adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Vüsalda da, həsrətdə də göz yaşı qoxusu var - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
555 | 2023-02-07 11:04

Elnur Aslanbəyli ilə etdiyim söhbətdən

Ədəbiyyatımızın elə bir müstəvisi, elə bir məkanı yoxdu ki, orda işıqlı söz, ümidli söz, yaşadan və yaşayan söz olmasın. İstər folklor, istər klassika, istər bugünümüzün ədəbi müstəvisi mütləq mənada işıqla, nurla fərqli və yaddaşa hopmuş fikirlərlə zəngindi. Ona görə də hansı istiqamətə, hansı dövrə üz tutsaq, orada mütləq işıqlı bir sözlə, fikirlə, bədii yaradıcılıq nümunəsi ilə qarşılaşacağıq. Bax, bu mənada mən nə vaxtdan bəri davam etdirdiyim «Bir şairin bir şeiri» layihəmdə müxtəlif zamanların, həmçinin müxtəlif yazı üslublu söz adamlarının qapısını döyürəm. Onların arasında xalq şairləri də var, haqq dünyasına qovuşanlar da, bu gün yazıb-yaradanlar da. Bu mənada mən kiminsə hansısa dövrdə yazdığını yox, mənim ruhuma doğma olan, məni çəkən şeirlərin dalınca gedirəm. Yol boyu da qarşılaşdığım hər işıqlı söz məni dayandırır və mən onunla həmsöhbət oluram...

Bu gün könlüm Elnur Aslanbəylini istədi. Necə deyərlər, ötən günlərin xatirələri çəkdi məni özünə. Buradaca qeyd edim ki, Elnur Aslanbəyli müəyyən bir zaman kəsiyində «Ədalət» qəzetində çalışdı və biz demək olar ki, bir otaqda çox səmimi bir mühitin içərisində fikirlərimizi bölüşdük, bir-birimizin sözünə münasibət bildirdik. Hətta Elnur Aslanbəyli mənim kitablarımdan birinin redaktoru oldu. Bunların mövzuya dəxli olmasa da, amma ötənləri xatırlamaq baxımından könlümdən gəlib keçdi və yazdım. Həm də ona görə yazdım ki, oxucular mənim, Elnurun yaradıcılığına yaxından bələd olduğumu bilsin...

Bəli, hər söz adamı öz ruhunun səsini yazıya çevirir, öz ürəyinin döyüntüsünü misralayır və nəticədə də oxucu təkcə bədii nümunə oxumur, o, həm də bir ruhun, bir ürəyin özü ilə həmsöhbət olur. Bu mənada Elnur Aslanbəylinin «Almadan küsən» kitabını vərəqləyəndə şəxsən mən onun ovqatına köklənirəm, özümü onunla həmsöhbət görürəm. Əl içi boyda olan bu kitabda Elnur bir-birindən maraqlı misraları, fikirləri və şeirləri ilə oxucu könlünü oxşayır, onun nəğmə adlı şeirini təkrar-təkrar oxudum və bir də gördüm ki, o şeir məni çox-çox uzaqlara çəkib aparıb. Özü də pıçıltı ilə danışa-danışa:

 

ağlayıb uyuyur pərim

yuxusunda göz yaşı var

bürüşüb atlas qoftası

yaxasında göz yaşı var.

 

Bəli, mənzərəni yəqin ki, gözünüzün önünə gətirdiz və bu pərinin niyə ağladığı, bu gözəlin niyə koftasının büzüşüb göz yaşına batdığını təxmin etdiniz. Əgər etmədinizsə, onda mütləq şeiri təkrar oxuyun və sevgi mənzərəsi sizə də köklənsin, sizdə də həmin ovqatı yaratsın. Mən kökləndiyim ovqatda həmin o sevginin işığını da gördüm. Deyə bilərsiniz ki, göz yaşında işıqmı var? Bəli, var . O sevgi üçün süzülübsə, yanaqda da, kiprikdə də ulduz kimi parıldayacaq. Mən həmin parıltını ən gur işıq sayıram. Ona görə də yazmışam ki:

 

qaranlıqlar keçirəm

gözünün işığında

dərdi bal tək içirəm –

sözünün işığında...

 

Hə, gördünüzmü, o işıqda necə yol getmək, hətta dərdi bal kimi nuş etmək də mümkündür. Hər zaman vurğuladığım məntiqi gerçəyi, yəni sevgini burda qabartmasan olmaz. Və siz də o sevgiylə öz dünyanızı, öz çevrənizi,  rahatlıq tapdığınız məkanı düşünə-düşünə qaranlıqları yarıb keçəcəksiniz. Yol boyu da Elnurun «Nəğmə» şeirinin növbəti bəndi sizi müşayiət edəcəkdir. O səs, daha doğrusu bənd belədir:

 

gördüm yarımın boyunu

gəzdim pərimin qoynunu

bənövşə büküb boynunu

qoxusunda göz yaşı var.

