adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Yalan nazirlyi -  İradə Tuncay yazır

İRADƏ TUNCAY
4938 | 2022-04-23 14:03

Bütün çətin dövrlərdə Oruellin “1984” romanı aktuallaşır. Çətin olmayan dövr yoxdu desək də, arada kəskinləşmə periodları da yaşanır əlbəttə. İkili standartlar, düşüncə polisi, dərd gətirən “Sevgi nazirliyi”, alternativ fikirləri dağıdan, savaş körükləyən “Sülh nazirliyi”, kütləni kütləşdirən robot yazarlar... Ən maraqlısı isə “Həqiqət nazirliyi”dir. Tanış gəlir bunlar – deyilmi?

Gözümüzü açmağa çalışır müəllif – totalitar rejimlərin necə funksiya göstərdiyini göstərməklə... həyəcanlandırır, narahat edir, həqiqəti göstərir və düşünməyə məcbur edir... Ədəbiyyat budur... Az qala yüz ildir yazılıb, amma eyni həqiqətləri çox ölkələrdə çox adamlar yaşayır...

Xaraba qalmış evlərində, yorğun, əzabkeş və ac insanların təsviri hər yerdə eynidir – soyuq aprel sabahı... Hər yerdə eyni açılır... Tiraniya da eynidir, dramatizm də eynidir... Və biz də təhrif etdiyimiz həqiqətləri günümüzə uyğunlaşdıran “Həqiqət nazirliyi”ndə çalışırıq... Və “böyük qardaş“ da nəzarət edir...

Dövlətin qüdrəti sarayda yaşayanların, ya da saraya yaxınların geyim-kecimi, yemək-içməyi ilə ölçülmür. Vətəndaşının necə yaşamağı, ona aid nə qədər dünya şirkətlərinin olması ilə hesablanır. Yəni qayda budur. Mən iqtisadi terminləri işlətmək istəmirəm. Siz də oradan oxuduqlarınızdan yola çıxaraq "biz və onlar" söhbəti aparmayın. Onlar var...

Tarix oxumağı sevməyib də, ədəbiyyatın içində tarixi hadisələri mütləq oxuyanlar çoxdu. Yüz faiz bilirəm ki, Moris Dryuonun "Проклятые короли" əsərini də çoxunuz oxumusuz. Hadisələr yadınızdadısa Fransa kralı Filippin Roma Papasıyla münaqişəsi və bundan doğan nəticələri də xatırlayırsız. Roma Papaları və Vatikan hər zaman fitnə yuvası olub. Yarandığı gündən... Evlənmək, boşanmaq istəyən, müharibəyə başlamaq istəyən, sülh bağlamaq istəyən (və sairə) bütün Avropa hakimləri hər zaman Vatikandan xeyir-dua almalıydı. Müstəqil siyasət yürütmək istəyən kralları kilsə lənətləyirdi. Məhz bu səbəblərdən tarixdə dünyəvi hakimlərlə Vatikan arasında münaqişələrin sayı çoxdu. Məhz bu səbəblərdən İngiltərə kraliçası Vatikandan ayrı Anqlikan kilsəsi də yaratdı... Amma daha əvvəlki tarixi xatırladım. Fransa kralı Gözəl Filipp (tarixdə bu adla qalıb ) ona mane olan Papa Klimenti Avinyona dəvət edir və söz verir ki, bundan sonra hər şeydə ona tabe olacaq. Papa Avinyona gələndə onu əsir alır və bəyan edir ki, indi dini hakimiyyət fransız krallarının hakimiyyətinə tabe olacaq... Bu hadisə tarixə Avinyon əsarəti kimi düşüb və 1309-cu ildən 1378-ci ilə qədər davam edib. Həmin müddət ərzində hər halda fransız kralları bu siyasi durumdan istifadə edə biliblər… İndi Romadakı dədə nə deyir, bəs? Fətvanı o verib axı... Baş verənləri bilirik…

Özləri nə deyir, bəs? Deyir, noolsun hər yerdə ola bilər?

