilmirəm.
- Bəs kim bilir?
- Çörəyimiz burdan çıxır da... İndi neyləyim, sizi də bura köçürüm?
- Pis olmaz, a Dilqəm. Darıxıram axı səninçün. Başa düşürsən?
- Başa düşürəm. Mən də darıxıram e... amma nə edə bilərəm.
- Kubinka ki, işinə yaxındır. Bəlkə yarım saatlığa qaçıb gələsən.
- Başın xarabdır, ay qız. Allah eləməmiş bir şey olsa, istəyirsən türməyə salsınlar? Qalasınız başsız?
- Allah eləməsin. Darıxıram axı...
- Darıxırsan dur gəl bura!!!
Dilqəm qışqırıb dəstəyi hirslə yerinə çırpır. Bir siqaret yandırıb çəkməyə başlayır. Öz-özünə: "Doğurdan e, bu cür nə vaxtacan davam edəcək? Səyalı da mən də cavan adamıq. Səhər gedib yatıram, axşam da bura gəlirəm. Uşaqlar da bütün günü evdədirlər. Analarının yanından kənara çəkilmirlər. Nə istirahətim var, nə də bayramım. Görməmişlikdən özümə naparnik də götürməyə qoymamışam ki, pulun hamısı özümə qalsın. Hər gecə işləyirəm. Durum ərazini gəzim".
Dilqəm ərazini gəzir. Qapı-pencərələri yoxlayır. Yenidən gəlib kompüterin arxasında oturur. Yenə öz-özünə: "Bu bozbaş-pikçeres də lap bezdirib e məni. Yaxşısı budur müğənnilərin saçyoldusuna baxım. Bu kimdir? Gör nə ağıllı qadındır e... Balaca boyuyla o qədər polisi, hüquq-mühafizə orqanlarını bütün gecəni yuxusuz qoyub. Özü də gör nə vaxt olub e bu. Mən indi xəbər tutmuşam. Qadın belə olar e... Yoxsa ki, Səyalı.
Nə polis? Xarici səfirləri də yatağından qaldırıb. Halal olsun. Böyük adammış vallah. Bura bax, bura bax. Gör polisin papağın necə vızıldadır e. Ə, vur da qapazı başına. Qıçın boydadır. Allah haqqı, mən bunu eləsəydim, çoxdan KPZ-dəydim. Düzdür tanışlığım yoxdur, amma çox ağıllı qadındır. Nümunə götürmək lazımdır bundan. Bunda olan ağıl biz qaçqınlarda olaydı. Min-iki min nəfər yığışardıq bir yerə, xarici səfirləri də qatardıq qabağımıza ki, doğma el-obamıza sülh yürüşü edirik. Getməsəydilər, girov götürərdik. Görüm bir erməni bizə güllə atmağa cürət edərdimi? Gedib heç olmasa ölülərimizi ziyarət edib qayıdardıq. Yox, niyə qayıdırıq ki? Lap qalardıq da... Deyəsən qapını tıqqıldadırlar. Yəqin mebel salonunun müdiridir. Məni yoxlamağa gəlib ki, görsün yatmışam, ya yox".
- Gəldim, gəldim.
Dilqəm qapıya yaxınlaşır. Gözlərinə inanmır. Qapının o tayında Səyalı və iki oğlu dayanıb ona baxırlar. Tez qapını açır.
- Nə olub? Nə hadisə baş verib?
- Heç nə.
- Bəs niyə gəlmisiniz?
- Demədin ki, darıxırsan dur gəl bura? Mən də gəldim. Uşaqları da gətirdim. Evdə tək-tənha qoymayacaqdım a...
- Ay qız, mən hirsimdən dedim. Sən də doğru başa düşdün? Yaxşı, keçin içəri. Kamera da çəkdi. Məni axırı işdən qovduracaqsınız.
