Hər günümüz özünəməxsus çalarlarıya ömrümüzə köçür. Əslində ömrümüzə köçmür ey,ömrümüzü köçürdür. Özü də ağına-bozuna baxmadan, Cənnət-Cəhənnəm fikirləşmədən.Yəni necə gəldi... lap bir az da açıq ifadə etsəm, kor adam qılıncı necə oynadırsa, bax, onun kimi...
Bəli, mən dəfələrlə vurğulamışam, açıq mətnlə və yaxud açıq fikirlərlə özümə, ailəmə,doğmalarıma, çevrəmə bildirmişəm ki, günümün reallığı ilə yaşamağa məhkumam, onu dəyişə bilmirəm. Yalandan xəyali və yaxud da abstarkt nəyisə uydurub onunla özümə ovqat düzəldə bilmirəm. Ona görə də hər söz, hər fikir həmin o korun əlindəki xəncər kimi öz işini görür... Bir də baxıb görürəm ki, açılmış güllər hədəfi təkcə dəlib deşməyib, həm də param-parça edibdi. O parçalanan hədəf də mənim ürəyimdi!..Belə olan halda ürəyi qorumaq, onu müalicə etdirmək ən azından mənasız bir cəhddir.Ona xərclənən isə havaya sovrulmuş vəsaitdir. Çünki bu atəş, bu güllə yağışı bir günün, beş günün işi deyil ki, ondan qorunasan. Bu hər yerdə və hər an gözlənilən və gözlənilməyən yerdən açıla bilər. Açıldısa, deməli, hədəf yoxdu!..
Hər gün mənə elə gəlir ki, həyatın sonuncu anını, mərhələsini, məqamını ,başa vurmaq üçün evdən işə gəlmişəm... Hər gün mənə elə gəlir ki, evdən çevrəmdəkilərlə,tanıdıqlarımla vidalaşmaq üçün çıxmışam. Hər gün mənə elə gəlir ki, sondan əvvəlki sonumu bu şəhərə vida kimi gəzdirməyə çıxarmışam... Və beləcə, hər gün də bu ssenari, bu həyat tərzi məni qatıb qabağına qovur və yaxud da alıb tərkinə özüilə aparır. Hər iki halda qurbanlıq da, nişangah da elə mən özüməm. Necə deyərlər,hədəf olduğumu boyuma biçən bəxt yazısı bu yerdə mənə naşükürlük etmək imkanıda vermir. Necə deyərlər, öz cəzandı, çək! Mən də cəzalılar kimi öz cəzamı çəkirəm.
Bəli, mən indi həmin o cəzanın icra olunduğu, daha doğrusu,yaşandığı məkanın enini, boyunu ölçməklə fikrimi dağıtmağa, bir az silkələnib normal adam olmağa cəhd etsəm də alınmır. Öncə ona görə alınmır ki, gözümün önündəki tətikdə bir barmaq var. O barmaq o tətiyi hər an çəkə bilər... Mən də bunu bildiyimdən sadəcə içimdə danışmağa, içimdə çözülməyə cəhd edirəm. Düşünürəmki, mənə aid gerçəkliyi sən daha yaxşı görüb duyarsan, sən daha yaxşı çözə bilərsən.Bax, onda bir əzabın da, bir ağrının da, bir sarsıntının da bir güllənin qurbanı olması təqdir edilər. Güllə də şərəflənər, elə o saydıqlarımdan qurtulanda. Sənsə yadına salarsan:
Bitər nigarançılıq
Bitər bütün əzablar...
Qayıdar məcrasına –
Səni üzən əsəblər...
Ovqatına şeh düşər
Kipriklərində gülər...
Dünən çəkdiklərini–
Dünəndə qalan bilər!..
Qupquru yastığını
Susarsan tumarlayıb...
Saçın da qarışmayıb –
Onlar da şumal qalıb...
O səhər açılacaq
Gecəsində qalanla...
O gecədə qalanı –
Unut, sən bu yalanla!..
Doğrudanda özünü inandırmaq üçün nə qədər yalan uydurursan uydur, sonda bütün bunlar sabun köpüyünə çevrilir. Başını qaldırıb, gözünü açıb baxıb görərsən ki, həmin o sabun köpüyü də buxarlanır. Sən də arxasınca baxırsan... Baxırsan və hardansa lap uzaqdan, bəlkə də qeybdən bir səs gəlir qulağına. Elə bir səs ki, onu eşitməməkmümkün deyil. Bəlkə də o ruhun səsidi... bəlkə də vida nəğməsidi... bəlkə də səninözünün-özünlə söhbətindi... bəlkə də sənə doğru uzanan və görüb tutmadığın əlin səsidi... Amma hər nədisə, sirlidi – yozmaq qədər yazmaq da çətindi o səsi.
