Dünən ayın 13-ü və günlərdən cüməydi. Yəqin ki, çoxunuz ayın 13-nün cümə gününə təsadüf etməsinin nəhs sayıldığı barədə bilirsiniz. Google axtarış saytında bu barədə xeyli informasiyalar və o informasiyalarda da müxtəlif versiyalar var.
Heç bir versiya həqiqətə tam uyğun deyil. Hamısı yarımçıqdır, yanlışdır. Ayın cüməyə təsadüf edən 13-cü gününün nəyə görə nəhs olmasına dair elmi hipotez yoxdur. Ona qalsa hər il azı 4 dəfə ayın 13-ü cümə gününə düşür və heç bir qlobal fəlakət baş vermir.
Düzdür, həmin gün qəzaya düşənlər, başına pis iş gələn xeyli adam olur, amma bu iş də belədir ki, həmin hadisələr yanvarın 1-dən başlayaraq ta dekabrın 31-nə qədər yüz minlərlə adamın başına gəlir - bazar ertəsindən bazar gününə qədər. Hər gün. Hər saat.
Elədirsə, bəs insanlar nədən "13-ü, cümə” deyə belə günlərə önəm verirlər? Bu, kor-koranə inancdır və başqa bir şey deyil.
Dünyada nə qədər xalq varsa, hamısının 40 dənə bu cür yalan-yanlış inancları var. 3 mini (dünyadakı xalqların təxmini sayı) 40-a (kor inancların miqdarı) vursaq, 120 min alınar və bu da o demək olar ki, Yer üzündə 120 min inanc var.
Yer demişkən, milyonlarla insan inanır ki, Yer planeti kürə şəkilində deyil, hamardır. İnancları budur. Belə adamlar asanlıqla "alimlər qələt edir, NASA başını asteroidə döyür, Yer düzdür, vəssalam” deyə, Yerin iki öküzün buynuzunda durduğuna (zəlzələlər də bu üzdən olurmuş, öküz buynuzunu tərpədir axı hərdən) inanırlar.
İnduslar inanırlar ki, inək müqəddəs heyvandır. Əslində doğru fikirdir, inək gerçəkdən bəşər övladı üçün çox faydalıdır, amma əti yeyilməyəcək, südü içilməyəcək, dərisi istifadə edilməyəcək qədər müqəddəs deyil. Yeri gələndə biz onun yüzünü birdən qurban kəsə bilirik. Amma induslar əllərini iç-içə qapayıb üzlərinə qaldırır, sitayiş edirlər. İndi inəyin ətinin, südünün faydalı olduğuna inanan bizmi düz yoldayıq, yoxsa ona sitayiş və hörmət edən induslarmı?
Prinsipcə, biz gərək onların inancına hörmət edək, yanlarında inək kəsməyək, yeməyək. Onlar da gərək bizim inancımıza hörmət eləsinlər, süfrəyə xaşlama-kələpur gələndə basıb yesinlər.
Ölkəmizdə və başqa yerlərdə qara pişiklə bağlı inanc var, guya qara pişik adamın qabağından keçəndə işi düz gəlmirmiş. Özüm şəxsən yüz dəfə görmüşəm, qabağından qara pişik keçən adam yolunu dəyişir, dəyişə bilməsə də, yerində üç dəfə fırlanır, tilsimi qırır. Sükan arxasında olduğu üçün yerində fırlanmaq imkanı olmayan adamın da başındakı papağı üç dəfə fırladaraq, qara pişiyin nəhsini neytrallaşdırdığını görmüşəm.
Nə edəsən, insanlar belə şeylərə inanırlar. Ha de, ha yaz. Pirlərin xərçəng xəstəsini sağaldacağına inananlar var. Ocağın korazehin abituriyenti 666 balla Tibb Universitetinə düzəldəcəyinə inam bəsləyənlər var. Seyid qaloşunun, tüpürcəyinin şəfaverici gücünə inananlar var. Tibb professorunun yazdığı resepti kənara atıb 4-cü sinif təhsili olan dələduz ekstrasensin üstünə qaçanlar, mollalardan müalicəvi dualar satın alanlar var. Bir deyil, beş deyil. Yuxarıda dediyim kimi, 120 mindir.
Belə şeylərə qarşı nəsə yazanda da ziyalı dostlar deyirlər ki, bu, inanc məsələsidir, hörmət eləmək lazımdır. Deyirsən, yanlışdır axı, cəhalətdir, xurafatdır. Deyirlər, özü bilər, Allahı bilər, adam ona inanır, biz də məcburuq hörmət edək.
Olmur axı. Görürsən, adam yanlış inancına boyun əyərək uçuruma gedir, ona demək lazımdır ki, dayan, boş şeylərə, cinlərə, iblislərə, cürbəcür mələklərə inanma. Məsələn, Şabranda kimsə Murad adlı oğlanın içinə girmiş cini nar çubuğuyla çıxarmağa çalışan yeddi gəncə "belə etməyin” desəydi, nə Murad ölərdi, nə də bu gün o yeddi nəfər hakim qarşısında durardı. Amma hiss olunur ki, hamı onların inancına hörmət edib, heç nə deməyiblər.
Dediyim odur ki, bir şeyə inananda baxaq, görək, elm nə deyir. Nyutonun qanunlarına, Eynşteynin nisbilik nəzəriyyəsinə, Mendeleyev cədvəlinə, cəhənnəm, Lütfi Zadənin qeyri-səlis məntiqinə inanmaq lazımdır, axşam çağı yerə tökülən isti suyun cinin balalarını yandırmasına yox.
P.S. Şair də deyir, könül verməzlər şər vaxtı. Niyə vermirlər, ay qardaş? Axşamüstü könül verəndə nə olur? Dünyanın dörddə üçü evlilik təklifini şam yeməyi zamanı edir (bu zarafatdır, şair inciməsin).