Qazini incidən... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
115 | 2025-09-06 12:01

Birinci və ikinci Qarabağ savaşında döyüşlərdə şəhid olan , qazi olan igid oğullarımızı heç vaxt unutmaq, yaddan çıxarmaq olmaz. Ən azından ona görə ki, bu vətənin ən ağır günündə canlarından keçiblər və öz qızıl qanları ilə  tarix yazıblar.

Və bir də bütün xalq və biz onların qəhrəmanlığı hesabına alnıaçıq, üzüağ gəzirik. Onların heç kimə borcu yoxdur, bizim onlara borcumuz var.Təəssüf ki, çox vaxt biz onlara olan borcumuzu qaytara bilmirik.Hələ bəzi vəzifəli şəxslər isə qaziləri hər hansı məsələ  ilə əlaqədar get- gələ salır, incidir və o da haqqın tələb edəndə tutduğu vəzifəsindən, səlahiyyətindən  istifadə edərək, hətta onu həbs elətdirir.

Və deyirlər ki, guya həbs edilən qazi qanunu pozub və məmuru təhqir edib. Əlbəttə, qanuna əməl eləmək vəzifəsindən və xidmətindən asılı olmayaraq , hamının borcudur.O cümlədən qazilərin də ! Bax , burada xoruzun quyruğu görünür. Yəni hər hansı məmur öz səhlənkar hərəkəti və məsuliyyətsizliyi ilə qazini təngə gətirir, aldadır " bu gün, sabah sənin problemin həll olunacaq", - deyib günü - günə satır. Qazi həftələrlə, aylarla, bəzən də illərlə gözləyib görür ki, icra başçısı onu aldadır. Axırda da əsəbi tab gətirmir və xoşagəlməz bir hərəkət edir.

Bundan da vəzifəli şəxsləri sui-istifadə edərək onları həbs elətdirir. Hansı ki, qazilərin səhhətində hansı problem olduğunu hamı yaxşı bilir. Sadə insanlar buna dəyər versələr də, amma vəzifəli şəxslər onların durumunu qiymətləndirmək istəmirlər. Bununla yanaşı, hər hansı belə münaqişə baş verəndə nəticə haqqında danışırlar, lakin münaqişənin səbəbi barəsində araşdırma aparmaq istəmirlər. Birincisi, qazini o həddə çatdıran, onun səbr kasasını daşdıran vəzifəli şəxsləri məsuliyyətə cəlb edilməlidir.

Amma çox vaxt biz bunun əksini görürük! Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, mən bu xalqın bir nömrəli xidmətçisiyəm. Bəs belə olduğu halda bəzi icra başçıları niyə  qazilərə lazımi köməkliyi eləmir və onlara yuxarıdan aşağı baxır və səlahiyyətlərindən istifadə edərək onları həbs elətdirir.Guya qazi onu təhqir edib. Bayaq dedik , qanun hamı üçündür və heç  kim başqasın təhqir edə bilməz! Bunlar hamısı aydındır. Aydın olmayan odur ki, son vaxtlar ayrı- ayrı icra  başçıları " qazi bizi təhqir edib" deyərək onu həbs elətdirib.

Hamı da yaxşı bilir ki, icra başçılarının əlləri uzundu , nə istəsə, eləyə bilər.Cəmiyyətsə, belə ədalətsizliklərə göz yuma bilmir. Bu yaxınlarda yenə bir icra başçısı bir qazi onu telefonda təhqir edib, deyə onu məhkəməyə verib. Amma bu dəfə hakim onu həbs  etməyib və yüz manat cərimə edib. Həmin məsələlərdə də hakimlər ədalətli mövqe tutmalı, mövcud vəziyyət obyektiv araşdırılmalı, icra başçısının dediklərini yox, qanunun aliliyini təmin etməlidir. Və ölkəmizdə kifayət qədər ədalətli hakimlər var.

Biz bunun dəfələrlə şahidi olmuşuq! Vətən yolunda qazi olanları isə qorumaq bizim hamımızın borcudur! Unutmaq lazım deyil ki, onlar  bizim yolumuzda cansağlıqlarını, sağlamlıqlarını itiriblər!!!

  • Sentyabr:
  • 5

TƏQVİM / ARXİV