İnsan yaşadığı ömrün simasını həqiqi təqdim edənə çevriləndə ömür də mənalı olur, elə insanın özü də dəyərli. Bu mənada tanıdığım və sözün tam mənasında özünü təsdiqləyən insanlar, adamlar içərisində elələri var ki, onları görməyəndə də yanımda hiss edirəm. Onlarla birlikdə olmayanda da elə bilirəm ki, üz-üzə oturub söhbət edirik. Təbii ki, bu qarşılıqlı münasibətin, səmimiyyətin və ən nəhayət insanlığın göstəricisidi.
Məhz bu gün elə bu prizmaya tam uyğun olan və az qala hər gün xatırladığım bir söz adamının, bir dəyərli ziyalının və nəhayət həqiqi bir İnsanın ruhunu şad etmək istəyirəm…
Mənə elə gəlir ki, Azərbaycanın ədəbi camiyyəsində kiçikdən böyüyə hər kəs onu tanıyıb. Söhbət təbii ki, onun var olduğu zaman kəsiyindən gedir. Özü də cismani var olduğu zaman kəsiyindən. Ona görə hamı tanıyırdı ki, o, hamıyla çox isti, çox doğma münasibət qurmağı bacaran adam idi. İlk təmasdan, ilk qarşılaşmadan səni az qala özünün böyük arenasına ən doğma adam kimi qəbul edirdi. Çünki qəlbində və dilində kin, nifrət, paxıllıq deyilən hisslərin olmadığına birmənalı şəkildə əmin idim. Elə indi də həmin fikrimdə qalıram. Mən onu kiminsə ünvanına qəzəbli, nifrətli, hətta ədavətli nə isə dediyinin şahidi olmamışam.
Söhbət şair, pedaqoq, alim Oqtay Rzadan gedir. Bu həmin Oqtay Rzadır ki, o, tanıdığı hər kəsə iki misra da olsa şeirlə münasibət bildirirdi. Çoxlarımız haqqında şeirlər, dördlüklər yazıb. Xüsusilə həmyaşıdlarını və özündən əvvəlki söz adamlarını tez-tez xatırlayıb onlarla bağlı \\xatirələrini xoşlayırdı. Mən öz-özlüyümdə həmişə onu Münasibətlər Körpüsü hesab edirdim. Kimin barəsində ən ali bir sözü də söyləsəm, dərhal deyirdi ki, «Mədətoğlu, qoy sənə onunla bağlı əhvalat danışım, sonra istəyirsən zəng də vurarıq». Belə idi Oqtay Rza.
Azərbaycan nəşriyyatı onun üçün son dərəcə doğma idi. Demək olar ki, hər gün baş çəkirdi. Təbii ki, buradakı dostları ilə, xüsusilə mərhum, dəyərli yazıçımız Nahid Hacızadə ilə, gözəl alimimiz, tənqidçi, araşdırmaçı, publisist Teymur Əhmədovla, «Ədəbiyyat» qəzetinin kollektivi ilə xüsusi görüşürdü. Və təbii ki, «Ədalət» də onun üçün doğma idi. Nəşriyyatın hansı ünvanında olmağından asılı olmayaraq zəng vururdu:
- Mədətoğlu, aşağıdakı bufetə düşəcəksənmi? Nahar vaxtıdı…
Cavabım ləngiyəndə təkrar Oqtay müəllimin səsi eşidilirdi telefonda:
- Bufetdə işləyən Anarı tanıyırsan da? Bax, o Anarda yanacaq da var, qanacaq da…
Mən Oqtaybu sözlərlə müəllimin hara, nəyə işarə vurduğuna artıq çoxdan öyrəşmişdim. Necə deyərlər çoxdan öyrənmişdim ustadın «dilini». Ona görə dərhal cavab verirdim:
- Oqtay müəllim, Anarın qanacağı yetərlidi, yanacaq qalsın istirahət günlərinə.
- Yaxşı, nə deyirəm ki. Qəzetin son nömrələrini götür, düş bufetə.
Demək olar ki, hər telefon zəngində Oqtay müəllim qəzetimizin materialları barəsində mütləq fikir söyləyirdi. Hiss edirdim ki, bir söz adamı olaraq Oqtay Rza mütaliədən doymur. Çünki o «Ədəbiyyat» qəzetini də, «Ulduz» və «Azərbaycan» jurnallarını da, «Yada düşdü dərgisi»ni də, ona təqdim edilən yeni kitabları da mütləq gözdən keçirirdi. Xoşuna gələn, bəyəndiyi kitablar barəsində ürək sözlərini yazıb çap etdirməyi də unutmurdu. Məhz bu həssaslığı onu mənə bir az da doğmalaşdırmışdı. Üstəlik Oqtay Rza yurd nisgilini, qaçqınçılığın, ağrı-acıların nə demək olduğunu təkcə yaradıcılığında ifadə etmirdi. Söhbətlərində də , hadisələrə münasibətində də mütləq təkcə mənə yox, yurd nisgilini söz adamlarının hamısına ümid dolu təsəlli verirdi.
Kitab rəfimin önündə dayanmışdım və iki gün öncə dəyərli həmkarım Vaqif bəylə söhbətimiz Oqtay Rzadan düşmüşdü. Bilmirəm o söhbətin təsiri idi, yoxsa, elə mənim üçün hər zaman xalqın şairi olan Oqtay Rzanın yaddaşıma hopmuş varlığının yaratdığı istəyin təsiri idi… Amma hər nə idisə, əlimi uzadıb Oqtay müəllimin mənə bağışladığı kitablarının arasından birini götürdüm və onun şeirlərini oxuya-oxuya içimdə bu yazını öz-özümə diktə etdim…"Adlı, ünvanlı misralar"( üçüncü hissə) adlanan bu kitabı vərəqləyirəm ... Oqtay Rza yazıb :
"Atəşkəs " var sənətdə,
Tənqidçilər atışmır.
Şeir yazan çoxalıb,
Fəqət şair çatışmır.
Bəli, bu özünəməxsusluq sevdirirdi Oqtay müəllimi. Həmçini O bəlkədə yeganə Şair idi ki, hamının kitab təqdimatına özünü çatdırır və mütləq tədbirdə fikir bildirirdi...
Aqil çox istəyir xətrini Onun,
Durur keşiyində düzün, doğrunun.
Hər gün "Ədalət" də söz çələngi var
Həmkarım Əbülfət Mədətoğlunun!
14.08. 2012
Bu bənd də mənə yazdıqlarındandı unudulmaz Oqtay Rzanın...
...Bəli, heç bir rəsmi titulu olmayan və mənim üçün əslində böyük İnsanlıq tituluna sahib olan Oqtay Rza bu gün də yadımdadı, yanımdadı və yəqin ki, nə qədər varam, digər ruh doğmalarım kimi Oqtay müəllim də yadımda və yanımda olacaq.