(XI məqalə)
İradə atasının şeirini oxuyur:
Min illərdir Araz belə, Həkəri belə…
İndi Həkəri çayında pırıl-pırıl balıqlar üzür. Yadıma «Dolu» romanının sonunda Komandirin Ağcabədinin Bayat kəndindəki kəhrizdə pırıl-pırıl üzən balıqlardan birini tutması, üzü Dünyanın Ən Varlı Şəhərinə doğru üzməsi və üzərkən də bütün şəhid qardaşlarının onun kimi bir balıqdan yapışıb üzü Qarabağa doğru üzməsi düşür.
Mən də bu pırıl-pırıl balıqların birini tutub Araza doğru üzmək istəyirəm, amma təəssüf ki, mən balta kimi üzürəm. Hərdən balıqların sıçrayıb sudan çıxması adama ləzzət edir.
Qayıdırıq Həkərinin sağ sahilindəki meydanda keçirilən Xalça sərgisinə. Yazımın əvvəlində demişdim axı, bizi bu sərgiyə dəvət etmişdilər.
Çayın üstündəki asma körpüdən keçib çıxırıq meydana. Meydanda bizi jurnalist və yazıçı həmkarlarımız qarşılayır. Necə şad və xoşbəxtdirlər ki, azad olunmuş Laçındadılar.
Bütün meydan Elnarə xanımın toxuduğu xalça eskizləri ilə bəzənib.
Bizim evdə də bir xalça var, yaşı 100-ü keçib. Nənəmə cehiz veriblərmiş, o da anama verib, anam da bizə bağışlayıb. Hərdən onu ayaq altına sərəndə dilxor oluram. Əvvəllər xalçaları divardan asardılar. İndi bu adət unudulub. Çox qəribədir ki, nənəmin cehizlik xalçası başdan-ayağa svastika ilə doludur. Bu xalça toxunanda hələ Hitler tumanpaça gəzirdi. Yəni svastika sırf türklərə məxsusdur. Almanlar da bunu türklərdən götürüb. Svastikanın bir neçə mənası var, bildiyimə görə, biri də bütün dünyanı tutacaq dörd ayaqdır. Türklər dəfələrlə bütün dünyanı tuta bilmişdilər. Hitler Avropanı tutsa da, bütün dünyanı tuta bilmədi və axırda da pox yemişə xətm oldu.
Evinizdəki xalçalara baxın, mütləq svastika görəcəksiniz.
Qarabağın demək olar ki, hər kəndində xalça toxunardı. Amma indi bu məsələdə Ağdamla öyünə bilmərəm. Çünki Qarabağda ən gözəl xalçaları cəbrayıllılar toxuyardı və onu Ağdam bazarına çıxaranda da üstündə qırğın düşərdi.
Ağcabədidə bir Avşar kəndi var, xalçabazdılar, özləri də toxuyurlar. Bəlkə hər evdə 40-50 xalça var. Dostlarla bir yerdə eskizlərə baxa-baxa gəlib çatırıq məhrəkə yerinə.
Mənə çox xoş olur ki, tədbiri «Dolu» filminin rejissoru, dostum Elxan Cəfərovun bacısı Lalə xanım aparır. Bizi birinci sırada əyləşdirirlər. Gözəl bir oyun havası çalınır. Ürəyimdən keçir ki, qalxıb rəqs edim, amma arzumu ürəyimdə saxlayıram.
Bilirsiniz niyə?
Ağdam azad olunandan sonra ilk dəfə şəhərə gedəndə Mənsum İbrahimov «Qarabağ» mahnısını oxuyanda özümdən asılı olmayaraq çiynimə saldığım paltonu atdım palçıqlı yerə, girdim meydana və başladım oynamağa. Sağ olsun «Qarabağ» komandasının uşaqları, məni tək buraxmadı, onlar da girdi meydana.
