Rəhbəri A(a)qil olan “Ə(ə)dalət”in İ(i)radəli baş redaktoru varsa, bu qəzetə zaval yoxdur - İqbal Alısoydan TƏBRİK YAZISI

210 | 2025-07-26 10:59

Orijinal bir söyləm var: “Hər bir müəssisə öz rəhbərinə bənzəyər”.

Zənnimcə, dəqiq təxmin, düzgün müşahidədir. Nəinki hər bir müəssisə, o müəssisədə çalışanlar belə müəyyən mənada müsbət və mənfi tərəfləri ilə öz rəhbərlərinə bənzəyirlər.

Mənsə bu illər ərzində ən müxtəlif təşkilatlarda, fərqli düşüncə daşıyıcıları ilə işləmişəm, işləyirəm.

Həyatımın ən qaynar çağlarında - 2002-ci ildə - bu gün 35 illiyini qeyd edən “Ədalət” qəzetində fəaliyyətə başladım. Qəzetin ilk səhifəsini vərəqləyəndə onun fəlsəfəsi, kontenti, milli, dövlətçilik mövqeyi və ədalətinə bələd olmaq mümkündür.

Qəzetin təsisçisi, hörmətli millət vəkili Aqil Abbası necə tanıyırsınız? Milli, işgüzar, zəhmətkeş, ağsaqqal, ziyalı, baməzə, əliaçıq, ürəyidolu, ədalətli, haqqı nahaqqa verməyən, sözü təkcə sözün deyil, həm də ədalətin gözündən keçirib maraqlı mətn quran, xalqın dilində danışan, xalqın olan, xalqa qalan... Bax, “Ədalət” qəzeti də belədir, bu cürdür.

Bu qəzetin hər səhifəsində yuxarıda sadaladığım epitetlərin hər birinə dair mövzu, mətn görmək olar. Çünki “Ədalət” Aqil Abbasın ədaləti, iradəsi və simasıdır. Bu qəzetdən başqa performans da gözləmək olmaz. “Ədalət” qəzetinin tarixi çağdaş Azərbaycanın müstəqlliyi ilə həmyaşıd, hətta böyükdür. Müasir Azərbaycanın hər günü, saaatı “Ədalət”in səhifəsində öz təcallasını tapıb.

Düzdür, çox qəzetlər, mətbu orqanlar, elektron KİV-lər haqqında “Məktəbdir” yarlığı işlədilir, amma “Ədalət” həqiqətən məktəbdir. Özü də bu məktəbdə təlqin olunan tədris heç bir ali təhsil müəssisəsində mövcud deyil. Ali və orta məktəblərdə illik tədris planları olur, “Ədalət”də isə günlük tədris planları var ki, bu da kollektivin, qəzetin intişarı üçün böyük töhfədir. Məsələn, kimsə “Ədalət”in “şinel”indən  çıxıb, anti-dövlətçi mövqedə dayanan yazar görə bilməz. Bu gün “Ədalət”dən ayrılıb, ayrı-ayrı təşkilatlarda çalışan onlarla, yüzlərlə tanınan imzalar, mütəxəssislər var. Bu qəzetdə işlədinsə, milli hiss və milli yadaşında qətiyyən boşluq qalmayacaq. Məhz milli dəyərlərin bütün məsələlərin fövqündə dayanması, bu mətbu orqanda milli ideoloji işin yüksək şəkildə təşkili kollektiv arasında da milli ideoloji bağlar yaradıb, yaradır.

Bunun nəticəsidir ki, “Ədalət”çilər həmişə milli bağlara sadıq, milli-mənəvi nəsnələrə təşnədirlər. Bu ideologiya kollektiv arasında da mehribanlıq, ismət, və səadət toxumu səpib, səpir.

Əlbəttə, bütün bu dəyərlərin qorunmasında, aşılanmasında qəzetin Baş yazarı, Əməkdar jurnalist, publisist İradə Tuncayın da rolu əvəzsiz və danılmazdır. Məhz onun iradəsi və dəsti-xətti sayəsində “Ədalət”çilərin mehribanlığı, peşə etkasına sayğılı yanaşmaları, qəzetçilik ruhunun diri və duru saxlanılmasındakı fədakarlıqları eynəksiz də görünür.

Rəhbəri A(a)qil olan qəzetin İ(i)radəli baş redaktoru varsa, bu qəzetə, bu qəzetin işinə, fəaliyyətinə zaval yoxdur. 

44 günlük Vətən savaşında Azərbaycan Respublikasının 30 illik işğala son qoyub, Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına dair ədaləti bərpasında “Ədalət” də informasiya cəbhəsində döyüşüb, ədalətin bərqərarında “əlini daşın altına qoyub”.

Yaşasın “Ə(ə)dalət”, var olsun ədaləti bərpa etmiş müstəqil Azərbaycan!

TƏQVİM / ARXİV