Xalid Kazımlı:100 ilin söyüşcüllərini “dostluğ”unuzda niyə saxlamışdınız?

XALİD KAZIMLI
97484 | 2020-04-29 09:06

Bir dəfə bizim kənddə ortayaşlı bir adam at belində örüşə, kövşənə gedərkən görür ki, üzüm sahəsinin qırağında iki yeniyetmə dalaşır. Atlı yaxınlaşır, görür ki, dalaşanlardan biri öz doğma bacısı oğlu, o biri də qonşularının onunla tay-tuş olan gədəsidir və bacıoğlu artıq rəqibini çiləyir. Adam elə atın üstündəncə açıqlanır, bacısı oğluna təpinir, yeniyetmələr aralaşırlar. Kişi soruşur: "Nədi, niyə boğuşursunuz?” Döyülən yeniyetmə kövrələ-kövrələ deyir: "Dayı, görmürsən, bajınoğlu məni döyür”. Kişi bacısıoğluna hirslənir: "Niyə döyürsən, ə, bunu, qırışmal?” Döyən uşaq ağzını sürüyür. "Niyə döyür, ə, bu səni?”- bu dəfə kişi döyüləndən soruşur. O da kövrək və məsumənə halda deyir: "Nədi ki, nədi, demişəm, sənin ananı...” . Kişi təzədən hirslənir, döyülənin belinə bir şallaq çəkir: "Köpəyoğlu, bajıma söydüyün bəs deyil, hələ mənə şikayət də edirsən?”

Həmişə belə olur: nə qədər ki, adamın özü söyülməyib, başqasının söyülməsinə görə hirslənməz. Amma elə ki özü söyüldü, gəl onda şallağa bax, şıllağa bax.

Özümün də başıma gəlib, elə olub ki, bir yazı yazmışam, ertəsi gün görmüşəm tənqid etdiyim liderin qəzetində ünvanıma hərzə-hədyan yazıblar, təbii ki, hiddətlənmişəm, dostlar, həmkarlar sakitcə deyiblər, vecinə də alma, cəhənnəmə yazsınlar, gora yazsınlar. Təbii ki, məşhur "it hürüşü, karvan yürüşü” məsəlini də çəkiblər (belə situasiyalarda hamı mütləq bu atalar sözünü yada salır – sanki bu, o situasiyanın ədvasıdır, bunsuz olmaz). 5-6 gündən sonra elə olub ki, bu dəfə həmin qəzetlərdə təmkinli dostların ünvanına artıq-əskik nəsə yazıblar, bu halda da onlar qəzəblənib, qəzeti qabaqlarına qoyub, söyləniblər. Onda da mən demişəm, vecinizə də almayın, cəhənnəmə-gora yazsınlar...

Bu, əsas söz davası tribunasının qəzetlər olduğu vaxtın söhbətidir. O vaxtlar söz atışmaları qəzetlərin səhifələrində gedirdi, Allah tərəfi, yazışmalarda bəzən həqarət olsa da, üstüörtülü, məxməri olurdu, heç kəs öz rəqibinün ünvanına var-yox, ölü-diri, ana-bacı, arvad-uşaq söyüşü yazmırdı, söhbət "satqınlıq”, "xainlik”, "alçaqlıq” kimi məfhumlarla məhdudlaşırdı. Bəzən hətta "xain” yerinə "reneqat” yazırdılar, bu da mübahisəyə elitlik gətirirdi.

Sonradan, bildiyiniz kimi, bu xüsusda polemika sovet dövrünün kolxoz qarajlarındakı səviyyəsinə düşdü, pis-pis söyülməyən adam qalmadı - hamı hamını, hər kəs hər kəsi. Kütləvi şəkildə. A.-dan Z.-yə qədər. Bu minvalla biz uzun illər öncə söylənilən və heç cür yaxın qoymadığımız "Siyasət çirkli işdir” ifadəsinin yüzdəyüz həqiqət olduğunu sübut elədik. Abrına qısılan adamlar bu çirkaba bulaşmamaq üçün səslərini kəsib qırağa çəkildilər, çirkab bataqlığıdan çxa bilməyənlər isə hələ də çabalayırlar.

Budur, söyüşlü hücumlar hələ də ünvan dəyişdirə-dəyişdirə davam edir. Həmişə hamını söyənlər də boş buraxılmırlar, hamı da onları söyür. Tamaşanın yek adı var: "Söyüşmə”.

Amma bu qovğa-mərəkədə adamın nəzərini cəlb edən bir detal var. Bəzi dostlar yazırlar: "Bu gün 25 adamı söyüşlü statusu bəyəndiyinə görə dostluqdan çıxardım”; "Təhqiramiz status yazan 17 adamı dost siyahımdan sildim”; "Bundan sonra statusda və şərhlərdə söyüş yazanları, onu bəyənənləri dostluqdan çıxaracam” və s.

Nə gözəl! Nə əla! Belə olmalıdır! Amma, arkadaşlar, o adamlar illərdir söyüş yazırlar, vaxtaşırı "hurrey” deyib kiminsə üstünə tökülüşürlər, bəs nə əcəb onları o vaxt dostluqdan rədd etmirdiniz? İndiyəcən onlar sizin dostluğunuzda niyə qalırdılar ki?
Niyə? Ona görə ki, onlar sizi, liderinizi, rəğbətiniz olan adamları söymürdülər, başqalarını söyürdülər – İsa Qəmbəri, Etibar Məmmədovu, Sabir Rüstəmxanlını, nə bilim, Fərəc Quliyevi, Hadı Rəcəblini, Aqil Abbası, Elman Nəsirovu... Savadlı adamların sözü olmasın, permanent və xroniki şəkildə söyülənlər, söyüş sunamisinə məruz qalanlar vardı. Onda dözürdünüz.

Ancaq indi isə sizi, sizin dostlarızı söyürlər və ürəyiniz götürmür.

Yəni siz, prinsipcə, söyüşə, onun mübarizə üsulu olmasına qarşı deyilsiniz, o silahın sizə qarşı çevrilməsinə qarşısınız. Sabah indiki söyüşcüllər dönüb rəqiblərinizi söysələr, "insanları bu cür hiddətləndirməsinlər, onlar da söyməsinlər” deyəcəksiniz.
Elə bizim bacısı oğluyla dalaşan həmyaşıdını şallaqlayan atlı kəndçimiz də söyülənin öz bacısı olmadığını, hətta bacısı oğlunun öz rəqibinin anasına söydüyü bilsə, təmkinli davranar, gülər, "ə, qələt eləyir, bunun nə canı-cəsədi var ki, mamana nəsə edə bilsin” deyər və atının başını döndərib gedərdi.

Siz siz olun, heç vaxt sosial şəbəkədə söyüş dolu status yazanı "like” edib qızışdırmayın, söyüşü norma halına gətirməyin, bilin ki, o latayırlı sözlər bir gün sizə də yönələcək.

TƏQVİM / ARXİV