Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
Aqil Abbas "Ədalət" qəzetində yeni bir povestini dərc etdirib: "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına". Amma mən istəyirəm söhbətə yazıçının özündən başlayım. Çünki aprelin 1-də onun 70 yaşı tamam olur, bu fürsəti əldən buraxmaq istəmirəm, həm də özü deyir ki, "mənə bir yazıçı kimi sən yaxşı bələdsən, ilk hekayəmdən son povestimə qədər nə çıxıbsa, oxumusan".
Cavanlığından-tələbəlik illərindən tanıdığım, dostluq etdiyim Aqil Abbas doğrudan da aprelin 1-də -dünyanın yalan günündə Ağcabədidə anadan olub. Aprelin 1-i guya yalan, aldanıb-aldatmaq günü olsa da, bu 70 ildə Aqilin həyatı, yazıçı və jurnalist ömrü bütün yalanların üstündən xətt çəkib. Aqil düz xətt boyunca ağır addımlarla irəliyəyib, öz 70 yaşına doğru yüyürüb. Mənim yaddaşıma Aqil Abbasla bağlı çox hadisələr həkk olub, onları mən xatirəyə çevirmək istəmirəm. Çünki mənim fikrimcə, xatirəni o adam haqqında danışarlar ki, ya özü bu dünyada yoxdu, ya da qocalıb, əldən düşüb. Amma Aqil Abbasın, maşallah, cavanlığındakı kimi indi də elə gur, qaynar vaxtıdı. Yalan olmasın, indi hara boylanıramsa, Aqil Abbası görürəm. Televiziya verilişlərində, nədən danışır-danışsın, yaxşı danışır. Məbuatda, nədən yazırsa-yazsın, haqqı, ədaləti müdafiə edir, bəzən kimlərisə sancır da. Milli Məclisdə ən mühüm məsələlər müzakirə ediləndə onun da çıxışını eşidirik. Yazıçılar Birliyində və başqa-başqa ədəbi tədbirlər keçirilən təşkilatlarda o da öz sözünü deyir. Və ən başlıcası, Qarabağdan söhbət düşəndə mən Ağdamı, Şuşanı, Ağcabədini, Qədiri, Rəmişi, Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızı və bir də Aqil Abbası xatırlayıram. Çünki Aqil Abbas Qarabağla, onun keçmişi və indisi ilə ən çox bağlı olan və mənim fikrimcə, danışığından, o bölgəyə məxsus koloritindən, yumorundan, "Segah" və "Qarabağ şikəstəsi" üstündə köklənən muğam sevgisindən bəlli olan bir adamdır. Bir insan bütün Qarabağı öz varlığında yaşada bilərmi: belə adamların sayı çoxdu və Aqil Abbas da o adamların sırasında birincilərdəndir.
Aqil Abbas niyə yazıçı oldu? Mən belə uşaq-muşaq sualını Aqilə də vermərəm, özümə də. Dahi Füzulinin bir qəzəlində deyilir ki:
"Əzəl katibləri üşşaq
bəxtin qarə yazmışlar"
Yəni Allahın katibləri aşiqlərin bəxtin yazanda onlara bəxtsizlik taleyi bəxş ediblər. Aqil Abbasın taleyini də Allah yazıb. Baxıb görüb ki, bu cavan oğlanda istedad var, onun müşahidə qabiliyyəti güclüdür, sırf həyatın içindədir, tanıdığı, gördüyü insanları bədii obrazlara çevirə bilir. Ona görə də əzəl katiblərinə əmr verib ki, bu xilqətə bir qələm verin, bir da ağ kağız, yazsın-yaratsın.
Aqil Abbas əksər yazarlara məxsus tərzdə yaradıcılığına şeirlə başlayıb, onun şeirlərini mən də oxumuşam, davam etdirsəydi, sizi inandırım ki, indi tanınmış bir şair olardı. Amma Aqil Abbas şair yox, nasir və publisist oldu. Özü də yüksək səviyyədə.
