adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Köhnə kişilərin söhbəti - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
846 | 2022-12-06 12:57

Sabir Yusifoğlu ilə bir arada

 

Hər bir söz adamı özünə qapılması kimi, həm də özü-özüylə həmsöhbət olmaq məqamları da var. Həmin məqamlarda söz adamı sanki ikiləşir. Və bu ikiləşmə onu bir növü güzgü ilə üz-üzə dayanmış adamın durumuna gətirir. Bax, həmin o məqamda da özün deyib özün eşitdiyin qədər də səni həm də  Allah eşidir. Bu mənim təkcə təxminim, fərziyəm deyil, həm də inancımdır. Sizi deyə bilmərəm, şəxsən mən özüm-özümlə danışanda yüzə-yüz inanıram ki, bu söhbətin bir şahidi var, o da Allahdı. O ki, qaldı içimdə, özəl dünyamda hər şeyə sahib olan Sən, deməli  sən iştirakçısan, dinləyici yox.

Bax, bu anlamla mərhum şair dostum, Sabir Yusifoğlunun «Dünya ilə heç-heçəyəm» kitabını vərəqləyirəm. Diqqətimi bir-birindən maraqlı şeirlərin içərisindən «Köhnə kişiyəm» çəkir. Elə həmin o diqqət də məni layihəmin qapısına gətirir. «Bir şairin bir şeiri» layihəmdə bu dəfə Sabir Yusifoğlu ilə özünün dediyi kimi köhnə kişi ilə dərdləşirəm. Sabir Yusifoğlu yazır ki:

 

Sən mənə çox fikir vermə,

Bir az köhnəlmiş kişiyəm.

Ağlıma gəlməyən belə

Dərdlə yüklənmiş kişiyəm.

 

Həqiqətən də, biz köhnə kişilər bu dünyanın adamı deyilik. Bu da özəl səbəblərə görə yaranan fikirdi. Belə ki, köhnə kişilər köhnə dünyanın adamları olduğundan bu günün, bu dünyanın oyunları, oyunbazları, min sifətləri, saqqalı balağından uzun, başına bağladığı görüntü olanlardan aralı gəzir, aralı durur və ən vacibi də odur ki, bu cür əllaməçiləri başa düşə bilmir. Deyə bilərsiniz ki, yəqin başa düşmək istəmirsiz, ya da kobud şəkildə «Başınız yoxdur»!

Bəli, hərə öz fikrində azad, sərbəst olduğundan biz köhnə kişilər barəsində sizin nə düşünmənizin qatlarına varmadan mən də Sabirə qoşulub elə həmin ovqatla yazmışam ki:

 

Mən indi çıxıb gedəcəm,

Gedəcəm sizdən ayrılıb.

Özgələri ətrafımda –

Görəcəm bir də ayılıb...

 

Burda da bir nüans var. O da  qəbul edilmədiyin, dəyərini almadığın və yaxud da layiq olmadığın yerdə oturmamaq, qalmamaqdı. Məhz bu anlamda mən də həmin o köhnə kişilərdən biri kimi çəkilib getməyi daha üstün tuturam. Axı bu gediş bir könül rahatlığı ilə yanaşı, həm də bir miskilə, bir ağrı-acıya, bir laqeydliyə, biganəliyə son qoyacaqdı. Yəni mənim getməyimlə siz heç nə itirməyəcəksiniz, heç dünyanız da itirməyəcək. Amma mən yerim görünən yerdə olanda ruhum rahatlıq tapacaq. Bax, onda köhnə kişinin səsi gəlib yenə döyəcək qapımı. Sabirin səsidi bu səs. O, deyir ki:

 

Hər şey köhnəlmiş bayatı,

Ümid cücərir, boy atmır.

Hər hava canıma yatmır,

Sözə köklənmiş kişiyəm.

