Bizi gözləyən sevgi - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
851 | 2024-10-24 15:12

Məlum olduğu kimi insan da təbiətin bir parçasıdı, bir hissəsidi və elə təbiətə dəyər verən də, onu qoruyan da, bəzən məhv edən də yenə insandı. Ona görə də insanla təbiəti bir-birindən ayrı təsəvvür etmək mümkün deyil və təbiətin insana verdikləri, insanı əhatə edərək onu ayaqda saxlaması bəlkə də bu istəyə qarşılıq  olaraq  insanın içərisində onun üçün ən əziz olan Ana sözünü, Ana müraciət formasını da qazanıb. Yəni biz bir insan olaraq Ana təbiət, Ana Vətən deyirik. Bu müraciətlər artıq təbiətin bizə nə qədər doğma olduğunu özü-özlüyündə büruzə verir.

Vurğuladığım kimi, təbiətin bir hissəsi olan insan həmin o gözəlliyi öz ruhuna, varlığına, həyatına köçürəndə bir daxili harmoniya yaranır, bir tamlıq çıxır ortaya. Həmin o tamlığın, kamilliyin, bütövlüyün cizgiləri də insanın səsində, sözündə, daxili və xarici cizgilərində öz əksini tapır. Təsadüfi deyil ki, təbiətin bizə bəxş etdiyi suyu ,unudulmaz Əli Kərim gözəlliklə paralel tutaraq pıçıldayır ki:

Gözəl qız, sən saf susan! – deyib.

Görün təbiət nə qədər önəmlidir ki, şair məhz o gözəlliyin sinonimi kimi saf suyu şeirə gətirib, oxucuya təqdim edibdi. Elə mən də həmin duyğuların içərisində öz sevgimlə baş-başa qalanda ruhən təbiətə üz tuturam, ondan həm kömək umuram, həm də təsəlli. Ən azından sevgidəki gözəlliyi, məsumluğu o təbiətdə gördüyüm üçün. Axı sevdiyim təbiətin bir parçasıdırsa, onun gözəlliyini görməmək, dəyərləndirməmək ən azından insafsızlıq olar. Və mən də düşünürəm ki:

 

Ayağını şeh öpürsə

nə gözəl!

Yanağını meh öpürsə –

nə gözəl!..

 

Saçlarına külək daraq,

Qələminə ürək varaq…

Dilinə Yar sözü yaraq –

nə gözəl!..

 

Baxışına Günəş çəpər –

Olub, alıb səndən təpər,

Baxışından o nur səpər –

nə gözəl!..

 

Varlığına səcdə varsa,

Səcdəgah Allah, həm varsa…

Məni bu sevgi aparsa –

nə gözəl!..                                                                                     

 

Hə, biz özümüz özümüzü bəzən  sözlə, xəyalla, hətta olur  ki,  yuxularla aldadırıq və gördüyümüz yuxularda özümüzün həyatda gördüyümüzü yozub tapmağa çalışırıq. Elə bilirik ki, gördüyümüz yuxular məhz bir görüş yeridi, bir bağlantıdı və yaxud da aramızda bir körpüdü bizi bir-birimizə yaxınlaşdıran. Bir-birimizə doğmalaşdıran körpü…

İllər öz axarında, zaman öz işindədi. Baxmayaraq ki, o axarda sən də, mən də varam. Nə qədər mən səni özümdə görsəm də, özümdə daşısam da, amma bunun qarşılığını, yənin mənim səndə necə olduğunu bilmədiyimdən təklik, tənhalıq, sükut qalib gəlir mənə. Özüm dediyimi özümdən başqa kimsə eşitmir. Elə həmin anda da ağrıların atı daha yüyrək olur. Bu ağrıların cilovunu tutub saxlamaq, durdurmaq mümkünsüz bir hala çevrilir. Səbəb də təbii ki, tənhalıq, təklik və bir də sənin  iç dünyanı bilməməkdi. Mən özümü nə qədər xəlbirləsəm də, nə qədər asıb-kəssəm də, sənin etinasızlığın, biganəliyin və hərdən də ötəri bir soyuq təbəssümün heç bir ümid işığı yandırmır. Dediklərim ən yaxşı halda «Boş ver, keçib gedəcək» - deməyindir. Amma nə keçib gedəcək, necə boş vermək olar bu sevgini?!. Bax, bunu nə sən demirsən mənə, nə də mən sirrini öyrənə bilmirəm. Amma   və  lakin həyatda öyrəndiyim, əmin olduğum və sonuna qədər də sadiq qalacağın Tanrıdan gələn sevgidi. O sevgi ağrı da olsa, hətta ölüm təhdidi gətirsə belə yenə də həyatın ən uca mərtəbəsidi, ömrün ən yüksək məqamıdı.  Və:

 

Hər ağrının öz dadı var

Baldı, ürəyin ağrısı…

Onu duymayan kəslərə –

Laldı ürəyin ağrısı…

 

Baxa-baxa bu zalıma

Cavab gəzir sualına…

Yetənəcən vüsalına –

Kaldı, ürəyin ağrısı!..

