Aqşin: "Qorxduğum sözü yazmıram."

AQŞİN YENİSEY
70753 | 2012-11-21 11:44
Tanınmış şair Aqşin Yeniseyin ANN.Az portalına müsahibəsi



- Niyə məhz Yenisey?



- "Alma" qəzetinin ilk vaxtlarında muğam haqda bir yazı yazmışdım. Bu yazı xeyli rezonans doğurdu. Hətta bəzi muğam ifaçları Mətbuat Klubuna yığışaraq mənə qarşı öz etirazlarını bildirdilər. Buna görə qəzetdə yazılarıma "embarqo" qoydular. Redaktor dostum Zahir Əzəmət dedi ki, gizli imzayla yaz, qonorar almaq üçün. Mən də fikirləşdim ki, hansı imza ilə yazım. Birdən ağlıma "Yenisey" imzası gəldi. Bundan sonra "Alma" qəzetində bu imzayla yazdım. Sonra biri yazmışdı ki, "Yenisey" elə Aqşindir, öz adıyla yazmaqdan qorxduğu üçün bu imzayla yazır. Mən də bundan sonra bu ləqəbi öz adıma birləşdirdim. Bildirdim ki, öz adımla yazı yazmaqdan qorxmuram. Ya da qorxduğum sözü yazmıram.



- Ümumiyyətlə, yazıçı olanda ləqəb götürmək vacibdir?



- Yox, vacib deyil. Amma yazıçını bundan məhrum eləmək də düzgün deyil. Dünyada elə yazıçılar var ki, öz həqiqi adlarından imtina ediblər. Məsələn, "Volter" təxəllüsü ilə yazılar yazan dünyaca məşhur Fransız maarifçisi Fransua-Mari Aruedir. Ya da elə yazıçılar var ki, onlar iki yüzə yaxın imza ilə yazıblar. Elə bizim Cəlil Məmmədquluzadə 15-20-yə yaxın imza ilə yazıb. Yəni cəmiyyət elə bir vəziyyətə gəlib çatmalıdır ki, yazıçını öz adıyla tanısın. Yazıçı çox vaxt cəmiyyətdən gizlənmək məcburiyyətində qalır. Çünki onun yazdığı həqiqətlər cəmiyyətin gizlətmək istədiyi həqiqətlərdir. Yazıçı isə bunu açıb-ağardır. İnsanlar həmişə istəyirlər ki, bu həqiqətlər gizlində qalsın. Belə olan halda cəmiyyətlə yazar arasında qarşıdurma yaranır. Ona görə yazıçı məhkumdur ki, öz adını gizli saxlamağa çalışsın. Nəyə görə? Həqiqətləri yazmaqdan ötrü. Bir dəfə sual vermişdilər ki, siz "Cənnətdə terror aksiyası" kitabında nə demək istəmisiniz? Mən də qısaca cavab verdim ki, mən bu kitabda hamının gördüyü, lakin gizlətməyə çalışdığı Azərbaycanı göstərməyə çalışmışam. Amma öz imzamla yazmışam. Hiss etsəydim ki, bu kitaba görə məni öldürə, həbs edə bilərlər, məcbur qalıb başqa imza ilə yazacaqdım. Çünki mənim borcum reallıqları yazmaqdır. İki cür yazar var. Biri göyə baxan, digəri isə yerə baxan.



- Siz bunlardan hansısız?



- Mən yerə baxan yazıçıyam. 1980-ci illərin yazıçı və şairləri öz içlərini yazırdılar. Bununla da fəxr edirdilər. Amma mənə elə gəlir ki, mənim içim oxucu üçün maraqlı deyil. Mən çöldəki insanı yazıram. Mənə oxşamayan insanı yazıram. Fuzuli öz içini yazırdı, amma Nəsimi bəşəriyyəti yazırdı.



- Necə təqdim olunmanızı istəyirsiz?



- Heç bir əlavəyə ehtiyac yoxdur, sadəcə Aqşin. Mən gəlin deyiləm ki, böyrümü-başımı bəzəsinlər.



