adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Ruhumuz görünə bilir... - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
400 | 2022-08-29 11:18

Sözə dəyər verənlərə

 

Adi bir məntiqlə yanaşanda mən bir daha əmin oluram ki, Allah insanları yaradanda, onlara bəxt yazanda müəyyən fərqləri, yəni bir-birindən seçimli olmaq şərtini də unutmur. Bir az da açıq desəm, insan xarici görkəmi baxımından əkiz olsa da, daxilən həyata baxış və yaşam ştrixləri ilə mütləq seçilir. Necə deyərlər, alma almaya bənzəsə də, eyni dadda olmadığı kimi, insan da insana nə qədər bənzər olsa da, onun özəlliyi hansısa bir fərqindədi. Bax, bu mənada söz adamlarının digər bəndələrindən fərqi Allahla daha rahat, daha açıq söhbət etmək, ona üz tutmaq fürsətinə, imkanına malik olmasıdı. İstər ümumi həyat, dünya, çevrə barəsində, istər özəl içliklə bağlı Allaha üz tutan şairlər müəyyən cizgiləri, sözün, istedadın gücü ilə həm təqdim etməyi, həm də onun yaddaşa köçməsinə nail olmağı bacarırlar.

Mənim " Hər şairin bir şeiri"  ilə yol yoldaşı olaraq diqqətimi çəkən nüanslardan da biri elə bu oldu. Gördüm ki, bütün dövrlərdən olan həmkarlarım, həmfikirlərim özlərini Allahla söhbətdə daha sərbəst, daha rahat hiss ediblər. Onların Allaha müraciəti təkcə inancın yox, həm də daxili tələbatın özü kimi şeirləşib. Və belə bir fürsətə malik olan şair öz sözünü, öz mövzusunu Allahın xeyir-duası, onun lütfü hesabına yayımlayıb və oxucusunu sevindirə bilib.

Şair Qəşəm İlqarın imzası öz oxucularına kifayət qədər bəllidir. Mən onun «Olum-ölüm arasında» kitabını gözdən keçirərkən «Bu da bir tale, Allah» şeiri ilə qarşılaşdım. Açığını deyim ki, şeirin dili də, mövzusu da ürəyimcə oldu. Elə şeiri oxuya-oxuya da Qəşəm İlqarın ruhuna qoşulmaq, həmfikir olmaq ürəyimdən gəldi keçdi və beləcə bir də gördüm ki, Qəşəm İlqarın şeirini pıçıldayıram. O, yazır ki:

 

Nə gedir, nə gəlirəm,

Nə qalır, nə ölürəm,

Mən mən ola bilmirəm –

Bu da bir tale, Allah...

 

Mən taleyə, bəxtə, alın yazısına inanıram. Və bilirəm ki, Allahın izni olmadan kimsə onun yazdığı yazıdan, çəkdiyi xətdən kənara çıxa bilməz. Ona görə də Qəşəm İlqarın «Mən, mən ola bilmirəm» deməsi həm təbiidi, həm də bu etirafın cavabını  dilə gətirməklə   hardasa bəxtə, taleyə baş əyməkdi. Ona görə ki, məni mən olmağa qoymayan yazılan bəxt, yazılan taledi. Bu məqamda özünü nə qədər dağa, daşa vursan da, oddan, közdən keçsən də, yenə gerçəklik, reallıq dəyişməz qalır və mən o gerçəkliyin qarşısında sussam da, ruhum pıçıldayır:

 

Hər anımda gözlərimə görükən –

Xəyal deyil, gerçəkliyin özüdü...

Təmasımdan, hənirimdən perikən –

Sevdiyimin ürək çəkən gözüdü...

 

Deməli, ruhun pıçıltısı mənə xatırladır ki, 30 il Vətəndə Vətənsiz olmuşam. Eldə elsiz, evdə evsiz yaşamışam. Çünki Qarabağ işğal altında olub. Vətənə əl çatmayıb. Bu gün isə həmin o anları düşünəndə o günlərin yaşamı, reallığı özünü Qəşəmin yazdığı kimi birmənalı şəkildə göstərir:

 

Evim yox, eşiyim yox,

Yatmağa beşiyim yox,

Dövlətdən pişiyim yox –

Bu da bir tale, Allah...

 

Hətta bu elə bir reallıqdır ki, onun görünməyən tərəfi yoxdur. Bu görünməyən tərəfin olmaması bir məqamda çox müsbət haldır, yəni necə var elədir, hardan baxırsan bax, amma digər tərəfdən çox düşündürücüdü. Lap kobud ifadə etsəm, olanını itirmək, əlindən alınması, bir insanın haqqının açıq şəkildə tapdalanmasıdı. Bunu da biz 30 il gördük və nəhayət, gördüklərimizi yazı variantında hər birimiz öz ruhumuzun səsi   kimi  misraladıq. Mən yazdım ki:

 

Mən nağıllar divanəsi deyiləm,

Yer üzündə canlı gördüm mələyi!

