adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

«Sənsiz»lə başlayan zaman... - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
485 | 2022-08-25 15:30

Onun sənli olacağına ümidim böyükdü

 

Hər dəfə bir şairin bir şeirinin izi ilə bilgisayara yaxınlaşanda ilk ağlıma gələn o şeirin yaratdığı və məndə həmişəlik qalan təsir gücüdür. Necə deyərlər, müəllifindən asılı olmayaraq şeir özü məni həm oxudur, həm də oxuyur. Və elə məni oxudan və oxuyan şeirin içərisində haldan-hala düşür, keçmişi, bugünü və gələcəyi təkrar yaddaşın süzgəcindən keçirib xatirələrin işığında özüm-özümlə dil tapmağa, çiyindaş olmağa çalışıram. Buna nə qədər nail olduğumu deyə bilmərəm. Hər halda bunu yazıları oxuyanlar daha yaxşı görürlər və bilirlər. Amma bir həqiqət var ki, mən həmin yazılarla sözün bütün mənalarında özümü bir növü ayaqda saxlayıram. Bunun özü mənim həm sözə sayğımın, həm də söz sahiblərinə minnətdarlığımın görünən bir ifadəsidir.

Bu dəfə xalq şairi, mərhum Fikrət Qoca ilə baş-başa qalmışam. Onun «Ömürdən anlar» kitabını vərəqləyib bir nöqtəyə gəlib çatmışam. Həmin nöqtədə mən özümü xalq şairi ilə qarşılaşan görmüşəm. Bu, bir ruha qoşulma, bir dərdləşmədi. Onun necə alınacağı yazının gedişində bilinəcək. Amma bəri başdan açıq şəkildə deyə bilərəm ki, mərhum xalq şairinin «Sənsiz» şeiri mənim könlümün sarı siminə yamanca düşür. Elə bil bu simi kökləmək üçün yazılıb «Sənsiz». Fikrət Qoca yazıb ki:

 

Sənsiz üşüyürəm türyan istidə,

Sənsiz söhbətlərdə yersiz sözəm mən.

Bəzən haylı-küylü bir məclisdə də

Qəribəm, tənhayam, kimsəsizəm mən.

 

 

Həqiqətən, indiki anımda, indiki durumumda, indiki ovqatımda, bir sözlə, nəfəs aldığım və içimdəki sızıltıları sözə çevirməyə, yazıya köçürtməyə çalışdığım bu məqamda mən bu dünyada ən kimsəsiz, ən tənha, ən qərib adamam. Bu da Allahıma və Sənə bəlli olan sevginin mənə yaşatdığı ömrün bir görüntüsüdü. Onu görmək isə yenə Allaha və Sənə aid, mümkün olan bir işdi. Kimsə məni indiki durumda ən yaxşı halda yorulmuş, qocalmış, bitmiş bir adam kimi zənn edə bilər. Bu görüntünün iç qatını isə , yenə təkrar edirəm ki, Sən və Allah daha dəqiq bilirsiniz. Elə ona görə də mən həmin görüntünün misralanmış anlarını dilə gətirirəm. Sənsizliyimin pıçıltısını öncə Allaha və Sənə, sonra hər kəsə eşitdirməyə çalışıram və deyirəm ki:

 

Telefon susur...zəng ləngiyir...

Yoxsa...şəbəkə zəifdi?

Dilimin ucu göynəyir –

Son sözüm daşa dəyibdi...

 

Yəqin ki, dilimin ucunda düyünlənən, ruhumun iniltisi, sızıltısı özü-özlüyündə bir çox mətləblərin üstünü açır. Necə deyərlər, bu yaşamın bir günün, bir anın görüntüsü, diqqəti olmadığını büruzə verir. Və bu bəlli olan gerçəkliyin hər cür yozumu bir ünvanda gəlib birləşir. O da böyük hərflərlə yazılan SƏNSİZLİKdir. O sənsizliyi Fikrət Qoca mənim ürəyimin sədası kimi öz oxucusuna, elə mənə də çatdırır. Həmin səda dörd bənddə özünü belə ehtiva edir:

 

Mənə bir ömürdür bir anlığın da

Çağırsan qəbirdə dayanmaram mən.

Uyusam gözünün qaranlığında

Yeddi günəş yansa oyanmaram mən.

 

İnsanın özəl həyatı, özəl duyğuları həmişə ona güc gəlir, onu özünə tabe edir. Bunu tarix də, zaman da təkrar-təkrar sərgiləyib. Məcnunun timsalında, Sənanın timsalında, Kərəmin timsalında, Aşıq Qəribin timsalında, Fərhadın timsalında.... Və daha kimlərin...kimlərin sevgi talehləri, sevgi ömürləri, sevgi dastanları dediklərimə sübutdur. Mən də bu gerçəklikləri, bu yaşamları bildiyimdən, onları canımdan, qanımdan keçirtdiyimdən heç bir tərəddüd etmədən Fikrət Qocanın təbirincə desək, Yer üzündə yeddi günəş də yansa, sənsizlikdən donuram. O yeddi günəş məni isitmir. Mənə azacıq hənir verən, düşünmək imkanı yaradan xatirələr...o xatirələrin bir cizgisi olan şəkillərdi. Baxmayaraq ki, bütün bunların hamısı təpədən-dırnağa kədər yükü,  həm də kələfi dolaşıq düşmüş fikir yumağıdı. Amma  bütün  bunlar isə sözə çevriləndə az-çox təsəlli də verə bilir:

 

Fikirlər yorğun...perikdi,

Ümid də öləziyən şam...

