adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Söykəndiyim söz - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
899 | 2024-01-23 09:55

O sözün işığında sizinlə baş-başayam

 

Adətən öz-özümlə söhbət etməyə, xəyallarımla baş-başa qalmağa, xatirələrimin izinə düşüb getməyə və bir də şəkillərə baxıb... onların səsini eşitməyə elə öyrəşmişəm ki, demək olar ki, bu dediklərimdən uzaqda nə dinclik tapa bilirəm, nə də qərar tuta bilirəm. Sanki kompüter kimi, robot kimi proqramlaşdırılmışam. Məhz bu çevrənin içərisində yaşamaq (əgər bu yaşamaqdısa-Ə.M.)... yaşadıqca da həmin o çevrənin özünü dü özünlə yaşatmaq bir ayrı dünyadı, bir ayrı ömürdü, onu yaşamayanlar bilməz. Yaşayanlar da özləri kimi bilər, mənim kimi yox. Ona görə də dostlarla, doğmalarla, duyğusal oxucularla həmsöhbət olanda, üz-üzə gələndə müxtəlif suallar çıxır ortaya. O sualların da əsas qayəsi mənim nostalji duyğulardan uzaqlaşa bilməməyimdi. Demək olar ki, bu və ya digər formada məni yalnız dünənə bağlılıqda ittiham edirlər. Ordana qopa bilmədiyimi, oranı özümlə daşıdığımı söyləyirlər... olsun!

Bəli, mən bir Allah bəndəsi olaraq əlimi ürəyimin üstünə qoyub, Allahın və sənin qarşında etiraf edirəm ki, günahlardan xali deyiləm. Mən də harda, nədəsə günahım olduğumu Allah da, sən də bilirsən və mən də etdiyim günahların cəzasını zaman-zaman çəkmişəm və bu gün də çəkirəm.  Heç vaxt da cəzaya görə asi olmamışam. Düşünmüşəm ki, dərd qar-daş üçün olmadığı kimi, cəza da dağ-daş üçün deyil. Deməli, dərd də, cəza da insan üçündür. Əgər bir insan, bir Allah bəndəsi kimi varamsa, ayaqdayamsa, dərdi də çəkməliyəm, cəzanı da. Özü də mənim inancıma görə, Allah dərdi çəkənə verir. Deməli, dərdi çəkən də Allahın sevdiyi bəndələrdəndir. Adətən, biz sevdiyimizi, çox istədiyimizi daha tez-tez xatırlayırıq. Daha tez-tez onların adını çəkirik, onlarla bağlı hansısa bir addımı atırıq. Deməli, uca Yaradan da dərdi o adama  verir ki, onu tez-tez xatırlayır, onu tez-tez yada salıb mükafatlandırır. Təbii olaraq bu xatırlanma, bu mükafatlandırma mərasimi nə canlı yayıma çıxarılmış, nə də hansısa bir rəsmi fərmanla, sərəncamla elan edilmir. O Allahla bəndənin arasında olan bir gözəgörünməz tele-körpünün bağlantısından üzə çıxır. Və deməli həmin tele-körpüdən insanın varlığına, ruhuna, ürəyinə axıb gəlir tanrının istəyi, verdiyi hədiyyəsi. Bax, həmin an insanın ürəyi işığa dönür. Çünki onun bütün varlığı həmin an Allahın ovcunun içində olur. Xoşbəxt anların isə yozumu yoxdur. Onu olduğu kimi yazmaq da hələ heç bir bəndəyə qismət olmayıb. Odur ki, mənim söylədiklərim, yazdıqlarım sənin qəlbinə dəyməsin. İnciməyəsən və biləsən ki, bütün hallarda sən əsl mahiyyətdəsən. Olanların şah damarındasan. Hətta sənə yazdığım «İncimə» şeirində dediklərim də bir pıçıltı olaraq təsəlli üçün deyil, sadəcə həmin o anın bir işartısıdı. Mən yazmışam ki:

 

Bura şəhər, sən də sakit və həlim,

Səsim, küyüm səni yorsa, incimə...

Kənd havalı bir damarım, bir əlim –

Bir nimçəni salıb qırsa... incimə!..

 

İstəmirəm göy titrəyə,  yer əsə,

Sübh oyanıb toxunanda nəyəsə...

Qaşlarının bir tərəfi əyilsə –

Lap başına, «cin də vursa», incimə!

 

Ağarıbdı telim kimi, ağlım da,

Maraqsızdı, həyat adlı nağılım da!

Mənlə keçən bu illərin axırında -

Qazandığın kül, ya qorsa, incimə!…

 

Fərəhlənmək... kədərlənmək nisbidi,

Baxışlar buz, göz yaşısa istidi!

Bəndənizdi, Əbülfət də ismidi –

Sevdin məni? – deyib sorsa, incimə!

 

Yəqin ki, bu nostalji duyğulara köklənmiş pıçıltılar öz-özlüyündə azdan-çoxdan nəysə dedim. Və həmin o azdan-çoxdan deyiləni də hamı olmasa da, beş-on adam dinlədi...o dinləyənin də beşi-üçü yəqin ki, qəbul etdi. Bax, bu sıralamanın yekununda bir məqam sual işarəsi kimi dayanıb göz önümdə:

 

Nə olsun, bütün bunlar nə üçündü?

