adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Rusiyanın dondurulmuş aktivləri qaytarılacaqmı? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1399 | 2023-03-07 12:18

Avropa İttifaqının Rusiyanın Ukraynaya hücumu ilə bağlı qəbul etdiyi 10-cu sanksiyalar paketi 25 fevral 2023-cü il tarixindən qüvvəyə minib. Bu paketdə Rusiya KİV-nın fəaliyyətlərinə qadağa qoyulması, fiziki və hüquqi şəxslərə məhdudiyyətlər qoyulması nəzərdə tutulub.

Qadağalar, 1473 fiziki şəxsə və bank sektoru, qabaqcıl texnologiya, həmçinin "Vaqner" şəxsi hərbi şirkəti də daxil olmaqla 205 Rusiya müəssisə və təşkilatlarına tədbiq olunacaq. Qarağalar qoyulmuş fiziki şəxslərin və təşkilatların aktivləri artıq dondurulub, vətəndaşlara və şirkətlərə məhsul verilməsi qadağan edilib. Bundan başqa, fiziki şəxslərə Avropa İttifaqına daxil olan ölkələrin ərazilərinə giriş və bu ölkələrin ərazilərindən tranzit kimi istifadə etmək də yasaqlanıb. Avropa Komissiyasının hesablamalarına görə, Rusiya ilə ticarət əlaqələrinə qoyulmuş məhdudiyyətlər 11,4 milyard avro dəyərindədir.

Sanksiya siyahısına Rusiyanın hakimiyyətinə külli miqdarda gəlir gətirən Alfa-Bank, Tinkoff bank, Rosbank da əlavə olunub.

Rusiya tərəfi bəyan edib ki, Aİ-nin onuncu sanksiyalar paketi də cavabsız qalmayacaq. Hakim dairələr antirusiya sanksiyalarının legitim olmadığını bildirməklə yanaşı, Rusiya KİV-lərinə qarşı qadağaların qoyulmasına da etirazlarını bildirib və bunun beynəlxalq müqavilələrə zidd olduğunu bəyan ediblər.

Rusiyanın Avropa İttifaqındakı nümayəndə heyyətinin rəhbəri vəzifələrini icra edən Kiril Loqvinov bəyan edib ki, istənilən formada Qərbin Rusiyanın aktivlərini dondurması beynəlxalq hüquq nomalarına ziddir. Ona görə də bu aktivlər gec- tez geri qaytarılmalıdır.

Diplomat həmçinin qeyd edib ki, Avropa İttifaqının hüquqi xidmət göstərən əməkdaşları da, faktiki olaraq etiraf edirlər ki, əvvəl-axır dövlət aktivləri geri qaytarılmalıdır, hətta mümkündür ki, bu aktivlərə görə əlavə faiz də ödənilsin.

Bu dünyada beynəlxalq hüquq normalarını ayaqlar altında tapdalayan güclərin nə vaxtsa Rusiyanın aktivlərini geri qaytaracaqları təbii ki, inandırıcı görünmür. Bunu dəfələrlə özündən qat-qat zəif dölətlərin üzərində sınaqdan keçirmiş Rusiya daha yaxşı bilməlidir.

 

TƏQVİM / ARXİV