Payızla qışın  qarşılaşması... - Əbülfət  Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
169 | 2024-12-03 12:01

İndi təbiətin bar-bərəkət  fəsli olan payızdı. Necə deyərlər, əkdiyimizi, becərdiyimizi, yəni barı-bərəkəti toplayıb qışın qapısına gəldiyimiz məqamdı. Saylı günlərdən sonra qış qapısını açacaq üzümüzə. Elə ona görə də payızla qışın bir-biri ilə dartışması, bir-biri ilə anlaşması, necə deyərlər, dil tapmaq istəyi indi özünü daha çox büruzə verir. Payız onu əvəz edəcək qışa canında olan odu, qış isə ona qarı, çovğunu, şaxtanı ərməğan edir.

Bu  son dərəcə  qəribə, həm də təzadlı «paylaşma» adamda qəribə nostalji duyğular yaradır. Ömrün payızı ilə qışını düşünürsən. Ağlından, içindən bir bahar sevdası şüa kimi süzüb keçir.  Elə o sevdanın xatirinə özünü, necə deyərlər payızın, qışın acığına bir də toparlayırsan. İstəyirsən tökülən yarpaqların və onun üzərinə iz salacaq quşbaşı qarın oyatdığı mənzərəni özün üçün rəsmə çevirəsən, yazıya köçürəsən və sonra da o rəsmin, o yazının həmsöhbəti olasan.

Bax, belə bir məqamda saçlarına artıq əməlli-başlı qar yağmış bir qələm dostum gəlib durur gözümün qarşısında. Onun bəyaz saçlarının ifadə etdiyi və mənim ruhuma hopan həmin o nostalji sonda şeirə çevrilir. Özü də qələm dostumun şeirinə.  Həmin qələm dostum, yəni, şair Balayar Sadiq sanki  mənim üçün pıçıldayır:

 

Adından islanıb

bu payız yağışı…

 

Bir yarpaq ümid yoxdu

yarasını sarıyım

bu ürəyin…

 

Əllərim uzaqlarda qalıb,

Sənsizliyin

Kölgə saldığı yerlərdə…

 

Payızı sərmişəm yollara

bəlkə insafın üşüdü

bir payız…

 

Ovcumu tutmuşam

ürəyimin altına,

sən damcılayırsan…

 

Bu misraların yaratdığı obrazı özüm üçün bir həyat modelinə bənzədirəm. Çünki bu yağışın islatdığı payız   köhnə   damın uçuq divarına söykənmiş və xatirələri ilə baş-başa qalmış sevdalı adamın durumunu ifadə edir mənim üçün. Elə bilirəm ki, yağışda islanan payız sanki bu adamın sevdasının üstünə çilənən göz yaşıdı. O göz yaşı ümid ifadə etmir, ümid işartısı yaratmır. Sadəcə yaranı sarıyır. Amma bir gerçəklik də var ki, ürək yarasını saramaq yox, olsa-olsa onu sevgi ilə yaşatmaq mümkündü. Ömrünə gün, ay, il, bir sözlə zaman əlavə etmək  real görünür. Çünki o yaranın dərinliyi bir sağalmazlıq haqqı qazanıbdı. Belə olan halda uzaqlara qədər boylansan da ordan nə əllərini, nə izlərini geri götürmək gücü heç kimdə yoxdu. Ona görə ki, onun yolunu sənsizlik kəsib və o sənsizliyin kölgəsi də o qədər qalındır ki, onun altında qalan ağrının, həsrətin və göz yaşının göyərməsi də yalnız möcüzə ola bilər.

Təəssüf ki, bu gün kimisə, hansısa möcüzə ilə təəccübləndirmək mümkün deyil. Bitib təəccüblənmələrin, möcüzələrin zamanı. Amma mənim qənaətimi qələm dostum bir az cilalayır, bir az ütüləyir və deyir ki, sərmişəm yollara bu payızı.  Və  ona görə sərmişəm ki, sənin insafını isitsin. Yəni oyatsın və biləsən ki, ürəyimdən ovcuma sən damcılayırsan. .. sənin məhəbbətin damcılayır. Gördünüzmü, Balayar Sadiqin bir damla payızı özündə nələri ehtiva edib? Barışdınızmı bu bir damla payızla? Əgər barışdınızsa, onda açın qapını, açın pəncərəni, açın nəfəsliyi.

