Saz havalı ŞEİRLƏRdən yazdı  Əbülfət Mədətoğlu

ƏBÜLFƏT MƏDƏTOĞLU
1580 | 2023-05-10 15:09

Onunla  şəxsi  tanışlığımın yaşı təqribən bir  aydı...Amma  sözlərinə  yazılmış  bəstələrə  görə onu  lap  çoxdan tanıyıram..Bu  bəstələri  mənə tanıdan və sevdirən isə ürək  və ruh doğmam dəyərli DOSTUM  Zəka  Vilayətoğludur. Mən dostumun  nəğmə  çələngində  xüsusi  yeri  olan  bu  müəlliflə də elə   Zəkanın  və digər  şair  dostum İlqar  Türkoğlunun  vasitəsi ilə tanış oldum. Biz  önəmli  bir  törəndə  bir  araya  gəldik...

Həmin gün  mənim yaddaşımda  keçirilən  mükafatlandırma  ilə  yanaşı, həm də  yeni  tanışımın mənə avtoqrafla  bağışladığı  kitabı  ilə  qaldı...Elə oradaca  kitabı  vərəqləyəndə  diqqətimi  unudulmaz  şairə  bacımız  Fərqanə  Mehdiyevanın imzası  çəkdi. Belə ki, bağışlanmış  kitabın redaktoru  və ön sözünün  müəllifi  Fərqanə  xanım idi.  Təbii ki, Fərqanə  xanımın yaradıcılığına  yaxşı bələd olan oxucu  kimi  bu  kitabı  yazı masamın üstündə saxladım - məqsədim imkan düşən kimi kitabla  həmsöhbət  olmaq  idi... Necə  deyərlər  həmin  vaxt  gəlib çatdı...Mən öncə  Fərqanə xanımın " Ön sözünü " oxudum, sonra da kitabı...

Bu gün oxucularla Qəzənfər Bəxtiyarın  "Bu  ömür  əriyən şamdı..." kitabı  barədə  oxucu  fikirlərimi bölüşmək istəyirəm. Çox  nəfs  şəkildə  çap  olunmuş  kitabın "Ön söz"-ündə  şairə xanım Fərqanə Mehdiyeva  yazır  ki, " Qəzənfər  müəllim bütün şeirlərini sazla  deyir"   Açığı elə ilk  kökləndiyim də  bu  fikir  oldu. Və  şeirlərlə  tanış olduqca  mənim də  özümdən xəbərsiz  hardasa "Dilqəmi"-yə  kökləndiyimi  hiss etdim.

Nə qaldı ki "döz"-dən başqa?

Nə qaldı ki, "az"-dan başqa?

Nəyim var ki, SÖZdən başqa ?..

Məni SÖZdən xəbər alın.

 

və  yaxud :

 

Ay Qəzənfər , gözəl yaşa,

Köks ötürmə xəzəl yaşa...

Min il yaşa, yüz il yaşa ,

Bu  dünyada  iz  qoyasan.

Kitabın vərəqlərini  çevirdikcə   şeirlərin ümumu  ahəngi, mövzu  və  yazı  tərzi   mənə  bir  silsiləni  xatırlatdı. Sanki  Qəzənfər  Bəxtiyar başını ilham pərisinin dizi üstə qoyaraq onun  pıçıltısını  öz  ürəyinə  köçürür  və  sonra da onları  misralara  çevirir. Ona  görə də  misraların  düzümü  və  daşıdığı  məna  adama, yəni  oxucuya  tanış gəlir...Bir  anlıq  bu  misraların, bu  şeirin   sənin öz   ürəyindən pərvazlandığını  düşünürsən! Bu  məqamda  vurğulamaq  istərdim ki, məncə  Qəzənfər  Bəxtiyarın  şeirlərinin   nəğmələr  çevrilməsinin  əsas  səbəbi  budur.   Şeirlərin   tanış üzü  və  məna  yükü musiqinin yaranmasına rəvac  verir.  Təbii ki, bu  mənim oxucu qənaətimdi.

Qəzənfər  Bəxtiyarın şeirlərində  biraşıq ustadlıq  elementi də  mənim  diqqətimi  çəkdi! Fərqanə  xanımın yazdığı kimi, şair  şeirlərini  sazla  dediyi  üçün  onların  yazılışında da  sazın  təsiri  danılmazdı. Bu  mənada  şeirlər  ustad  aşıqlardan gəlmə   özünü  təqdim, özünü ifadə etmə  və  bir  də öyüd -nəsihət vermək, öz  həyat  təəccürbəni  misralarda   canlandırmaq   sözün yaxşı  mənasında   diqqətçəkəndi.

Bu sevdamız  qalan oldu,

Min arzumuz  yalan oldu,

Qəzənfərə olan oldu,

Yoxluğuna  dözəmmirəm.

 

və yaxud:

Qəzənfər, bu həyat maraqlı gözəl,

Bir  şirin nemətdir, ondan kam alaq.

Təki ömür  versin Yaradan bizə,

Mehriban  yaşayaq, mehriban olaq!

Mən " Bu ömür əriyən şamdı..."kitabında  şairin doğma Vətənimizə ,onun təbiət  və corafiyasına, özünün doğulduğu  bölgəyə   böyük sevgi  və vurğunluğunun da şahidi oldum.  Bu  həm  bir  övlad, həm də  bir  vətəndaş  bağlılığıdır. Ona  görə də şeir səmimi  alınıb.Oxuyanda pafos  yox, səmimi  duyğular   aurasına  düşürsən Qəzənfər Bəxtiyar  kəndinə,  Şahbuza yazdığı şeirlərdə həm tərənnüm , həm də  tanıtma  istəyi  açıq-aşkar  görünür. Bu  isə , qeyd etdiyim kimi, müəllifin yurd  sevgisinin böyüklüyündən , bir də  duyğularındakı  səmimiyyətdən qaynaqlanır.

Qəzənfər Bəxtiyar öyünür sənlə,

Bu yanar ürəyi döyünür sənlə,

Harada olsa da, sevinir sənlə ,

Mənim doğma  elim-obam, Şahbuzum.

Bir  oxucu  olaraq  düşünürəm ki,həmsöhbət  olduğum bu  kitab  ona  üz tutanlara  yalnız  saz  havaları üstə  səmimi, həm də düşündürücü  məqamlar  bağışlayacaq.  Elə  bu ovqatla da  müəllifə  uğurlar  diləyir, SÖZÜN TÜKƏNMƏSİN!- deyirəm.

TƏQVİM / ARXİV