 

Qucaqlayıb bir daşı tək

Tək düşündüm, bir naşıtək!

Mənimlə can sirdaşıtək –

Qaldı, ürəyin ağrısı!

 

Səssiz qoşub vaxt xoruna

And içdirib bəxt goruna…

Əbülfəti öz toruna –

Saldı ürəyin ağrısı…

 

Biz yaşadığımız məkan, içərisində olduğumuz mühit həm insanların göz önündədi, həm də Allahın nəzərində. Deməli, bütün hallarda biz diqqət mərkəzindəyik. Burda söhbət təkcə səndən, məndən getmir. Söhbət həm də sevgi ilə yaşayan, sevgi üçün yaşayan bütün Allah bəndələrindən gedir. Bu bəndələrin xoşbəxtliyi də, bədbəxtliyi də öz sevgilərindədi. Onun özəlliyi də, gözəlliyi də məhz yaşadıqlarındadı. Yəni yuxusuz gecə də, qucaqlayıb yatdığın yastıq da, göz yaşınla islatdığın balış da, yola zillənən baxışlar da, eşitmək istədiyin səs də... Bir sözlə, hər şey məhz o sevgiyə hesablanıb, o sevgidən qanadlanıbdır. Ona görə də dünyanın dəyəri də, ömrün mənası da elə burda özünü tapmış olur. Məhz bu anlamda dünyanın dəyərini sevgisiz hesablamaq qeyri-mümkündü.

Mən dibçək güllərini becərməyi, qorumağı həmişə maraqlı bir istirahət, əyləncə kimi qəbul etmişəm. Ona görə də onların nəvazişini çəkmək, onların qulluğunda durmaq məni hardasa rahatlayır. Amma dibçək gülləri, dibçək çiçəkləri mənə sevgidən heç nə deməyib. Ona görə ki, dibçək sevgiləri mənlik deyil. Onları qəbul etmirəm. Çılğın, düşündürən, şıltaq, necə deyərlər həyatın özü kimi olan sevginin səcdəsində durmuşam həmişə. Onu əlçatmaz, ünyetməz bilsəm də, ondan çəkinmək fikrim də olmayıb, heç indi də yoxdur.  Burda bir məqamı da xatırladım ki, dəli sevgilər adamı Məcnun və Leyli edir. Bax, bu dəli sevgilərin başına fırlanmaq da elə Məcnunu, Leylini dünyaya gətirib göstərdikləri, yaşayıb sübut etdikləri sevginin reallığıdır. Həmin real sevgi də qurban tələb etdiyi kimi bu oda yananı, o yanğı ilə yaşamağı bacaranı da şərəfləndiribdi. Dediyim odur ki, insan həyatının zaman ölçüsünə baxmayaraq, sevgi yaşadır və yaşayır. Sadəcə onu qəbul etmək, onu varlığına hopdurmaq, onun özü olmaq lazımdı. Bax, onda özün də bilmədən qadasını alacaqsan o sevginin və deyəcəksən ki:

 

Təkliyi yüklədin mənə

Sağ ol, qadasın aldığım!..

Mən asi olmaram Sənə –

Şux ol, qadasın aldığım!..

 

Ömür-gün üyünüb gedir…

Sap kimi düyülüb gedir…

Bir ürək döyülüb gedir  -

Bax, dol, qadasın aldığım…

 

Qulağım telefon zəngində,

Gözlərim yolun cəngində…

Təki mən ölüm, hər gündə –

Sən ol! – qadasın aldığım.

 

Yoxluq axır, inandırsın

Ruhuma bir şam yandırsın…

Sənə Cənnəti andırsın –

Sağ-sol, qadasın aldığım.

 

Yaşadığımız dünyanın, var olduğumuz məkanın bizə yaratdığı şərait bir həyət kimi görünür. Yəni biz özümüzlə o həyətdə gəzib-dolaşırıq. Amma böyük anlamda bizim olduğumuz sevginin ünvanı həyatdı. Bax, o həyatla bu həyətdə nə qədər sıxıntılar çəksək də, unutmaq lazım deyil ki, bizi gözləyən sevgi var. Sadəcə biz o gözləyəni tapmalı, görməliyik. Təbii ki, sevginin bütün hallarına hazır olmaq şərtilə.

TƏQVİM / ARXİV