Məni nə ağrı-acı oynatmışdı bir özüm bilirəm, bir də Allahım. Amma sonra trollar töküldü sosial şəbəkəyə, məni yaş yuyub quru sərdilər ki, şəhidlərin ruhundan utanmır, oynayır. Mən belə şeylərə öyrəşmişdim, amma övladlarım da mənə irad tutdu ki, sən niyə ağzıgöyçəklərə mövzu verirsən.
Şəhidlər məhz ona görə şəhid olmuşdular ki, biz Ağdamda, Şuşada sevinək, gülək, yeyib-içib şənlənək. Onların hamısı bizim üçün əzizdir. Mən də şəxsən öz ailəmdən və nəslimdən şəhidlər vermişəm. Yəni şəhid ağrısının nə olduğunu məni söyənlərdən yaxşı bilirəm. Az qala 30 ildi əri Ağdamda şəhid olmuş bacımın qızını saxlayıram.
Məsələn, deyirlər ki, Şuşada yeyib-içmək günahdı, şəhidlərin ruhuna hörmətsizlikdi. Mən də dəfələrlə televizyon kanallarında və yazılarımda demişəm ki, niyə Şuşada yeyib-içmək olmaz, Şuşa məsciddi? Məhz şəhidlər o şəhəri azad edib ki, biz orda xoşbəxt yaşayaq, deyib-gülüb, yeyib-içək. Nə isə…
Oturmuşuq birinci sırada, havadan da yağış qoxusu gəlir, buludlar damcıları atır, gözəl bir oyun havası çalınır. Ürəyim partlayır, oynamaq istəyirəm, amma qol açıb oynaya bilmədim, ağzıgöyçəklərə yeni mövzu vermək istəmədim. Fikirləşdim ki, eybi yox, Laçından çıxanda hamının gözündən iraq, sakit bir yerdə, elə musiqisiz qol açıb oynayaram.
Bir azdan yağış başlayır. Heç demə, tədbir iştirakçıları buna da hazırmışlar. Meydanın hər tərəfində böyük çətirlər açılır, adamlar yığılır çətirin altına, amma heç kəs meydanı tərk eləmir. Biz də bir çətirin altına yığışırıq, tədbir davam edir.
Tədbirin axırına yaxın İradəyə deyirəm:
- Bəlkə gedək, yolumuz uzaqdı, hava da yağışlı-dumanlı.
Mənim könlümdən Minkəndə getmək keçirdi, amma Rəşad dedi ki, Minkənd uzaqdı, getsəniz gecəyə düşəcəksiniz, geri qayıtmaqda çətinlik çəkəcəksiniz.
Minkəndə niyə getmək istəyirdim, bunu ayrı bir yazıda açıqlaram.
Maşına minəndə yağış bərkiyir.
Laçın deyəndə yadıma ilk düşənlərdən biri də şair Ağa Laçınlı olur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində qiyabi və axşam şöbəsinin dekanı idi.
Elçibəy qədər təmiz və səmimi adam idi. Şəxsən mənə dərs deməyib, amma dostluq edirdik. Universitetin müəllimi və dekanı olmasına baxmayaraq, mənəvi cəhətdən çox dövlətli olan bu şəxs əslində çox kasıb yaşayırdı. Əslində o, dekan deyildi, Ağamusa Axundov kimi, tələbələrin atası idi. Bir gözəl şeiri var, adı «Səmimiyyət»di.
Ərkilə evinə gəlmişəm, ay dost,
Nə lazım utanıb, tər axıtmağın.
Sanma, bəyənmirəm yavan loxmanı,
Doyursan qəlbimi səmimiyyətdən
Bağrıma basaram kasıb daxmanı.
İndi Laçın camaatı öz səmimiyyətləri ilə bizi doyurdular. Heç daxmaları da kasıb daxması deyildi, səliqəli-səhmanlı evlər idi. Və geri qayıdanlar yük maşınlarındakı ev əşyalarını elə sevinə-sevinə daşıyırdılar ki! Gərək bunu gözlə görəsən.
