Onunla tanışlığım şair, publisist, naşir və həm də çox dəyərli dostum Qəşəm İsabəylinin vasitəsi ilə olub. Yəni Qəşəm müəllim günlərin birində mənə telefon vasitəsilə bildirdi ki, redaksiyanıza maraqlı bir dostumu göndərəcəm. Həm istedadlı yazardı, həm də çox dəyərli ziyalı, pedaqoqdu.
Təbii ki, bu təqimat və elə Qəşəmin söylədiyi yığcam, amma ürəkdən gələn bilgi mənə kifayət etdi və günlərin birində də barəsində indi söz açacağı Coşqun Xəliloğlu redaksiyamıza gəldi. Tanış olduq, söhbətləşdik, şeirlərini, hekayələrini oxudum və düzünü deyim ki, həmişəki kimi Qəşəm İsabəylinin yanılmadığına bir daha əmin oldum və beləcə Coşqun müəllimlə bizim aramızda səmimi bir münasibət yarandı. Bu münasibətin dairəsi artıq onun mənə təqdim etdiyi yazılarla, eləcə də kitabla bir az da genişləndi. Həmin kitab isə mənə xüsusi təsir etdi, çünki bu kitab söz abidəsi idi. Abidə isə şəhidlər üçün ucaldılmışdı.
«Vətən yaşasın deyə» adlanan bu kitab müqəddəs ruhlara həsr olunmuşdu. Özü də kitaba ön söz yazan yazıçı-jurnalist Sərvaz Əsgərli xüsusi olaraq vurğulamışdı ki, «Qələm dostum, Coşqun Xəliloğlunun bu kitabın əlyazmasını oxuduqca durub dayanmadan həmin şeirin səmimi misralarını dönə-dönə xatırlayıram. Çünki kitaba daxil edilən şeirlərin alt qatında son dərəcə kövrək, həzin bir şair qəlbinin duyumunun dayandığını apaydın hiss edirdim».
Bəli, bu, kiçik iqtibasla artıq kitabın nədən bəhs etdiyini yəqin ki, siz də duydunuz. Yeri gəlmişkən burda xüsusi qeyd edim ki, kitab barəsində şeir abidəsi ucaldılan şəhidlərimizin fotosu və yığcam tərcümeyi-halı ilə işıq üzü görüb. «Şirvannəşr» tərəfindən Qəşəm İsabəylinin naşirliyi ilə işıq üzü görən 224 səhifəlik bu kitabın poliqrafiya keyfiyyəti təqdiredicidir və müəllifin kitabın birinci hissəsində təqdim etdiyi şeirlər də bütün şəhidlərimizə həsr olunubdur. Yəni bu kitab ilk səhifəsindən son səhifəsinə qədər bir şəhid ruhunu, bir şəhid ömrünün yazıya köçürülmüş variantıdı. Həmin yazı isə 44 günün qəhrəmanlıq dastanıdır. Elə ilk şeir də 44 rəqəminin çözümü ilə başlayır:
Nə qırx üç, nə də qırx beş
Olmadı, qırx dörd oldu,
Kafirlərə əbədi
Qüssə oldu, dərd oldu.
Qırx dörd-zəfər deməkdir,
Qırx dörd-hünər deməkdir,
Qırx dörd-Qarabağıma
Doğan səhər deməkdir.
Qırx dörd-cəsurum, mərdim,
Qırx dörd-ölməz şəhidim,
Qırx dörd-saysız igidim,
Yenilməz ər deməkdir.
Qırx dörd-sevgi səngərə,
Qırx dörd-ümid əsgərə,
Qırx dörd-iblisə, şərə,
Möhkəm sipər deməkdir.
Qırx dörd-sözüdür haqqın,
Qırx dörd-gülməsi baxtın,
Qırx dörd-birliyi xalqın,
Müdrik rəhbər deməkdir.
Qırx dörd-xoş gün, xoş soraq,
Qırx dörd-sönməyən çıraq.
