MƏZARSIZ QƏHRƏMAN

98 | 2025-03-17 10:20

Hər bir insanın bilgisi bildiklərinin ölçüsü  qədərdi. Bəzən hisslərimizin boyutu gerçəkliyin ölçüsünü göstərmiyə bilir, çünki insan həyatında elə məqamlar var ki, sərhəd tanımını qəbul etmir. Öncədən onu deyim ki, xatirə yazmağa çox da meylli olmamışam çünki yazmaq istədiyim yazı məqalə formasını alır. Amma bu gün “xüsusi növ“  ədəbiyyat adlandırdığımız xatirə məqaləsi yazmağa niyyətliyəm. Düşünürəm ki, burda çətin olan məsələ hardan başlamaqda deyil, necə başlamaqdadı...

Bilinən bir həqiqət var ki, insan davranışları ən dərin boyutda iki duyğudan biriylə motivə edilir. Qorxu və ya sevgi. Ruhun da dili iki sözcükdən ibarət olduğuna görə bu duyğular dünyanın iki referans nöqtəsi olur. Əslində qorxu sevginin başlanğıcıdı. Deyəcəyim odur ki, qələminə səmimiyyətlə yanaşdığım qazi-şair qardaşımız İmadəddin Səlimin “Qan çiçəkləyən şeirlər” kitabında yer alan - məzarsız əfsanəvi tank komandiri Əlövsət Cəfərxan oğluna həsr olunmuş və illərlə oğlunun yolunu gözləyən Heyvagül anaya ithafən yazılmış “Bir ana hələ də oğlun axtarır”, “Qovuşdu haqqa ana” və “Bir ana oğlunu axtarmır daha” şeirlərinin bədii məziyyətlərindən və müharibənin bəxş etdiyi amansızlıqlardan söz açmaq fikrindəyəm.

Təbii ki, bir ananın ən böyük dərdi həm vətəninin işğal olunması, həm də bu döyüşlərdə qəhrəman balasının  itkin düşməsi idi. Ana məzarsız qəhrəman, igid oğlunun gəlməsini dördgözlə gözləyir. Qazi qardaşım İmadəddin bəyin söylədiklərndən belə məlum olur ki, hətta Heyvagül ana dünyasını dəyişən günə qədər üzü Qubadlıya hər gün dan söküləndə bayatı üstündə ağı deyirmiş:

 

Ürəyimdə yara var,

Üstündə xal qara var.

Aç qəlbimin başını,

Gör yanmamış hara var?!

 

Havanın çiskinidi,

Dumanı, çiskinidi.

Oğlum, niyə gəlmirsən,

Halımın pis günüdü?!

 

Günlər keçdikcə dərdi azalmayan ana oğlunun ölümü bir yana, məzarının belə olmamasına, belə taleyə, belə qismətə üsyan edir:

                

Dərd məndə üz görübdü,

Meydanı düz görübdü.

Gedir, gedir qayıdır,       

Məni yalqız görübdü - bu üsyan savaş görmüş ölkələrdə bütün dünya analarının ümumi hıçqırıq səsidir.

Əslində bu böyüklükdə dərd bir ananın qəlbinə çəkilməyən dağlar buraxmadı. Fəqət ana inancından, yəni oğlunun dönəcəyi günü gözləməkdən yorulmadı, usanmadı. Gözünü dönüşü olmayan yollar qabar etdi. Düşünürəm ki, analar övlad böyütməklə ömrünü girov qoyub məmnunluğu peymanda saxladıqlarından cənnət onların yurd bilib ayaq basdığı yerdə olur.

Qeyd etdiyim kimi, İmadəddin Səlimin “Tankçı Əlövsət” şeirinin epiloqunda yazılıb ki, məzarsız əfsanəvi tank komandiri Əlövsət Cəfərxan oğlu Vəliyev 15 dekabır 1968-ci ildə Şərqi Zəngəzur mahalının Qubadlı rayonunun Həmzəli kəndində anadan olub. Amma döyüşdüyü bölgələr Qubadlı, Laçın, Cəbrayıl, Füzuli torpaqları olub. Son döyüşü 31 avqust 1993-cü ildə irimiqyaslı savaş olub. Əfsanəvi tankçı yurdumuzu viran edən zirehli erməni texnikasının qarşısını almaq və məhv etmək üçün öz tankını onların üstünə sürərək sıradan çıxarmışdır. Yuxarıda da qeyd etdiyim kimi, əfsanəvi tankçı qardaşlarımızın qəhrəmanlığı döyüş yoldaşlarının yaddaşında qalsa da, sonrakı taleyindən xəbər alınmayıb. Qazi-şair İmadəddin Səlim “Tankçı Əlövsət” şeirində belə deyir:

 

Dəmir atı ilə meydan suladı,

Mərmiylə od vurdu, ocaq qaladı.

Əlçatmaz zirvədi, uca qaladı,

Zirvədən-zirvəyə uçdu Əlövsət.

 

Cəfərxan dayı övladlarını ali təhsilli, vətəninə, millətinə bağlı əsl vətəndaş kimi görmək istəyib. Alın təri ilə böyüdüb oxutduğu övladları da həmin tərbiyənin təzahürü kimi el arasında sayılıb-seçilib və seviliblər...

İllərdi oğlunu gözləyən ananı “Bir ana hələ də oğlun axtarır” şeirində İmadəddin Səlim belə tərənnüm edir:

 

Sarılıb yollara, yollar boyunca

Çiçəyə sarılıb, gülə sarılıb.

