adalet.az header logo
  • Bakı 20°C

Sancırlar, zəhərləyirlər, öldürürlər... - Eminquey yazır

EMİNQUEY AKİF
1469 | 2023-01-22 17:31

Emil Quliyevi əvvəlcə "Paradoks" adlı qısametrajlı filmi ilə tanımışam. Daha sonra isə Hikmət Rəhimovun dəvətilə "İkinci Pərdə"ni izləmişəm. "İkinci Pərdə"nin kinoteatr həyatı uğurlu olmasa da youtube-da yüksək baxış əldə edə bilmişdi. Özü də çox kiçik büdcə ilə.

Daha sonra "Pərdə" trilogiyasına baxdım. Bu dörd ekran işi Emilin dəsti xəttini mənə sevdirə bildi.

Rejissor kimi Azərbaycan reallığının düz mərkəzində duran Emil yenə də səs salmağı bacardı. Özü də iki serialla - "Körpü", "Əqrəb mövsümü".

Yenə də Azərbaycan reallığı. İkisi də ayrı-ayrılıqda təhlil olunasıdır, amma ümumiləşdirib bir neçə cümlə yazmaq olar.

"Bezmişdik özgələrinin serialına baxmaqdan, Emil bizə əlini uzatdı".

"Aktyor seçimləri çox uğurludur. Və bu heyət həmişəkidir. Aşağı-yuxarı əlavə və çıxdaş olunan aktyorlar var, amma hərəsi ayrı-ayrılıqda sözünü deyən aktyor və aktrisalardır. Xüsusən Hikməti görəndə "bu iş alınacaq" deyirəm".

"Cəmi 180 min büdcə ilə çəkilib bu serial. Türkiyədə serialın bir aktyorunun bir neçə serialıq qazancıdır".

"12 seriya! Qısa və konkret! Türkiyə təcrübəsində də bir sezonluq uğurlu seriallar var. Ağını, şitini çıxarmadan".

"Dialoqlarda qüsurlar olsa da, qənaətbəxşdi. Məsələn, bir əsr davam edən "Ata ocağı" serialına isnişməyən ruhum bu seriala çox isnişdi. Qüsurlu dialoqları ilə belə çox doğmadı, çox təbiidir".

"Serialda çox sayda maraqlı ştrixlər var. Manaf Dadaşovun oynadığı səhnədə atanın siqaretini yandıra bilməməyindən tutmuş Manaf Dadaşovun rəqsi ilə danışmasına kimi. Hələ adi beş dəqiqəlik epizodda".

"Sanki seriala yox, 12 saatlıq filmə baxırsan".

"Yazmışdım ki, gərək pullu, çiyni ulduzlunun birinin kefinə düşəsən, belə işlər çıxa ortaya. Birmənalı qarşılanmadı. Yazdılar ki, 180 min büdcəni İTV ayırıb. Çox gözəl! Biz də uşaq deyilik ki, xətti kriminal olan serialın "knopka"sının hardan basıldığını bilməyək. Sadəcə bu "dabro"dan çox məmnun olduğumu ifadə etmişəm. Kaş həmişə kiminsə kefinə düşək, serial, film sektorumuz inkişaf etsin".

"Ən əsas məsələ serialın ssenari mənbəyidir. "Anamın kitabı"ndan sonra belə bir cəhdi Azər Aydəmir etdi. Necə ki Sovet dövründə filmlər əsərlə əsasında çəkilirdi, bu da onun kimi. Demək ki nə imiş? Kitab da var imiş, ədəbiyyat da!".

Bizdə rejissor da var, aktyor da var, ideya da var.

Bizdə hər şey var.

Təəssüf ki əqrəblər də çoxdur.

Sancırlar, zəhərləyirlər, öldürürlər...

TƏQVİM / ARXİV