O, BIR GÜN IŞIĞI…- FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
660 | 2024-02-06 12:25

Səməndər Məmmədov - 70

…Dünyada elə insanlar var ki, heç kimə bənzəmir və ancaq özünə oxşayır. O insanlar həm də gün işığını xatırladırlar. Çünki gün işığı kimi dünyamızı, ürəyimizi, qəlbimizi və ən nəhayət, içimizi işıqlandırırlar. Belə insanlardan biri də mənim tələbə yoldaşım, düz 34 il qonşuluq elədiyim, dostum və qardaşım böyük ziyalı, böyük pedaqoq, yazıçı-publisist, Prezident təqaüdçüsü Səməndər Eyvaz oğlu Məmmədovdur. O, 1954-cü ilin fevralın 8-də Borçalı mahalının Faxralı kəndində gözəl bir ziyalı – Eyvaz kişinin ocağında dünyaya göz açıb.

Elə hər şeyi də bu ocaqda, bu yurdda, bu evdə dərk edib. Onun mayası, ruhu sazla, sözlə, qoşmailə, bayatilə, təcnislə, dodaqəyməzlə, dildönməzlə yoğrulub. Bu sadaladığımız dəyərlər zaman-zaman onun qəlbinə, ruhuna, iç dünyasına hopub. Orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinin (o vaxtkı ADU-nun) filologiya fakültəsinə qəbul olub və həmin fakültəni 1978-ci ildə bitirərək təyinatla Lerik rayonunun Vistən kəndində müəllimlik edib. Müəllim kimi o, kəndin hər bir ziaylısının, hər bir şagirdinin, hər bir sakininin qəlbində silinməz izlər qoyub. Kənd camaatı onu o qədər çox istəyib ki, toylarına dəvət edib və Səməndər müəllim də çörəyini yediyi, suyunu içdiyi, havasını udduğu bu elin xeyrində-şərində yaxından iştirak edib. Böyük ziyalı, Əməkdar jurnalist, rayon qəzetinin redaktoru Həmzə Vəliməmmədovun isti nəfəsini, ata sevgisini hiss edib. O vaxtdan uzun illər, daha doğrusu, 40 ilə yaxın zaman keçsə də nə Lerik camaatını, nə də gözəl insan Həmzə müəllimi unutmayıb. Həmişə həm Leriki, həm də Həmzə Vəliməmmədovu tez-tez xatırlayır. Çünki Səməndər müəllim duz-çörəyə, dostluğa və yoldaşlığa çox sədaqətli bir ziyalıdır. Bir adamla bir tikə çörək kəsdi, ömrü boyu onu unudan deyil. Bax, bu dəyərlər də qanla, genlə insana ötürülür... 

...Hər adam bir kollektivdə 30 ilə yaxın məsul vəzifədə işləməyi bacarmaz. Amma Səməndər müəllim uzun illər pedaqoji sahədə işləyib. Onun 40 ilə yaxınını direktor vəzifəsində çalışıb. Bakının Sabunçu rayonundakı 271 nömrəli tam orta məktəbdə uzun müddət direktor olub. Mən onun kimi namuslu, vicdanlı və ədalətli, uzaqbaşı 10 direktor tanıyıram. O, müəllimlərə, şagirdlərə, hətta məktəbdə çalışan sıravi əməkdaşlara belə öz doğması, ailəsi, balası kimi yanaşıb. Heç kimi haqsz yerə danlamayıb. Birinin nöqsanı olanda da onu elə bir formada deyib ki, bu həmin adamın ürəyinə və qəlbinə toxunmayıb. Mən inanmıram ki, Səməndər müəllim hansısa müəllimin qəlbini sındırsın. Hətta kiminsə xətrinə dəyibsə, heç beş-on dəqiqə keçməmiş onun qəlbini ələ alıb. İndi Səməndər müəllim təqaüdədir. Amma onun yeri Azərbaycan təhsilində, xüsusən də həmin məktəbdə həmişə görünür. Çünki o, məktəbdə uzun müddət bir yerdə çalışdığı müəllimlər deyir ki, nə qədər yeni direktor gəlsə də, heç biri Səməndər müəllimin yerini verə bilməz. Ən azından ona görə ki, Səməndər müəllim birinə yaxşılıq edəndə heç vaxt təmənna umayıb və bu yaxşılıqlar da hər an, hər dəqiqə onun qabağına çıxıb. Yay mövsümündə istirahət mərkəzlərinin birində müəllim yoldaşları ilə görüşür. Onları buraxmır, aparıb gözəl bir məkanda o müəllimlərə bir ziyafət verir. Bax, Səməndər müəllim belə bir ürəyin sahibidir. O ürək ki, həmişə gün işığı kimi hətta tanımadğı, bilmədiyi insanların da üstünə düşüb, onları isindirib... 

