Bizim Aqil Abbas - Vaqif YUSİFLİ yazır

VAQİF YUSİFLİ
5630 | 2023-03-28 12:32

Dünyanın "yalan günü" - 1 apreldə (1953-cü ildə) təvəllüd tapan Aqil Məhəmməd oğlu Abbas yetmiş ildə çox maraqlı ömür yolu keçib. Sevincli, kədərli, qəmli, qələbəli, uğurlu anlar… Bunlar hamısı bir insan ömrünün artıq arxada qalan izləridir. Təəssüf ki, onun tərcümeyi-halında ancaq rəsmi məqamlar qeyd olunur: filan vaxtı ali məktəbə daxil olub, filan vaxtı oranı bitirib, sonra müəllim işləyib, sonra hansı jurnaldasa əməkdaşlıq edib, sonra isə… Milli Məclisə deputat seçilib. Təbii ki, bütün bu olmuşlar-keçmişlər Aqil Abbasın tərcümeyi-halında da öz əksini tapıb. Amma Aqil Abbas yazıçıdır, ədibdir və mənim fikrimcə, yazıçının əsl tərcümeyi-halı onun bədii əsərləridir, bu əsərlərdə yazıçının həyatının rəsmi tərcümeyi-hala sığmayan məqamları ilə rastlaşırsan.

Ədəbiyyata gələnlərin, demək olar ki, doxsan beş faizi (mən bunu təxmini söyləyirəm) yaradıcılığa şeirlə başlayır. Aqil Abbas da bu "ənənəyə" sadiq qalıb, onun yetmişinci illərin əvvəllərində mətbuatda çap olunan bir-iki şeirini mən də oxumuşam və deyim ki, həmin şeirlər heç də zəif deyildi. Və Aqil Abbas o yolu davam etdirsəydi, bu gün biz istedadlı bir şairin yetmiş yaşını təbrik edərdik. Amma Aqil Abbas o yolla getmədi, "Şirinlik" adlı ilk hekayəsini çap etdirəndən sonra yolunu müəyyənləşdirə bildi: bu dünyanı, həyatı, gerçəkliyi, insanlar aləmini nəsr ahəngiylə, təhkiyə yolu ilə, təsvirlə əks etdirmək idi və 45 ildən artıqdır ki, Aqil Abbas o yolla uğurla irəliləyir. Onun publisistikası ilə nəsri arasında sıx bağlılıq var və əslində, NASİR AQİL ABBAS elə PUBLİSİST AQİL ABBASDIR, yaxud da əksinə…

Yazıçı Aqil Abbas əslən qarabağlıdır, yəni dəqiq desəm, ağcabədilidir (hərçənd çoxları onu ağdamlı kimi tanıyır). Bunun, əlbəttə, bizim söhbətə dəxli var: A.Abbas Zərdabda da, Ağsuda da, Qubada da doğula bilərdi, təbii ki, yenə də bir yazıçı kimi şöhrətlənərdi. Amma o zaman nə "Evləri köndələn yar", nə "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", nə də "Dolu" kimi əsərlər yaranardı. Çünki bu adlarını çəkdiyim əsərlər sırf QARABAĞ ŞİKƏSTƏSİ üzərində köklənib və Aqilin bu əsərlərində Qarabağ koloriti, Qarabağ dərdi və Qarabağa böyük sevgilər öz ifadəsini tapıb və nə qədər subyektiv səslənsə də qoy deyim: Qarabağ dərdini və Qarabağla bağlı koloriti Aqil Abbas qədərində çox az yazıçı belə doluluqla ifadə edə bilərdi.

Bədii olan, yaşamağa qadir hər bir sözün, mətnin arxasında ŞƏXSİYYƏT durur. Bu şəxsiyyətlərin varlığıdır ki, ədəbiyyat yaranır və həmin şəxsiyyətlər olmasa, mənəviyyat aləmi də çat verər. Aqil Abbas da müasir ədəbiyyatımızda belə şəxsiyyətlərdən biridir. Bu gün çox mürəkkəb və təzadlı bir zəmanədə - Azərbaycan cəmiyyətində Aqil Abbasın öz yeri və mövqeyi var. O, ədəbiyyata yetmişinci illərin əvvəllərində gəlib, indi bu nəslin bir çox nümayəndələri nəsrdə, poeziyada aparıcı şəxslərdir.

