…Çox təəssüf ki, bunu bəziləri belə təsəvvür edir. Təsəvvür edir ki, nə desən danışmaq olar, nə desən kimlərinsə yanında səsləndirmək mümkündür. Biz bunu çox yerdə görmüşük. Hətta Xoşqədəm Hidayətqızının və Zaur Baxşəliyevin verilişlərinə gələn zəif və irtadəsiz adamlar elə fikirləşirlər ki, nə danışsalar onlara kömək eləyən olacaq. Evin sirrini, ailənin içindəki heç kimin bilmədiyi mətləbləri milyonlarla insanlara açıb danışırlar. Bundan udan adını çəkdiyimiz aparıcıların işlədiyi televiziya kanalları, uduzansa həmin insanlardır.
Çünki orda o adamların probleminə heç kəs kömək edə bilmir, hətta ekspertlər ağızlarına gələni danışırlar. Onların verdiyi məsləhətlər kömək etmək əvəzinə, o ailənin problemini daha da ağırlaşdırır, yəni barışmaq istəyən hər iki qohum televiziyadakı bu çıxışdan sonra bir-birinə düşmən olurlar. Başqa sözlə demiş olsaq, onlar ev tikmək əvəzinə, ev dağıdırlar.
Ailədə, evdə olan sirləri heç kəs bilməli deyil. Bu sirri ancaq və ancaq o ailənin üzvləri bilməlidirlər. Bütün məsələlər də ailə daxilində öz həllini tapmalıdır.
Deməli, bütün hallarda insanlar öz oturuşuna, duruşuna fikir verməli, ailəsinin gələcəyini düşünməli, bir narazılıq olanda gedib onu televiziya kanallarında danışmamalıdır. Əgər danışırsa, deməli o ailənin özülü yoxdur və nə vaxtsa dağılacaq...
Mən bir adam tanıyırdım ki, həyat yoldaşı ilə olan (üzr istəyirəm) intim münasibətləri də gəlib iş yerində yoldaşlarına danışırdı. Guya bu səmimiyyətdir. Amma bu səmimiyyətdən çox bir ailənin facisəi, sıxıntısı və ən nəhayət bədbəxtliyidir. Həmin adam tanınmış insan idi. Sonradan ailə dağıldı və hər şey məhv olub getdi...
Allah Hacı Şahin Həsənliyə qəni-qəni rəhmət eləsin və məzarı nurla dolsun! Çünki o, bir nur parçası idi. Gəldi dünyamıza və bir göz qırpımında da sevdiyi Allahın dərgahına qovuşdu. Hacı Şahin deyir ki, hər şeyi danışmaq səmimiyyət deyil, həyasızlıqdır. Səmimiyyət həyanın içində olanda gözəldir. Görün, nə qədər mənalı və gözəl bir kəlamdı! Dahilərin dediyi fikirlər qədər bu sözlər işıqlı və nurludur.
Gəlin, elə səmimi olaq ki, nə özümüzə, nə də ki, ətrafdakılarımıza xələl gətirməyək. Çünki bəzən səmimiyyətin içində qeyri bir səmimiyyət olur və qeyri səmimiyyət Hacı Şahinin dediyi kimi həyasızlıqdır. Və biz həmişə nurun və işığın içində olan səmimiyyəti axtarmalıyıq…