Qırx dörd-müqəddəs ocaq,
Ziyarət, pir deməkdir.
Qırx dörd-müzəffər ordum,
Qırx dörd-azaddır yurdum.
Qırx dörd-«Düşməni qovduq»-
Xoş bir xəbər deməkdir.
Qırx dörd-sevinci elin,
Qırx dörd-xoş sözü dilin
Qırx dörd-«Xarıbülbülüm
Yenə gülər» deməkdir.
Qırx dörd-düşmənə əzab,
Qırx dörd-xeyir iş, savab.
Qırx dörd haqsıza cavab,
Sərhəd, çəpər deməkdir.
Qırx dörddən sevinc doğdu,
Qırx dörd-şeytanı boğdu,
Qırx dörd-dəmir yumruqdu,
Tarix-əsər deməkdir.
Bu şeir əslində savaşımızın, torpaqlarımızın bütövlüyü uğrunda axıtdığımız qanın bütün çalarlarını poetik bir şəkildə oxucuya çatdırmaqdı, şeir dili ilə hər kəsə xatırlatmaq, həm də yaddaşa möhürləməkdir. Çünki bizim tariximizdə artıq 44 rəqəmi qələbə simvoludu və hər kəs «44 günlük» sözünü işlədəndə artıq biz o qələbəyə köklənir, o şəhid ruhları qarşısında borcumuzu təkrar xatırlayırıq. Kitabın müəllifi Coşqun Xəliloğlu da həmin « Qırx dörd» şeiri ilə bizi məhz o sevincə, o şəhid ruhlarının səcdəsinə aparır. Bunun ardınca isə Vətənə göz aydınlığı, qələbə sevincinin tükənməzliyini dilə gətirməklə verir.
Mən kitabdakı şeirləri oxuduqca bir oxucu olaraq üz-üzə dayandığım şəhid şəkillərinin hər birinə sanki baş əyirdim. Çünki o şəkillərdən baxan oğlan və qızların hər biri təkcə qəhrəman deyildilər, həm də əbədi yaşayan Azərbaycan övladları idilər. Bu gün də həmin övladlar ön sıradadı və onların da komandanı bu kitabdakı sıraya baxsaq, Polad Həşimov, Mübariz İbrahimov və digərləridir. Ümumiyyətlə, kitabda Azərbaycan coğrafiyası, şəhid ünvanları ilə sanki göz önünə gətirilir.Yəni onların Tovuzda, Kürdəmirdə, İmişlidə, Ağdamda, Salyanda, Xaçmazda, Gəncədə, Bakıda, Şamaxıda, Ucarda, Şəkidə və digər rayonlarımızda dünyaya gəlməsi göstərir ki, 44 günlük savaşımızın qəhrəmanları vətənin bütövlüyü üçün onun hər guşəsindən önə çıxıb silaha sarılıbdır. Elə ona görə də bu savaşda VƏTƏN qalib gəlibdir!
Bəli, «Vətən yaşasın deyə» döyüşmüz oğulların obrazını bir kitabda biz oxuculara təqdim edən müəllif həm də bizə bildirib ki, onların harda uyumasından asılı olmayaraq, şəhidlərin dəfn olunduğu hər yer müqəddəsdir, hər ünvan əzizdir. Elə bu təqdimatın, bu yönəltmənin özü isə artıq müəllifin həm ədəbiyyat camiəsində, həm söz meydanında, həm də tariximiz qarşısında olan xidmətinin mahiyyətini də açır. Düşünürəm ki, bu kitab təkcə şəhid ailələri üçün deyil, bu kitab həm də hər birimiz üçün yazılıb. Məhz hər birimiz üçün bu şeirlər kitabını ortaya qoyan Coşqun Xəliloğlu doğulduğu Kürdəmir rayonunun Mollakənd kəndindən böyük ədəbiyyata uğurlu bir yolun yolçuluğundadır. Yolu açıq və uğurlu olsun hər zaman!