İstəsə o dizlərinə əyilim –

Qınamaram bu məqamda fələyi!..

 

Bu bənddəki istək , bəlkə də həssaslığı ilə, duyğusallığı ilə maddi olanla üst-üstə düşmür. Amma bir duyğu olaraq, bir yaşam olaraq, onun da itirilməsi, onun da həsrətinin çəkilməsi yenə Allahla bölüşülən dərddi, qəmdi, fikirdi. Necə ki, Qəşəm İlqar maddi olanı bölüşür:

 

İşdə ikən bekaram,

Nə yoxam, nə də varam,

İçimdə tarimaram –

Bu da bir tale, Allah...

 

İtib gənclik növrağım,

Quruyub yaşıl tağım,

Qalıbdı ürək dağım –

Bu da bir tale, Allah...

 

Yəqin Qəşəm İlqarın şeirinin ardını oxuyanda hiss etdiniz ki, onun qaçqınlıq, yurdsuzluq acısı sözlərin fonunda da çox üzücü görünür. Bir şairin tapdalanan haqqı çərçivəsindən çıxıb bir insanın, bir millətin tapdalanıb haqqı səviyyəsinə yüksəlir. Ona görə də düşündürür. Ona görə də şair etiraz səsini qaldırır. Ona görə də şair köməyi Allahdan umur. Və mən də öz yaşadığımı, öz mənəvi sarsıntılarımın cizgilərini şeirləşdirəndə Səni və Allahı düşünürəm. Çünki üz tutacağım yer sizsiniz:

 

Yaşadığım, yaşatdığı bir adda

Gerçəkləşdi sevgisiylə canımda...

Bəlli olan bir tarixdə – həyatda –

Allah onu işıq etdi yanımda...

 

İstənilən məqamda, istənilən yerdə Allahın köməyə çatması birmənalıdı. Yəni insan üz tutduğu güc sahibini, ədalət sahibini həyatında hiss edəndə, lap açığı onu görəndə (söhbət burda istəyə nail olma nəticəsindən gedir – Ə.M.) əmin olur ki, haqqına qovuşmaqda güc verəni Allah olubdu, ədaləti Allah bərpa edibdi. Bu, təkcə mənim çıxardığım və indi yazıya köçrtdüyüm gerçəkliyim deyil. Bu, həm də mənim əminliyimdi. Baxmayaraq ki, geniş anlamda mən bəlkə də hissə qapılıram. Hətta belə olsa da, yenə öz fikrimdə qalıram və görürəm ki, Qəşəm İlqar da gerçəkliyin etirafındadır. O, da yazır ki:

 

Mən bir heçəm, heç nəyəm,

Şaxta vurmuş çiçəyəm,

Neyləyim ki, beləyəm –

Bu da bir tale, Allah...

 

Necə olduğunuzu bilib söyləməyimiz görənə özünü təkrar göstərmək kimi alınsa da, amma bunun özündə də incə bir gediş var. Həmin o gedişin adı özünü görməməzliyə vuranlara, gerçəyi görmək istəməyənlərə səsli təzyiq, həm də təsirdir. Qəşəm İlqar da bu üsuldan istifadə edərək xatırladır ki, mən beləyəm və sən də mənim belə olduğumu görməlisən, qəbul etməlisən. Bu yerdə mən də öz istəyimi həmin o göstərmək prizmasından sərgiləyirəm. Dolayısı ilə ruhumun, könlümün səsini, orada olan hətta fotoları belə pıçıltı formasında ortalığa çıxarıram. Az qala sinəmdən asıram, gözlərimi transfer edirəm. Təki görsünlər. Və bilirəm ki, Allah və Sən bunu mənim addığım addımlardan öncə də görmüsünüz və görürsünüz və bilə-bilə də yenə də pıçıldayıram:

 

Daşıdığı quru cisim – bədəndi

Ruhum səndə – onu sayma gəl xəyal!..

Mənim sevgi təmənnam tam ödəndi –

Şükürlər Allaha, sən salamat qal..

İndiki məqamda bəlli oldu ki, bizim yəni söz adamlarının həmişə tale yanında olan ruhu güvəndədi. Eyni zamanda ruhu başqalarının ruhundan fərqli olaraq hər kəsə görünə bilir. Təbii ki, sözə qiymət verənlərə.

TƏQVİM / ARXİV