Bu millətə nə verdik ki... - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
6450 | 2022-09-27 11:40

Ömrümün 34 ilini Azərbaycanda, 14 ilini isə Niderlandda yaşamışam. 18 yaşımdan əmək fəaliyyətinə başlamış, müxtəlif idarələrdə, sahələrdə çalışmışam; islah əmək müəssisəsi (türmə), fabrik... televiziya. Çalışdığım heç bir iş yerindən təkminləşdirmə, ixtisas artırma  kurslarına göndərilməmişəm, yalnız bir sahədən başqa.  Çalışdığım sahələrdən biri də turizm olub ki, orada rəqabət olduğu üçün işçilərin işini bilməsi sahibkar üçün önəmli idi. Odur ki, oradan bir neçə kurslara göndərilmiş, yeni bir şeylər öyrənmək imkanı qazanmışam. Bu yerdə rəqabətin inkişafda önəmli yeri olduğunu qeyd etməyə bilmərəm... 

Bu gün dönüb geri və həmçinin Azərbaycanın bu gününə baxanda, deyə bilərəm ki,  məmləkətdə insanları öyrətmək, maarifləndirmək haqqında demək olar ki, düşünülmür. Mövcud olan, keçirilən təkminləşdirmə kurslarının əksəriyyətinin hansı keyfiyyətdə olması da sirr deyil.  Mətbuatımızda, xüsusən tv-lərimizdə maarifləndirici verilişlər yox dərəcəsindədir. Əhalinin inana biləcəyi insanlar, ziyalılar o qədər azdır ki,  hətta istəsək belə, ekranlara çıxardıb millətə onların inanacağı söz deyəcək adamları tapmaqda çətinlik çəkərik. Yaxud da, gərək hər yerə eyni adamları çıxardaq.  Cəmiyyətimiz kənardan belə görsənir, hər halda mənim “eynəyimlə” baxanda.

... Niderlandda uzun müddət (8 il) çalışdığım idarədə, Qaçqınlar Üzrə İş İdarəsində hər il bir neçə ixtisas artırma kurslarında, məşğələlərində iştirak etdim, sertifikatlar aldım və ən önəmlisi budur ki, bunların hər birindən nəsə öyrəndim. Hazırki iş yerimdə də bu günə qədər  bir çox məşğələlərdə iştirak etmişəm və hətta gələn il keçməli olduğum kursların adı belə məlumdur. Tv-lərdə maariflənə biləcəyin verilişlərin sayı yetərincədir. Uşaqların maariflənməsi, öyrədilməsi bağçadan başlayaraq davam edir və bu maariflənmə gerçəkdir, “quş qoymaq”  üçün deyil. Hətta ayaqyolundan (tualet) istifadə etmək qaydasını belə uşaqlara aydın izah edirlər.  

Bağçanı, məktəbi, mətbuatı qoyaq bir tərəfə, ayrı-ayrı şəhərlərdə, kəndlərdə  belə insanlara nələrisə öyrətməyə çalışırlar. Çox misallar gətirə bilərəm, istədiyiniz qədər. Məsələn, sizə də bəllidir ki,  günümüzdə texnologiya o qədər sürətlə inkişaf edir ki, yaşlı nəslin bununla ayaqlaşması o qədər də asan olmur.  Niderlandda getdikcə hər şey rəqəmsallaşır, məktublar (ın çoxusu) elektron poçtla gəlir, ödəmələr kompüter və telefondakı xüsusi proqramlarla aparılır və s. Bu da yaşlı nəsil üçün müəyyən çətinliklər yaradır. Yaşlı nəsilə və ümumiyyətlə, bu kimi işlərdə çətinliyi olan insanlara kömək məqsədi ilə  kənd və şəhər kitabxanalarında və digər bu kimi yerlərdə vaxtaşırı (əsasən könüllülərin yardımı ilə) ödənişsiz kurslar təşkil olunur. İstəyən gedib öyrənə bilər.  Öyrənə bilməyənlərə kömək etmək üçün isə ayrı-ayrı təşkilatlar da var ki, bu da ayrı bir mövzudur. 

... Son vaxtlarda burada (da), Niderlandda fırıldaqçıların sayı artıb. Onlar insanlara, xüsusən yaşlı insanlara bankların adından mesajlar göndərir, bank kartlarının kodunu və s. əldə edir, sonra da hesablarındakı pullarını oğurlaylrlar. Yaxud da poçt işçisi (və yaxud da başqa idarənin işçisi) kimi qapılara gedir, yaşlı insanların inamından istifadə edərək onların evlərindən oğurluq edirlər və s. Belə misalları çoxaltmaq da olar. Bütün bunların qarşısını az da olsa almaq üçün müxtəlif təşkilatlar ya birləşərək, ya da ayrı-ayrılıqda, müxtəlif kəndlərdə, qəsəbələrdə, şəhərlərdə, hətta yaşayış binalarının zallarında yaşlı insanları bir yerə toplayır, maarifləndirməyə çalışırlar. Bir müddət öncə belə tədbirlərin birində şəxsən iştirak etdim. Maarifləndirmə tədbiri kəndlərin birində, bir yaşayış binasında keçirilirdi. Tədbirdə polis işçisi, bizim dillə desək, sahə müvəkkili, bir bank işçisi, yanğınsöndürən, yerli ictimai təşkilatların birinin nümayəndəsi və s. iştirak edirdi. Bizim təşkilatı mən təmsil edirdim. Tədbirə qatılmış yaşlılara qapını hər kəsə açmamaq, hər kəsə inanmamaq və s. tövsiyyə olundu, maarifləndirici braşürlər paylandı, filmlər göstərildi. Hər kəs öz sahəsinə uyğun məlumatlar verdi; polis işçisi ümumi və ev oğurluqları, bank işçisi bank kartlarının məlumatlarını necə qorumaq barədə və s. Tədbir yaşayış komplekslərinin birində keçirilmişdi və təəssüf ki, orada yaşayan sakinlərin çoxusu tədbirə qatılmamışdı; yay fəsli idi deyə, çoxları tətildə olması səbəbindən qatıla bilməmişdi. Tədbiri keçirənlər də bunu gördülər, amma “Biz tədbirimizi keçirtdik, işimizi gördük” deyə düşünmədilər və yaxın günlərdə eyni yerdə, eyni məzmunlu tədbiri keçirtməyi düşünürlər və artıq bu istiqamətdə işlər başlanılıb.  Belə misalları da çox çəkə bilərəm.

... Deyirlər, öyrətməyə çalışırlar və hər yerdə, kəndlərdə, qəsəbələrdə, tv-lərdə, qəzetlərdə... Yetər ki, öyrən, yetər ki, öyrənmək istə. Bununla belə, burada belə hər şeyin ideal olduğunu iddia etmək olmaz. Hər kəs hər şeydən məlumatlı deyil. Burada belə zibilin yerə atılmasından tutmuş oğurluğa qədər bir çox neqativ hallara rast gəlmək mümkündür. 

Azərbaycanda isə “bu millət düzələn deyil”  fikrini tez-tez eşitmək mümkündür və ən qəribəsi budur ki, bu sözü bütün təbəqələrdən olan insanlardan eşitmişəm –  jurnalistindən tutmuş məmuruna, polisinə, sadə adamına kimi. Sanki hamı pisdir,  bir bu sözü deyən(lər) yaxşıdr.  Bir düşünən yoxdurmu ki, biz bu millətin “düzəlməsi” üçün nə etmişik?  Nə öyrətdik ki, bu millət öyrənmədi? M.Araz demişkən, bu millətə nə verdik ki? 

İnsanları öyrətmək, maarifləndirmək lazımdır. İnsanlara nəsə öyrədə biləcək insanlar lazımdır, onlara insanları maarifləndirmələri üçün şərait yaratmaq lazımdır. Öyrəndiklərindən faydalana biləcəyin, öyrəndiklərini öyrədə biləcəyin bir cəmiyyət yaradılmalıdır. Belə cəmiyyətlər inkişaf edərlər.

Oskar Uayld “Dorian Qreyin portreti” əsərində “Günahlarımızı bağışlayan keşiş yox, etirafdır, tövbədir” yazır.  İndi qoy aidiyyatı təşkilatlar, məsul şəxslər etiraf etsinlər, bu millətə nə öyrədiblər və cavabdan sonra da tövbə edib, nələrisə öyrətməyə çalışsınlar ki, bəlkə günahları bağışlansın. Yoxsa sonra... Yox, qoy sonranı da M. Arazın sözləri ilə yazım və yazımı da bununla bitirim:

...Sonra... daha sonra olmur,
Sonra qara tufan olur...

Vüqar Abbasov. Niderland.   
[email protected]

 

TƏQVİM / ARXİV