Qocalmağa Akif Səməd yanaşması... - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
428 | 2022-09-06 12:20

Və mənim də qocalmağım

 

İnsan dünyaya gəldiyi andan, xüsusilə özünü dərk edəndən sonra daha çox böyüməyə, həyatın bu və ya problemləri ilə qarşılaşmağa, özünü hər sahədə sınamağa can atır. Necə deyərlər, gənclik, yetkinlik və digər yaş bölümlərində böyümək üçün az qala sinov gedir. Sanki il üstünə il gələndə otuzu-qırxı haqlayanda özünü daha rahat hiss edir. Elə ki, yaş əllini haqladı, onda peşəkar sürücü kimi bir ayağını maşının  əyləcində saxlamağa çalışır. Amma illəri, zamanı saxlamaq mümkün deyil. Bu mənada söz adamları, xüsusilə də aşıqlar, şairlər, yaşla bağlı tez-tez sarı simə köklənirlər...

 

Qısa bir ömür yaşadı Akif Səməd. Bu qısa ömründə elə   bir əli sözdə, bir əli də bu dünyanın yaxasında oldu. Ona görə də hər yerdə anıldı, hər yerdə göz, könül onu axtardı. Bu gün də belədi. Təbii ki, yaxından tanıdığım, tez-tez həmsöhbət olduğum  Akif Səmədin yaradıcılığına da kifayət qədər bələdəm və elə onun bu gün diqqətinizə təqdim etdiyim şeiri də yaşla, ömür-günlə bağlıdır. "Bir şairin bir şeiri"  layihəmin  qonağı  Akif Səmədin «Özümə yol» kitabından götürdüyüm bu şeirin ovqatı da, ruhu da, elə oradakı mənzərə də mənim indiki halımla üst-üstə düşür. Akif Səməd yazır ki:

 

Vərəqə düşə bilmir

Qələmdə söz qocalır

Gedib kəndimə yetmir,

Arxamda iz qocalır.

 

Gördünüzmü, dəyərli oxucu. Sözü qocalmayan, ruhu həmişə bizimlə olan Akif Səməd qocalan izlə, ömürlə, dəftər-qələmlə bağlı hansı məqamları diqqətə çatdırıb və bu mənaların alt qatında nələr yatır. Zənnimcə, təkcə kəndimizə yox, bəzən özümüzdən özümüzə də çatmayan əlimizin məsafəsi, cığırı, izi də gözümüz görə-görə qocalır. Ona görə də Akif Səmədin bu yanaşması mənim də qocalan ömrümü bir kino lenti kimi gətirir gözümün qarşısına və mən də:

 

Mən ömür içində ömür əridib

Günlərin içində gün kiridirəm...

Sevginin əlindən tutub yeridib –

Ölməyə qoymayıb qəm dirildirəm...

                                      

Əslində, insan təkcə qurub yaratmır, həm də  uçurub dağıdır. Özü də ,bu sonuncu proses iki məna daşıyır. Biri yenilik, yəni təzələmək, dağıtdığını, sökdüyünü daha yaxşı, daha diqqətəlayiq etmək, ikincisi də vandallıq baxımından gerçəkləşdirilir. Bunu da insanlar düşmənçilik kökləri üzərində edirlər. Deməli, hər iki halda insanın qurmaq, dağıtmaq missiyası danılmazdı. Bax, müqayisə uğursuz olsa da, mən də içində təkcə gün əritmirəm, həm də o əriyən günün mənə bağışladığı qəmi yaşadıram, qəmi dirildirəm. Bu isə bir az şairlik, bir az xəyalpərvərlik, bir az duyğusallıqdır. Amma Akif Səməd onu mənim dediyim prizmanın başqa bir bucağı altında ifadə edir. O, yazır ki:

 

İncəsiz Kür azalır,

Axırdı gur – azalır

Gözümdə nur azalır

Bağrımda köz qocalır.

Gördünüzmü, burda Kür çayının ovqatı, mənzərəsi, onun gerçək durumu necə poetik baxış altına düşür. Bu baxış altı isə fəlsəfə dilində şair üçün qocalmaqdır. Onu da duymaq üçün ən azından Akif Səməd olmaq gərəkdir. Mən Kürün suyunun azalmasının  səbəbini  min yerə yozan adam tapıb çıxara bilərəm ortaya. Amma o suyun azalmasının mayasında, canında qocalmaq olmasını yalnız Akif Səməd görüb, fəhm edibdi. Ona görə də gözdə azalan nur da, Kürün azalan suyu da onun üçün qocalmaq anlamını sözlə, şeirlə demək imkanını yaratmış olur və mən də elə həmin o əritdiyim günün içərisində gördüyüm mənzərənin davamını belə sərgiləyirəm:

 

Siz də yaxınlaşın təsəlli üçün

Məni hər çəkdiyim gün «ah»a bükün...

Sevməkdi günahım vallah, büsbütün –

Siz məni elə bu,  günaha bükün...

 

Düşünə bilərsiniz ki, məni qocaldan hər bir ah ümumi yanaşmadır. Lakin burda bir məqam da var. O ahın səbəbkarıdır həmin  O      məqam da! Deməli, hər cür dərdin ifadəsi olan ah mənim üçün həsrətin ifadəsi, həsrətin cizgisidi. O ah da, o cizgi də ruhumla, ürəyimlə birlikdə yaşa dolur, qocalır və mən də onun təsirindən, onun aurasından çıxa bilmirəm. Onda yenə üz tuturam Akif Səmədə:   

 

Kənddəki qara daş mən,

Qara daşa qardaş mən

Qardaşım, mən cəhənnəm,

Uşaqlar tez qocalır.

 

Görün Akif hardan-hara gəldi. Öncə qələm, kağız, iz qocaldı, sonra gözün nuru, Kürün suyu və nəhayət, şairin özü. Amma bunların heç biri onun üçün qayğıya, dərdə çevrilmədi. Təbii ki, bu şeirin içərisində, bu məqamda, yəni böyük yanaşmada, amma fərdin baxışı altında isə o sadaladığım qocalmaların ən dəhşətlisi Akif Səmədə görə uşaqların qocalmasıdı. Bir anlıq həmin mənzərni özünüz üçün yaradın. Onda görəcəksiniz ki, uşaqların və yaxud uşaqlarımızın qocalması neçə səmtə, neçə yerə yozula bilər, onun qatlarında nələri görmək olar və hər kəsdə gördüyü bu qocalma üçün daxilən üzülər, əndişələnər...

Elə mən də həmin o uşaqların qocalmasının nə demək olduğunu içimdə çözə-çözə dünyanın namərdliyini qınaya-qınaya çevrəmdəkiləri saf-çürük edə-edə, yenə sonda gəlib dərdlə, tale ilə kəllələşirəm. Onun buynuzlarını qırmağa çalışıram. Amma alınmır. Çünki:

 

Həyat zərbələri qılıncdan da sərt

Ürəyin tüstüsü ərşə ucalır...

Deyəsən tamamdı kəsilən o şərt –

Qocalır Əbülfət, yaman qocalır...

 

 Hə, gördünüz ki, yaşla bağlı, zamanla bağlı baş verənlər öz canını, qanını yaşamı da əlavə edəndə onda qocalma necə sürətlənir. Bax, bu mənada indi və bütövlükdə həyatım boyu yaşadıqlarım yaş üstə yaş gətirmək, ömrü qısaltmaq üçün əlindən gələni hər şeyi edib və edir. Ona görə də Akif Səmədin qorxduğu qocalıq da, mənim də qocalmağım əl-ələ tutub meydan sulayır...

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV