Biz dostlarımızın yanındayıq - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
360 | 2024-11-22 12:51

Həm də bütün zamanlarda

Hər səhər gözümün yuxusunu qovub əlimi Tanrıya açıram. Açılan səhərə, gələn günə dualarla və həmin o məqamda da ağlımdan ilk gəlib keçən də təbii ki, bir bəndə olaraq başlanan günün cizgilərini düşünməkdir. Yəni hardan, nədən başlayıb, hərdan nədə günə nöqtə qoyacağımı içimdən keçirirəm. Bir az da sadə şəkildə ifadə etsəm, özüm üçün günün şəklini çəkirəm, rəsmini cızıram və beləcə başlayır açılan sabahla yeni iş günü. Əslinə qalanda indiki  zaman kəsiyində “nə işim iş deyil, nə də əlim boş deyil”. Bu, atalardan qalan bir deyim olsa da, amma indiki halda mənim həyatımın gerçək ifadəsidir. Xüsusilə ona görə ki, dünyanın özündə baş verənləri, həyatın özündəki reallıqları dərk etdikcə nəyin qulpundan yapışmağın daha vacib olduğunu artıq qərarlaşdırmaq çətinləşib mənim üçün. Yəni demək istədiyim odur ki, nə ürəyimdən keçir, nə etməyə marağım, həvəsim varsa, onlara əlim çatmır, onlara gücüm yetmir və məcburi qaydada gündəlik, ümumi, necə deyərlər sıradan olan işlərin qulpundan tuturam. Bu da həyat zərurətidi və burda da atalardan qalma Sovet dönəmində isə şüara çevrilən bir deyim yada düşür. Əgər xatırlayırsınızsa, Sovet dönəmində hər yerdə böyük hərflərlə yazılmış bir şüar var idi:

- İşləməyən dişləməz!

Mən xatırladım və sizə də xatırlatdım. Düşünürəm ki, bu xatırlatma müəyyən bir assosiasiya yaratdı. Axı indi dişləməyən və əvəzində dişləyən o qədər var ki. Deyə bilərsiniz ki, özəl sektordu, özəl həyatdı. Necə deyərlər, hər kəs öz bacarığı ilə, öz fəndkirliyi ilə tutub zamanın nəbzini. Zaman onların zamanıdı! Mən, sən, bütövlükdə biz isə hələ zamanımızı gözləyirik. Bunun da nə vaxt gələcəyi və yaxud da bizim o zamanı görə biləcəyimizi öncədən söyləmək indiki halda mənim üçün mümkünsüzdü. Görünən, bilinən və bir az da gerçək odur ki, mən o zamanın adamı deyiləm. Ona görə də hərdən öz-özümə pıçıldayıram:

 

Özüm - özümə deyirəm -

Hər kəsə bəlli Adamam!

Düzdü, bir az qəm geyirəm -

Bir az təsəlli, adamam!..

 

Yüküm fikir, çuxam kədər

Dürməyimdə yuxam - kədər!..

Gücüm çatmır yıxam, kədər

Deyəm, beş əlli adamam!

 

Elə bəlli yolum, izim

Yer öpməkdən qabar dizim!

Doğulandan birdi üzüm -

Sözlü, məsəlli adamam!

 

Hər kiməmsə, ya nəyəmsə

Sözə nökər, ya bəyəmsə...

And yerim məni bəyənsə -

Görər kəsərli Adamam!..

 

Belə olduğu halda zamandan, dünyadan və bir də Allahdan inciməyə, küsməyə yer qalmır. Ən azından ona görə ki, bir varlıq olaraq çabalamaq, çarpışmaq, dişlə, dırnaqla da olsa yaşam haqqını əldə etmək hər kəsin boynunun borcudu. Bax, elə bu müstəvidə də kimsəni qınamaqdan, ittiham etməkdən həmişə uzaq olmuşam və bu gün də uzağam. Yeganə diləyim, istəyim Allah bəndəsinə ürəyinə görə hər şeyə - yəni Haqqa qovuşmasını arzulamaq istəyim olub. Lap açığı, əlimdən gələn hər kəsə "Allah ürəyincə versin" deməkdir. Mən də bunu bacarıram və bu bacarığımdan da heç zaman geri addım atmamışam.

Yaşadığım bu günün mənzərəsi hamıya aid olan məmləkətdə bəlli tarazlığın, bəlli həyat tərzinin payıma düşən hissəsi ilə baş başa qalmaqdır. Necə deyərlər, əgər durduğum yer kimisə rahatsız etmirsə, başını salıb aşağı üzərimə düşən vəzifəni, boynuma düşən öhdəliyi yerinə yetirməyə çalışıram. Necə alınır və yaxud  alınmır, bu, artıq ikinci söhbətdir. Onu görənlər, dəyər verənlər daha yaxşı bilirlər. Nə isə...