Doxsanıncı illərə qədər Aqil Abbas "Evləri köndələn yar", "Xoşbəxt", "Batmanqılınc" povestlərini qələmə aldı. Və öz yaşıdları arasında seçilə bildi. Vurğunu olduğu Qədir Rüstəmovdan bir povest ərsəyə gətirdi, gənclik duyğularından ayrı bir povest qələmə aldı, XVIII əsr Qarabağın tarixi-etnoqrafk mənzərəsini əks etdirən povesti də maraqlı idi. Və bir sıra hekayələr də yazdı, imzasını hekayəçi kimi də təsdiqlədi. "Elm və həyat" jurnalında, "Sovet kəndi" qəzetində bir publisist kimi xeyli təcrübə qazandı. 90-cı illərin əvvəllərində "Ədalət" qəzetinə rəhbərlik etməyə başladı. "Ədalət" qəzeti həm məzmununa görə, həm də qəzetçilik prinsiplərinə görə müsəqillik dövrünün mahiyyətini ifadə edən ilk qəzetlərdən biri oldu. Bu qəzet sözün həqiqi mənasında Aqil Abbasın özünə oxşayır, sözü həm ciddi, həm də ironiya, yumor və satirik çalarlarla ifadə etmək mənasında "Ədalət" indi də sevilən, oxunan nəşrlərdən biridir. Aqilin "Köşə yazıları" böyük Mirzə Cəlilin, "Molla Nəsrəddin" jurnalı ənənələrinin davamı hesab oluna bilər,
Aqil Abbasın bir yazıçı kimi daha da şöhrətlənməsi, öz geniş oxucu auditoriyasını yaratması 2000-ci illərdən başlayır. "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" povestini və "Dolu" romanı nəinki Aqil Abbas yaradıcılığında, ümumən bizim müasir nəsrdə ciddi uğurlar sırasındadır. Povesti Qarabağ həqiqətini mükəmməl bir süjet daxilində oxuculara aşılayır. "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" povesti Qarabağ müharibəsi haqqında birtərəfli, səthi, yanlış təsəvvürləri aradan qaldırır. O, "Qarabağı necə xilas etmək olar" sualına cavab verərkən, igid bir sərkərdənin, yaxud qəhrəman bir döyüşçünün həyat yolunu deyil, müharibənin bütün ağırlığını, dəhşətini yaşayan bir insanın taleyini əks etdirməklə buna nail olur. Yəni demək istəyir ki, Qarabağı o zaman xilas etmək olar ki, minlərlə, onminlərlə, yüzminlərlə azərbaycanlının fikri Müəllim kimi eyni hədəfə vursun.
Aqil Abbasın "Dolu" romanına və bu əsər əsasında çəkilən bədii filmə gəldikdə isə... Son iyirmi ildə Qarabağ mövzusuna həsr olunan ən sanballı əsərlərdən biridir. Mən hörmətli həmkarım Nizami Cəfərovun bu fikriylə razıyam ki: "Dolu" ədəbiyyatımızın yeni "Qarabağnamə"sidir. "Dolu" romanı qədər həqiqətən dolu və əhatəli əsər oxumamışam. Mənim zənnimcə, bu, ilk növbədə, onunla bağlıdır ki, Aqil Abbas ümumiyyətlə Qarabağ bölgəsinin ictimai-siyasi, sosial, coğrafi mühitini çox gözəl bilir, insanları yaxşı tanıyır".
Bəs polkovniki kim öldürdü? Aqil Abbasın "Allahı qatil edənlər" romanı da var. Bu roman haqqında "525-ci qəzet"in 2015-ci il 15 may sayında bir yazı ilə çıxış etmişəm. Ona görə də qısaca deyim ki, romanda Aqil Abbas cəsarətlə içimizdəki mənfi halları qabardır, qəhrəmanlıqla antiqəhrəmanlığı qarşı-qarşıya qoyur.
Mən Aqil Abbası dramaturq kimi heç təsəvvürümə gətirməmişəm. Amma sən demə, onun içində bir dramaturq da mürgüləyirmiş və Aqil, Mirzə Cəlilin "Ölülər" komediyasından ruhlanıb, özünün "Ölülər"ini yazdı. Mirzə Cəlilin "Ölülər" komediyasının süjetini, oradakı məlum vaqiəni yeni variantda işləyən Aqil Abbas müasir dövrün həqiqətlərini qələmə alıb. Şeyx Nəsrullahın "marşrutu" Xorasandan başlamışdı və bir müsəlman kəndini seçmişdi ki, avam camaatın başını piyləsin, onları cənnət və cəhənnəm haqqında cəfəng xülyalarına inandırsın, hər gecə bir azyaşlı qız uşağının gələcəyini qaraltsın. Aqilin "Ölülər"ində isə cənab Tasye Fransadan gəlib, çadır şəhərciyinə yol alıb ki, ATƏT adından sadəlövh qaçqınları inandırsın ki, Avropanın güclü dövlətləri Azərbaycanın Qarabağ dərdinə şərikdir. Mirzə Cəlilin "Ölülər"ində olduğu kimi, cənab Tasye də yalanlarının üstünün açılacağını görüb qaçır. Və Aqilin pyesi də İskəndərin monoloqu ilə bitir: "Siz bunların ayağının altında qurbanlar kəsməklə, ciblərini doldurmaqla elə bilirsiniz ATƏT-in tulaları Qarabağı ermənilərdən alıb verəcəklər sizə?"