Doxsanıncı illər başlananda Aqil Abbas artıq gənc yazıçı mərhələsini başa vururdu, istedadlı bir yazıçı kimi tanınırdı, hətta o zaman dəbdə olan, sözün həqiqi mənasında, hər bir yazarın həsrətlisi olduğu Respublika Komsomolu laureatı adını qazanmaq da ona nəsib olmuşdu.

Aqil Abbasın ilk yazılarında böyük bir səmimiyyət duyulurdu və bu səmimiyyət ondan irəli gəlirdi ki, o, həyatın, gerçəkliyin olaylarını qələmə alırdı, yalan yazmırdı. Ən başlıcası, özünün və yaşıdlarının romantika ilə dolu gənclik duyğularını qələmə alırdı. Aqil Abbas o zaman öz nadir və son dərəcə parlaq istedadı ilə artıq məşhurlaşmağa başlayan Qədir Rüstəmovun həyatından bir povest yazdı. Çünki "bu səs adilikdən başlayıb qeyri-adiliyə qalxırdı. Elə qeyri-adiliyə ki, kamança da, qarmon da o zirvəyə qalxa bilmirdilər, qalxa bilməzdilər".

Doxsanıncı illər Azərbaycanın ictimai, siyasi, mənəvi həyatında yeni bir dövrün başlanması ilə xarakterizə olunur. Dəyişilən zəmanə, ictimai quruluş və sistem yeni insan və qəhrəman tipini yaratmalıydı və proses bir qədər çətin və mürəkkəb başa gəlsə də, hər halda öz axarını tapdı. Aqil Abbas bu mənada müstəqillik dövrünün bütün atributlarını özündə əks etdirən ilk yazıçılardan oldu. Əgər belə demək mümkünsə, AQİL ABBAS doxsanıncı illərə qədərki ROMANTİK HƏYAT AXARINI dəyişdi, sırf realist, özü də SƏRT REALİZM yolunu tutdu. Doxsanıncı ildən təsis etdiyi və uzun müddət baş redaktor olduğu "Ədalət" qəzeti həm məzmununa görə, həm də qəzetçilik prinsiplərinə görə müstəqillik dövrünün mahiyyətini ifadə edən ilk qəzetlərdən biri oldu. Bu qəzet, sözün həqiqi mənasında, Aqil Abbasın özünə oxşayırdı: sözü ironiya, məzə, yumor və satirik çalarlarla ifadə etmək Aqil Abbasın publisistikasında aydın nəzərə çarpırdı və bu manera qəzetdəki yazılara da sirayət edirdi. Bir sözlə, qəzet də onun özünə oxşayırdı. Və beləcə, "Ədalət" deyəndə Aqil Abbas, Aqil Abbas deyəndə "Ədalət" yada düşürdü. Aqilin o dövrdəki "Köşə yazılar"ı, sözün həqiqi mənasında, böyük Mirzə Cəlilin, "Molla Nəsrəddin" jurnalı ənənələrinin davamı idi.

Öncə qeyd etdik ki, Aqilin yazılarında Qarabağ koloriti çox güclüdür (dil faktorundan tutmuş adət-ənənələrin təsvirinə qədər), amma bu, məhdud məhəlləçilik səviyyəsinə enmir. O, Qarabağı bütün tarixi keçmişi və müasirliyi ilə azərbaycanlaşdıran yazıçıdır. Bəli, Aqili Qarabağsız təsəvvür etmək mümkün deyil və doxsanıncı illərin o ağır günlərində Aqili Bakıda yox, cəbhə bölgələrində, Qarabağın kəndlərində, döyüşçülər və yaralılar arasında axtarıb tapa bilərdin.

Aqil Abbas "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Dolu" və "Allahı qatil edənlər" kimi ədəbiyyat tariximizdə yaşaya biləcək əsərlərin müəllifidir və mən deyərdim ki, yazıçı Aqil Abbasın sənət tərcümeyi-halının ən şərəfli, ən qürurlu məqamları elə bu əsərlərlə bağlıdır.

"Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" povestini Aqil Abbasın o zaman "Qarabağı necə xilas etmək olar?" sualına cavab hesab etmək olar. O, povestin girişində yazır: "Elə dərdlər var ki, onu yazmaq üçün qüdrətli bir qələm sahibi olmalısan. Və bu dərdi içimdən keçən kimi yazmağa qüdrətim çata bilən qədər yazdım".

Aqil Abbas təvazökarlıq edib, çünki povest, bizim fikrimizcə, doğrudan da, sənətkarlıqla qələmə alınıb və onun hər səhifəsində yanan ürəyin çırpıntıları eşidilir. Aqil Abbas ilk yazıçılardandır ki, Qarabağ müharibəsi haqqında birtərəfli, səthi, yanlış təsəvvürləri aradan qaldırır. O, "Qarabağı necə xilas etmək olar?" sualına cavab verərkən igid bir sərkərdənin, yaxud qəhrəman bir döyüşçünün həyat yolunu və taleyini deyil, müharibənin bütün ağırlığını, dəhşətini yaşayan adi bir insanın taleyini əks etdirməklə buna nail olur. Məllim adlandırdığı bu adam başdan-ayağa dərd içində olsa da, təpədən-dırnağa qeyrət mücəssəməsidir. O, tanıdığı yollarla Malıbəyli və oradan da Stepanakertə tərəf yollanır, onun evini yandıran Aşotu axtarıb tapır, qumbaranı işə salır. Özü də həlak olur. Müəllif qayəsini də elə əsərin bu ümumi ruhunda axtarmaq lazımdır. Yəni müəllif demək istəyir ki, Qarabağı o zaman xilas etmək olar ki, minlərlə, on minlərlə, yüz minlərlə azərbaycanlının fikri Məllim kimi eyni hədəfə vursun: MÜQƏDDƏS QİSAS HİSSİ onları çulğasın.

Aqil Abbasın "Dolu" romanına gəldikdə isə… bu əsər son iyirmi ildə nəsrimizdə Qarabağ mövzusuna həsr olunan ən sanballı əsərlərdən biridir, - desək, qətiyyən səhv etmərik. "Dolu"nu ədəbiyyatımızın yeni "Qarabağnaməsi" hesab edən professor Nizami Cəfərov yazır: "Qarabağ müharibəsi ilə bağlı bu günə qədər oxuduğum və say etibarilə çox olmayan əsərlərin içərisində mən "Dolu" romanı qədər, həqiqətən, dolu və əhatəli əsər oxumamışam. Mənim zənnimcə, bu ilk növbədə onunla bağlıdır ki, Aqil Abbas, ümumiyyətlə, Qarabağ bölgəsinin ictimai-siyasi, sosial, coğrafi mühitini çox gözəl bilir, insanları yaxşı tanıyır, onların nəyə qadir olduğundan xəbəri var".

"Dolu" romanının bədii film şəklində meydana çıxması da tamamilə təbii və qanunauyğundur. Əslində, Aqil Abbas əsərlərinin bədii film kimi yaranmasında çox gecikib. Elə "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" gözəl bir filmə çevrilə bilərdi.

Aqil Abbas o yazıçılardandır ki həqiqəti yalanla bəzəyib oxucuya sırımır, əksinə, bütün yalanların üstündən keçib əsl həqiqəti ortaya qoyur. Aqilin "Allahı qatil edənlər" romanında da əsas qəhrəman GERÇƏKLİYİN ÖZÜDÜR, amansız həqiqətlərdir. Bu əsərində A.Abbas bir romançı kimi bir qədər də formalaşır, qabağa gedir.