- Digər yazarlara nisbətən sizin yazılarınız daha çox əks-səda doğurur. Bəzən də tənqidlər çox olur. Səbəb nədir?



- Mən bu barədə çox fikirləşmişəm. Məsələ bundadır ki, bizim kitablarımızın bir cümləsini oxuyub onu yandıranlar, zibil qutusuna atanlar dünya ədəbiyyatıyla tanış olmayan adamlardır. Mənə irad tuturlar ki, niyə sən "Cənnətdə terror aksiyası" kitabında vulqar ifadələr işlətmisən. Məsələn, dünyaca məhşur Nabokovun "Lolita" əsəri var. Bu əsərin məğzi vulqardır. Yəni 12 yaşında bir qız 45-50 yaşlı bir kişiylə sevişir. Bu əsər sevgi melodramıdır. Ama bizim oxucular cümlədə bir erotik sözü belə bizə irad tuturlar. Halbuki onların öz həyatları başdan-ayağa vulqardı. İstər siyasətdə, istərsə də biznes sahəsində. Yəni Azərbaycan oxucusu gündəlik həyatda törətdikləri eybəcərlikləri ədəbiyyatda görəndə əsəbiləşirlər. Bizim oxucu dediyimiz bu adamlar bir filmə baxanda fikirləri yalnız onda olur ki, sevişmə səhnələri olacaqmı və haçan olacaq. Amma bunu ədəbiyyatda, kağız üzərində görəndə əsəbləşirlər. Çünki kağız, yazı tarixdir. Bizi tənqid edənlər öz eybəcərliklərinin tarixə çevrilməsini istəmirlər. Onlar istəyirlər ki, bu eybəcərliklər evdə qalsın. Bu da yəqin bizim köçəri təfəkkürümzdən irəli gəlir. Çünki köçərilərin yazı mədəniyyəti olmayıb. Onlar, adətən, folklorla yaşayıblar. Buna görə də oxucuların əksəriyyəti bizi tənqid edir. Bəlkə də səhv düşünürəm, amma mənə elə gəlir ki, məsələnin kökü Azərbaycan oxucusunun öz iyrəncliklərini kitabda, yazıda görəndə qorxmasındadır.



- Kitablarınızın satışından nə qədər pul qazandınız?



- Mən "Bizim eradan əvvəl" və "Cənnətdə terror aksiyası"ndan bir qara qəpik də qazanmamışam. Amma mənim ilk çıxmış bir şeir kitabım var idi, "Unutmaq sözünün şəkli". Rusiyada yaşayan əmim o kitabı oxuyub mənə Bakıda ev aldı. Yəni kitab çapından qazancım yalnız əmimin mənə aldığı ev olub. O da əmimin rus düşüncəli olmasından irəli gəlir. Yəni baxıb görüb ki, kitab yazıram, oxuyuram, düşünüb ki, yaxşı adam olar bu.



- Azərbaycanda sırf yazıçılıqla məşğul olub dolanmaq olarmı?



- Yazıçılığın fırıldaqçılığı ilə dolanmaq olar. Amma həqiqi yazıçılıqla məşğul olmaqla nəinki ailə saxlamaq, heç siqaret də almaq olmaz.



- Yazıçılığın fırıldağçılığı deyəndə nəyi nəzərdə tutursunuz?



- Məsələn, bir qızla oğlanın seks həyatını yazsan, əksəriyyət alıb oxuyacaq. Azərbaycan cəmiyyəti seksdən mərhum cəmiyyətdir deyə hamının seksual yanğısı var. Sən istedadını bu yönə sərf eləsən, cəmiyyət səni dolandıracaq. Mən də seksual kitab yazsam, onu çox adam oxuyacaq və orda heç mənim imzamın da əhəmiyyəti olmayacaq. Yay gələndə savannalardakı heyvanlar harasa bir yerə su içməyə axışılar. Hətta timsahları da tapdayıb öz susuzluqlarını yatırılar. Susuzluq bunları o qədər yandırır ki, ölüm qorxusu belə yadlarından çıxır. Ancaq mən öz istedadıma xəyanət edə bilmərəm. Mənim mövzularım cəmiyyətin mövzularından təmamilə fərqlənir. Mənim öz mövzularım var. Sifarişlə yazanda mənim qələmim yazmır. İstər bu sifarişi cəmiyət vermiş olsun, istərsə də hakimiyyət. Əslində, dünyanın heç bir yerində ciddi ədəbiyyatla dolanmaq mükün deyil. Siz elə bilirsiniz ki, Fransada yaxşı yazıçılar yaxşı yaşayırlar? Bütün günü zirzəmilərdə araq içirlər.