Nəhayət, bu yazıda vaxt-vədə yetişdi, istəyirəm Aqil Abbasın "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına..." adlı, hələlik sonuncu povestindən də söz açım. Aqil bu povesti Abdal-Gülablı Şakirin xatirəsinə həsr edib. Aqilin öz roman, povest və hekayələrində əksər hallarda onun qəhrəmanları özünün yaxşı tanıdığı insanlardır. Abdal-Gülablı Şakir də öz məzəsi, zarafatları və çaldığı qarmonu ilə birgə Aqilin povestinə gəlir. Aqil özündən - öz bədii təxəyyülündən heç bir uydurma obraz yaratmır, Abdal-Gülablı Şakiri necə varsa, eləcə təsvir edir. Amma təbii ki, Aqil Abbas qələmi ilə.
Povesti oxuyursan və ilk növbədə, onun üslubunu - deyim tərzini müəyyənləşdirmək istəyirsən. Şakirin hərəkətləri səndə gülüş doğurur, Qarabağda belə şux zarafatları, məzəsi ilə, həm də sözünün kəsəri ilə diqqəti cəlb edən adamlar çox olub. Şakir də onlardan biri və Aqil Abbasa məxsus olan yumor səriştəsi burada birə beş hərəkətdədir. Amma əsərdə gülüşlə yanaşı, faciə məqamları ilə də üz-üzə gəlirsən. Əsərdə təsvir olunan hadisələrin zamanı və məkanı səni doxsanıncı illərə çəkib aparır. Birinci Qarabağ müharibəsindəki ağır illər, qaçqınlıq, köçkünlük həyatı, kəndlərini tərk edib Bakıdakı yataqxanalara sığınan insanların keçirdiyi əzablar... Bütün bunlar indi arxada-ötən illərdə qalsa da, heç vaxt unudulmur. Povestdə biz Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Rəmiş, elə Aqil Abbasın özü ilə bağlı epizodlara da rast gəlirik. Təbii ki, olan əhvalatlardı.
Şakir obrazı ilə Aqil Abbas təkcə deyib-gülən, zarafatları ilə hamıya gülüş bəxş edən bir obraz - özü də naturadan gələn obraz yaratmayıb, həm də mükəmməl bir qarabağlı obrazı canlandırıb. Əsəri siz də oxuyun və görəcəksiniz ki, əsl qarabağlı necə olur. Şakir Bakıdakı, özünün olmayan evində - yataqxanada sıxılır, ürəyi həmişə Qarabağa doğru uçur və günlərin birində həyat yoldaşını da götürüb yola düşür Qarabağa. "Saa qurban olum, Qarabağ havası". Vaxtilə erməni Suren Şakirə öz minik maşınını vermişdi və Şakir həmişə o maşında erməni iyini hiss edir, sonda o maşını yandırır. Amma "Qarabağdan hələ erməni iyi gəlirdi. Gün gələcəkdi, məktəbdə qız üstə dalaşan oğlanlar heç üstündə dalaşdıqları qızları öpməmiş əsgər paltarı geyəcəkdilər, analarının müqəddəs bətnində mışıl-mışıl yatan balalar doğulacaqlı, özlərindən əvvəl doğulanlar kimi, analarının döşündən Vətən əməcəkdilər, sonra da böyüyüb kişi olacaqdılar və gedəcəkdilər Qarabağdan erməni iyini təmizləməyə". Əsər belə nikbin bir sonluqla bitir.
Aqil Abbas yetmiş yaşına çatır. Yazıçı və əsl ziyalı kimi hələ görəcəyi çox işlər, yazacağı çox əsərlər var. Bu yolda ona uğurlar!