Bir müddət Məmməd Arazla Ağa Laçınlı «Ulduz» jurnalında bir yerdə işləmişdilər. Məmməd Araz deyirdi:
- Bir də gördün Ağa gəldi ki, Məmməd, səni döyərəm. Deyirdim, Ağa, cibində iyirmi beş manat var. Bir də gördün deyirdi ki, Məmməd, səni öldürərəm. Deyirdim, Ağa, cibində əlli manat var. Bir də gəlirdi ki, səni öldürərəm, qanını da batıraram, deyirdim, Ağa, cibində yüz manat var.
Bir dəfə Ağa Laçınlının anası xəstələnir. Mirzə İbrahimov öz «Volqa»sını verir ki, get kəndə, anana dəy. Deməli, gəlir Laçına, Qorçu kəndinə çıxanda maşın yoxuşu qalxa bilmir. Sürücü ha əlləşir, bir şey alınmır. Ağa maşından düşür, çıxır aşırıma, cibində dörd dənə qəttəzə iyirmi beşlik varmış, çıxarıb qoyur aşırıma, üzərinə də daş qoyur və sürücüyə deyir ki, sür. Bu dəfə maşın yoxuşu çıxır.
Ağa gülüb deyir:
- Pulun gücünə, qüdrətinə bax ey, o boyda maşını dartıb çıxartdı.
Ağanın həyat yoldaşı Ağdamın Üçoğlan kəndindəniydi, uzaq qohumuydular. Qızı götürüb qaçmışdı. Hətta buna görə Ağdamlı qohumları onu öldürmək istəmişdilər. Amma gücləri çatmamışdı. O da dağlar oğluydu. İndi, maşallah, gözəl övladları var və ədəbiyyata xidmət edirlər. Fəxri Uğurlu, Azər Qaraçənli, Oqtay Qorçu. Özləri də bomba oğlanlardı. Bakılılar demiş, nöşün, nöşün ki, anaları ağdamlıdı.
Görən, ağdamlılar bilirmi ki, Ağdam haqqında ən gözəl şeiri laçınlı balası Hüseyn Kürdoğlu yazıb:
Yenə də baş çəkim Ağdama gərək,
Qarqarın suları Ağdama gərək.
Bu yerin qədrini bilməyənlərin,
Qara gözlərinə ağ dama gərək.
Elə az qalmışdı gözlərimizə ağ dama, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev qoymadı.
Qubadlıdan danışırsansa Eldar Baxışı, Kəlbəcərdən danışırsansa Sücaəti, Laçından danışırsansa Malik Fərruxu anmasan olmaz. Bunların hər üçü Qarabağın sayılıb-seçilən oğlanlarından idi. Qarabağda belə oğlanlara lay divar oğlanlar deyirlər.
Bir gün Malik Fərrux dostu Qəzənfərlə piyada kənddən Laçına gəlirllər. Yolda yorulub çinarın altında bir az dinclərini almaq istəyirlər. Qəzənfər əl çəkmir ki, əgər şairsənsə bədahətən bir şeir de.
Malik qayıdır ki, zəhləmi tökmə, qoy yorğunluğumu alım. Qəzənfər əl çəkmir, yox ey, şairsənsə bədahətən bir şeir de.
Malik:
Ey çinarlar, çinarlar,
Başında dünyanın dərdi-səri
Çinarların altında
Döyərlər Qəzənfəri.
Və Qəzənfərə bir şapalaq vurur. Qəzənfər deyir ki, bəs, məni niyə vurdun?
Malik:
- Bədahətən şeirin təbi gətirdi.
Laçınlılara bir kitab təqdimatında həmin hadisəni danışdım və şeiri də burda yazdığım kimi yox, olduğu kimi dedim. Hamını gülmək tutdu. Bu vaxt qarayanız bir kişi irəli çıxıb dedi:
- Aqil müəllim, həmin Qəzənfər mənəm.
Bir dəfə Malik Laçındakı sevgisi haqda Baba Vəziroğlu ilə söhbət edir. Gözünə döndüyüm Baba da onun danışdığını olduğu kimi yazıb, dediyi adamların adları ilə birlikdə hekayə adı altında «Ulduz» jurnalında çap etdirir. Bu da Laçında böyük qalmaqal yaradır. Jurnalın redaktoru Siyavuş Sərxanlı ilə Mövlud Süleymanlını göndərir Laçına ki, camaatı sakitləşdirsin, desinlər ki, bu adi bir hekayədi, ədəbiyyatdı.
