İlqar Əlfioğlunun ürək sızladan məzəli statusu - Xalid Kazımlı yazır

XALİD KAZIMLI
101438 | 2020-12-27 12:25

Dünən tanınmış yazıçı-jurnalist İlqar Əlfioğlunun ibrətamiz və maraqlı, eyni zamanda səmimi, yarıməzəli-yarıkədərli bir xatirəsini oxudum.

İlqar bəyi qiyabi olaraq çoxdan tanıyram – azı 35 il olar. Sovet dövründə onun “Ulduz” jurnalında çıxan gözəl bir povestini oxumuşdum. Yenidənqurma illərində o, AzTV-də çox populyar olan, ölkənin bütün teletamaşaçılarının sevimli verilişi “Dalğa”nın aparıcısı oldu və onu ölkədə tanımayan qalmadı.

Sonradan elə oldu ki, əyani tanşlığımız da yarandı. 5-10 ildən bir rastlaşıb görüşürdük, elə beşillik də olurdu ki, heç görüşmürdük. Axırıncı dəfə, məncə, jurnalistlərə ikinci dəfə ev paylananda görüşmüşük. Xatırlayıram ki, bizi hadisə yerinə aparan avtobusun axırıncı oturacaqlarında əyləşmişdik, ordan-burdan söhbət edirdik. Dostlardan biri dedi ki, binanın hər şeyi yaxşıdır, amma marşrutu pisdir, dayanacaq da yoxdur, avtobuslar burada saxlamır. Dedim ki, eybi yox, yazarıq, tələb edərik, düzəldərlər. Olduqca duzlu yumoru olan İlqar bəy dedi: “Yazmaqla gec olar e. Köçək, çıxıb yolu kəsərik”. Xeyli güldük.

İndi İlqar bəyin sosial şəbəkədə paylaşdığı status bura yerləşdirim, sonra söhbəti davam etdirərik. Müəllif bu xatirəni pensiyasının artmasına görə kefi kökəldiyi üçün paylaşmaq fikrində olduğunu qeyd edib. Xatirə belədir:

“92-ci ildi, işsiz vaxtlarım. Allaha şükür, axırıncı maaşımı da xərcləmişik, qurtarib.

Qıs vaxtlari idi, qar yağmışdı. Birdən yadıma düşdü ki, sabaha evdə heç nə yoxdu, çıxım maşınımla xaltura eləyim. Ciblərimi axtarıb beş litr benzin pulu düzəltdim, çıxdım küçəyə. Baksovetin qabağından hərlənəndə, bir kişi əl elədi, yanında arvad da vardı. "Əhmədliyə apararsan?" Başımı tərpətdim ki, səsimdən tanımasın - onda məni camaat səsimdən o dəqiqə tanıyırdı. Əyləşdilər, getdik. Kisi yolda məni ha söhbətə tutdu, qorxudan səsimi cixarmadım. Catdıq Əhmədliyə, gözümün qabağında verəcəyi pul görünürdu ki, birdən kişi qayıtdı: "Burdan dön, burdan". Döngəni keçmışdim, çaşıb dilləndim: "Narahat olmayın, irəlidən dönərəm". Elə bunu demişdim ki, kişi qayitdi: "İlqar müəllim! Mən də deyirəm, bu oğlan niyə tanış gəlir mənə! Arvad, İlqar müəllimdi, "Dalğa", tanıdin?"

Bunlar sevinclərini yaşamaqda mənim də ürəyimdən qara qanlar axır; axı bundan sonra pul ala bilməzdim...
Çatdıq. Ha üz vurdular, təbii ki, götürmədim. Dedim ki, qar yağırdı, ona gorə saxladım... Evə dəvət elədilər, təşəkkür eləyib, tərpəndim...

Birbaş, zapravkaya. Cibimdəkinə beş litrimi vurub, yollandım evə. Orda da, qırımımdan gördülər ki, dindirəsi deyil, yıxılıb yatdım. Yuxuya gedə- gedə düşündüm ki, məşhur olmaq sarsaq şeydir, ac qalanda taksovatlıq da eləmək olmur...”.

Bax, belə bir söhbət. Sizi bilmirəm, bunu oxudum, yuxa qəlbim sızladı. O illərdə hamımız maddi sıxıntı çəkmişik, birtəhər vəziyyətdən çıxmağa çalışmışıq, heç demə, belə duurmlar da yaranıb. Nə qədər populyar adam kasıbçılığın məngənəsində çırpına-çırpına, sırf quru şöhrətləri üzündən “qara işlər”də çalışaraq başlarını dolandıra bilməyib, iztirab çəkə-çəkə qalıblar.
İlqar Əlfioğlu düz deyir: kasıb adamın məşhurluğu sarsaq şeydir, məşhur olanda da gərək təminatlı olasan. Məsələn, 4-5 populyar filmdə oynamış tanınmış aktyor təsəvvür edin, günlərin birində işsiz qalır və əlacsızlıqdan gedib hardasa bir sıravi işdə (satıcı, fəhlə, taksist, gözətçi) işləmək, 3-5 manat pul qazanmaq istəyir. Ən uzağı 2 gün dözər, 3-cü gün onu tanıyanların, gəvəzə-gəvəzə sual verənlərin, dilxoşluq üçün sataşanların, barmaq tuşlayıb hırıldaşanların əlindən başını götürüb qaçacaq.

Ancaq bu cür kompleksdən azad olan adam da görmüşəm. 10-12 il əvvəl bir polis polkovnik-leytenantı hər səhər yaşadığı qəsəbədən “20 Yanvar” metrostansiyasına gələn adamları 1 manatdan yığıb gətirirdi, axşam evinə qayıdanda da yenə 4 adam götürüb qəsəbəyə aparırdı. Onun “çeşka”sına üç-dörd dəfə mən də minmişdim. İlk dəfə onun maşınına minəndə adam mülki paltardaydı, amma təmiz təraş olunmuş üzündən, səliqəli daranmış saçından, bazburutundan bilirdin ki, adam hər kimdirsə, elə-belə adam deyil. Ancaq sonra hərbi mundirdə olanda, poqonlarını görəndə hər şey məlum oldu. Polkovnik-leytenant bir dəfə ona qəribə baxan sərnişinlərdən birinə belə izahat verdi: “Səhər gələndə, axşam gedəndə adam götürürəm, benzin pulum çıxır. Ayıb işdir? Məncə, yox. Əsl ayıb camaatın cibinə nəşə atıb şərləməkdir”. Kişiyə hörmətim artdı.

Ona görə də, əziz oxucular, mindiyiniz taksilərdə sürücü sizə keçmişdə yaxşı vəzifələrdə işlədiyindən, əlacsızlıqdan taksi sürdüyündən danışarsa (adətən danışırlar), çoxuna inanın. Düz deyirlər. Bir şey ki, ölkənin ən populyar telejurnalisti “xaltura” etmək istəyib, amma uğurlu alınmayıb, demək, o birilərin bəxti gətirib.

musavat.com

TƏQVİM / ARXİV