Bu yazının yazılmasının səbəbi çağdaş dövrdə ən parlaq və ən məhsuldar yazıçımız olan Şərif Ağayarın "Tərəqqi” medalı almasıyla (və təşəkkür etməsiylə) bağlı tənqidlərə məruz qalmasıdır.
Şərif elə bir yazıçıdır ki, onun əsərləri ingilis, fransız dillərinə çevrilib dünyaya yayılsaydı, adı Nobel ödülünə namizədlər sırasında çəkilərdi. O, xalqının dərdlərinin tərcümandır, eyni zamanda bəşəri dəyərlərə sadiq, səmimi olaraq o cür düşüncədə olan nasirdir.
Nobel mükafatına layiq bir ədibin adi "Tərəqqi” medalına görə bu qədər tənqid edilməsi, yaradıcılıqdan soyudulması gerçəkdən də anlaşılmaz hadisədir.
Birincisi, Şərif o mükafatı düşmən və ya dost ölkənin rəhbərindən almayıb, öz dövlətinin başçısından alıb.
Şair, ictimai-siyasi xadim Sabir Rüstəmxanlı
İkincisi, vaxtilə dövlət başçısınını verdiyi daha böyük mükafatdan imtina edən şöhrətli yazıçımız olub, baxaq görək, "Şöhrət” ordenindən imtina edən Sabir Rüstəmxanlının qədri-qiyməti bilindimi? Nə vaxtsa kimsə bunu fədakar addım kimi qiymətləndirdimi?
Elə şey olmadı. O boyda hadisədən, son 1000 ildə analoqu olmayan addımdan bir həftə sonra hər şey unuduldu, getdi. Prinsipcə, medal alanlardan 2-3 il boyunca vaxtaşırı danışdığımız kimi, ordendən imtina edəndən də heç olmasa 10-15 gün danışmalıydıq.
Biz bu kimi məsələlərə idealistcəsinə, çox vaxt isə bolşevikcəsinə yanaışrıq. Sanki mübarizə barışmaz sinfi düşmənlər, ağalar və qullar arasında gedir və xalqın ziyalı oğulları ortaya qəti mövqe qoymalı, mövqe bildirməlidirlər. (Özünü kölələrin təmsilçisi kimi aparan alovlu mübarizlərin övladının 10-15 ildən sonra prokuror, rəis, səfir olmasını da görürük).
Bu xalqın tarixində hökmdar və şair münasibətlərinə aid maraqlı epizodlar var. Ən böyük şairimiz Nizami deyilmi? Hökmdara əsər həsr edib, ona kənd və cariyə bağışlayıblar.
Klassik şairlərimiz Nizami və Füzuli
Füzuli heç vaxt siyasətə qarışmayıb, eyzən eşqdən yazıb, sultandan təqaüd alıb.
Molla Pənah Vaqif də dissident olmayıb, əksinə, hakimiyyətdə təmsil olunub, əsasən "büllur zənəxdan”dan, "al ləblər”dən, "mina gərdənlər”dən yazıb.
Səməd Vurğun və onun əksər müasirləri rəhbərlərlə oturub-durub. Onların hökmdarlardan bəhrələnməsinin qarşısında bir "Tərəqqi” medalı nədir ki?
Düzdür, klassik şairlərimizin içində Nəsimi kimi müxalif düşüncəli şairlər də olub, amma bir də düşünək ki, onun yaxın olduğu sekta hakimiyyətə gəlsəydi və ya şahı öz yanlarına çəkə bilsəydi, nə olardı?
Böyük şairimiz Şəhriyar və İran şahı Pəhləvi
Böyük Şəhriyardan söz açaq. Vaxtilə İran şahı Pəhləvi də, daha sonra İran inqilabının lideri və faktiki dövlət rəhbəri ayətullah Xomeyni də onun ziyarətinə gəliblər, şairə iltifat ediblər, qarşılıq alıblar. Şair nə etməliydi, "siz hökmdarsınız, sinfi düşmənsiniz, qapımı açmayın” deməliydi?
