adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Sözünü zarafatda göyərdən şair - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
607 | 2022-11-10 14:43

Tofiq Abdinlə dərdləşdiyim mövzu

 

Onu çoxları tanıyırı... Təbii ki, ədəbiyyatı, publisistikanı, bütövlükdə sözü sevənlərdən gedir söhbət. O elə bir adamdı ki, bütün parametrləri ilə orijinallığı   diqqət çəkirdi . Sözü də, söhbəti də, əl hərəkətləri də,  arada bir türk deyimlərindən istifadə etməsi ilə, hətta yazılarına not əlavə etməsi ilə də  seçilirdi. Bir sözlə, həqiqətən orijinal idi Tofıq Abdin. Xüsusilə «Ədalət»ə yazdığı köşə yazılarında və bir də redaksiyaya hər gəlişində o hamının könlünü sevindirirdi, söhbətləri ilə, xatirələri ilə. Türkiyədə işlədiyi zaman kəsiyində yaddaşına köçürtdükləri ilə... Bax, özü kimi, şəxsiyyəti kimi sözü də orijinal idi Tofiq Abdinin.

Bu gün kitab rəfimin önündə dayananda onun «Poeziya» kitabı diqqətimi çəkdi. Götürdüm və kitabın üz qabıqlarında olan hər iki şəkilə diqqətlə baxdım. O şəkillərin ikisində də Tofiq Abdin özünün bu dünyaya münasibətini o qədər təbii ifadə edib ki, adam şəkillərlə danışıb - dərdləşib  sözün bu  günki  durumuna, şeirin, şairin, yazıçının halına acıyır və bu hiss adamın iç dünyasında o qədər oxunmamış, səsləndirilməmiş, yazılmamış duyğuların üstün açır ki, bəzən susmaqdan başqa heç nəyin ətəyindən tuta bilmirsən. Və...

Bəli, mən hələ sağlığında Tofiq müəllimin özü ilə müzakirə etdiyim və bəyəndiyim şeirini təkrar oxuyuram. Elə oxuduğum anda da ürəyimdən gəlib keçir ki, layihəmin bu dəfəki mövzusu – yəni «Bir şairin bir şeiri»ndə Tofiq müəllimlə söhbətləşim. Həmin şeirdə Tofiq müəllim sanki bütün dövrlər üçün şair yaşamının rəsmini çəkibdi. İnanın ki, şeiri oxuduqca mən özümə də, çevrəmə də baxdım və zarafat notunda yazılmış bu şeirin reallığı ilə yenidən qarşılaşdım. Tofiq Abdin yazıb ki:

 

Havamızın oksigeni azalıb

şeirimizin havası,

nəsrimizin havası

çoxalıb.

 

Yəqin ki, bu gerçəyi siz də hiss etmisiniz. Həm ekoloji durum baxımından, həm də urvatdan düşən sözümüzün mənzərəsindən. Əgər sizə artıq bu gerçəklik məlumdursa, onda Tofiq Abdinin fikirləri ilə yəqin ki, razılaşmısınız da. Çünki mən əvvəldə də qeyd etdiyim kimi gerçəklik ilə üz-üzəyəm. Həmin o gerçəkliyin içərisində öz yaşamım da var. Həm sözlə, həm də bütün həyatımla bağlı. O bağlılıq mənə bu misraları yazdırıb:

 

saralan

yuxularım

ovulub tökülür...

nimdaş köynəyim kimi

ilmələri sökülür

kirpiyimin ucundan

səhərə kimi...

 

Yəqin ki, siz də təkcə payız ovqatının yox, elə günümüzün reallığının nəyi ifadə etdiyini bilirsiniz. İstər iqtisadi, istər mədəni həyatın fəsadları baxımından aşılanma, saralıb solma prosesi çox sürətlənib. Bir növü nimdaşlıq, lap bir az da kəskin desəm, özündən qaçma indi adi bir hala çevrilib. Ona görə də sözlə oxucu arasında getdikcə boşluq da artır, genişlənir, körpülər də bir-bir qırılır və belə bir halda Tofiq müəllimin zarafatla dediyi o gerçəklik də az rol oynamır. Yəni onun da təsiri danılmazdır. İndi diqqət yetirsəniz, özünüz də mənimlə razılaşarsınız. Tofiq Abdin yazıb ki:

 

Çoxaldıqca şeirimizin havası,

qorxuram ki, şeirimiz

qumbaratək partlaya –

Bu nöqtələr, bu sözlər

qəlpə-qəlpə tökülə

havamızın üstünə,

almamızın üstünə,

«Havalıdı» şeirlər,

«Havalıdı» şairlər!