Bu istək,bu arzu bəlkə də kiməsə xoş gəlmədi... kiminsə qəlbinə toxundu... kimisə kövrəltdi...Və mən bu xoş gəlməyən, bu qəlbə toxunan istəyin mahiyyətinə varmıram. Onu döyüb, çırpıb hansısa bir başqa formaya salmıram. Ona görə ki, bu anda, bu istəyimi icra edib gerçəkləşdirməyə canımda güc yoxdu. Gücsüz adamın da boynundan hündü ratlanmaq istəyi gülüş doğurur. Mən nişahgah-hədəf olduğumu bilirəm. Üstəlik,gülüş predmeti də olmağı arzu etmirəm. Axı istəyin, diləyin iki başı var: istədiyin olmur, istəmədiyin özünü yetirir yanına. Və sən də ondan qurtula bilmirsən. Üstəlik,bir insan kimi olmaq imkanın məni həmişə düşündürür. Xüsusilə xatirələrlə, dünənlə bağlı məsələlərdən söhbət düşəndə gözlənilməz olaylar bir zəncir həlqəsi kimibir-birinin içərisindən gəlib keçir. Mən də bu özü-özünün içərisində olandünyamın pəncərəsindən elə özümə baxıram. Baxıb kimliyimin fərqinə varmağa çalışıram. Bir növü güzgüdə özünə baxan adam kimi. Həmin adamın pıçıltısı misralanır dilimin ucunda:
Əllərimdə qabar var
Daş daşıyan adamam...
İçində ağrı çapar –
Baş daşıyan adamam...
Özəl dünyam var – qərib
Ordan könlüm qəm dərib...
Qurunu günə sərib –
Yaş daşıyan adamam...
Baxdıqca yana-yana
Bulaşır içim qana...
İtirilən hər ana –
"Kaş...”daşıyan adamam...
Nə yazılıb bürcümə?
Birə salıb kürkümə...
Eh... məndə ki, bu cürə -
Yaş yaşıyan adamam...
***
Günlərin bir-birini əvəz etməsi bu təbii bir prosesdi. Bəzən bunu obrazlı deyirik ki, dəyirman öz işindədi, çax-çax da baş ağrıdır. Bax, bu mənada mənim söylədiklərim nə qədər mənə munis olsa da, onun indiki anda oxucuya dəxli yoxdur. Çünki hərə öz köynəyinin içərisindədi, öz dərdi özünə daha doğmadı. İstəyir zümzümə etsin, istəyir lətifə danışsın, bu mənim günümün ovqatında heç nəyi dəyişməyəcək. Bilmirəm kim deyib və yaxud kim yazıb,xatirimdə belə bir lövhə var. Yaddaş kartımın hesabına onu təzələmək istəyirəm.Deməli, həmin xatırladığım məqam bundan ibarətdir ki, bir nəfər həddindən artıq yeyən, acgözlük edən imiş. Bunu öz acgözlüyündən daşındırmaq üçün gözünün önünə gətirib cəllad kötüyü qoyurlar. Qısa bir zamandan sonra həmin adamın necə arıqladığı, iştahsız duruma düşdüyü məlum olur. Bax, bu mənada indi mən də bütün xoş mesajlara rəğmən öz ovqatımdayam. Çünki gözümün önündəki tətikdə bir barmaq var – hər an çəkiləcək tətikdə bir barmaq!
Hə, deyəsən bir az filosofluq etdim, ya da uzunçuluq. Ona görə də içimdə boğduğum səsin hıçqırtısını misralarda ifadə edirəm.Özü də belə:
Batırmışam səsimi
Bir kor quyu dibində...
Mənim boynum bükülü –
Dərdin əli cibində...
Ümid saralmış yarpaq
Həya dolaşmış kələf...
Ovcunu açır torpaq –
Günlər olduqca tələf...
İsinən kiprikləri
Sonra d üşüdür buz...
Olur gözün yastığı –
Kirkirədən keçən duz...
Nə duruş, nə də baxış
Dəyişməyir heç nəyi...
Bu da naxışdı, naxış –
Dərdin məni seçməyi...
Bəli, hərəni kimsə seçir, kimsə də hərəni. Amma bəxti seçmək olmur... valideyni seçmək olmur. Bax, bu mənada dərdi də seçmək mümkün deyil. Onlar bizimlə birlikdə yaşayırlar, bizimlə birlikdə dözülən və dözülməz olurlar. Təbii ki, burada söhbət bəxtlə dərddən gedir, valideydən yox! Və biraz da kəskin ifadə etsəm, dərd elə bəxtin içərisindədi, bəxtə bürünüb gəlir. Mən hər dəfə bu barədə düşünəndə özümün nədə, harda günahkar olduğumu və yaxud yalnışlıqlar etdiyimi çözməyə də çalışıram. Bir az anlaşmaq, bir az olanlardan nəticə çıxarmaq cəhdi müəyyən qədər alınır. Lakin tapa bilmədiyim cavabsız suallar bildiklərimin də üstünə bəzən kölgə salır. Nəticədə heç nəyə nail ola bilmirəm. Hətta bütün varlığımla ibadətində olduğum Sən də, hətta xidmətində dayandıqlarım da sonda məni günahkar bilirsiniz. Günahkar olmağın da yükü (hətta olmasam belə - Ə.M.) mənim boynuma düşür. Nə isə...
Bütün hallarda ortada bir gerçək var. O da tətik və ondakı barmaqdı. Heç kim deyə bilməz ki, ona güllə tuşlanmayıb... heç kim də deyə bilməz ki, mən o güllədən yayınacam... və heç kim də deyə bilməz ki, o barmağın sahibi öncə günahları çözəcək,sonra tətiyi çəkəcək. Axı lətifələrimizin birində deyildiyi kimi,əvvəl kəsirlər,sonra sayırlar. İndi barmaq sahibi də öncə tətiyi çəkir, sonra günahı çözür.Çalışın özünüzü nişangah, hədəf olmaqdan bacardığınız qədər qoruyun! Yoxsa gününüz gün olmayacaq!