XATİRƏLƏR QOYMUR GEDƏK LAÇINA ÇIXAQ - AQİL ABBAS yazır

AQİL ABBAS
1858 | 2024-06-24 09:19

(VI məqalə)

(VII məqalə)


Sonralar universitetdə oxuyanda Bəxtiyar Vahabzadə bizə dərs deyəndə bir dəfə həmin əhvalatı yadına saldım. Özünün dediyi kimi, getdi çorta, amma yadına sala bilmədi. Laçına getdiklərini, yolda turşsuda düşüb  su içdiklərini yadına  saldı, bir uşağın onun şeirini oxuduğu da yadına düşdü amma o, uşağın mən olduğunu yadına sala bilmədi. 

Dedim ki, onda sizə su verib, şeir deyən uşaq məniydim. 

- Hə, hə, yadıma düşdü. Onda uşaq idin indi maşallah yekə kişisən.

Yoxsa tələbə dostların  yanında pərt olacaqdım.  

Və Bəxtiya müəllimlə şair  ölənədək dostluq elədik, həm də qonşuluq…

… Yolda çox böyük tikinti gedirdi. Hər yeri – Sarıbabanın bir tərəfini də söküb dağıtmışdılar. Turşsu kəndini də yenidən tikirlər. Nə qədər baxdım mülk yerimizi tapa bilmədim. Amma Xan əminin səhər-səhər altında idman elədiyi palıd ağacı dururdu. 

Rəşad Məcid məndən əvvəl Laçına getmişdi. O, düşüb yurd yerlərini tapmışdı. Demişdi ki, Dolayı bulaq  tərəfdən turşsuya ara yol çəkiblər. İstəsən o yolla gedib öz yurd yerinizi tapa bilərsən. Amma geri qayıdıb həmin yolu tapmaq istəmədim. Qorxdum ki, gedib yurd yerimizi tapsam dağılmış Ağdam şəhərinə ilk dəfə girəndə keçirdiyim hissləri keçirdəm. Və b u ağrı ilə yeni tikilmiş Laçına getmək olmazdı.
Sarıbabaya qalxan torpaq yolla yeddi-səkkiz kilometr getmiş dağın yamacında çox qəribə bir bulaq var. «Çarıq bulaq» deyirlər. Allahın möcüzəsi idi, nə idi  bu bulaq  böyük bir sal daşdan axırdı. Elə bil hansısa  heykəltəraş, ən böyük heykəltəraş Allahın özüdü, bu sal daşı çarıq şəklində yaratmışdı. Bulaq çarığın içində qaynayır, sonra çarığın ucundan axırdı. Torpağın dərinliklərindəki qayalardan süzülüb gələn bu bulağın suyu çox dadlıydı. Hərdən qohum-əqrəbadakı uşaqlarla bir yük maşınına yığışıb bu bulağa gedər, dəmir bidonlara su doldurub  gətirərdik. 

Bir dəfə dəmir bidonu maşının banına qaldırarkən yuxarıdakılar bidonu tez buraxdılar. İki barmağım qaldı bidonun altında, necə çığırdımsa barmaqlarımı bidonun altından  çıxaranacan qançır oldular, qapqara qaralıb şişdilər. Tez mamamın böyük oğlu Şəmşir bıçağını  çıxarıb   hər iki barmağımı çərtdi və sıxıb barmaqlarıma  yığışmış qanı çıxartdı. Qan qapqara idi. Göynərtidən gözlərim yaşarmışdı.

Şəmşir  uşaqlardan soruşdu: 

- Kimin çişi var?

Bir elə uşaqdan birində çiş olmadı. Yalnız balaca qardaşı Mirzağa dedim  mənim var. 

- Başına dönüm, işə Aqilin barmaqlarına, onda ağrısı kəsəcək. 

Nə qədər yalvardı Mirzağa dedi işəmərəm, pul ver  işiyim. Bir iyirmi beşlik verəndən sonra Mirzağa barmaqlarıma işədi. Siftə barmaqlarım  zonquldadı, sonra ağrısı  azaldı. 

Ondan sonra Mirzağa tez-tez Şəmşirə deyirdi:

- Qaqa, pul ver, kimin istəyirsən barmağına  işiyim. 

Həmişə bu bulaq barəsində fikirləşirdim ki, görən, ermənilər bu bulağı da dağıdıbmı. 

Bir dəfə Şuşaya gedərkən avtobusda uzun müddət Şuşada böyük  vəzifələrdə işləmiş, əslən Laçından olan bir ağsaqqalla yol yoldaşı olduq. Qarabağı  beş barmağı kimi tanıyırdı. Çarıq bulağı  soruşdum ki, durur? Dedi ki, hə, getmişəm, olduğu kimi  durur. Çox xoş oldum. 

İradə:

- Sənin xatirələrin bitməyəcək. Bəs, biz Laçına nə vaxt gedəcəyik? 