 

Gördünüzmü, Tofiq müəllim şeir və şair sözlərini dırnaq içərisində verib. Bax, bu da mənim söylədiyim və müəyyən mənada sizə çatdırmaq istədiyim gerçəkliyin özü deməkdir. Həm də bu gerçəkliyi Tofiq Abdin hələ 90-cı illərdə yazıbdır. Deməli, reallıq şair öncəgörməsi belə təsdiqini tapır. Mən də o təsdiqdən ikiəlli yapışaraq artıq ilk bəndlərini sizə təqdim etdiyim şeirin ovqatına qayıdıram. Çünki bu ovqat da Tofiq Abdin ovqatının bənzəri olduğu qədər də gerçəklikdir. Və yazmışam ki:

 

mənsə

yük daşıyıram

özümdən , 

çəkimdən

min dəfə ağır...

qəribə olsa da

mən dərdə

dərd də mənə

boyuma biçilmiş kimi

çox rahat sığır...

 

Bəli,  insanın boyuna biçilən hər şey – istər dərd olsun, istər sevinc olsun həm onun qədəridi, həm də bu dünyada haqq etdiyi! Yəni nəyə layiqsənsə, onu da alırsan. Təəssüf ki, biz bəzən sosial problemləri qədərimizlə qarışdırırıq. Ona görə də «Nəyə layiqsənsə onu alırsan» fikri bəzən yerinə düşmür. Burda söhbət mənəviyyatdan, ruhdan gedir, maddiyyatdan yox. Çəkdiyin zəhmətin, gördüyün işin müqabilindən deyil, ruhunun, ürəyinin, duyğularının istəyinə olan qarşılıqdan gedir söhbət. Elə söz adamının da havalanması bax, bu kontekstdədir. Mən Tofiq müəllimin yarpaqla yazdığı şeirin alt qatında bunu da gördüm. Başa düşdüm ki, havalanmaq həm haqqına, həm də özündən müşdəbehlik səbəbindən, üzündən daha çox ortaya çıxır. Təəssüf ki, ikincilər – yəni özündənrazılar indi daha çoxdur. Bu yerdə də Tofiq Abdinlə razılaşmamaq mümkünsüzdü:

 

Kimsə yazır:

şeirimiz gərək havalı olsun!

Havası çox şeirlər

Havası çox təkərtək

partlayanda yamandı.

Bu havalı şairlərin

havalıdı yerişi,

havalıdı andı.

 

Bəli, biz sözün içində olanda özümüzü  ona o qədər  təslim edirik ki, bəzən qədərindən artıq və yaxud lazımsız və lüzumsuz sözləri də özümüzə hopdururuq və onu da sonra oxucu qarşısına çıxardırıq. Onda da özümüzün  özümüzü redaktə etməyimiz gec olur. Bax, bu anlamda Tofiq müəllimin söylədiyi havası çox şeirlərin də mənası üzə çıxır. Bir az loru dildə desək, suyu çox olur. Onu sıxıb çıxartmaq isə əlavə bir işə çevrilir. Mən də zaman-zaman belə məqamlarla qarşılaşdığımdan bəzən susa bilmirəm. Və onda məhz indi oxuyacağınız və əvvəlini artıq oxuduğunuz şeirimin sonluğu ortaya çıxır. Yəni kağıza köçürülür:

 

vağanıyan yuxular

daşıdığım yüklə

əl-ələ verib

boy-boya durub

xatirə şəkli çəkdirir –

birlikdə...

hər cür pozada

mənim hesabıma

müftə...

 

Deməli, özümə təsəlli kimi misraladığım bu duyğular əslində həm də özümə qarşı bir xatırlatma, bir təqdimetmədir. Bunun da bünövrəsində, özülündə dayanan məqsəd boyuma biçilmiş yaşamımın mənə etdikləridi, verdikləridi. Siz yəqin ki, razılaşarsınız ki, heç kim heç vaxt yaşamı ilə sona qədər barışmayıb. Özü də bu yaşam hər cür sınaqlardan, çəkişmələrdən, problemlərdən keçəndə onda daha çox sual ortaya çıxır. Bax, o suallar da mənə bu şeiri yazdırıbdı. Mən də hamı kimi yox, özüm kimi düşünüb, özüm bacardığım kimi də yazmışam. Amma Tofiq müəllim həmin o yaşamın suallarına cavab verərkən reallığı ifadə edən bir məntiqlə deyib ki:

 

Hamı deyir:

şəhərimizin saf havası çatışmır.

Havalanıb şeirimiz,

bu havalı şairlərin

lap davası çatışmır.

Şair gərək elə havalı olsun,

Bu təbiət havasız,

Şair yaşaya bilmir davasız.

 

Hə, şeirinin sonunda da Tofiq müəllim zarafatından qalmayıb və vurğulayıb ki, havalı şeirlərin, havalı şairlərin həyata baxışı oxucu qarşısında özünü təqdim etmək məharəti bəzən davasız ötüşmür. Bu da onların bir cizgisidi, bir naxışıdı. Və beləcə Tofiq Abdinlə etdiyim söhbətdə mən hər ikimizin yaşama, gerçəkliyə, həyata və sözə olan münasibətimizi az-çox qabartdım. Düşünürəm ki, bu yazı təkcə Tofiq müəllimin ruhunu şad etməyəcək, həm də sözümüzlə, günümüzlə bağlı düşüncələrin daha bir mənzərəsi olacaqdır.

TƏQVİM / ARXİV