Bir söz adamı olaraq məni daha çox ilgiləndirən, necə deyərlər, yaralı yerim olan mətbuatın, xüsusilə, yazılı mətbuatın bu gün yaşadığı sıxıntıdı. Ona olan biganəlikdi, ögey münasibətdi. Yəni faktiki olaraq 44 ildir ki, yazılı mətbuatla nəfəs alıram və mən bu 44 ildə heç vaxt indiki qədər yazılı mətbuata soyuq münasibətin şahidi olmamışam. Bilmirəm, bu, elmi-texniki tərəqqinin və bəzilərinin dediyi kimi, elektron medianın gücünün çevikliyinin bəhrəsidi, yoxsa hansısa bir nöqtədən, hansısa bir baxış bucağından qəzetlərə edilən basqının diktəsidir. Hər halda hardan və nədən qaynaqlanmasından asılı olmayaraq, bu bir gerçəklikdir ki, böyük və dahi şairimiz Mirzə Ələkbər Sabirin dediyi kimi, "Düşdü bütün qəzetlər qiymətdən" gerçəkliyi tarixin bu nöqtəsində də təkrarlanır. Yeri gəlmişkən, həmin şeiri gəlin birlikdə bir də oxuyaq:

 

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!....

 

Qıl yaymayırdı əsla zalımların gözündən,

Rüsvay idik cahanda məlunların sözündən,

Ax, ax! Nə yaxşı oldu, iş düşdü öz-özündən,

Əlləşməmiş qurtardıq zəhmətdən, ay can, ay can!....

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

 

Badi-səba, apar ver, Molla Qəvama müjdə,

Yazsın, de, Lənkəranda Molla Səlama müjdə,

Söylə, o da yetirsin cümlə əvama müjdə;

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

Munbərdə rəqsə gəlsin behcətdən, ay can, ay can!....

 

Ərz et bəşarət ilə Qafqaydakı vücudə:

Jurnal, qəzet qapandı, durma, yıxıl sücudə,

Hər nə bilirsən eylə qeybətdə, rübərüdə,

Yazmaz dəxi yazanlar bidətdən, ay can, ay can!....

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

 

Get Qübbəyə səlam et Molla Hacı Babayə,

Söylə tutuldu cumlə jurnal, qəzet vəbayə,

Mömün müridlər ilə dur qoş səda-sədayə,

Ümmətlərin yığılsın hər kətdən, ay can, ay can!....

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

 

Yatdı qəzet yazanlar, fursət dəxi sizindir,

Qarşıda var orucluq, söhbət dəxi sizindir,

Məsciddə mənbər üzrə lənət dəxi sizindir,

Ayrılmayın ölüncə lənətdən, ay can, ay can!....

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

 

Yaxşı deyiblər və bu gün də deyirlər ki:

- Deyilən, yazılan söz yadigardır!!!

Bəli, ruhun şad olsun, Mirzə Ələkbər! Ruhuna sonsuz ehtiramlar və salamlar, böyük Sabir! Yəqin ki, indi sənin də ruhun sevindi və həm də narahat oldu. Amma bir halda ki, bu xalq, indiki məqamda isə gerçək qəzetçilər səni xatırlayırlarsa, deməli hələ yaşamağa dəyər, yazmağa dəyər. Və deməli, həyat davam edir.  Kim necə adam olmasından asılı olmayaraq, hər birimiz nədə və harda nəyin və hara qədər məsuliyyətini dərk edirik, üzərimizdə hiss ediriksə, deməli, söz də bura qədər dəyərlidir və məsuliyyətlidir. Bu gün üçün sıxıntı yaşayan qəzetlər və gerçək qəzetçilər hər zaman bir faktla özlərini güvənli sayıblar. Bu faktı da hamı bilir və  bildiyini də böyük ürəklə təkrarlayır. Mən də indi  təkrar etmək istəyirəm. Və bu istəyimdə də bir məqsəd var ki, hər kəs xatırlasın və bilsin:

- Ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev cənabları mətbuatın DOSTU olub.

- Azərbaycan Prezidenti, xilaskar Ali Baş Komandan, cənab İlham Əliyev mətbuatın DOSTUDUR!

- Azərbaycan Respublikasının Vitse-Prezidenti, Birinci xanım Mehriban Əliyeva mətbuatın DOSTUDUR!

Və nəhayət Azərbaycan xalqı öz mətbuatını sevir və onun yanındadır!

Bax, bu xatırlatmalarla mən də demək istəyirəm ki, bizim DOSTUMUZ olanlar bu gün də, sabah da və bütün zamanlarda bizim sadiqliyimizin şahidi olacaqlar. Biz dostlarımıza güvənirik və onların yanındayıq.

 

TƏQVİM / ARXİV