Mən sənə sözümü dedim, ay ölüm… - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
566 | 2024-11-06 16:50

Bu, bir həqiqətdir ki, söz adamları özlərini sözdə tapdıqları kimi, elə söz ilə də bölüşürlər. Yəni hamıdan gizlətdiklərini və yaxud da hamıya demək istədiklərini sözün vasitəsi ilə istər yazılı, istər şifahi şəkildə bəyan edirlər. Bu mənada söz həmişə yaşayır, həmişə dipdiri olur. Deməli, sözün əbədiyaşarlığı da burdan qaynaqlanır!..

Yaşadığım bu illər ərzində ən çox təmasda olduğum söz adamlarıdı. Kimiilə üz-üzə, kimi ilə də söz-sözə görüşüb hal-xoş edirəm, dərdləşirəm. Bəzən həmin sözlərin axarında özümü unuduram, bəzən də elə sözlər olur ki, ona tərəf baxmaq belə  istəmirəm. Çünki o sözü işlədən, o sözlə fikrini ifadə edən adam sözü elə bir formaya, elə bir hala salır ki, ondan söz əsər-əlaməti qalmır. Çeynənib, tapdalanıb, şil-şikəst olub. Ona görə də heç nəyə yaramır. Əksinə, oxuyanda, dinləyəndə ( adam ən yaxşı halda - Ə. M.)  səbrini dişi ilə sıxıb keçib gedir, ya da yazılası mümkün olmayan nəyisə dilinə gətirir…

Azərbaycanda hələ Sovet dönəmindən öz qələmi ilə oxucu diqqətini çəkən istedadlı adamların sırasında onun da adı olub. Əyalətdə yaşasa da, yazıları ilə, istər publisist, istərsə də bədii yazıları ilə sanki cəmiyyətə bir təzə  söz mesajı verib. Xatırladıb ki, onun da ürəyin  də  özəl  fikirlərin  və bir də həyata baxışının söz çələngi var. Bu söz çələngini görmək, duymaq, ətrindən ləzzət almaq üçün arada imkan tapıb onu da dinləmək xoş olar. Bax, elə bu istək ilə də yazıb! Yazdığını da sonra bir neçə kitabda oxucu qarşısına çıxarıb. Amma heç vaxt özünü iddialı, şair kimi, yazıçı kimi «ortaya atıb» narahatlıq yaratmayıb. İçdən gələn səmimiyyətlə demək olar ki, Ramiz İsmayıl qulpundan yapışdığı işin ustadı olmaq ilə də yanaşı yazdığı sözün yükünü daşıyan ziyalı kimi davranıb həmişə. Ona görə də sözü də, elə özü də el dilində desək, urvatlı, ləyaqətli olubdu.

Tez-tez zəngləşirik, hal-xoş edirik, özümüzdən, ailəmizdən danışırıq, qayğılarımızı, bəzən də yaradıcı fikirlərimizi bölüşürük. Hər sözümüzün sonunda da bir-birimizə görüş vəd edib yenə başımızı qatırıq, ağrılarla və qayğılarla. Bir neçə gün öncə yenə zəngləşdik, daha doğrusu, Ramiz müəllim zəng vurmuşdu. Həmişəki qaydada söhbətləşdik, sağollaşdıq. Amma mənim yaddaşıma hardasa onun bir misrası ilişib qalmışdı. Ona görə də kitab rəfimə üz tutub həmin misranı vərəqləyib tapdım. Ramiz müəllimin 2010-cu ildə yazdığı «Ölüm» şeirindən idi o misra. Bilmirəm, yaşımla, yoxsa əhval-ruhiyyəm ilə bağlı idi  bu şeirin «Mən sənə sözümü dedim, ay ölüm» misrasının yaddaşımda ilişib qalması. Amma hər nə idisə, tutmuşdu məni bu misra. Ona görə də təkrar oxudum həmin şeiri. Ramiz İsmayıl yazıb ki:

 

Nifrət eləmirəm mən sənə ölüm,

Əzrayıla rəğbət bəsləməsəm də.

Ölmək istəmirəm, kim istəyir ki

Amma öləcəyəm, istəməsəm də.

 

Ölmək istəmirəm yay günlərində,

İstidən təntiyər, yanar adamlar.

Ölmək istəmirəm qarda, boranda,

Soyuqdan, şaxtadan donar adamlar.

 

Ölmək istəmirəm bahar gələndə,

Torpaq yuxusundan oyanan zaman.

Bülbül cəh-cəh vurub çaylar daşanda,

Çəmənlər al rəngə boyanan zaman.

 

Payızda ölməyə dəyərmi, söylə?

Varı, bərəkəti bol olan vaxtı.

Mən sənə sözümü dedim ay ölüm,

Nə vaxt gələcəksən, özüm bax da!

 

Bəli, bu misralar əslində hər kəsin düşündüyü, hər kəsin içindən keçirdiy duyğuların Ramiz İsmayıl sözüylə ifadə olunmasıdı. Ramiz İsmayıl qələmə ilə yazılmasıdı. Çünki fərd olaraq hər birimiz ölümlə bağlı mütləq nələrisə düşünürük. Amma toplum halında, cəm şəklində bunu bir şeirdə oxucuya çatdırmaq indiki anda Ramiz İsmayılın çiyninə götürdüyü yükdü. Yəni o, bizim fərd olaraq ayrı-ayrı detallarının işarələdiyimiz ölümü özünün baxış bucağı altında bütöv bir rəsm kimi çəkib qoyub ortaya. Və deyir ki, mən sənə sözümü dedim ay ölüm!...

Bəli, Ramiz İsmayıl sözünü deyib. İndi babalı ölümün boynundadı. Heç kimin qaçıb qurtula bilməyəcəyi ölümün boynundadı. Biz oxucular isə öz-özlüyümüzdə Ramiz İsmayıla qoşulub deyə bilərik. Biz sənə nə deyərik, ay ölüm!

TƏQVİM / ARXİV