Səyalı və uşaqlar salona daxil olurlar. Kondisionerin sərin havası bir anlıq onları bihuş edir. Bir-iki dəqiqə beləcə halsız dayanırlar. Bayırdakı otuz beş dərəcəlik istini canlarından çıxarıb, Dilqəmə də məhəl qoymadan başlayırlar salonu gəzməyə.
- Əl vurmayın. Əl vurmaq olmaz - deyə, Dilqəm uşaqlara acıqlanır. - Görmürsüz yazıb üstünə də qoyublar...
- Dilqəm, acıqlanma uşaqlara. Onlar oxumağı bilirlər? Harda görüblər ki, belə mebel. Toxunmurlar a... əl vurular ki, görsünlər ki, doğurçudur, ya yox?! Oxşayırlar, əzizləyirlər mebelləri. İşin yoxdur, qoy əl vursunlar. Onsuz da səhər siləcəklər.
- Yox! Əl vurmayın. Buna bax e... sərələndi çarpayının üstünə. Gəlin sakit oturun bir yerdə. Yoxsa çıxardaram a sizi bayıra.
- Dilqəm, qoy baxaq da salona. Ömründə belə mebellər görməmişəm.
- Bəs nə görmüsən ki?
- Atamın cehiz verdiyi bakinski taxt. Onun da toydan iki gün sonra ayağı sındı. Sən də gətirib altına kubik daş qoydun. Yadındadır?
- Ana, taxta neylədiniz ki, iki günə sındı? - deyə oğlu Həsən dillənir
- Kiri, ay uşaq. Gic-gic suallar verməyin. Səyalı, sən də bunlaın ağzına söz salma. Yaxşı. Gəlin göstərim sizə salonu. Yoxsa, əl çəkən deyilsiniz.
- Ura!!!! - uşaqlarla Səyalının sevinc səsləri salonu bürüyür.
- Hə. Hardan başlayaq. Hə. Uşaqlar, bu gənc odası mebelləridir.
- Ata, bu maşındır?
- Yox, a bala, çarpayını bu cür düzəldiblər.
- Ana, bəs bizim bundan niyə yoxumuzdur? Mən yerdə yatıram, Hüseyn də sizin aranızda.
- Ay bala, kəndimizdə olsaydıq hərənizin ayrıca otağı olardı. İndi nə edək ki... qaşqınıq da...
- Ana, biz həmişə elə qaşqın olacağıq? Bəs bu nədir?
- Bu uşaq otağı üçün paltar dolabıdır. Bu da dərs hazırlamaq guşəsi. Kitabları bura yığırsan, oyuncaqları da ora. Televizoru da divara vurursan ki, çox yer tutmasın.
- Ata, uşaqların da ayrıca televizoru olar?
- Olar. Niyə olmur ki?
- Bəs bizim niyə yoxdur?
- Bizim də inşallah olar. İndi də keçək qonaq otağına.
- Dilqəm, necə də gözəldir? Görəsən neçəyədir? Burda yazılıb. Beş min manat? Yox, istəmədim. Bahadır. Amma necə də gözəldir.
- Bu Türkiyənindir. Gəl, hələ buna bax. İtaliyanındır. On iki min manata.
- Dilqəm, görəsən bunları alan olur?
- Gic-gic danışma. Almasalar müdirin başı xarabdır ki, gedib xaricdən gətirsin? Uşaqlar hanı? Həsən! Hüseyn! Hay da vermirlər.
- Həsən... Hüseyn... Yəqin uşaq mebelləri şöbəsindədirlər. Ora yaman xoşlarına gəlib deyəsən. Həsən, Hüseyn. Sayalı, gəl, burdadırlar.
- Aaa... Qaqam, durun maşın çarpayıdan. Batırarsınız. Dilqəm, yatıblar e...
- Oyatma. Qoy yatsınlar.
- Kondisioner işləyir. Soyuqlayarlar.
Dilqəm satışda olan adyallardan birini açır. Uşaqların üstünə örtür.