Solum şum yeri – herikdi –

Dolmusansa...üstümə dam!

 

Sözsüz ki, sözün gücü, qüdrəti onu yaşayanın, onu ifadə edənin, onu oxucuya çatdıranın, qələmə alanının qüdrətindən, istedadından çox asılıdır. Bu mənada  barəsində öz-özümlə danışdığım «Sənsiz» şeiri xalq şairinin ürək pıçıltısı kimi oxşayır məni. Elə bilirəm ki, şair mənimlə öz sevgisindən danışır, öz duyğularını bölüşür. Özü də bunu bill-bilə edir, məqsədi də mənə təsəlli vermək, məni bir az da dözümlü görməkdir. Mən də ustadın bu sayğısına, bu diqqətinə baş əyirəm və o pıçıltı mənə hardasa bir laylanın da, bir bayatının da şirinliyini yaşadır:

 

Bilsəm ki, sevirsən, sonsuz səhrada,

Ulduzsuz gecədə, mən tək deyiləm.

Sənsiz biganəyəm, tanışa, yada,

Sənsiz özümə də gərək deyiləm.

 

Hə, biz Allah bəndəsi olaraq yaranmışdan bu və ya digər anlar üçün, məqamlar üçün ya hazırlanırıq, ya da özümüzdə onu tərbiyə edirik, formalaşdırırıq. Ona görə də həmin o nüanslarla qarşılaşanda özümüz da hiss etmədən bir kövrəklik, bir həzinlik içimizi sarır, içimizə dolur. O da hardasa xəlbətdə bir damcı yaş, aşkarda kədərli bir təbəssümdür. Hər iksini xəyalla qarşılaşdıranda, şəkillərlə söhbət edəndə kənardan izləmək yəqin ki, duyğusal adamlara mütləq mənada nəsə deyəcək. Çünki bu yaşam:

 

Şəklin gözümün içində

Nəm çəkib, bir az saralıb...

Mesaj qutum da bomboşdu –

İlahi, səbrim daralıb...

 

 

İndi ilməsinin naxışını çözməyə çalışdığım və bir xalq şairinin ürəyindən pərvazlanmış «Sənsiz»liyi özümə köçürtmək istəyi ilə etdiyim cəhdlər nə qədər çətin, həm də zəruri olduğunu bilə-bilə mən bu    işin qulpundan tutmuşam. Əslində görünən  mənim heç o işin qulpundan tutmağım deyil, yəni həqiqi mənada gördüyüm iş elə mənim içərisində olduğum, görmək üçün məhkum edildiyim işdir. Bu işdə köməkçi, tanış-biliş axtarmaq da mənasızdı. Çünki Allahın və Sənin bildiyin iş, eləcə də Allahın və Sənin mənə ünvanlanan münasibəti bu işin önəmini, vacibliyini daha da artırır. Soruşa bilərsən ki, nədən? niyə? Onda birmənalı şəkildə cavabı da özün artıq biləcəksən. Hamısı sevgidəndi. O sevgi də göy üzündən, Allahdan gəlir. Allahdan gələnə dost-tanış, el-oba nə çəpər çəkə bilməz, nə də qadağa qoya bilməz. Elə Fikrət Qoca da bunu deyir:

 

Dostlar qayğısıyla neyləsin buna,

Kollektiv neyləsin, yalqızam, yalqız.

Mənim ürəyimin tənhalığına

Neyləsin həmkarlar təşkilatımız.

 

Həqiqətən, ovqat insanın yerdən qopub ayrılmasının bir anıdır, bir şərtidir. Yəni sən özün-özün üçün xəyalən, ruhən nəyi qurursansa, nəyin içərisində olursansa, o da səni yer üzündən müəyyən zaman kəsiyi içərisində qoparır, ayırır   və   özünü hamıdan, hər yerdən uzaqda görürsən. Yalnız həmin anda da səninlə olan   isə  Allah və bir də Odur!

Bax, elə bu içində olduğum ovqatda mən sevgi naminə cənnətdən qovulmağından da peşman olmayan Adəm kimi hiss edirəm özümü. Axı, Yer üzünün cənnəti, Allahın lütfü ilə sənin olduğun yerdi. Şükür ki, o yer var. Mənim qapım kilidli, pəncərəm şüşəsiz olsa da, o yer üçün şükür etməkdən heç vaxt yorulmuram və:

 

Pəncərəm torsuz, şüşəsiz

Telefon da sükutdan dəm...

Bir dən ver mənə nəşəsiz –

Yeyib, qovulum tay, Adəm!

 

Bəli, mən ustad Fikrət Qoca ilə bir ovqat anı yaşamaq haqqı qazandım. O an «Sənsiz»dən başladı. Elə indiki anda da SƏNSİZ bitdi, özü də hələlik. Ardını zaman – deyəsən yanıldım. Ardını Allah və Sən deyəcəksən mənə...

 

TƏQVİM / ARXİV