Siyavuşla Mövlud gedirlər Laçına, camaatı birtəhər dilə tutub sakitləşdirirlər. Yay imiş, qayıdanda deyirlər ki, gəl Həkəri çayında çimək. Soyunub girirlər çaya. Siyavuş çay qırağında böyüyüb, üzməyi bilir, Mövlud isə yox.
Bir türk anekdotu var. Əsgərlər təyyarədən paraşütlə atlanırlar. Hamı atlanır, bir əsgər üzə dirənir ki, atlanmayacam. Komandir səbəbini soruşur.
- Komutan, gecə yuxuda anamı görmüşəm, deyir ki, paraşütün açılmayacaq.
Komutan:
- Sənin paraşütün açılmayacaq da, al mənim paraşütümü, öz paraşütünü ver mənə.
Əsgər komandiriylə paraşütünü dəyişib atlanır və kef eləyə-eləyə havada süzür. Bu vaxt komandir onun yanından daş kimi keçir və keçəndə də deyir:
- Senin anneni…
İndi Həkəri iti axan çaydı, çay Mövludu götürüb gedir, Siyavuşun yanından keçəndə bağırır:
- Sənin ananı…
Malik Fərruxun da yolunu davam etdirən ağıllı bir qızı var - Günay Malikqızı. Hazırda Naxçıvan nümayəndəliyində işləyir. Elə Malik kimi boylu-buxunlu, yaraşıqlı bir qızdı.
Eh! Məhəbbət Kazımov! Laçınım deyə-deyə ürəyin partladı! Yəqin indi ruhun şaddır. Laçın azaddı!
Xosrov bəy Sultanov küçəsinə çatanda, yəni şəhərin çıxışında duman dağları-dərələri götürür. İndi gəl bu dolamalarda, bu yağışda, bu dumanda maşını sür. Ağdamlı aktyorlar kimi mən də istəyirəm vaxtında Ağdama çatım.
İradə deyir:
- Qoy naviqatoru açım, vaxtında desin sağa-sola dön. Duman qoymur yolu görəsən.
Yenə yekə-yekə deyirəm:
- Maa da Qarabağda yox dəə.
Sürətimiz 10, uzaqbaşı 20 olur. Düz Şuşaya qədər 43 kilometr yolu belə gəlirik. Laçından qayıdırıq, yenidən Laçına, Kəlbəcərə dönmək üçün.
Növbəti səfərimiz Kəlbəcərə olacaq. Çünki mənim də, İradənin də uşaqlıq və gəncliyimiz Kəlbəcər dağlarında keçib.
Nə imiş Parisin aşiqi olmaq
Bu dağın,dərənin
Laçının, Kəlbəcərin
Bir dəli Məcnunu olasan gərək!
HƏLƏ AĞDAMI DEMİRƏM!
Hələlik bu qədər. İnşallah, növbəti yazım Kəlbəcər səfərimdən olacaq.
Və sonda. Xanımım yazını sosial şəbəkədə paylaşandan sonra Rasim Müzəffərli belə bir şərh yazıb: «Ay bajı, qağama denən bir az uzun yazsın dana, elə oxumağa başlayan kimi qurtarır, yəni demək istəyirəm elə qəşəng yazır ki, elə o yerlərin bulaq suyu kimi birnəfəsə içilir. Amma avtoqraf məsələsində təvazökarlıq edib, elə qəşəng yaza bilir ki!».
Rasim, dostum, sən ədəbiyyat adamısan, bəstəkarsan, musiqiçisən, hamını öz ürəyinlə ölçmə. İndi bu statuslar camaatın başını elə qatıb ki… və camaatı elə öyrəşdirib ki, «uzun yazıları» oxumurlar. Sənin xətrinə sonuncu yazını bir az uzatdım.