Səməndər Məmmədov çox nadir insanlardandır ki, klassik və Azrbaycan şairlərinin şeirlərini, aşıq sənətini əzbər bilir. Heç də təsadüfi deyildir ki, Azərbaycanın böyük  ziyalısı, Xalq şairi Zəlimxan Yaqub Səməndər müəllimin 60 illiyində gönrdərdiyi təbrikdə yazırdı ki, Səməndər Zəlimxan Yaqubun səyyar kitabxanasıdır. Əgər Zəlimxan Yaqub yoxsa, Səməndər Məmmədov mənim bütün şeirlərimi hər hansı məclisdə əzbər deyə bilər. Bəli, bu həqiqətən də belədir. Biz onunla demək olar ki, hər gün görüşürük və görüşəndə də, Zəlimxan Yaqubun o şirin, o gözəl şeirlərini səsləndirir. Bu gün Zəlimxan Yaqub dünyamızda olmasa da, onun Səməndər müəllim kimi içi, qəlbi, ürəyi dolu davamçısı var. Elə biz çox vaxt Səməndər qardaşımıza Zəlimxan Yaqub deyirik. Ona görə deyirik ki, əyləşən kimi böyük şairin şeirləri onun dodağından bulaq suyu kimi süzülür və bizim qəlbimizə, içimizə, ruhumuza bir sevgi gətirir... 

Səməndər müəllim Prezident təqaüdçüsüdür və cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Cümhuriyyətin 100 illiyi” medalına layiq görülüb. Hətta Sabunçu Rayon Ağsaqqaallar Şurasının sədri seçilib. Bir müddətdən sonr səhhəti ilə əlaqədar olaraq həmin vəzifədən istefa verib. Yəni, Səməndər müəllim həm də bir el ağsaqqalıdır.   

Fevralın 8-də qardaşımız və dostumuz Səməndər Məmmədovun 70 yaş tamam olur. Heç bilmədik 70 yaşa necə gəlib çatıb. Amma bildiyimiz odur ki, bu 70 yaşın astanasında Səməndər müəllimin 10-dan çox kitabı çap olunub. Bir-birindən gözəl, poetik, insana yeni bir nəfəs verən şeirlər kitabı işıq üzü görüb. Ən möhtəşəmi də odur ki, 2 hissədən ibarət «Faxralılar» kitabını araya-ərsəyə gətirib. Bu kitabı araya-ərsəyə gətirməklə o, öz müəllimləri, kəndinin ziyalıları və sadə insanları qarşısında borcunu yerinə yetirib. Hər oğul ona dərs deyən, ona nur verən, ona işıq bəxş edən insanları yaşada bilmir. Amma Səməndər Məmmədov Faxralının dünyaşöhrətli ziyalılarını, alimlərini və müxtəlif sənət adamlarını yazıları ilə yaşadır və dünyaya tanıtdırır. Bunun üçün dünya boyda ürək lazımdır və dünya boyda ürək də bizim qardaşımız və dostumuz Səməndər müəllimin sinəsindədir. 70 ildən keçmişə boylananda biz nələr görürük? Biz Səməndər müəllimin ləyaqətli, şərəfli, qürurlu ömürünü görürük... Biz onun minlərlə şagirdinə  savad və tərbiyə verməsini görürük… Bİz onun gözəl ailəsini, övladlarını, nəvələrini və dostlarını görürük. ...Görürük ki, Səməndər müəllim yaşadığı 70 ili kişi kimi yaşayıb və bu gün də bir pedaqoq, bir direktor, bir yazıçı-publisist kimi onun xalqın arasında qazandığı böyük hörməti hiss edirik... 

…Mən bu yazını kompüterə diqtə edəndə tez-tez bir süfrə arxasında əyləşdiyimiz, çörək yediyimiz, çay içdiyimiz Fərman müəllim, Şikar müəllim, Fəxrəddin müəllim, Ramiz müəllim, Səbuhi müəllim, adaşım Faiq, Paşa müəllim, və bir də çayçı Rasim yadıma düşdü. Onlar hamısı Səməndər müəllimi yubiley münasibətilə təbrik eləyirlər və deyirlər ki, müəllim, bizim də ürək sözlərimizi qəzetdə yazarsan. Və mən də yazıram! Onu da yazıram ki, Səməndər müəllim sən dünyanın ən vicadnlı, ən ədalətli, ən namuslu ziyalılarından birisən. Səninlə tək biz yox, bütün Borçalı eli, Faxralı camaatı fəxr edir! Sən həm də zirvələrə qonan bir qartala bənzəyirsən!  Qartal zirvələrə yaraşdığı kimi, sən də o zirvəyə yaraşırsan! Və həmişə uca zirvədə olasan, qardaş!...                                                      

TƏQVİM / ARXİV