Meqaqələbəyə sözardı…- Aydın Bağırov yazır

AYDIN BAĞIROV
2283 | 2024-08-14 11:30

Futbol statistiklərinin araşdırması üçün maraqlı ola bilər.

Görəsən, indiyədək avrokuboklarda elə bir komanda olubmu ki, əlavə təyin olunan 30 dəqiqə ərzində rəqibin qapısından düz 4 top keçirsin.

Bəlkə də olub, indi isti başla bunu xatırlamaq çətindir. Amma olubsa belə, fakt dəyişmir.

“Qarabağ”ın sarsılmaz iradəsini, qələbə əzmini, heyrətamiz psixoloji və fiziki gücünü görüb, təəccüblənməyə bilmirsən. 

Qurban Qurbanova, onun məşqçi korpusunun hər bir üzvünə alqış düşür ki, “Ludoqorets” kimi axmaq, zəhlətökən oyun tərzi olan narahat bir komandaya qarşı səfər matçına futbolçuları tam hazırlaya bilmişdi.

***

Bir fikri yadıma düşür Qurbanovun. “Oyunda ən xoşlamadığım şey əvəzetmələrdir” demişdi. 

Tərslikdən Bolqarıstandakı Çempionlar Liqasının 3-cü raundunun bu həlledici cavab oyununda o, 3 məcburi dəyişikliyə əl atmalı oldu.

Amma Mateus Silva Veşoviçi layiqincə əvəzlədi, matçın ən yaxşılarından birinə çevrildi.

Patrik Andrade komandasının Yankoviç zədələnənə qədər orta xətdə yaradıcı oyun planındakı problemi aradan qaldırdı. Üstəgəl özü də 2 qol vurdu.

Ümid, inam yaranmağa başlayır. Əvvəlki Patrik qayıdırmı görəsən?

Elvinin yerinə oyuna daxil olan Toral o möhtəşəm qolu ilə komandasını parlaq qələbəyə daha da yaxınlaşdırdı.

Sonradan oyuna daxil olan Cica qol vurdu, sevincini də öncə baş məşqçisi ilə bölüşdü. Onda mənə elə gəldi ki, bu, elə bil vəfa borcu idi. Cica Qurban Qurbanova sanki sağ ol deyirdi ki, mənə etimadını hələ itirməmisən. 

Gənc Nəriman Axundzadə… 

Fəallığı ilə seçilməsi bir yana, demək olar, sonuncu qolu da özü yaratdı, gözəl ötürmə etdi. 

Və 7:2 hesablı qələbə.

Məqaqələbə.

Zubir, Benzia, Romao. 120 dəqiqə dayanmaq bilməyən “generatorlar”… 

Benzia yaxşı formadadır. Dünən bir daha özünü təsdiq etdi: 2 qol və 1 qol ötürməsi.

Juninyo isə artıq ÇL-də təsnifat mərhələsinin ən çox qol vuran (6) oyunçusudur.

Müdafiənin mərkəzi də üzərinə düşən işin öhdəsindən ümumən yaxşı gəldi. Amma “Ludoqorets”lə hər iki matçdakı ciddi boşluqlar (hansı ki, qapımıza qolların vurulması ilə nəticələndi) da vurğulanmalıdır. Qarşıda daha çətin rəqiblər var və onlarla matçda ols bilsin, artıq bəxt də adamın üzünə gülməsin.

İndi isə hələlik müvəqqəti qələbə eyforiyası günləridir. O da uzağı
gələn həftəyə qədər aradan qalxar. 

Axı, “Dinamo” Zaqreblə Çempionlar Liqasının pley-off mərhələsinin oyunları gəlir. 

Necə də gözəl səslənir. Çempionlar Liqasının “pley-off”u. Bu möhtəşəm yarışın şah əsəri olan himni canlı dinləmək.

Sonra?.. 

Daha bir uğurmu?..

ÇL-in Liqa mərhələsimi?..

 

TƏQVİM / ARXİV