Gözləmə deyən şairin ruhuna - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
525 | 2024-10-09 11:23

Müdrik bir deyim var. Yəni müdriklər deyiblər ki, «Dünya bir pəncərədir, hər gələn baxıb gedir». Bu mənada yaşadığım ömür kəsiyində bu pəncərə dünyadan baxıb gedənləri görə-görə deyilən fikiri dəqiqliyinə bir daha əmin oldum və gördüm ki, bu pəncərədən elə belə baxanlar da oldu, baxıb nəyisə gözünə köçürənlər də, baxıb əl eləyən də, baxıb bu dünyaya sözünü deyənlər də oldular. Hə, həmin olanların çeşidini, sırasını incələmək, onları qruplara bölmək, ya da hansısa zümrəyə bölmək fikrindən çox-çox uzağam. İndiki anda bu pəncərə dünyadan baxanların sırasında özəl yeri olan söz adamlarından danışmaq, onların ruhunu şad etmək, haqq-saylarını dilə gətiməkdi niyyətim. Elə bu istəklə də köklənmişəm.

Hə, mənə kökləyən «Gözləmə»dir! Niyə gözləməyim? Ümumiyyətlə, niyə ümidsiz olum. Elə siz özünüz də niyə gözləməyəsiniz? Niyə ümidsiz olasınız?

Bu suallar ritorik görünə bilər. Hətta suallara görə doqaq büzən də, məni qınayan da tapıla bilər. İndiki anda bu cür yanaşmalar mənim üçün heç bir məna kəsb etmir. Ona görə ki, içimə, ruhuma hakim olan BİR GÖZLƏMƏ VAR! Bax mən o böyük hərflərlə yazdığım bütün varlığıma hakim olan Gözləmə-ni çözməyə çalışıram.

Öncədən deyim ki, bu  yazı kitab rəfimdə avtoqrafla yer almış bir kitabın adından qaynaqlandı. Kitabı mənə 2012-ci ilin may ayının 21-də müəllif avtoqrafla bağışlayıb. Və kitab da böyük, klassik şairimiz Mirzə Ələkbər Sabirinin 125 illiyinə həsr olunub. «Gözləmə» adlanan bu kitab 61 səhifəlik bir poemadan ibarətdi. Kitaba ön söz yazmış Fariz Çobanoğlu vurğulayır ki, bu kitabda müəllif böyük Sabirin ruhuna köklənərək cəmiyyətdə baş verənləri qamçılayr, haqsızlıqlara, laqeydliklərə üsyan edir. Fariz bəy onu da vurğulayır ki,  müəllif nə qədər aqressiv olsa da, ümidsiz deyil. Nə vaxtsa haqqın, ədalətin yerini tutacağına əmindir, ümidlidir.

Bax, mən bu ön sözün yaratdığı assosiasiyanı, poemanı oxuduqca təkrar-təkrar hiss etdim, duydum. Elə poemanın ilk misralarından başlayan həmin o aqressivlik fəsildən-fəsilə damarlarımızdakı qan kimi gah təzyiqi yüksəlir, gah da aşağı düşür. Bir civə sütunu kimi görünür, yüksəliş, eniş, dayanma və təbii ki, müəllifin gerçəkliklərə, ətrafa, bir də özünün özünə ünvanlanan kəskin sualları. Şair yazır:

 

Dərdi saçlarında ağarmayırsa,

Yanıb kösöv kimi qaralmayırsa,

Solub yarpaq-yarpaq saralmayırsa,

Bu küpə başlardan hörmət gözləmə,

Bir   vəfa  gözləmə, mürvət gözləmə.

 

Ana fəryadını, qəmi görmürsə,

Körpə gözlərindən nəmi silmirsə,

Kürsüdən, saraydan enib gəlmirsə,

Bu küpə başlardan hörmət gözləmə,

Bir   vəfa  gözləmə, mürvət gözləmə.