Bax, bu içərisində olduğum duyğuların mənim əlimdən tutub yönəltdiyi istiqamət elə açılan qapılara, pəncərələrə tərəfdi. Bildiyimə və inamıma görə, üzlərə açılan qapılar təkcə arzu deyil, həm də ümid verən . yaşam həvəsi gətirən bir reallığın təsdiqidi. Bunu poetik şəkildə oxucuya çatdırmağın özü isə artıq söz xiridarı olmaq deməkdir. Elə sözünün və qələminin mükəmməl bilicisi, saydıranı və sevdirəni olan Balayar Sadiq də «Qapını aç» deyəndə zənnimcə, mənim bir az öncə vurğuladığım məqamı oxucuya şeir dilində deyir:

 

Son ümidin göz yaşını,

Sən silirsən, ya mən silim?!

Dərdlərinə boyum çatmır,

Bir az əyil, vətən, silim…

 

Kim yalanı balınc-balınc,

Başının altına atıb?!

Aç qolundan, bu saatın,

Qələbə əqrəbi yatıb.

 

Demədiyim söz kimisən,

İçimi yandırır ahın.

Kimin gözünə sərmisən? –

Yaman nəm çəkib sabahın.

 

Gözləri şəhid köynəklim,

Bir güzgüyəm göz yaşına.

Götür, bir azca duz çevir,

«»Lələtəpə»nin başına.

 

Kimin cibində gizlənib,

Şəhidlərin qisas günü?!

Bayraq elə hər anını,

Gözlərimdən gəl, as o günü!

 

Uzaqların çal-çağırlı,

Yaxınların ac-yalavac.

Həqiqət döyür qapını,

Qorxma, vətən, qapını aç!!!

 

Mən bu şeirdəki bütün istək və arzuları, şair təqdimatını dünənin, yəni şeirin doğulduğu zamanın bucağı altında oxudum və həqiqətən həmin zamanın çılpaqlığını ovcumun içi kimi gördüm. Bu şeir oxuculara 2020-ci ildə təqdim olunub. Ona görə də nə böyük qələbəmizdən, nə zəfərimizdən, nə bugünkü reallığımızdan orda işartılar yoxdur. Bu da o deməkdir ki, müəllif məhz qələbənin , bugünkü gerçəkliyin həsrətini çəkib. Onun üçün təlaşlanıb. Ürəyinə, ruhuna da o qələbə, onun gətirəcəyi yeni dünya hökm edib və bir söz adamı, bir şair olaraq arzusunu vətəndə görmək istəyini  deməkdən, yazmaqdan çəkinməyir.

Hətta həmin zaman üçün Lələtəpəni bir ovuc duz kimi vətənin başına fırlamağa, bununla da daha böyük qələbələrə   iddialı və israrlı olubdur. Şükürlər ki, şeirin sonunda şair fəhmi  özünün təsdiqini artıq reallıq kimi  vurğulayıb, Qeyd edib ki,  həqiqət qapını döyür: 

-   Biz səninləyik, biz səninik Vətən!

 Bax, mənim qələm dostumun bu uzaqgörən, hadisələri qabaqlayan yanaşması bir öncə görmədi. Demək istədiyim odur ki, Balayar Sadiq qapını aç deyəndə qələbəyə çağırış edib. Yurda dönüşə çağırış edib və nəhayət, bütövləşən Azərbaycan üçün çağırış edibdi.

Bəli, hər qələm adamının özünəməxsus dünyası olduğu kimi, bütöv dünyaya, bütöv ətrafa özünəməxsus da yanaşması, baxışı var. Bu mənada Balayar Sadiqin yağışdan islanan payızı özü də  qapısı qələbəyə açılan Vətənin bir cizgisidi!.. Bu  cizgini  isə  sözə çevirən, yenə vurğulayıram, şair Balayar Sadiqdi. Sözün, qələmin yorulmasın, şair!

 

TƏQVİM / ARXİV