- Qoy birini də deyim, sonra gedək.

Sarıbaba ilə üzbəüz Turşsu kəndinin  başlanğıcındakı  bir köhnə, dağılmamış, amma xaraba  qalmış yeməkxananı  göstərib dedim:

- Doqquzda oxuyurdum, uşaqlarla  burda oynayırdıq, yeməkxanadan  çıxan dörd-beş erməni bizi döymək istədi. Bu vaxt hardansa Əkbər müəllim çıxdı. Təkbaşına bizi qapazlayan erməniləri təpikləri ilə necə  çırpdısa kənardakılar çaşıb  qalmışdı.  Heç kim belə dava görməmişdi. Kimi təpiklə vururdusa  yerindən  qalxa bilmirdi.  Erməniləri zibil eləyəndən sonra başımızı sığalladı və dedi ki, qorxmayın, əminiz ölməyib…

… Əkbər Rüstəmovu sonradan  tanıdım. Güləş üzrə SSRİ idman ustasıydı. Sonradan öyrəndik ki,  bir dəfə SSRİ çempionatının finalında hakim onu qəsdən uduzdurduğuna görə  oyun qurtarandan sonra uduzduğu oğlanı da, hakimi də babat çırpıb və onu birdəfəlik idmandan qovublar. O da gəlib Ağdamdakı peşə məktəbində idman müəllimi işləyir. Peşə məktəbinin həyətində bir gözəl futbol stadionu da tikmişdi. «Şəfəq» (indiki «Qarabağ»)  bir çox oyunlarını  həmin stadionda oynayırdı.  Böyük də bir güləş zalı tikdirmişdi, bacarıqlı güləşçilər  yetişdirirdi.  Siz onu indi  Hacı Əkbər Rüstəmov kimi tanıyırsınız.

Müharibə başlayanda peşə məktəbinin tələbələrindən bir batalyon yaradıb cəbhənin ən ağır yerində vuruşurdu. Oğlu Sənan da öz yanında. 

Döyüşlərin birində həm oğlu Sənana, həm də bir tələbəsinə güllə dəyir. Əkbər müəllimin onlardan birini xilas etmək imkanı var. Amma o, öz oğlunu yox, tələbəsini güllə yağışının  altına  girib  çıxarır. Oğlu Sənanı isə Rey Kərimoğlu  gedib gətirir. Və Sənan da Reyin qucağında şəhid olur. 

Bu barədə deyəsən, «Dolu» romanında yazmışam. Çox  sonralar bildik ki, Əkbər müəllimin erməniləri döymək texnikası karate adlanırmış ki, onda hələ heç kim karatenin nə olduğunu bilmirdi…
İradə:

- Ürəyini boşaltdınsa, sür gedək.

Hava bir qədər  yağışlıdı, yollar da dolama olduğundan narahat.  Və üz tuturuq üzü güləbədinə, yəni Laçına.

İradə  telefonda naviqatoru açır ki, rahat sürüm. 

- Sağa dön, sonra sol dön.

Deyirəm: 

- Bağla  onu, zəhləmi tökəcək, yolu tanıyıram. Mənə də Qarabağda yox də!..

… Şair Abbas Abdulla ilk dəfə İstanbula gedir. Onu İstanbulun görməli yerləri ilə tanış edirlər, həm də deyirlər ki, geri qalma, azarsan. 

 Abbas Abdulla:

- Mənə də İstanbulda yox də…

… Abbas Abdulla İstanbula ilk dəfə getsə də, mən Laçına ilk dəfə getmirdim. Axırıncı dəfə dostlarımla 1986-cı ildə getmişdim. Bakıdan gəlmişdilər, istədim onları aparıb Laçını gəzdirim. 

Daha doğrusu, şəhərdə gəzirdik, Kinoteatrın qabağında  Rəmişlə rastlaşdıq. 

Dedi:

- Təzə bir dəstgah yaratmışam, istəyirdim min nəfərlik bir zalda çalım. Amma sən musiqini o qədər sevirsən ki, elə min nəfəri əvəz edirsən.

Usilitelini götür gedək Laçına, Laçın Turşusunda çalacam onu sənin üçün. 

Mən diplomat çantanın  içində doqquz voltluq  batareya olan, «kronla» işləyən iki dinamikli səsgücləndirici düzəltmişdim. Diplomatı  açırdın qoşurdun hər hansı bir musiqi alətinə, daha doğrusu, mən onu gitara  üçün nəzərdə tutmuşdum, çünki özüm də gitara  çalırdım.   Amma elə çalırdım ki, xoş halına eşitməyənlərin. 

Rəmişə qulaq asmaq üçün Laçın Turşusuna getməyə dəyərdi. 

Balaca qardaşımı göndərdim, gedib diplomat çantamı gətirdi, oturduq Əhməd həkimin maşınına, üz tutduq Laçına. 

Ardı qalsın. 
 

TƏQVİM / ARXİV