Miladdan öncə bir diktator olub. Niyə diktator deyirəm – yəni qədim Roma demokratiyasında hakimiyyəti zorla ələ keçirib də... Sulla... Kimsə oxuyub bəlkə haqqında. Spartak dövrü...

Bu Sulla ömrünün sonlarında ağır xəstəliyə düçar olur və hakimiyyəti də qismən atır üstündən. Günlərin bir günü xəbər gətirirlər ki, filan əyan dövlətə olan borclarını ödəmək istəmir. Deyir ki, Sulla ağır xəstədi, öləcək bu gün-sabah... Vermirəm!!!

Əmr edir, sürüyüb gətirirlər Sullanın hüzuruna həmin əyanı.

Deyir:

- Mən kiməm?!

Əyan da qorxudan dili dolaşa-dolaşa:

- Ölməz konsul! - deyir.

Sulla bağırır ki, boğun bunu... Əyandan sonra ölür özü...

İndi baxıram ki, Vəfa Quluzadənin yetirmələri yaman çoxalıb... Çatdı nə deyirəm? Tələsməyin...

Məncə, şüurlu şəkildə olundu. Əvvəl Adolf deyirdi ki, Avropa almanlara məxsusdu. İndi isə slavyanlaşacaq. Yazdıqların oxuyuram... Müsəlman ölkələrindən gələnləri adam yerinə qoymurdular... İndi isə sarısaçlı, mavigözlü qaçqınları var... Kim istəyər yük düşsün üstünə? Yaşayarıq, görərik...

Tarix-Naziri (Nadir də ola bilər) oxumuş biri kimi deyim ki, dağılmış imperiyalarda (qonşularımız) 1917-18- ci illərdən bu tərəfə eksperiment aparılır. Müxtəlif rejimləri sınaqdan keçirirlər... Harda nə uyğunlaşacaqsa...

Bayaq qucaq-qucağa dayanan millətə baxıb "maşallah" dedim, Allah bu mehribanlığı əlimizdən almasın …

Güclü olmaq istəyirsənsə ağıllı olmaq zorundasan...

Deyə bilərsiz ki, bəs gözümüzün qabağında nə qədər kütbeyinlər güc yiyəsi olublar...

İzah edim – bizimlə müqayisə etməyək heç nəyi... Özünüz bilirsiz niyə. Miqyas başqadı.

....Avropada çox olmuşam. Orda görmək istədiyim abidələrdi, heykəllərdi, rəsmlərdi. Bugünki Avropanın təməlidi o abidələr. Yəni mühəndis dühası, heykəltəraş əli, rəssam təfəkkürü. Bu inkişafa təkan verib. Və beyin irəli gedib. Eramızdan əvvəl başlanıb və bu gün həmin adamlar dünyanı idarə edir...

Ağıllıdılar və güclüdülər...

Zəifliyimizə görə nifrət püskürürük. Notr-Dam tikiləndə İslam da təşəkkül tapmışdı. Və yayılmışdı dünyaya. Qadağan elədi düşünməyi. Rəsm çəkməyi qadağan elədi... Miniatür çəkiləndə ona kütləvi baxmaq olmur. Ancaq sarayda padşah baxır...

Güclü olmaq üçün ağıllı olmaq zorundasan. Hiyləgər yox təkcə, həm də ağıllı...

Bizdə demirəm haa... Bizdə məlumdu...

Biz də günəmuzd yaşayırıq... Hətta saat hesabı…

Kütlənin qaragüruha çevrilməsində bekarçılığın rolu...

Bayaq bir epizoda baxdım tik-tokda. Serialdan idi... Deyir adamın bürcü ilə həyatının necə olacağı bəlli olmaz, harda doğulduğu müəyyən edir taleyin... Məsələn, Osloda, Torontoda doğulan insanla Anqolada doğulan insanın həyatı zatən məlum...

Fikirləşdim... Dağda doğulan biri Moskvada oxuya bilirdi və həyatı da fərqli olurdu... Və bunun qarşısını okeanın o tərəfindəki ölkə aldı...