 

Bax, beləcə başlayır gözləmə deyən şairin təsviri, tərənnümü və bir də qamçılaması. Bir oxucu olaraq mən misraların arasında həyat gerçəkliyi ilə yanaşı bədii gerçəkliyin də dayandığını, bir araya gəldiyini izlədim. Və açığı deyim ki, elə poemanın birinci hissəsində əmin oldum ki, şair bu əsərini Mirzə Ələkbər Sabirə çox böyük sevgiylə xitab edib. Çünki şair ittihamları sadə, amma çox kəskindir. O, sanki yazdığı misralarla zamanın, günün nöqsanlarını, əyriliklərini, kəm-kəsirini birbaşa göstərir, onların altını qaralayır diqqətə çatdırmaq üçün, tanıtmaq üçün. Məsələn:

 

Vətəndən vətəndaş səsi gəlmirsə,

Üzeyir yurduna gedə bilmirsə,

Bu yolda bir məmur gedib ölmürsə.

Bu cür övladlardan əsgər gözləmə,

Belə dəmirçidən misgər gözləmə.

 

Və yaxud:

 

Babası yaşında düşüb sevdaya,

Gözləmir nə ismət, nə abır, həya.

Yaratdın beləsin sən ey xudayar,

Belə ağalardan nəsə gözləmə,

Bir gün aç qalsan da heç nə istəmə.

 

Mən «Gözləmə» kitabının müəllifini bir həmkar olaraq «Ədalət» qəzetində tanıdım və bildim ki, Qarabağda, Ağdamda doğulan Qələndər Xaçınçaylı təkcə publisistika ilə deyil, həm də poeziya ilə də məşğul olur. Bir qələm adamı olaraq həmişə tələsən, hətta etdiyi söhbətlərdə də çılğınlığını gizlətməyən Qələndər özünün bütün yaradıcılığında bir məqamın, bir məramı həmişə öndə saxladı. Belə ki, onun qələmi, ehtiyacları, problemləri, təbii ki, bir də yurd nisgilini həmişə tüstü qabardırdı. Bunlar isə insanın normal həyatı üçün əsas şərtlərdir. Çox təəssüf ki, Qələndər Xaçınçaylıya Qarabağın azadlığını, qələbə sevincini yaşamaq nəsib olmadı. Amma onun xatirəsi, onun özünəməxsus istiqanlığı tanıyanlarının, oxucularının yaddaşına köçdü. Məhz bu mənada indi sizə təqdim etdiyim «Gözləmə» kitabı həm də Qələndər Xaçınçaylının bir insan kimi, bir vətəndaş kimi özəl obrazının da təsviridi. O, gözləmədiklərinə həmişə gözləmək ümidi ilə yanaşıbdır. Elə bu kitabın özündə də gözləmə deyə-deyə o əslində vətənin bütövləşəcəyi günü, yurda dönüş anını, böyük qayıdışı və nəhayət özümüzün özümüzə dönəcəyimizi bilirdi və buna inanırdı. Sadəcə olaraq bu prosesin, yəni bildiklərini sürətləndirmək üçün poetik təpki ilə bizi daha sürətli hərəkətə, fəaliyyətə kökləyirdi. Bu da o deməkdir ki, «Gözləmə!» - deyən şair əslində həm də «Gözlə!»- deyirdi.

…Bəli, əvvəldə dedim ki, bu dünya bir pəncərədi. Sonda isə xatırlatmaq istəyirəm ki:

 

Bu qala bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

 

Böyük və dünya şöhrətli alimimiz Xudu Məmmədova məxsus olan bu möhtəşəm bayatını ona görə xüsusi olaraq yazının sonunda dilə gətirdim ki, mərhum Qələndər Xaçınçaylının ruhu şad olmaqla həm də bilsin ki, onun sözü, onun misraları dünya adlı qalanın yəqin ki, kərpiclərindən biridir.

TƏQVİM / ARXİV