Putinin "sülh təklifi"... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1027 | 2024-06-25 12:29

 Yoxsa, daha çox müharibəyə davam təklifi...

  Rusiya liderinin beynəlxalq əlaqələr üzrə köməkçisi Yuri Uşakov,  "Primakov gündəliyi" 10-cu forumunu iştirakçılarına prezident Vladimir Putinin müraciətini təqdim edib.  Rusiya liderinin fikirincə, Moskvanın təqdim etdiyi təşəbbüs Ukraynada müharibənin dayandırılması üçün irəli sürülən ən optimal variantdır.

  "Hesab edirəm ki, bizim təşəbbüsümüzi tam dərk etməyən  bir çox qərb siyasətçilərindən fərqli olaraq, forum iştirakçıları məsələyə diqqətlə yanaşacaq, münaqişənin real olaraq dayandırılmasını və diplomatik çərçivəyə gətirilməsi təşəbbüsünü bəyənəcək"- deyə Putinin köməkçisi bildirib.

  Bəs görəsən Rusiya prezidentinin  çox təriflənən "sülh" təklifi nədən ibarətdir?.. "Moskva iki şərtlə atəşi dayandıra bilər. Ukrayna hərbi qüvvələrini Xerson və Zaparojye vilayətlərindən və Luqansk və Donetsk "xalq respublikalarından" çıxarmalldır. Rəsmi Kiyev,  eyni zamanda NATO-ya girməyəcəyini bəyan etməlidir."

 Putinin irəli sürdüyü təklif, faktiki olaraq Ukraynanın təslim olması, üstəlik də, beynəlxalq səviyyədə tanınan, hazırda işğal olunmuş ərazilərindən rəsmi olaraq əl çəkməsi deməkdir.  Bir maraqlı məqam isə, Rusiya prezidentini Krımın adının  bu "təkliflə"  əlavə etməməsidir. 

  Daha maraqlısı odur ki, Rusiya prezidenti Vladimir Putin irəli sürdüyü "sülh təklifində", işğal etdiyi əraziləri Rusiyanın regionları adlandırmasıdır: "Sülh danışıqları o vaxt mümkün olar ki, Kiyev qoşunlarını RF-sı regionlarından(..?)  (əslində Ukraynanın Xerson və Zaoarojye Donetsk və Luqansk vilayətlərindən) çıxarsın və rəsmi olaraq NATO-dan imtina etsin". Putin,  üstəlik Kiyev və Qərbi də təhdid edərək bəyan edib ki, münaqişənin uzanmasında ABŞ başda olmaqla Qərb dövlətləri bir başa məsuliyyət daşıyırlar.

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya liderinin "sülh"  təklifini "ən real çıxış yolu" olduğunu bəyan edib: "Ciddi siyasətçilər diplomatik səviyyələrini işə salaraq məsələyə real yanaşmalıdırlar, barmaqlarını sümürərək illüziyalara qapılmamalıdırlar". Yəni Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini real olaraq Rusiya əraziləri kimi tanımalıdırlar (..?)

 Ukrayna prezidenti Volodimir Zelenski, Putinin bu təklifini ultimatum kimi qiymətləndirib: "Bu təklif real sülh təklifi kimi qiymətləndirilə bilməz". Almaniya kansleri Olaf Şolts və İtaliyanın baş naziri Corciya Meloni də, Putinin "sülh" təşəbbüsünü rədd etdiklərini bəyan ediblər.

 Reallıqda isə görünən odur ki, münaqişənin sülh yolu ilə həll olunmasında nə tərəflər-Rusiya və Ukrayna, nə də müharibənin guya iştirakçısı olmadıqlarını bəyan edən, əslində isə birbaşa iştirakçısı olan ABŞ və Qərb maraqlı deyillər...

  Sonu görünməyəm müharibə isə davam etməkdədir...

 

TƏQVİM / ARXİV