Günlərin bir günü Çexov yeni kitabını göndərir çar Nikolaya... Və yenə günlərin bir günü ona çarın göndərdiyi məktubu, bir də bir kitab gətirirlər. Çar məktubunda yazır ki, kitabınızı oxudum, çox xoşuma gəldi, mən də sizə öz kitabımı göndərirəm... Çexov baxır ki, kitabın bütün səhifələri çar Nikolay yüzlükləridi... Cavab yazır: “Mən də sizin kitabı oxudum. Səbirsizliklə ikinci cildi gözləyirəm”...

P.S. Ehhh... Nə kitab var (əslində varee), nə də oxuyan...

Ümidsiz, naxoş bir durum var hər yerdə... Düzəldə bilmirik... Əksinə, hər yerdə qədimdən qalma qəbirləri araşdırıb tapırıq...Ta keçib 300 il əvvəlki, ta Türkmənçaydan qalma məzarları da axtaraq...

Neçə əsrdi insanlar köç edir. Yəni mühacirət deyək. Azdan-çoxdan tarixə baş vura bilsək, bu köçün bəşəriyyətin inkişafında böyük rolu olub. Qədim yunan koloniyalarının qurulmasından tutmuş, ta ki dağlarda məskunlaşmağa qədər... Bütöv bir qitələrin insanla dolub dövlət qurmağına qədər... Altaylardan köç edib imperiya qurmağına qədər... Harda insan yaşayırsa orda həyat mövcuddu... Həyat olanda da əksi var. Yəni dağıntı var, xarabalıq var...

Yəni belə olub daim...

Xarabalıq isə yalnız od-alovla olmur ki... Söz yarası da var və daha böyük dağıntı yaradır...

İndi müasir dövrümüz də köç tarixi yaşadır bizə. Tam bilmirik kim, hardan gəlib. Amma gəlib də. Və gəlməyimiz , getməyimiz niyə eyib sayılsın ki? Daim olubsa... Və bir-birimizə tənə edərək də yara üstünə niyə yara vururuq ki... Bir kəsim adam köç yaşananda gedib hörmətli yerlərdə yer tuta bilib. (Yəni özlərinə elə gəlir) Bir kəsimin bacarığı olmayıbsa onları incitmək lazımdı evlərindən kənarda yaşaya bilmirlərsə? Yaşayanlar doğru-düzgün yaşayır? Niyə bu qədər aqressivdilər o zaman? Rahat yaşayırsınızsa niyə belə qəzəblisiz? Yaşayın da... Niyə daim hücum əhvalındasız?

Mən həmişə xaricdə yer tutub, özünə hardasa yüksək mövqe qazananlara hörmət etmişəm. Gör nə bacarıqlı adamlardı ki, oralarda yüksələ biliblər. Amma o tərəflərdən bizə niyəsə tikanlı sözlərlə, əsəbi münasibətlə yanaşırlar... Sakit olun, ay insanlar. Hamınız getməyibsiniz, burda qalıb böyük hissəniz. Zəhər tökməyin. Burda qalanlarınıza da sirayət edəcək... Və biz nə tarixin gərdişini, nə geosiyasi situasiyanı dəyişmək qüdrətində deyilik...

Dekabristlər üsyanını bilirsiz də... Bilirsiz... Bax, o üsyan rəngli inqilabın başlanğıcı idi... Getmişdilər Parisə, qayıdanda obrozovonski olmaq istəmişdilər... Aqibətin də bilirsiz...

Sonra yenə 1905-ci il hadisələri başladı, Qapon-filan… 1917-ci il, daxili savaş. Qərb həm Leninə pul vermişdi, həm əksinə olanlara... Aqibətin bilirsiz...

Sonra İkinci Dünya savaşı... Aqibətin bilirsiz... Atom bombası ilə çıxdılar... Yenə sakitləşmirlər... Aqibət eyni olacaq...

Hərdən tarix oxumaq lazımdı… Yalan nazirliyi öz işindədir…

TƏQVİM / ARXİV