Bir ana hələ də oğlun axtarır,

Günlərə, aylara, ilə sarılıb.

      

Gəzir qarış-qarış ata yurdunu,

Oğlunun iyini torpaqdan alır.

Göylərə çəkilmiş aylı, ulduzlu

Üçrəngli müqəddəs bayraqdan alır,

Bir ana hələ də oğlun axtarır.

 

Ümidlərində həsrət çiçəkləyən Allah-taalanın yer üzündəki mələyi, dünyaya sülh arzulayan ananın gözünün yollarda qalmasından ağır dərd varmı görən?!

Amma namərd düşmənlərimiz müharibənin bütün qanunlarını heçə sayaraq ana və bacılarımızı dərd və həsrət girdabında boğulmağa vadar etdi.

İmadəddin Səlim yazır:

 

Arzular dağılıb, pərən-pərəndi,

Bacı qardaşını, ana oğlunu,

Ata övladını, gəlin yarını

O vaxt əzizləyib, o vaxt görəndi,

O vaxdan arzular pərən-pərəndi, -

Bir ana hələ də oğlun axtarır.

 

Mənim düşüncəmə görə, köçkünlük taleyi yaşıyan İmadəddin Səlimə bu dərd tanış olduğundan qələmindən hayqıran bir ananın oğlunu axtarması dərdini ədəbiyyata   daşımaq o qədər də çətin olmayıb. Bu şeirdə həm intellektuallıq, həm də dərdin yaratdığı emosiya var. Gerçək olan odur ki, illərlə dərdini özündən kənara qoymayan ana bu yaşamın sona tez yetməsi üçün açıq-aşkar mücadilə edir...

Hər şeyin bir sonu var və nəhayətində məzarsız əfsanənin anası Heyvagül ana qovuşdu haqqın dərganına...

İmadəddin Səlimin “Qovuşdu haqqa ana” şeiri Heyvagül anamızın dünyasını dəyişməsinə xitabən belə başlayır:

         

Qovuşdu haqqa ana,

O məzarsız oğluna.

Dillərdə dastan olan

Adsız qəhrəmanına. 

                

Səbrlə gözlədiyi

Əcəl yetdi dadına.

Ölümün qollarıyla

Sarıldı övladına.

 

O bir şəhid deyil ki,

Onun bir məzarı yox.

Onun xəstə yatağı,

Ağrısı, azarı yox.

 

O, məzarsız qəhrəman,

Bu, məzarlı anadır.

Ana-oğul cənnətdə -

Bu bir başqa dünyadır.

 

Deyirlər ki, “hər bir övlad öz ailəsinin aynasıdır”. Bir də ulilarımız deyib ki, “Allah-taala hər kəsə hər şeyi çəkə biləcəyi ölçüdə verir”. Fəqət, bu deyimin dərdə aid olduğunu deyə bilmirəm.

Öyrəndim ki, Cəfərxan dayının bütün ailə üzvləri dürüst və ətrafa qarşı çox səmimidirlər. Məzarsız qəhrəman Əlövsətin bir oğul yadigarı hər yerdə atasının adını uca tutur. “Ot kökü üstə bitər” – deyimi öz yerini alır bu məqamda.

Mənim düşüncəmə görə, ölümləri ilə ölümü belə hörmətə mindirən anaların övlad sevgisi, özləmi qəbirə qədər bitmir... Heyvagül ananın ruhu indi rahatlıq tapıb. Çünki yönünü Qubadlı yönündən yana çevirmədi Heyvagül ana...

İmadəddin Səlimin Heyvagül anamızın ölümünə ünvanladığı “Bir ana oğlunu axtarmır daha” şeirini oxuduqdan sonra bir ananın məzar evinə qədər səngiməyən dərdinə bu yazıyla bələdçilik etməyi özümə borc saydım:

                 

Bir ana hələ də oğlun axtarır,

Bir ana oğlunu axtarmır daha.

Ölməyə nə var ki, bir göz qırpımı, -

Yaşamaq, yaratmaq ölümdən baha,

Bir ana oğlunu axtarmır daha.

 

Bir ümid oğluna qovuşsun deyə,

Sarılıb dərdinə köçdü dünyadan.

Keçdi bu dünyanın naz-nemətindən,

Bir ana beləcə keçdi dünyadan,

Bir ana oğlunu axtarmır daha.

 

Ana kəlməsində, ana sözündə

Cənnət qoxusu var, çiçək ətri var.

Tanrı dərgahında, tanrı gözündə

Mələk sevdası var, mələk xətri var,

Bir ana oğlunu axtarmır daha.

 

Ulu bir deyim var: “vətənə olan hüdudsuz sevginin yolu cəfadan keçir”. Mən düşünürəm ki, məzarsız əfsanəvi qəhrəman Əlövsət Cəfərxan oğlunun əzəmətli Vətən sevgisi bir məzara sığmadığından Tanrı onu uca səmalarda ruhunun azad dolaşması ilə “təltif” edib. Bilinən bir həqiqət də var ki, qara kömürün qaralar altında saxlanan üzündə qara günlərə bəslənən bir nur olur.

Əfsanəvi tankçı Əlövsət Cəfərxan oğlu bu ulusun göylərdəki qəhrəman elçisidir.

Məkanın mübarək olsun, ey könlümüzün əbədiyyət sultanı!

 

Xaqani Abbasəli ÖZTÜRK,

AYB-nin və AJB-nin üzvü

TƏQVİM / ARXİV