Hələ zamanımız var... - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
152 | 2025-01-14 10:25

Vahidi oxuyub düşünmək üçün

 

Hərdən ötən günlərə, xüsusilə özəl həyatımla bağlı məqamlara üz tuturam. Bu da iki səbəbdən qaynaqlanır. Birincisi, yaşla bağlıdır. Artıq mən də təsdiq edirəm ki, 60-ı haqlayandan sonra arxaya baxmaq, keçmişin kitabını vərəqləmək, bir növ adətə çevrilir. Sanki bununla dünəni özünə qaytarmaq, dünəndən qopub ayrılmaq istəmirsən. İkincisi isə, dünəndəki elə məqamlar var ki, o insanın həyatınınr mənasına çevrilir. Onu yaşadan, ona stimul verən güc olur, mənbə olur.

Bax, bu iki məqam, yəni mənim özüm üçün çıxartdığım nəticə , tez-tez arxaya baxmağıma başlıca səbəbdir. Elə bu gün də arxaya baxıram. Çünki onu unutduğum, onu yadımdan çıxartdığım gün yoxdu. Və nə qədər ki, varam, inanmıram ki, elə bir gün olsun. Bu adam mənim üçün olduğu parametrlərdə, ölçüdə, çəkidə, fiziki və həm də mənəvi tutumda TƏK idi. Mən onun ikinci oxşarını, bənzərini, bu günə qədər görməmişəm. Heç filmdə də, ədəbiyyatda da rast gəlməyib mənə. Elə bil ki, Allah onu hamıdan fərqli yaratmışdı. Və hamıdan da fərqli ürək vermişdi ona. Bir az köntöy, bir az həlim, bir az həssas, bir az ölçüsüz, biçisiz, bir az sevgi dolu, bir az da istedad və ilham ünvanlı… Ona görə də onu tanımayanlar ilk kəlməsindən bəzən təəccüblənirdilər. İnanmırdılar ki, oxuduqları şeirin müəllifi bu adamdı. Elə ki, mövzu çözülürdü, söhbət uzanırdı, onda ayrılıb getmək istəmirdilər. Onun məntiqi, onun zamana, sözə və ən vacibi adam balası adama özəl baxışı var idi. Bu baxış müzakirə mövzusu da olurdu bəzən. Amma onun əhvalına da təsir etmirdi. Çünki o, dəstəyə qoşulan deyildi. Və bir də o, heç kimi yamsılamırdı. Ona görə də öz məntiqində, öz baxışında o, özünü rahat hiss edirdi. Bircə nüansdan başqa…

Əlimdə bir kitab var. Bu onun sonuncu   kitabıdı. Elə burdaca qeyd edim ki, bu dünyaya vaxtından tez (əgər sağ olsaydı, bu sözümə görə mütləq sərt bir şəkildə deyəcəkdi… - qağa, sən vaxtın  tez olduğunu hardan bilirsən. Allahın bacısı oğlusan?! – Ə.M.) vida etmiş Vahid Əlifoğlu adlı bir şair vardı. Elə indi də var ədəbiyyatımızda. Ədəbiyyat olduqca o da olacaq və əlimdəki kitab da onun bu dünyada sözə, böyük ədəbiyyata hədiyyəsidir. Allah ona,dörd kitabı bizlərə bağışlayıb getmək imkanı verdi. Bax, indi sizə təqdim etdiyim  kitabın adı «Görənlərdən xahiş olunur ki…» adlanır. Yenə burda əlavə edim ki, Vahid Əlifoğlunun üç kitabına ön söz yazmışam. Bütün yaradıcılığını sözbə söz, nöqtə vergülünə qədər oxumuşam, öyrənmişəm. Üstəlik, çap olunmayan yazılarını da görüşlərimizdə, telefon əlaqələrimizdə müzakirə etmişik. Bir az böyük çıxmasın, amma inanın ki, mən onu sevdiyim qədər, dəyər verdiyim qədər o da mənə həmən münasibəti göstərirdi və bu doğmalıq ailələrimizə də  hopmuşdu. Hətta mənə yazdığı məktubların birində vurğulamışdı ki, «sənin nə ölümün var Bakıda, ay Mədət kişinin oğlu. Niyə qıçını qatlayıb oturmursan yanımda bu qaçqın qəsəbəsində?».

