
Xasiyyətimdi...dostları düşünəndə özüm də bilmədən qapını döyən xatirələrin bir ucundan tutub yola çıxıram. Və düşünmürəm ki, bu yol harda bitəcək. Özüm özümdən baş götürüb gedirəm bu yolla. Nə məqsədimi, nə də hara getdiyimi demədən-bildirmədən dərələr-təpələr keçirəm. Dəmir çarıq geyinmiş dərvişlər kimi yolda yorulmaq, bezmək, ya da hardansa geri dönmək, peşmançılıq yaşamaq gəlmir ağlıma. Çünki xatirələr mənim təkcə dünənim deyil, həm də sabahıma körpüdür. Mən o körpüdən kimlərin keçəcəyini bilmirəm. Ancaq ümidliyəm ki, kimsə keçəcək o körpüdən. Çünki xatirələrimin həm şahidləri var, həm də iştirakçıları... Deməli, o körpü mütləq keçiləcək. Amma ona qədər…
Bəli, biz hər gün qarşılaşırıq, hər gün də sarılırıq bir-birimizə. Ona görə ki, bizim ötən əsrin 80-ci illərindən başlayan bir həyatımız, daha doğrusu, bir ömür payımız var. O ömür payının fəsillərini mən öz içimdə belə adlandırmışam: tələbəlik - bu mənim üçün yaz fəslidir. 90-cı illər - bu, ömrün yayıdır. 2000-ci illərin ilk onluğundan sonrakı zaman kəsiyi-artıq payızdır. Bizdən asılı olmadan gələn payız. Kimsə bu bölgüyə öz arşını ilə qıymət verib qınaya bilər. Bu, onların özəl haqqıdır. Lakin mənim üçün gerçək olan budur. Bizim tələbəlik illərimiz təkcə qanımızın coşğun dövrü deyildi, həm də ömrümüzün ümidli çağı idi. Hər birimiz ayrı-ayrılıqda cəmiyyətdə tutacağımız yeri xəyal etmişdik. Az qala o yerdə özümüzü artıq hiss edirdik. Lakin 90-cı illər dəyişdi hər şeyi. Təkcə bizlərin yox, bütün ölkənin həyatı dəyişdi. Gəncliyimiz meydanlarda, səngərlərdə, iş axtarışında, çörək sorağında, təbii ki, həm də sığınacaq aramaqda idi. Şəxsən mən vətəndə vətənsiz yaşayırdım. Beləcə davam edirdi ömrümüz. Ona görə də bir-birimizdən xəbər tutmaq, bir-birimizin hayına çatmaq, yanında olmaq yuxu kimi gəlirdi adama. Yuxular isə həmişə çin olmur axı…
Həyat bizim hər birimizi öz axarına alıb atmışdı müxtəlif səmtlərə. Mən Qarabağsız qaldığım üçün daha ağırlı, daha ümidsiz bir durumda idim. Ona görə də özümə çəkilib, necə deyərlər, gözümü özümə yığıb yazı-pozu ilə təsəlli tapmağa çalışırdım. Bax onda yenidən qarşılaşdıq tələbəlik illərimin şahidlərindən və həm də sayğılı təmsilçilərindən biri olan Aydın bəylə.
"Azərbaycan" nəşriyyatında üz-üzə gəldik, bir anlıq baxışdıq. Sonra sıxdıq bir-birimizin əlini. Elə bil ki, dövlət üniversitetinin yataqxanasında görüşürdük. Və 80-ci ilin tələbələri idik…
Mən Qarabağda doğulmuşam, Aydın bəy Naxçıvanda. Amma hər ikimiz eyni yanğı ilə, eyni təlaşla həm Qarabağda, həm də Naxçıvanda ermənillərin törətdiyi cinayətllərdən üzülür, onların cavabının veriləcəyi anı gözləyirdik. Bu səbəbdən də hər görüşümüzün mövzusu yalnız Vətən idi, Torpaq idi. Və bir də təbii ki, tələbəlik xatirələrimiz… İndinin özündə də o xatirələrin orbitindən, əhatə dairəsindən çıxa bilmirik. Mütləq uşaqlardan kimisə xatırlayırıq. Daha çox da Firudini. Çünki mənimlə Aydın bəyi yaxınlaşdırıb doğmalaşdıran Firudin olmuşdu.
Onu da qeyd edim ki, yataqxana həyatı tələbələrin özəl macəra dünyasıdır. Şəxsən mən yataqxana mətbəxində o səliqəsizliyin içərisində hazırlanan yeməklərin, xüsusilə, böyük bir tavada qızardılan soğançalı kartofun dadını heç vaxt unutmuram. Ona görə ki, tavadan heç kəsə pay çəkilmirdi. Hamı dədə-baba qaydası ilə tavadan loxmasını götürürdü. Kim nə qədər istəyir bir o qədər də yeyirdi. Və axırda da o tavanı yuyub-təmizləmək kiminsə “boyuna biçilirdi”. Elə kartof qızartmasını ləzzətli edən bir səbəb də bu idi.
Tələbəlik illərimizdə bir çoxumuzun özəl qabiliyyətləri də üzə çıxırdı. Bax mən o zaman Aydın bəyin ictimai fəal olduğunu müşahidə edirdim. Loru dildə desək, çılğın, hadisəyə reaksiya verən və fikrini deməkdən çəkinməyən cavan oğlan özü də hiss etmədən gündəm olurdu. İndi həmin o məqamları düşünəndə xatırlayıram ki, görünür Aydın bəyə ad qoyanlar onun yolunun aydınlığa doğru gedəcəyini, aydınlığa qovuşacağını fəhm etmişdilər. Ona görə də hadisələrə anında münasibət bildirən Aydın bəy hərəkətdə idi. Yəni yola çıxmışdı. Bu yol azadlığa gedən yol idi. 90-cı illərdə artıq bunu hamımız dərk etdik. Hamımızın dərk edib, qəbul etdiyi həmin azadlıq-aydınlıq yolunu məhz mənim də aid olduğum zamanın bir çox insanları o cümlədən də Aydın bəy artıq daha həssaslıqla, öncəgörmə ilə hiss etmiş, duymuş və o yolu qəbul etmişdilər. İllər də göstərdi ki, qurbanlardan keçən bu yola işıq salanlar özləri də işıq olublar.
Bu da bir həqiqətdir ki, işığı görməyənlər də var, ondan gizlənənlər də var. Ən dəhşətlisi isə işıq gələn yerə tıxac olanlardır. Elə mənim də həyatım boyu söykəndiyim, ümid alıb güvəndiyim və yanlarında olmağa özümü həsr etdiyim adamlar, yəni aydınlar isə çəkinəcəkli, qorxaq olmayıblar. Biliblər ki, işığın özü kimi onun pərvanəsi də olur, söndürəni də. Deməli pərvanəsi olan işıq söndürülməkdən qorxmamalıdır. Axı pərvanələr qanadlıdır. İşığın sorağını hər tərəfə yayır. Və deməli həm də o sorağa yeni pərvanələr gəlir!..
Bütün bunlar bir publisist düşüncəsi deyil. Nə də yazı adamının özünü müdrik göstərmək cəhdi də hesab oluna bilməz. Bu, sadəcə görüb, yaşayıb və nəticəsini bu gün də özündə, həyatında daşıyan bir yazı adamının indi uzaq olan ötən əsrin 80-ci illərinə baxışıdır. Həmin illərdən bu günə yol gələn bir aydınımız barəsində bədii riçətdir. Və bir də o həm də bir qələm adamı olan şəxsin söykəndiyi sözə nəfəs verməsidir. Axı quru sözlər heç tükü də tərpətmir. Amma diri sözlər ürəyi qubarlandırır, ruhu cilalayır, yaşayır və yaşadır. Məhz bu mənada bu gün ömrünün 65-ci ilini diri sözlə, diri qələmlə cilalayan tanınmış publisist, dəyərli aydınımız baş redaktor olduğu “Bakı xəbər” qəzetinin timsalında sözün nəfəsini hamımıza çatdırır. O nəfəslə isidir, düşündürür və bəzən də yönəldir. Özünün və bütün aydınların yoluna tərəf.
Mən dəyərli tələbə yoldaşım, dostum, həmkarım Aydın Quliyevlə bağlı bir yubiley yazısı ortaya qoymağa köklənmişdim. Amma hələ 5 il öncə - onun 60 yaşında yazdığım yazını yenidən oxuyandan sonra bu fikrimdən daşındım. Çünki Aydın bəy 50 yaşda da, 60 yaşda da hansı əqidədə, hansı yolda olubdursa, görmüşəmsə, elə 65 yaşında da o cürdür. Deməli, dəyişən rəqəmlərdir, illərdir. Dəyişməyən isə aydınlıqdır, aydınlardır və Aydındır!
Zənnimcə, dəyişməyən Aydına nələrisə əlavə etmək yox, tərif demək yox, elə yanında olmaq daha ağıllı seçimdir. Bu, bir az təvazökarlıqdan uzaq olsa da, mənim də aydınlardan olmağıma işarədir. Və…
… Bizim hər gün görüşüb etdiyimiz söhbətin mövzularından biri də Aydın bəyin mənim şeirlərimdən biri barəsində söylədiyi fikirdir. Şeirin məramı belədir ki, mənə görə dünyada ən ağır dərd, ən böyük faciə aradığın nömrəyə zəngin çatmamağıdır. Bu gün böyük məmnunluqla və şükranlıqla deyə bilərəm ki, bizim bir-birimizə zəngimiz çatır. Ümidliyəm ki, Aydın bəyin zəngi 100 yaşa da çatacaq.
P.S Yazını gənc həmkarlarımdan biri ilə müzakirə edərkən ikimiz də eyni nöqtədə həmfikir olduq. Söhbət addan gedirdi - hər kəsin, hər şeyin adından. Adın ifadə etdiyi hər kəsdən və hər şeydən. Onda hər ikimiz bir məqamı xüsusi vurğuladıq :
- Bəzən insanın adı yada düşmür... Yaşla, şəraitlə bağlı unudulur... Amma aydınları adlarının mənası da yenidən xatırladır!