Əslində, "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Dolu" və "Allahı qatil edənlər" əsərlərini trilogiya hesab etmək olar. Üçüncü əsərdə əvvəlki iki əsərdəki hadisələrin məntiqi davamı gəlir. Müəllif diqqəti müharibəyə və onun törətdiyi faciələrə deyil, bu faciələrin dinc və sakit dövrdəki fəsadlarına, mənəvi bəlalarına yönəldir. Məlum olur ki, doğrudan da, müharibə davam edir - özü də daxildə, insanların bu müharibəyə müxtəlif münasibətində. Orduda baş verən hərc-mərcliklər, xaos və müsibətlər müəllifi daha çox məşğul edir. Xaos və hərc-mərclik olan yerdə böyük vətənpərvər olmaq mümkün deyilmiş! İçərimizdəki bəla və müsibətlərdən xilas olmalıyıq! Bunsuz müharibə udulmaz!

Bu üç nəsr əsərinin məntiqi davamı Aqilin "Ölülər" pyesidir. Çox təəssüf ki, bu əsər haqqında gerçək sözü az eşitdik. Mirzə Cəlilin məşhur "Ölülər" əsərinin süjetini, oradakı məlum vaqiəni yeni variantda işləyən Aqil Abbas müasir dövrün həqiqətlərini qələmə alıb. Mirzə Cəlilin "Ölülər"ində Şeyx Nəsrullahın "marşrutu" Xorasandan başlamışdı və bir müsəlman kəndini seçmişdi ki, avam camaatın başını piyləsin, onları cənnət və cəhənnəm haqqında cəfəng xülyalarına inandırsın, hər gecə azyaşlı bir qız uşağını siğə etsin.

Aqilin "Ölülər"ində cənab Tasye Fransadan gəlib, çadır şəhərciyinə yol alıb ki, ATƏT adından sadəlövh qaçqınları inandırsın ki, Avropanın güclü dövlətləri Azərbaycanın Qarabağ dərdinə şərikdir.

Mirzə Cəlil "Ölülər"də mənəvi ölülüyü hədəf seçmişdi. İnsanların kütləvi inamına üsyan edən ədib eybəcərliyin doğurduğu kədəri, müsibəti açıb göstərirdi. Aqil Abbas da öz böyük sələfinin işini davam etdirir.

Mirzə Cəlilin "Ölülər"ində olduğu kimi, cənab Tasye də yalanlarının üstünün açılacağını görüb qaçır. Və İskəndərin sarsıdıcı monoloqu bu dəfə daha gur səslənir: "Siz bunların ayağının altında qurbanlar kəsməklə, ciblərini doldurmaqla elə bilirsiniz ATƏT-in lotuları Qarabağı ermənilərdən alıb verəcəklər sizə?! ATƏT-in boş-boş sözlərinə nə vaxta qədər inanacaqsınız? Hərəniz əlinizə bir çomaq götürüb ermənilərin üstünə getsəniz, erməni İrəvanacan qaçar!"

Yetmiş yaş. Qırx il əvvəl qapqara saçlı Aqil Məhəmməd oğlu Abbasov indi saçları ağappaq Aqil Abbas görkəmindədir. Qırx beş il əvvəl ilk şeirləri, hekayələri ilə redaksiyaların qapısına utana-utana, sıxıla-sıxıla gəlib çıxan Aqil indi özü nüfuzlu bir qəzetin təsisçisidir və istedadlı cavanlara qayğısını əsirgəmir. Qırx beş il əvvəl Aqilin gəzib-dolaşdığı mühit ancaq özü yaşda cavan ədiblərin mühitiydi. Amma həyat yolunu ağılla, səbirlə, təmkinlə keçən Aqil Abbas xalqın sevimlisinə çevrildi, müstəqillik dövrünün fəal ziyalılarından biri kimi diqqəti cəlb etdi və indi onun Milli Məclisdə bir deputat kimi fəaliyyəti tamamilə qanuni və ədalətlidir.

Aqil Abbas həmişə Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu dəstəkləmiş, onun azərbaycançılıq ideyalarına sadiq qalmışdır, deyərdim ki, Heydər Əliyev məktəbinin yetirmələrindən biridir.

Bu ağsaçlı ədibə cansağlığı, könül xoşluğu və yeni yaradıcılıq uğurları arzulayırıq…

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru, professor

"Azərbaycan" qəzeti

28 mart, 2023-cü il

TƏQVİM / ARXİV