Beləcə ərkli, beləcə səmimi və təbiidir Vahid Əlifoğlu. Bakıdan üzü Füzuliyə yola düşəndə öncə ona zəng edirdim. İnanın ki, gedib onun yaşadığı qaçqın şəhərciyinə çatanda şəhərciyin yolunun üstündəki təpədə söyüd ağacının dibində oturub məni gözlədiyini görürdüm. Çatan kimi də möhkəmcə qucaqlayıb «ə, gəl çıx da, gözləməkdən canımda taqət də qalmadı, acından, susundan öldüm» - deyirdi. Və sonra başlayırdı söhbətlərimiz, yeni yazılar, yeni mövzular. O mənim yaxşı tənqidçim idi. Birbaşa tənqidçim! Güzəşt yox idi onda. Və yazılarını da  mənə etibar edirdi. Mən də güzəşt etmirdim ona. Arada zarafata salıb deyirdi ki, düzü, burda qalmağını lap çox istəyirəm. Amma sən Bakıda mənim səfirimsən…

İndi əlimdəki kitabı vərəqləyirəm. Kitabı professor, şair, AYB-nin Qarabağ bölməsinin sədri Elçin İsgəndərzadənin «VEKTOR» nəşrlər evi  çap edib. Redaktoru da elə Elçin bəydi. Korrektor Fəridə Rəhimli olan kitabın ön sözündə yazmışam:

"Əzizim Vahid!

Sənə ünvanladığım bu kəlmələr bəlkə də qəribə səslənəcək. Oxucu fikirləşəcək ki, cismən dünyasını dəyişənə Allah bəndəsinin məktub yazmağının  nə anlamı var. Onsuz da o, bu məktubu nə ala, nə də oxuya biləcək. Amma yox, mən bu məktubu, daha doğrusu, bu məktub ovqatlı yazını həm özünə, həm ruhuna ünvanlayıram. Bilirəm ki, sən də məni çox istəyirsən. Həmişə də çox istəmisən. Heç bir sifarişim, heç bir sözüm havada qalmayıb… Sən təpədən-dırnağa əsl insan idin! Əsl kişi idin! Əsl ata idin! Əsl şair idin! Sən şeiri də, publisistik yazılarını da, hətta üç-dörd  sətirlik çızma qaranı da çörəyi qazandığın kimi – alın təri ilə, zəhmətlə, qanınla, canınla yazırdın…»

Mən kitabın ön sözündən gətirdiyim bu iqtibasla tanımayanlara Vahidi tanıtmaq istədim, tanıyanlara isə bir daha xatırlatdım və istədim ki, kitabda müəllifin sağlığında bu kitab üçün yazdığı beş-altı müəllif cümləsini də diqqətə çatdırım. «Bu kitab Qarabağ faciəsindən doğulmuş hələ ki, taleyimizə «çadır şəhərcikləri» adlanan milli xəcaləti yazmış heç də başucalığı gətirməyən hadisələrdən danışan dördüncü və sonuncu kitabdır. Mən son nöqtəni qoydum. Bəs millət və tarix necə? Və ümumiyyətlə, bu son nöqtədirmi?

…Hələ ki, pambıq əkilir, kətan toxunur, çadır tikilir. Hələ ki, dünyada ermənilər var…»

Yəqin ki, çox kiçik bir hissəsini təqdim etdiyim müəllif sözü sizi düşünməyə və 2020-ci ilin 27 sentyabrında başlanan azadlıq müharibəmizə qədər olan zamanı gözümüzün önündən  keçirməyə köklədi. Və burda mən xatırladım ki, bu kitab 2013-cü ildə işıq üzü görüb. Vahid Əlifoğlunun ölümündən təqribən 40 gün keçəndən sonra. Amma onun müəllif sözündəki o böyük məna, o fikir tutumu və həm də o böyük ümid açıq-aşkar görünür. Və adamı düşündürür, həm də inandırır ki, Vahid böyük qələbəmizə ümidli idi, inanırdı. Vahid yazırdı ki:

 

sonumuz eynidi, bu sən, bu da mən,

baltama, dəhrəmə sap istəyirəm.

bayquşlar ulayan xaraba kənddən,

gözümə soxmağa çöp istəyirəm…

 

çox sirri açmıram, demirəm hələ,

olub-olacağı zaman ələyir.

onsuz da bu xəlbir yüz ildi belə,

itirir buğdanı, saman ələyir…

 

…imzasız gileyim itsin, çatmasın,

qananın qanmaza hesabı nədi?

bir məktub yazacam getsin, çatmasın,

indidən bilirəm cavabı nədi…

 

Və yaxud:

 

bizdən betər imiş bizə gülən də

vallah, yalan bölür dərdi bölən də.