 

Sevginin hər tövrünü, hər halını anlamaq, hiss etmək və yaşamaq mənə görə daha çox duyğusal insanlara məxsus haldır. Onlar ürəkləriylə, ruhlarıyla, izlədikləri hərəkətlərlə, hətta küləyin oynatdığı saçın havada cızdığı trayektoriyaya baxmaqla da sevginin, hansısa bir nöqtəsini, vergülünü, nidasını, sualını, bütövlükdə isə, cizgilərindən birini özü üçün kəşf edir. Ona görə də boynu bükük bənövşənin də, qoynunu gəzib-dolandığın pərinin də qoxusu, ətri, nəfəsi sənə uzaqda olanda göz yaşını da xatırladır. Arxanca, ardınca səpilən göz yaşını. Bu, həsrətin nişanəsi, bu, həsrətin görüntüsüdür. Amma onun içindəki işıq yola düşür, dönmək istədiyi yola. Onda da mən hər anın nə qədər dəyərli olduğunu daha çox hiss edirəm. Bu hislər də mənə şeirimin növbəti bəndini pıçıldayır:

 

günü günə hörürəm

aya, ilə bölürəm.

günəşi də görürəm –

özünün işığında.

 

Bəli, həqiqətən də sənin varlığın özü günəşin işığını kölgələyən, onu arxa plana keçirən elə bir nurdu ki, o başqa heç kimdə, heç yerdə, heç nədə, heç harda yoxdur. Bunu isə bir Allah görür, bir də mən. Təbii  ki, görmək təkcə hər şey deyil. Görüb dərk etmək, üstəgəl, görüb dərk edib yaşamaq artıq hər şeydir. Demək istəyirəm ki, günəş işığını üstələyən sənin işığını görmək, dərk etmək və o işığın içində yaşamaq özü bir xoşbəxtlikdir. O ana qədər ki, sən yer üzünün yalnız o işıqdan ibarət olduğunu özünə hakim edəsən. Bax, onda xoşbəxtliyin ölçüsü də, çəkisi də, dərəcəsi də miqyassız olacaqdı.

Bütün bu fikirlərimin bir qatında bir az öncə vurğuladığım həsrətin nişanəsi olan göz yaşının da izi var, yeri var. Həmin o göz yaşından qaynaqlanan həsrət əsl sevənlərin ən böyük düşmənidi. Ən böyük acı yaşadanın əzab verənidi. Lakin bu, ən böyük düşmən, həm də əsl sevənlərə güc verir, iradə verir, dözüm verir. Mübarizə aparmaq, qovuşmaq qətiyyəti və amacı bağışlayır. Deməli, həsrətin özündə də sevənlərin əlindən tutmaq, onlara dayaq olmaq imkanı, fürsəti və bəlkə də istəyi var. Lakin biz həsrəti o qədər qınayırıq ki, hərdən o dediklərim məqamlar unudulur. Elnur isə onu unutmur, onu bir az da özünəməxsus şəkildə yaşayır və ayrılığı, həsrəti göz yaşının qoxusu ilə bələyir. Bu da o deməkdir ki, kipriyin ucunda donan göz yaşı öz işığını o həsrətin vüsala çevriləcəyi ana qədər gözün dibində, ürəyin özəyində və ümumiyyətlə, varlığında yaşadacaqdır. Elnur yazır ki:

 

ərən-pirlərdən sayılmaq

eşqin duşundan ayılmaq

ah, bu gecənin ayrılmaq

qorxusunda göz yaşı var.

 

Zənnimcə, bir ömrün ayrılığının bir gecənin ayrılığı ilə yaxınlaşması bir poetik uğurdu. Çünki çəkilən ah bir ömürdə də ürəyi ağrıdır, bir gecə də. Deməli, ayrılığın zaman məsafəsi mənə görə sevginin özü boydadı. Həsrət o zamanı öz əlinə keçirirsə, onu zəbt edirsə, bax, onda illərin də, bir anın da fərqi olmur. Çünki hər ikisinin adı ayrılıq, hər ikisinin də qoxusu göz yaşıdı. Bilmirəm, bu yozumumda, bu fikirlərimdə nə qədər haqlıyam. Amma tam səmimiyyətlə etiraf edirəm ki, mən sevgini bu cür görürəm, bu cür dəyərləndirirəm. Ona görə də sonuncu bənddə fikrimi dediyim notun üzərində kökləmişəm:

 

sevincim aşıb-daşır

çiçəyim qanad açır

izim də qoşalaşır –

izinin işığında...

 

Hə, bax, bu da Elnur Aslanbəyliylə etdiyim qısa bir söhbətin yazıya köçürülən variantı. Necə deyərlər, Elnurun şeiri danışdı, mənim də şeirim onun səsinə səs verdi. Beləcə iki şeir paralelləşib bir mövzu oldu. Adı da:

- Vüsalda da, həsrətdə də göz yaşı qoxusu var.

Bura qədər... Siz də bundan sonrasını özünüz öz ruhunuzun, öz sevginizin, öz ürəyinizin, öz vüsalınızın və öz həsrətinizin qoxusunu duya-duya öz içinizdə yazıya alın.

TƏQVİM / ARXİV