adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

“Xalq sığorta” xalqa şou göstərir?Eminquey yazır

EMİNQUEY AKİF
1102 | 2022-07-20 17:06

 

 

 

 

“Xalq sığorta”nın adını eşidəndə elə bilirəm ki, bu, sığorta şirkəti yox, müğənni-zaddır, xalqın sevgisini və sənətini qiymətləndirib fəxri ad veriblər.

Açığı, müğənni olmasa da olar, “Xalq sığorta” xalqa əməlli-başlı şou göstərə bilir, bəsimizdir. Guya xalq artistlərinin hamısının səsi var ki?

Sözü çox oynatmadan keçirəm şoumuza.

Yaxın qohumum Emin (Abbasov) bu il mayın 13-ü zəncirvari qəzaya düşür, özü xəsarət almasa da, maşınına maddi ziyan dəyir. Amma ümumən qəzada xəsarət halı qeydə alındığı üçün iş tədqiqata götürülür. Tədqiqat bir ay ərzində qərar çıxarır, günahkar təyin olunur.

İyunun 16-sı “Xalq sığorta” Eminə dəymiş ziyanı 1770 manat kimi qiymətləndirir. Qəza zəncirvari olduğuna görə, 1132 manatı sığorta şirkəti, qalan məbləği isə məhkəməyə müraciətlə zərərvuran ödəməli olur.

Bu işə baxan Əfsanə Bayramova 7 iş günü ərzində pulun Eminin hesabına köçəcəyini deyir. Yeddi iş günü olur on iş gün, on iş günü olur on iki. Və Emin Əfsanə Bayramova ilə görüşür, pulun hələ də hesaba niyə köçmədiyini soruşur. Əfsanə Bağırova bəhanə gətirərək deyir ki, zərərvuran şəxs zərərçəkən şəxslərdən birinə 4000 civarında pul ödəyib-filan. Sığorta şirkəti olaraq sizin öhdənizə düşən 1132 manatın deyilən vaxtərzində ödənilməməsinə zərərvuranın kiməsə 4000 manat ödəməyinin nə dəxli var?

Uzun cəfəngiyatdan sonra Emini “Xalq sığorta”nın müdiri Mahir İsmayılova yönləndirirlər. Emin Mahir İsmayılovun qəbuluna düşür, eyni minvalla Mahir İsmayılov da dəxli olmayan şeylər danışır. Gah hansısa işçini çağırır, danlayır, gah bunu. Nəticədə Eminə deyir ki, sizin işiniz həll olundu. (Bundan sonra da) 7 iş günü ərzində pul sizin hesabınıza köçəcək. Emin narazılığını bildirəndə ki, bu vaxta kimi də 7 iş günü ərzində köçəcəyini demişdiniz, 12 oldu, pul köçmədi, mən sizdən bu məsələnin uzanmağının səbəbini yazılı formada istəyirəm, Mahir İsmayılov qayıdır ki, mən sənə kömək etmək istədim, amma sən özün öz işini uzadırsan. Yaxşı, əgər istəyirsənsə yazılı müraciət et, müraciət 15 günə bizə gələcək, sonra biz sənə cavab verəcəyik. Sən ödənişi tez almaq istəmədin, ödəniş biraz da uzanacaq.

Həm də də onu deyiblər ki, zərərvuran Azərbaycanda yoxdur, o gəlib imza atmalıdır ki, biz ödənişi edək. Emin biraz dirənəndən sonra qayıdıblar ki, danışdıq, burada imiş, gələcək, qol çəkəcək. Nəyə? Pulu sığorta ödəməli deyilmi? Sığorta şirkəti pulu zərərvurandan alıb verirmi?

“Xalq sığorta”nın bir vətəndaşa bu cür get-gəlli, vecsiz, hikkəli davranışını nə cür izah etmək olar? İnsanlar malını bu şirkətə əmanət edir, sığortalayır, səhərsi də bu cür süründürülür. Niyə?

Əgər bu işçinin səhvi olsaydı, bağışlamaq olardı ki, bəzən təcrübəsiz işçilər olur və belə hallar yaşanır. Yox, əgər sığorta şirkətinin müdiri də eyni davranışı sərgiləyirsə, demək ki burada bir tərslik var.

Sığorta şirkəti öz imicinin qeydinə qalmalı deyilmi? İstər həkim olsun, istər vəkil və ya sığorta şirkəti, bunların ictimai imicləri çox önəmli rol oynayır. Bəzən şirkətlər illərlə öz adlarına işləyirlər. Bu sistem oturduqdan sonra isə uzun illər artıq şirkətin adı bəs edir ki, müştəri cəlb etsin. Yəni əsas şərtdir ki, sığorta şirkəti imic problemini də həll etsin. Vətəndaşda bir fikir formalaşmalıdır ki, sığortaya şəxsi təşəbbüsü ilə müraciət etmək vətəndaşın xeyrinədir. Bu alqı oturuşmalıdır ki, vətəndaşlarla şirkətlər arasında normal münasibətlər formalaşsın.

“Müştəri tələbatlarının təmin edilməsi üçün keyfiyyətli xidmət”.

Bunu “Xalq sığorta”nın saytında oxuya bilərsiniz.

Amma hanı keyfiyyətli xidmət?

Adının önünə “xalq” sözünü yapışdıran bu cür bir sığorta şirkəti əslində yaişinə məsuliyyətlə yanaşmalı, insanları süründürməməli, xəyallarını, ümidlərini qəzaya uğratmamalıdır, ya da xalqı özündən sığortalamalıdır?!

 

 

 

 

TƏQVİM / ARXİV