bezib dimdiyindən ağacdələn də,

döyür dimdiyini kar ağacına…

 

axtaran deyiləm itiklərimi,

əyilib qazandım yediklərimi.

söyüd ağacına dediklərimi

gərək ağlayaydım nar ağacına…

Müəyyən hissələrini təqdim etdiyim bu şeirlərin fikir yükü adamı dərindən düşündürür. Hətta adamın içində bir təlatüm yaradır. Sanki silkələyir, oyatmaq istəyir, düşündürmək istəyir. Etdiklərimizi, edəcəklərimizi qarşımıza qoyub nəticə çıxarmağa, dürüst yol seçməyə istiqamətləndirir bizi. Ona görə də Vahid Əlifoğlunun şeirlərini bir-birinin ardınca oxumaq mənim qəbul etmədiyim bir yanaşmadır. Yəni mən bilirəm və əminəm ki, onun kitabını əlinə götürən oxucu bir şeirdən digər şeirə keçəndə mütləq özünü toparlamağa gücü çatmayan bir bəndə durumuna düşəcək. Ona görə ki, şeirin fikir yükü çox çəkilidi, adamın çiyinlərindən üzü aşağı basır, otuzdurur yerində. Deməli, bu duruma düşməmək üçün Vahidin şeirlərini fasilə ilə, ara verməklə oxumaq lazımdır. Əgər şair deyirsə ki:

 

ay dəli, qardaş dəlisi,

torpaq, ağac, daş dəlisi,

dəlilərin baş dəlisi –

səni seçiblər, ay dəli.

 

oyanmır, yatıb, üstündən

yorğanı atıb üstündən.

hər şeyi satıb, üstündən –

su da içiblər, ay dəli.

 

çək köçünü yad düzlərə,

dərdi sərsəm, şad düzlərə.

buz dağlardan od düzlərə,

kefə köçüblər, ay dəli…

 

çox da axır gözdən uzaq,

çeviriblər varaq-varaq..

bu çayı da səndən qabaq,

yüz yol keçiblər, ay dəli…

 

Bəli, bu şeirdəki zaman, mühit, özü-özlüyündə şairin gerçəkliyi söz qatlarında, fikir qatlarında necə incələdiyi və o incəlikləri bizə necə məharətlə çatdırdığını təsdiq edir. Bir oxucu kimi mən bu şeirin aurasında, iç dünyasında dünənimi görürəm. Dünən yaşadıqlarımızı, dünən qarşılaşdıqlarımızı təkrar xatırlayıram, təkrar yaşayıram. Deməli, sözün qüdrəti də, o qüdrətli sözün sahibinin məntiqi də burda üzə çıxır, burda oxucu müəllifin nə demək istədiyini öz dərketmə meydançasına buraxır. O meydançada oxucu ilə müəllif, daha doğrusu onun şeiri müzakirə aparır. Nəticədə SÖZ gücünü, təsirini, həm də haqqını təsdiqləyir.

Mən Vahid Əlifoğlu haqqında növbəti bir yazımı da onun payıza həsr etdiyim bir şeirindən nümunə gətirməklə bitirirəm.Həmin şeirdə də Vahid öz durduğu yerdədi və həmin yerdən də bizə baxır:

 

Bu dünyanın nədi dərdi, azarı

Ha gözlədim, bağlanmadı bazarı

Qazılıymış son gümanın məzarı

O da öldü, sağ qalmadı payıza.

 

Yaman gündə tapılmadı, dost hanı

Çox oxuduq torpaq adlı dastanı…

Kim əkmişdi yol ağzında bostanı,

Dərilməmiş tağ qalmadı payıza.

 

Söz meyvədi, qulaqlarda hallanıb,

Sarı yarpaq budaqlarda ballanıb.

Ağaclar da adamlar tək allanıb,

Duz yandırdı, bağ qalmadı payıza.

 

Karıxmışam ayım, ilim hansıdı,

Heç bilmirəm dirim, ölüm hansıdı.

Güvəndiyim hardan bilim, hansıdı,

Qar basmamış dağ qalmadı payıza.

 

Bəli, hələlik bura  qədər. Hələlik Vahid Əlifoğlunu oxumaq və düşünmək üçün dayanırıq. Sizə də zaman ayrılır. İstəsəniz oxuyun və düşünün.

P.S. Dəyərli oxucum, kimsə Vahid Əlifoğlunu oxumaq istəsə, ona  yardımçı ola bilərəm.

TƏQVİM / ARXİV