- Uzun zamandır yeni kitabınız nəşr olunmur. Nəylə bağlıdır bu?



- Kompüterimdə 250-300 səifəlik seir kitabım var. Amma daxili impuls yoxdur çap elətdirməyə. Tutaq ki, bir qadındır, bətnində uşağı var, onu vaxtından əvvəl dünyaya gətirmək istəyir. Necə edə bilər bunu? Gərək doqquz ay başa çatsın axı. Mənim kitab çap elətdirməməyimin birinci səbəbi budur ki, bu, beynimdə yetişməyib. Mənə elə gəlir ki, o kitab hələ qalmalıdır.



- Əsərlərinizdə həyatda baş vermiş hadisələr daha çoxdur, yoxsa süjetləriniz daha çox sizin təxəyyülünüzün məhsuludur?



- Yazıçıda təxyüllə reallıq mütləq nigaha girməlidir. Hansı mətndə bu yoxdursa, o mətn axsayacaq. Sırf reallığı yazmaq foto çəkmək kimi bir şeydir. Onsuz da bunu hamı görür də. Yazıçı yazdığı mətnə öz canından, təxəyyülündən, müşahidələrindən, öz istedadından mütləq nəsə qatmalıdır. Sırf reallığı yazmaq fotoqraf olmaq kimi bir şeydir. Yazıçı elə ona görə yazıçıdır ki, özündən ora nəsə qatır. Kənd yerlərində çörək xəmirini qıcqırtmaq üçün droj qatırlar. Yazıçıda droj yoxdursa, onun xəmiri heç vaxt qıcqırmayacaq və o da çörək bişirə bilməyəcək.



- Yaratdığınız obrazlardan sizə ən doğma olanı hansıdır?



- Mənim indiyə kimi çap olunmuş 70-ə yaxın şeirim var. Amma xoşuma gələnlərin, özümün şeir hesab elədiklərimin sayı 20-25 ancaq olar. Necə ki, Fazil Nəcib Qısakürək ömrünün sonunda bütün kitablarını saf-çürük eləyib bircə "Çilə" kitabını seçdi, qalanlarındansa imtina etdi. Bildirdi ki, Qısakürək adında şairi tanımaq istəyirsinizsə, ancaq bu kitabı oxuyun. Həmin vaxta qədər onun iyirmiyə yaxın kitabı çap olunmuşdu. Birdən sabah mən də ölüm ayağında olsam, o yetmiş şeirdən yalnız iyirmisinin altına öz imzamı qoyub deyərəm ki, məni tanımaq istəyirsinizsə, bu şeirləri oxuyun. Yerdə qalanlar mənimkilər deyil, onları ayrı Aqşin Yenisey yazıb.



- Jurnalistlər haqqında o qədər də yüksək fikirdə deyilsiz, amma özünüz də qəzetlərə yazılar yazırsız. Nə üçün?



- Mən bütövlükdə jurnalistika haqqında demirəm o fikirləri. Bizdə ədəbi jurnalistika zəifdir. Şairi, yazıçını danışdıra bilən jurnalist azdı. Məsələn, mən Ramiz Rövşəndən, Vaqif Bayatlıdan, Musa Yaqubdan, Əkrəm Əylislidən müsahibə götürəsi olsam, şairdən soruşulası suallarla gedərəm onlarn üstünə. Bizdə şairdən soruşurlar ki, bir də dünyaya gəlsəydiniz şair olardınızmı, ilk dəfə şerlərinizi kim çap edib, kimlər qayğınıza qalıb. Bunlar ədəbiyyat sualları deyil. Yazıçını, şairi danışdırmaq elə də asan məsələ deyil. Bu yaxınlarda bir jurnalist efirə çağırmışdı məni. Orda sual verdi ki, diş ağrısının qarşısını necə almaq olar (gülür). Başa düşə bilmirəm mən kiməm: diş həkimi, yoxsa yazar. Mən bu sarıdan deyirəm ki, yazıçını, şairi danışdıracaq jurnalistika yoxdur.



