İsti bir söhbətdən fraqment - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
340 | 2024-11-25 14:02

Söz məkanı o qədər rəngarəng, o qədər diqqət çəkəndir ki, az-çox hissi, duyğusu olan istənilən Allah bəndəsi bu məkanda mütləq nəyəsə ilişib qalır, nəyinsə təsiri altına düşür və yaxud da nəyisə yenidən digərlərinə təqdim edir. Özü də yeni formada, yeni məzmunda, yeni görünüşdə. Bu mənada söz adamlarının bəxti daha çox gətirir. Çünki onlar söz meydanında söz adamı olaraq sözü daha yaxşı görür, sözün qatlarına daha çox baş vururlar. Bu qarşılıqlı anlaşma, qarşılıqlı təmas sözdən yeni söz yaradır. Söz şaxələnir, təravətlənir, cilalanır, mənzərə də dəyişir, mahiyyət də dəyişir. Hətta bəzən mənə o qədər yeni və tər olur ki, qarşısında susursan…

Dəyərli qələm dostum, söznən öz içində, öz aləmində dost olan, yoldaşlıq edən, sirdaşlıq edən, hətta bir-birinin qoluna girib ağır-ağır, yeni-yeni mənzillərə doğru yol gedən Nurhafiz Azərbaycan oxucusunun yaxşı tanıdığı, amma seyrək görüşdüyü şairlərimizdən biridir. Ona görə «seyrək» sözündən istifadə edirəm ki, Nurhafiz istər sosial şəbəkədə, istər mətbuatda hər gün görünmək, hər gün təmas qurmaq istəyinə qarşı bir az soyuqqanlıdır. Necə deyərlər, söz onu «dəli» etməyənə qədər susur, gözləyir və içində yazdıqlarını vaxtın tamamında onun təbirincə desək, şeir dünyaya gəlməyə hazır olanda onu yayımlayır, sərgiləyir. Mən şəxsiyyətini də, varlığını da, sözünü də çox doğma saydığım Nurafizlə az-az görüşsəm də, amma məndə olan kitabları ilə, mətbuatda yayımlanan şeirləri ilə tez-tez pıçıldaşıram və hər görüşüm də məndə həm onun özünə, həm də sözünə doğmalığı bir az da açıq desəm, dost vurğunluğunu artırır. Şeirlərini oxuyanda ruhən rahatlanıram. Hərdən hətta ipucunu tapa bilmədiyim hansısa fikrin qıfıl bəndini tapmış kimi sevinirəm. Ona görə ki, Nurafizin mütaliə etdiyim şeiri mənə ipucu verir, əlimdən tutur və mənim də yeni bir şeirim, yeni bir yazım ortaya çıxır.

Bax, elə bilgisayara yaxınlaşar-yaxınlaşmaz hardasa bir qeybdən gələn səs kimi eşitdim onun səsini. Elə bildim ki, çağırır və mən o çağırışa qulaq verənə kimi artıq kitabını vərəqləməyə başlamışdım. Nurafiz yazmışdı ki:

 

Gəlsən…geri dönməyə

Güman yerin qaldımı?

Göy ilə əlləşirdin,

Göyqurşağı yoldumu?

 

Geri boş, ön ayrılıq,

Gərək tapsın özünü.

Göz yaşıyla örtməyə

Gümanı yox, üzünü.

 

Gözlərinin içiylə

Gedən yoldu bu ahlar.

Getdin, məni qəm uddu,

Gəl, uduzsun günahlar.

 

Yəqin siz də oxudunuz şeiri. Və yəqin ki, bizim həm sevincə, həm qəmə bükən, bələyən hisslərin siz də özü ilə birlikdə nələr gətirib nələr apardığını bilirsiz. Amma içi mən qarışıq bəlkə də çoxlarınız bu gəlişdə-gedişdə kimin udub kimin uduzduğunun fərqinə varmamışıq. Amma Nurhafiz bilib ruh dünyasında, söz məkanında baş verən bu gəliş-gedişin təlatümünü. Ona görə də onu udan qəmdən xilasın, özünə dönüşün yolunu da tapıb. Və üzünü sənə tutub deyib ki, gəl, uduzsun günahlar!!!

Zənnimcə, bundan yaxşı sonluq, bundan önəmli və hər iki tərəf üçün çıxış yolu olacaq dəqiq qərar vermək mümkün deyil. Bu qərarı bütün varlığı ilə səni sevən, sənə bağlı olan bilər. Bax, bu məqamda həmin şəxs, həmin sevgi günahı və qurbanı, həm də xilaskarı Nurhafizdir!

Bəli, mən yazımın əvvəlində vurğuladım ki, Nurafiz oxucularla seyrək görüşür. Və onu da vurğuladım ki, görüşə gələndə də, necə deyərlər, samballı, tutarlı yüklə gəlir. Yəni fikir, məntiq, ruh, təsvir və təqdim yükü ilə. Bunların içərisində özəl yeri olan isə səmimiyyət və yığcamlıqdır, konkretlikdir. Elə bu günlərdə sosial şəbəkədə mən Nurafizin Xəqani Qayıblıya ünvanladığı şeirini oxudum. Dostunun doğum gününə hədiyyə etdiyi bu şeirin təravəti, bir də içdən gəlməsi təbii ki, həmişəki kimi, tutdu məni. Bax, elə o «tutdu» da məni Nurafizlə bir də bilgisayar arxasında oturub həmsöhbət olmağa vadar etdi. Çəkinmədim bu söhbətdən, oturdum və ürəyimdə olanların bir qismini köçürtdüm bilgisayara. Amma fikirlərimə təsdiq, həm də nöqtə kimi Nurafizin son şeirini də çəkib qoydum ortaya. İstədim ki, söhbətimizin sonluğunda siz də oxuyasınız bu şeiri:

 

Eh…Sığınıb içinə

Gedəsən uzaqlara.

Xatirəni geyinib

Düşəsən sazaqlara.

 

Özündən çıxıb göyə

Tapasan mələkləri.

Üşüyən fikirlərə

Qoşasan küləkləri.

 

Yaddaşından qayıdıb

Yollanasan geriyə.

Göz yaşını siləsən,

Barmaqların kiriyə.

 

Üzü qara qürbətin

Ağ sığalı saçında.

Təntiyəndə, nədəndir?

Ovunursan acında?

 

Darıxanda,- demişdin,-

Qürbət sevir adamı.

Gecə dönür çarmıxa,

Başlanır söz edamı.

 

Fikrimə düşən dəni

Dənlədikcə qu gecə,

Hardan gəldi ağlıma

Bu xam hava, bu gecə?

 

Sağ ol. Sabahlarının

Üzü xeyirə qalsın!

Bu da bir məktub idi…

Gecən şeirə qalsın!!!

 

P.S. Bəli, özüm də bilmədən, yəni əvvəlcədən hazırlaşmadan dost səsinin işığında yazdığım bu balaca, isti yazı  payızın son ayında yəqin ki, dostumun qəlbini isidəcəkdir

TƏQVİM / ARXİV