İndi gördünüzmü, Sabir də mən deyəni təsdiqlədi. O da vurğuladı ki, sizin dünyada hər şey bizim üçün köhnə bayatıdı. Ona görə də bizim ümidlər nə cücərir, nə də boy atmır. Bu da ordan qaynaqlanır ki, biz sizin havaya da oynaya bilmirik. O hava bizim sümüyümüzə düşmür. Çünki biz köhnə kişilərik və köhnələr də öz köhnə dünyaların havasına, sözünə kökləniblər. Deməli, mən də həmin o köhnə dünyaya üz tutanda, siz kasıbın yaylağa çıxmasına həsəd aparan kimi arxamca baxmayın. Çünki bu gediş gəzmək deyil. Əslində bu gediş şeirdə də yazdığım məqamdı:

 

Bu getmək heç gəzmək deyil,

Küsmək nə də bezmək deyil.

Dözməyim də – dözmək deyil,

Eləcə dözmək sayılıb.

 

Biz bütün basqılara, bütün təhdidlərə və tənqidlərə baxmayaraq, özümüz də öz dünyamızı qoruyuruq, təmsil edirik. Bizim olduğumuz hər yer həmin o məqam içərisində elə keçmişdi, köhnə dünyadı. Bax, mən də tam əminliklə deyirəm və yazıram ki, köhnə dünya həm də özüldü, bünövrədi. Sizin bəyənmədiyiniz həmin o bünövrənin üzərində at çapmanız sizə nə qədər xoşdursa, bizə də bir o qədər dəyərli və önəmlidir. Axı özül üst qurumu çiynində daşıyır, çiynində saxlayır. Deməli bu da özü-özlüyündə artıq çox şeyi ifadə edir. Onu da Sabir kifayət qədər məharətlə, həm öz-özünə deyib, həm mənə deyib, həm də sizə çatdırıbdı. Baxmayaraq ki, o köhnələr say baxımından azalır, yer baxımından kiçilir, fərd kimi də fərqlənir. Olsun, bütün hallarda söz söz olaraq qalır:

 

Bir günüm bir ömrə yetər,

Bir ömür də bir gün bitər.

Dünyada Allahdan betər

Təkəm, təklənmiş kişiyəm.

 

Hə, gördünüzmü, burda şair artıq özü ilə danışdığını bir anlıq unudur. İçindəki vulkanı büruzə verib, kükrəyərək, coşaraq, artıq hamının eşidə biləcəyi bir səslə az qala asi olaraq deyib ki, mən təkəm, özü də Allahdan betər tək. Bu da o deməkdir ki, öz təkliyimlə yenə varam və köhnə kişi olmağımla da qürur duyuram.

Təbii ki, mən bu hisləri bir oxucu duyumu ilə özümdə yaradır və sözə çevirirəm. Burda ruh doğmalığının da təsiri danılmazdı. Həmin o içində olduğun ovqatın yaratdığı mənzərə də məni o çıxıb gedəcəyim yer üçün bir rahat yolçuluğa hazırlayır. Həmin o rahatlığı da mən öz oxucularıma çatdırmaq üçün misralarıma fikir verirəm. Həm etiraf, həm xatırlatma, həm də vidalaşma anlamlı bir duyğu ilə yazıram:

 

Günah gəzməyin izimdə

Hər şey yazılıb üzümdə.

Qalmışam dərya üzündə –

Kənardan üzmək sayılıb.

 

Bəli, köhnə kişilərin bir atüstü söhbətini öz aramızda edib, sonra da onu bilgisayar yazarımız Elnarə xanımın iştirakı ilə sizə çatdırmaq, zənnimcə sizi də söhbətə qoşmaq idi. Düşünürəm ki, biz köhnələrin söhbəti nağılvari, bir az ləngərli olsa da, hər halda dinləmək yorucu deyil. Ən azından bir-iki söz, lap elə nöqtə, vergül məsələsini də öyrənməyə yetər. Bu inamla da Sabirin ruhuna minnətdarlıq, sizə isə təşəkkürümü bildirirəm. Köhnə kişilərə qulaq asdığınız üçün.

TƏQVİM / ARXİV