HEYDƏR ƏLİYEV XANKƏNDİNİ NECƏ AZƏRBAYCANLAŞDIRDI? - Aqil ABBAS yazır

AQİL ABBAS
1895 | 2024-12-13 09:05

Əvvəla, onu bildirmək istəyirəm ki, Xankəndi necə erməniləşmişdi? Xankəndi  və Xanbağı  Qarabağ xanlarının qışlağı idi. Xanbağı  xanın iqamətgahı, Xankəndi isə nökər-naibinin, əsgərlərinin, at qaşovlayanlarının, sənətkarlarının, bazarçılarının yaşadığı  yer idi. 

Elə ki İbrahim xan məcburən Rusiya ilə müqavilə bağladı və Xankəndində mayor Lisaneviçin  komandanlığı ilə Rusiya hərbi qarnizonu yarandı. Və bu qarnizonda yerləşən  əsgərlərə və əsgər ailələrinə qulluq eləyənlər lazım idi – çəkməçisi, pinəçisi, at qaşovlayanı, donuz  saxlayanı, aşpazı, dərzisi və sair,  at ilxısı, köpək sürüsü.  Və təbii ki,  heç bir azərbaycanlı bu işləri görməyə  razı olmurdu. Və Azərbaycanda təhkimçilik də  yox idi ki, Xan kimlərisə  bu işlərə vadar  edəydi.  Ona görə də ətraf sığnaqlarda  yaşayan ermənilər  həmişə olduğu kimi, yenə də nökərçiliyi  öz üzərlərinə götürdülər və Xankəndinə axışmağa başladılar. Və beləlilklə,  şəhər  erməniləşməyə başladı. Sonra İrandan  köçürülən ermənilər də  Rusiya vasitəsilə  məcburi şəkildə bu şəhərdə  yerləşdirildilər. 

Şəhərdə azərbaycanlılar da yaşayırdı, əsasən Xankəndinin  yasamalı  sayılan  Kərkicahanda və bir də bazar-dükan azərbaycanlıların  əlində idi. 

Xankəndinin  azərbaycanlılaşdırılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra başladı. Heydər Əliyev birinci olaraq Xankəndində Pedaqoji İnstitut  açdı və bu institutda Azərbaycan bölməsi də yaradıldı. Qarabağdakı gənclər Bakıda deyil, ailələrinə və evlərinə əlçatan qədər yaxın olan Xankəndində oxumağı  daha  üstün tutdular.  İnstituta ətraf rayonlarda  çalışan yüzdən çox müəllim göndərildi, təbii ki ailələri ilə bərabər. Prorektor, dekanlar   azərbaycanlılar  təyin olundular. Texniki işçilər də demək  olar ki, azərbaycanlılardan  ibarət idi. 

Tələbələrin dalınca  valideynlər demək olar ki, hər gün Xankəndinə  gedirdilər. Bəziləri öz övladlarını maşınla  aparır və dərs bitənədək gözləyirdi.  Hələ qızların ardınca gedən cayılları  demirəm. Beləliklə,  şəhərdə hara gedirdin hamı  azərbaycanca danışırdı. Hələ  erməni qızlarının dalınca gedən ağdamlıları, şuşalıları  demirəm.  Beləcə, şəhər getdikcə Azərbaycan  şəhərinə  çevrilirdi. 

Yeri gəlmişkən bir hadisə  yadıma  düşdü. Georqov  İsa bulağında azərbaycanlı  yazıçı və şairlərə Vaqif poeziya günündən sonra  qonaqlıq verirdi. Xankəndinin İcraiyyə Komitəsinin erməni  sədri şair Ənvər Əhmədə dedi ki, bir qohumum  var, bu il onu   instituta götürərsiniz. 

Ənvər Əhməd bir az qımışıb  çəp-çəp İspalkoma  baxdı və dedi:

- Niyə götürmürük,  götürərik, amma pulunu  gərək bəri başdan verəsən.

Hamını  gülmək tutdu. Yəni  onu demək istəyirəm ki,  ermənilər bu institutda  at oynada  bilmirdilər. 

Bundan başqa, Heydər Əliyev Xankəndində bir neçə  zavod və fabrik  açdı.  Təbii ki, işçi qüvvəsi çatışmırdı, yaxın Azərbaycan kəndlərindən bu zavod və fabriklərə işçi  axını  artdı. Hətta məcbur olub Xankəndinin  Malıbəyli istiqamətində fabrik  və zavodlarda çalışan  azərbaycanlılar üçün  mikrorayonlar  tikdilər. 

Xankəndinin əhalisi,  ermənilərin  şişirtmə rəqəmlərini  çıxsaq,  təxminən 40-45 min idi ki,  onun da 10-15 mini azərbaycanlılar idi. 

Möhtərəm Prezidentimiz İlham Əliyev Xankəndində «Qarabağ Universiteti»nin yaradılması  ilə bağlı çox vacib bir sərəncam imzalayıb. Bu universitetdə 5-10 min gəncin təhsil alması şəhərin  yenidən canlanması üçün vacib rol oynayacaq. Və şəhərə daha böyük bir qayıdışın  əsasını  qoyacaq.  Burda yaşayacaq adamlarla bərabər tələbə və müəllimlər şəhərin havasını  isidəcək, hərarətini  artıracaq.

18-ci əsrdə Rusiya  burda hərbi  qarnizon yaratmışdı, 21-ci əsrdə Möhtərəm Prezidentimiz İlham Əliyev tələbə qarnizonu yaradır. 

İndidən gələcəkdə həmin universitetdə işləyəcək müəllimlərə  və təhsil  alacaq gənclərə  uğurlar  arzulayıram. 
Və sonda. Xankəndi Pedaqoji İnstitutunun vaxtilə tələbəsi olmuş polkovnik Hikmət Cəmiloğluna da gözaydınlığı verirəm. 

TƏQVİM / ARXİV