Xalid KAZIMLI: Dürüst və vicdanlı olmağın mükafatı...

XALİD KAZIMLI
51656 | 2019-09-28 10:13

1993-cü ilin dekabrı idi, "Neftçilər” metrostansiyasında qatara minib "Sahil”ə gedəcəkdim. Bir də gördüm ki, adamlar, əsasən də tələbələr mənə tərəf baxıb pıçıldaşırlar. Dərhal hiss etdim ki, baxışlar məni aşır, geriyə çevrildim, gördüm, Vurğun Əyyub məndən bir-iki metr aralıda durub, qatar gözləyir.

O vaxta qədər bizim şəxsi tanışlığımız yox idi, o, məni sadəcə, bir neçə dəfə Müsavat Partiyasının qərargahında görmüşdü. Yaxınlaşdım, tanışlıq verdim. Qatar gəldi, vaqona mindik. O vaxt onun 36 yaşı olardı, yəni cavan adam idi, amma Vurğun bəyi tanıyan tələbələr qalxıb ona yer göstərdilər. "Müəllim, keçin, oturun” dedilər. Vurğun müəllim o yerdə oturmadı, yana dönüb həmin yeri yaşlı qadınlara verdi.

Ayaq üstə dayandıq və söhbət edə-edə "Sahil”ə gəldik. Həmin gün onun dediyi iki cümlə yaddaşımda iz salıb. Nəyə görəsə söhbətimiz Hikmət Hacızadəyə yönəldi. Vurğun bəy hərəkat dostunun adını böyük ehtiramla çəkərək dedi: "Hikmət Hacızadənin də bir günü olacaq. Bir gün onun nə qədər böyük insan olduğu bilinəcək”.

Bir də söhbət AXC-Müsavat hakimiyyətinin devrilməsindən (o zamanlar bütün hərəkatçıların mövzusu buydu) düşəndə Vurğun Əyyub belə bir cümlə işlətdi: "Əslində bizim hakimiyyətin devrilməsinin bir səbəbi də testlə qəbul oldu, tələbə qəbulundakı rüşvət və korrupsiyanın məhvi minlərlə ali məktəb müəllimini bizə qarşı çevirdi”.

Bu sözlərdə böyük həqiqət vardı. Gerçəkdən də o vaxtlar AXC-yə müxalif olan ən güclü partiyaların rəhbərliyi və fəalları ali məktəb müəllimləri idi. Onlar tələbə qəbulunda rüşvətə son qoyulmasından narazı qalmış, hiddətlənmiş, kütləvi şəkildə o dövrün ana müxalifət partiyası olan AMİP-ə daxil olmuşdular və Elçibəy hakimiyyətini devirməyə, "tələbə qəbulu sistemində sovet ədaləti”ni bərpa etməyə hazırlaşır, vur-həşirlə antitəbliğat aparırdılar.

Düzdür, "o müəllimlər”in arzusunun yarısı həyata keçdi, Elçibəy iqtidarı devrildi, amma testlə qəbul dəyişdirilmədi. Hakimiyyətə gələn Heydər Əliyev xalqın məmnun olduğu yeni üsulu ləğv etmədi.

Çünki bu, olduqca parlaq, uğurlu bir islahat olmuşdu. Yerlərdə AXC-yə qarşı danışanda ağzının odu-alovu adamı qarsan şəxslər də söhbət tələbə qəbulundakı rüşvətxorluğa son verilməsinə gələndə suya-buza dönür, "o başqa” deyirdilər. Ona görə ki, öz övladları bir qəpik xərc çəkmədən ən prestijli universitetlərin ən yaxşı fakültələrinə qəbul olunmuşdlar. Bir il öncə isə onların bu niyyəti çox əlçatmaz idi, 20-25 min rubl (o qədər pula üç yeni avtomobil almaq olardı) həcmində rüşvət verməliydilər.

Yeri gəlmişkən, dünən jurnalist Nahid Canbaxışlı sosial şəbəkədə Vurğun Əyyuba dair yazdığı statusda bu durumu bir sadə cümlə ilə çox gözəl ifadə edib: "Kasıb balalarının hüquqşünas olmalarının səbəbkarı”...

Əlbəttə, test üsulu ilə tələbə qəbulu islahatı təkcə Vurğun Əyyubun xidməti deyildi. Bunun ideyasını verən, dəstəkləyən, siyasi qərar verən prezident Elçibəyə və təhsil naziri Firudin Cəlilova da minnətdarlıq düşür. Ancaq Vurğun Əyyubun xidməti ona görə böyükdür ki, o, əla və prinsipial icraçı olaraq, bu islahatı heç bir əyintiyə, pozuntuya yol vermədən, iynənin ucu boyda ləkə düşürmədən həyata keçirmişdi. Onun yerində bir qədər üzüyumşaq, bir az da yerlibaz, qohumbaz biri olsaydı, kim bilir, nələr olardı (o cür adamlar hər zaman bütün hakimiyyət komandalarında olur).

Xalqımız Vurğun Əyyubu ona görə sevirdi - vicdanlı, dürüst və prinsipial adam olduğuna, xalqa danılması mümkün olmayan xidmətinə görə.

Əslində Elçibəy komandasında başqa dürüst və vicdanlı kadrlar da vardı və onlar da öz sahələrində parlaq işlər görürdülər. Xeyli ad çəkmək olar.

Vurğun Əyyubun vəfatına görə üzüntüsünü dilə gətirən, səmimi qəlbdən kədərlənən yüz minlərlə adamın mövcudluğu isə onu göstərir ki, bu xalq yaxşı işə, yaxşı insana yaxşı qiymət verir, ona görə hüznə batır.

Demək, hələ çox şey itirilməyib. Demək, dürüst və vicdanlı olmağın məzara alqışlarla yola salınmaq, xatirələrdə işıqlı adam olaraq qalmaq kimi mükafatı da var.

TƏQVİM / ARXİV