İstənilən ölkədə ziyalıların (şair-yazıçılar və digərləri) əksəriyyəti idarəetmə stilindən, demokratlığından, diktatorluğundan asılı olmayaraq, dövlət başçıları ilə münasibətlərinin rəvan, yaxşı olmasını istəyirlər. Həmişə aralarında Nəsimilər də tapılır, söz yox.
Yazıçı Mario Varqas Lyosa və Peru prezidenti (1985-90 və 2006-2011)Alan Qarsia
Peru yazıçısı, Nobel mükafatı laureatı Mario Varqas Lyosa da hər saat ölkəsinin prezidenti ilə öcəşmir. O bunu, cəmi bir dəfə, təxminən 10 il öncə etdi, prezident Alan Qarsianın sosial təminat məsələsi ilə bağlı fərmanını geri oxumasını tələb etdi və prezident ertəsi gün yazıçının sözünə baxdı (Yeri gəlmişkən, ötən ilin aprelində korrupsiya ittihamına məruz qalan və həbs təhlükəsi ilə üzləşən Qarsia özünə tapançadan atəş açaraq intihar edib).
Ümumiyyətlə, bu yazıçı vaxtilə, 1990-cı ildə hakimiyyətin bir addımlığında olub, prezident seçkilərinin birinci turunda 34 faiz səslə seçki birincisi olub, ikinci turda isə gözlənilmədən gələcək diktator Alberto Fuximoriyə uduzub. Əgər o, həmin vaxt prezident seçilsə, bir müddətdən sonra bu kristal, təmiz adamı da korrupsiyaya, milli mənafeyə xəyanət etməkdə suçlayacaqdılar. Bəlkə də haqlı olacaqdılar.
Xose Mujika və onun ən bahalı sərvəti
Dünyadakı 200 dövlətin 70-ə yaxını demokratik rejimlidir, dürüst seçki keçirirlər, hakimiyyət qollarını seçkilərlə formalaşdırırlar, amma onların da, demək olar ki, hamısında bütün iqtidar komandalarını korrupsiyada, cürbəcür maxinasiyalarda suçlayırlar. Bir istisna belə yoxdur. Varsa, kim bilirsə, nümunə göstərsin. Axtarsaq, son 2 min ilin ən kasıb və ən gözütox dövlət başçısı Xose Mujikanın (Uruqvayın sabiq prezidenti) ünvanına da nəsə deyənlər tapılacaq.
Bu baxımdan "sən korrupsioner hakimiyyətdən mükafat aldın” töhmətini kimə gəldi yapışdırmaq absurd ittihamdır. Nə edəsən ki, klassik şairimiz demişkən, cahan mülkündə mütləq, dоğru halət yoxdur, özü xan vəziri olan şəxs də hər nə görüb, əyri görüb, özgə babət görməyib.
Bu gün ifrat səmimiyyətə vararaq, qazandığı və xərclədiyi son manatın belə hesabatını verən Erkin Qədirli sabah hakimiyyətə gəlsə, 100 günə qalmayacaq, eyni adamlar onun korrupsiyaya uğradığından danışacaq, onun əlindən medal alanları söyəcəklər.
Amma birdəfəlik bilmək lazımdır ki, layiq olana verilən mükafat, fəxri ad dövlətin adından verilir, onu kimin verməsi tarixi baxımdan önəmli olmur.
Məsələn, bu saat bu yazını oxuyanların 90 faizi bilmir ki, Nizamiyə Afaq adlı kənizi hansı hökmdar bağışlamışdı... (Maraqlıdırsa, Google-də var).
İmkan verək, Şərif Nobel ödülü alsın, ondan sonra qələmə sarılıb, hey söyək, ehtiyac varsa, lap uzun boyuna Taxtakörpü qamışı da ölçək.