 

Həqiqətən, ağıllı və məntiqli sualdı. Mən o sualı bir də olduğu kimi təkrar edirəm:

 

Nə olsun, bütün bunlar nə üçündü?

 

Sizi anlayıram və heç bir inciklik, filan ağlıma gətirmədən demək istəyirəm ki, həqiqətən sizin üçün həmin «nə olsun?» sualı mənə tuşlanan ağrının gülləsidi, mərmisidi. Və sizin təklikdə olan barmağınız o cümlənin, o mərminin hara dəyəcəyinin fərqində deyil. Ona görə də mən heç bir izahat, şərh vermədən elə sizin sualınızı özünüzə qaytarıram:

Nə olsun?

Bir ürəyin ağrıması, bir ruhun göynəməsi nəyi dəyişir? Ümumiyyətlə dəyişmə gücündədirmi?

Bəli, bu dialoq olmadı, bu sadəcə bax, yaranmış mənzərənin anlayan və anlamayan arasındakı nöqtəyə sancılmış bir xəncərdir. Həm kəsir, həm də «dayan!» deyir. Mən də hər ikisinin sizə xatir əməl edirəm. Könlüm, ruhum isə Tanrı ilədi.

 

***

 

Yazı adamlarının bir-birinə doğmalığı onların qələmini şərəfləndirən sözdən keçir. Belə götürəndə, söz var, mövcuddur və ondan hər kəs bacarlığı qədər istifadə edir. Amma bu o demək deyil ki, bütün danışanlar bir-biri ilə doğmadı, qohumdu, əqrabadı. Lakin şairlərin, yazıçıların, ümumiyyətlə, söz adamlarının qovuşma nöqtəsi olan Söz qələmdən-qələmə, ruhdan-ruha daşıyır o istiliyi, o əlaqəni. Və nəhayətdə, ortaya məhz söz adamlarının doğmalığı gəlib çıxır. Mənə görə bütün söz adamları bir dünyanın təmsilçiləri, bir ailənin üzvləridilər. Təbii ki, ailədə hamı cüssəliyi, boylu-buxunlu, səliqəli, sahmanlı və hamı da eyni məntiqli, düşüncəli olmur. Deməli, bu da, əgər yozum etsək, məntiqlə yanaşsaq, onda göstərir ki, söhbət bir dünyada (yəni, söz adamlarından – Ə.M.) cəm olan adamlardan gedir. Titullar da, oxucu sevgisi də, gündəmdə olmaq da, hətta oxucu məktubu almaq da məhz həmin o bir dünyanın təmsilçisi olanların sözünün qiymətidi, mükafatıdı. Ona görə də paxıllıq, xainlik, biganəlik, etinasızlıq, lap elə gizli və ya açıq qeybətlər, qarayaxmalar, halal sözün sahibinə heç vaxt yapışmır. Necə deyərlər, yel qayadan heç nə aparmır. Bu məqamda yadıma indi oxuyacağınız misralar düşür:

 

Yenə ürəyimi qəm çəkir dara,

Üzüm gün batana, yolum gecəyə.

Üstümə çəkilən boyalar qara –

Sağım mənə gülür, solum gecəyə...

 

Alqış dilimdədi, dua qəlbimdə,

Min illik sevgiyə yuva – qəlbimdə!

Gözlərin görəni duya qəlbində –

Əlim sübhə açıq, qolum gecəyə!...

 

Tanıdım, vuruldum, bildim sirr səni,

Seçdim Qiblə səni, bildim Pir səni!

Yuxuma gətirir hərdən Bir səni –

Bu xətrə qoy qurban, olum gecəyə!

 

***

Bir az da həmsöhbət olduq, bir az sözün məclisində üzbəüz oturduq. Bilmirəm sizə xoş gəldimi, ya yox. Amma bütün hallarda mən elə özümü götürüb gəlmişdim görüşünüzə. Və bu gəlişimin də  səbəbkarı Allahım və Sən idin. Ona görə də gəlməyə bilməzdim. Və əgər gəlməsəydim, bunun özü də günahlarıma bir günahın da əlavəsi olacaqdı. 

Doğrudur, günahın sayı və onun çəkisi əl çatıb ün yetməyən dərgahda qiymətləndirilir. Buna baxmayaraq unutmaq olmaz ki, Allah hər yerdə, hər kəsdə, hər andadır. Və mənim üçün də hər kəsdə, hər yerdə və hər anda olan Allah səni də mənim hər anımda var edibdir. Çünki mən Allah sözünü hər an eşidir və dinləyirəm. O sözün mənim qələmimdəki bir yozumu da belədir:

 

Eşq sonsuz, dünya gidi,

İnanc sözə söykəndim.

Ürək mənə «döz!» - dedi -

Susub, dözə söykəndim...

 

Cığırdı, yoxsa yoldu,

Ot bitdi - gözüm doldu.

Ruhum da göz-göz oldu,

Mən bu gözə söykəndim...

 

İstəyimə yetdiyim,

Ümid hesab etdiyim.

Tüstüsünə getdiyim –

Oda, közə söykəndim...

 

Varlığın mənə həbdi,

Gözlərimə nur təpdi!

Qələm verən Söz səpdi –

Mən o sözə söykəndim!..

 

Bu anda, bu yerdə zənnimcə susmaq lazımdı... susub sözün cavabını gözləmək lazımdı! Susub söykəndiyimiz sözün cavabını.

 

TƏQVİM / ARXİV