Xalid KAZIMLI: Dostun kasıbdırsa...

XALİD KAZIMLI
53446 | 2019-06-15 10:00

Başlığı Murad Köhnəqalanın bir yazısının başlığına oxşatmışam. Onun yazıçı İlyas Ərnəfəs haqqında yazdığı olduqca gözəl və iç acıdıcı yazısının başlığı "Dostun dəlidirsə...” idi.

Yumruq boyda yox, noxud boyda ürəyi olanlar da o yazıdan təsirlənməyə bilməz. Şedevrdir.

İndi işə baxın, elə bir yazının müəllifi haqqında yazmalı oluram.

Bəri başdan deyim ki, Muradla lap köhnədən tanış olsaq da, eyni qəzetlərdə köşə yazısı yazsaq da, tez-tez rastlaşıb söhbətləşsək də, dərin dostluğumuz, daha dəqiqi, badə dostluğumuz yoxdur. Bizimki qələm, söz dostluğudur.

Bu yazı isə onu müdafiə səciyyəsi daşımır, "nə eləyib, düz eləyib” qrafasından deyil, sadəcə, adamın problemlərinə, insani iztirablarına diqqət çəkmək istəyirəm.

Murad istedadlı yazıçıdır, şairdir. Buna heç bir şübhə yoxdur. Kim danırsa, demək, obyektiv adam deyil.

Murad balalarını çox istəyir. Bunu kim bilməsə də, onu yaxından tanıyanlar bilir ki, o, onların təhsil haqqını ödəyib, digər xərclərini çəkib və bunu heç vaxt sənədləşdirməyib, aliment verirmiş kimi etməyib, atanın boyun borcu sayaraq edib.

Ancaq iş belədir ki, Murad bir yerə kül tökən adam deyil. Bir yerdə qərar tutmur, işlədiyi yerlərdən tez bezir, uzaqlaşır, yön dəyişir. Onun əsas problemi budur.

Uzun illər əhlikef adam olub Murad. Günü ziyafətlərdə keçib, dostları ilə yeyib-içib, əylənib.

O, qeyri-standart adamdır və bu həyat tərzi Avstraliyadan Kanadaya qədər yaşayıb-yaradan çox sayda yazıçı-şairlərə xasdır. Onlar standartlara, qəliblərə sığmırlar. Bu, həm də onların faciəsidir.

Siz heç saçı qısa vurulmuş, qara (göy) kostyum, ağ köynək geyinmiş, tünd qırmızı qalstuk bağlamış rəssam görmüsünüz? Nadir hallarda ola bilər. Çində, Şimali Koreyada-filanda. Azad ölkələrin sənətkarları azad olmaq istəyirlər. Azad olmayan ölkələrin də sənətkarları ən azı azadmışlar kimi görünməyə, olmağa çalışırlar.

Murad azad sənətkardır, həmişə azad olmağa çalışır. Onun məşhur violençelist Rostropoviçə həsr etdiyi şeiri oxumusunuz?

Heç bir poeziya qəlibinə sığmayan satirik şeirdir. Bir neçə misrasını burada iqtibas edirəm:

Vurub da qoltuğuna

sevimli violençelini

gəl, ey ustad Rostropoviç,

çal, ey ustad Rostropoviç.

Masteropoviç, Masteropoviç.

Sən gəlməsən yurdumuza bahar gəlməz,

Qastrolpoviç, Rostropoviç.

Sən xalqımızın axın sirdaşı

Dostropoviç, Rostropoviç

Daxili və xarici siyasətimizin

ən müdrik tapıntısı,

ən iti zəkalı violençelist

Ostropoviç, Rostropoviç....

İndi Muradın başına belə bir iş gəlib. Özünü 15 günlüyə həbs ediblər, adı qəzetlərdə, saytlarda, sosial şəbəkələrdə gəzir. Bilən, bilməyən, çox adam nəsə yazır, pisləyir, qınayır, şəxsi məsələlərinə, ailə söhbətinə belə qarışır, hökmlər verir, qəradadlar çıxarırlar.

Murad illərdir həyatda, dünyada, ədəbiyyatda öz yerini tapmaq üçün çalışır, çabalayır, amma tapa bilmir. Təbiət də onu belə yaradıb. Bir adam ki gedə, cənnətməkan İsveçdə belə duruş gətirə bilməyə, qayıdıb gələ, ondan hansısa sistemə riayətmi gözləyək?

Dağınıq adamdır Murad. Ailə düzənini pozan, qurulu evindən bir pencəyini götürüb çıxan adamdır. 50 il dağınıq bir həyat yaşayıb. İndi-indi körpə oğlu Amura sarılaraq bir düzən, ev-eşik qurmaq istəyir.

Demirəm ki, bütün istedadlı adamlar Murad kimi olsun. Bu, heç mümkün də deyil, o da qala düzgün ola. Sadəcə, onu anlamaq lazımdır. O, belədir.

Onun övladları yetkinlik yaşına çatıblar, artıq alimentə ehtiyacları yoxdur (ata qayğısı isə əbədi borcdur, bu heç). Muradın həbsinə səbəb olan köhnə borclarıdır.

İndi necə olsun, adam köhnə borcları ödəyəcək durumda deyil, kasıbdır. Tərs kimi, onun dostları da kasıbdır.

Bu günlərdə söz-sözü necə gətirdisə, bir qohum adam belə cümlə işlətdi:"Allah adamın düşmənini də kasıb eləməsin”. Sonra özü izah etdi ki, düşmən kasıbdırsa, fağır və yazıq olacaq, daha onun nəyi ilə düşmənçilik edəsən...

Murad kasıbdır, amma yazıq adam deyil, yuxarıda dediyim kimi, istedadlıdır, öz yerini tapsa, kasıbçılığın daşını atacaq, övladlarına baxmağa imkanı olacaq. Sadəcə, onu bu durumdan çıxarmaq lazımdır.

Günümüzün Hadisidir o.

Burulğanlı suda çabalayan və xilas olmaq istəyən adama xilasedici kəmər atmaq lazımdır, sahildə dayanıb daş-kəsək atmaqla insan xilas edilməz.

P.S. Muradın o şedevr yazısının sonunda belə bir məqam vardı: Əsəb xəstəsi olan İlyas, onun halına acıyan və gözündən yaş gilələnən Murada salfet verir.

TƏQVİM / ARXİV