- Səs salma qoy yatsınlar. Gecə saat 11-dir. Geri qayıtmayacaqsınız ki... Kubinkadır. Sataşan eləyən olar yolda. Gedək o biri zalları da sənə göstərim.
- Gedək.
Dilqəm balaca uşaq kimi Səyalının əlindən tutur.
- Bax, Səyalı, bu da yataq dəstləridir.
- Nə gözəldir, - deyib Sayalı çarpayıya sərələnir.
- Ay qız, neyləyirsən?
- Neyləyirəm ki... yemədim ha... Əlim-ayağım təmiz, üstüm təmiz. Mebelin qaşı düşmədi ya... Podumayeş.
- Bunun dilinə bax. Podumayeşi hardan öyrənmisən, qız.
- Dilqəm, a Dilqəm. Sən də gəl uzan yanıma.
- Ay qız, olmaz. Dur gedək kompüterdə sənə yaxşı şeylər göstərəcəm.
- Getmirəm. Gəl uzan yanıma.
- Yaxşı, uzandım. Sonra.
- Dilqəm, - deyə Səyalı başını onun sinəsinə qoyur. - Görəsən biz həmişə qaşqın qalacağıq?
- Hə.
- Bəs keçən dəfə deyirdin ki, qayıdacağıq elimizə, obamıza. Sən heç olmasa bir az böyük idin, yadında nəsə qalıb. Mən isə bələkdəydim. Heç nə xatırlamıram.
- Çətin görək kəndimizi.
- Niyə axı bədbinsən? Axı, belə deyildin.
- Niyə axı bədbin olmayım? Bu gün rayonumuzun işğal günü ilə bağlı tədbir idi. İcra başçımız da orda iştirak edən səlahiyyətlidən bilirsənmi nə xahiş etdi?
- Nə?
- Deyib ki, xahiş edirəm, Quzuluda musiqi məktəbi açasınız.
- Hə... nə olsun ki?
- Hərbi orta məktəblər yaradılmasını xahişi etməliydi. Zurna-qavalla erməniyə nə edəcəksən ki? Qaşqın rayona yaraşır elə musiqi məktəbi.
- Nə isə. Əsəbiləşmə. Dilqəm, görəsən bizim də böyük evimiz olacaq?
- Hə.
- Bu mebellərdən alıb yığarıq ora?
- Hə.
- Hər otaqda da ayrıca televizor?
- Hə.
- Deyirsən kondisionerimiz də olacaq?
- Hə də, ay qız. Hər şeyimiz olacaq.
- İnşallah, Dilqəm. Allah qoysa de.
Araya sükut çökür. İkisi də gözlərini tavana zilləyib fikrə gedirlər. Birdən Dilqəm sevincək yerindən sıçrayıb, dizi üstə çömbələrək:
- Ay qız, tapdım.
- Nəyi?
- Gəl belə edək. Hər axşam uşaqların yeməyini verirsən, çimizdirirsən. Denən "hə".
- Tutaq ki, hə. Sonra.
- Saat 10-11-də də gəlirsiniz bura. Səhər tezdən də işçilər gəlməmiş qayıdırsınız evə. Nə var e Poxlu dərədəki bir otaqlı kirayə evimizdə. Uşaqlar da gördün necə rahat yatdılar. Siçovulların da səsi gəlmir. Bir də ki, mənim sizi yayda istirahətə - Gədəbəy bulağının suyu olan yaylağa aparmağa haqqım yoxdur ki?
- Birdən gəlib tutsalar.
- Lap gəlsinlər. Kimin ağlına gələr ki, hansısa şöbədə iki məsum körpə, bir mələk yuxuya gedib.
- Sən mənə mələk dedin?
- Hə. Sən mənim mələyimsən
- Sən də mənim ər igidimsən... Uşaqlar oyanmazlar ki?
- Yox. Lap oyansınlar. Onların öz otağı, bizim öz otağımız.

TƏQVİM / ARXİV