- Yazılarınızı göndərdiyiniz sayt və qəzetlərin mövqeyinə uyğun yazırsınız, yoxsa onları olduğu kimi dərc edirlər? Yəni sizin üçün qonarar vacibdir, yoxsa şəxsi mövqeniz?



- Dolanışıq xatirinə məcburuq ki, yetmişin otuza nisbətinə razılaşaq. Yəni 70 faiz mənim mövqeyim, 30 faiz də nəşr orqanının mövqeyi olur. Mən bu şərtlə razılaşıram. Bir məhşur söz var ? "Ehtiyac qul edər qəhrəmanı da". Mən səmimi etiraf edirəm ki, ac qalmaqdan qorxuram. Buna görə hansısa mətbuat orqanına yazı yazanda dediyim nisbəti qoruyuram. Çünki başqa çıxış yolumuz yoxdur. Mənim şeirlərimə Azərbaycanda bir qara qəpik də verən yoxdur və mən köşə yazmağa məcburam. Evə gedəndə çörək ala biməsəm də, heç olmasa siqaret ala bilim. Şairə siqaret çörəkdən daha vacibdir. Hələ arağı demirəm (gülür).



- Yazanda oxucuların zövqünü də nəzərə alırsız, yoxsa özünüzə necə rahatdırsa elə yazırsız?



- Mənim elə yazılarım olub ki, nəinki mənə rahatlıq, əksinə, narahatlıq gətirib. İntihara qədər düşünməyə məcbur edib məni. Amma mən əvvəlcə öz xoşuma gələni yazıram. Bütün oxucularımı özüm kimi təsəvvür edirəm. Düşünürəm ki, bu mənim xoşuma gəlibsə, demək, mənim oxucumun da xoşuna gələcək. Yox, xoşuna gəlməyəcəksə, demək, o mənim oxucum deyil. Bu çox sadə, bəsit bir həqiqətdir.



- Gənc yazarlardan kimləri oxuyursunuz?



- Mən, demək olar, hamını oxuyuram. Azərbaycanda çıxan yeni ədəbiyyat nümunələrinin hamısını oxuyuram. Çünki bu mənim borcumdur. Mən öz müasirlərimi tanımalıyam. Bəyəndiklərim də var, bəyənmədiklərim də. Şəxsi münasibətlərə görə ad çəkmək istəmirəm.



- Hobbiniz varmı?



- Şairin hobbisi içmək, kitab oxumaq olar. Başqa elə bir hobbim yoxdur. Amma şahmat, nərd oynamağı sevən şairlərimiz var. Yəni bu adamlar səhər durub üzlərini qırxılar, ətirlənib, qalstuklarını taxıb gedirlər nərd oynamağa.



- Yazılarınızda içki söhbəti çoxdur. Özünüz necə, çox içirsiz?



- Çox içirəm deməzdim. Bizi çox içizdirirlər. Yəni Azərbaycan bizi çox içizdirir. Öz başımıza qalsaq, bəlkə də dindar olarıq. Amma ölkənin, cəmiyyətin vəziyyətinə baxanda içməmək olmur. Mən bir dəfə də demişdim ki, içki mənim üçün əyləncə vasitəsi deyil, yaşamaq üçün bir vasitədir. Onsuz sinirlərimi sakitləşdirə bilmərəm, məcburam içəm.



- Daha çox hansı içkilərə üstünlük verirsiz? Tanınmış brendləri, yoxsa fərq eləmir?



- O baxır günün və cibin vəziyyətinə. Vəziyyət yaxşıdısa, içki də yaxşılarından ola bilər. Yox, əgər gün və cib qaydasında deyilsə, neft də içmək olar.

Elkin Xəlilov ANN.Az

TƏQVİM / ARXİV