Sənlə danışmağın yolun tapmışam - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
789 | 2024-10-16 15:09

Elə insan var ki, özü-özüylə danışmağı, tənhalığı, sükutu sevir. Yəni bu adam üçün hardasa tərki-dünyalıq daha önəmlidi, nəinki səs-küylü, çal-çağırlı, hətta adamın halına hansısa bir təsir edən məkanı… Demək istədiyim odur ki, ikinci qrupa aid olan adamlar adətən daha şən, daha qayğısız və hətta bir az hər şeyi boş verənlərdi. Bir az da çılpaq desəm, onların arasında «Araz aşığından, Kür topuğundan» düşüncəsi ilə yaşayanlar da bir ayrıca zümrə təşkil edir. Deməli, kim həyatı necə tutursa, zamanın axarına necə qoşulursa, ömrü də, günü də o cürə davam edir. Lakin…

Yazımın əvvəlində vurğuladığım sükut, tənhalıq adamları ilk baxışdan nə qədər qara-qabaq, kədər, qəm auralı təsir bağışlasalar da, onların da içərisində daxili işıqla, nurla, sevgiylə, sevinclə dolu olan yetərincə Allah bəndələri var. Bax, həmin Allah bəndələrindən biri sayıram özümü. Hara çəkilməyimdən, hansı dalğada, hansı kordinatda olmağımdan asılı olmayaraq, həmişə bir səsi eşitmək istəmişəm, bir gözə baxmaq istəmişəm, bir Allah bəndəsi ilə, daha doğrusu, Allahın qarşıma çıxartdığı mələyi ilə nəfəs-nəfəsə dayanıb, diz-dizə oturub bu dünyanı unutmaq istəmişəm.

Siz də bilirsiz ki, istəyə qadağa yoxdu. Onu heç bir qanun cəza müstəvisinə çıxara bilməz. Çünki o istək ürəkdədi, ruhdadı. Onu bir Allah görür, bir də sahibi. Ona görə də bu istəyə şahid də tutmaq, vəkillik də etmək mümkün deyil. Elə bu üzdəndir ki, həmin istəklər insanı danışdırır, havalandırır, hətta dəli edir. Sözün böyük mənasında Məcnuna çevirir. Bax, onda da kimin hansı qiyməti verməyindən, hansı nəzərlərlə baxmağından, arxanca hansı küfürləri etməyindən asılı olmayaraq, sən öz auranda qalırsan. Yəni öz Məcnunluğunla öz dünyanın sahibi olursan. O dünyanın da Leylisi - Allahın yer üzünə göndərib səninlə qarşılaşdığı mələyidi…

Deməli, mən də özümü saydığım zümrənin arasında  hər gün, hər saat, hər an  içimdə özümlə və Allahımla danışıram. Özümün özümə dediklərimi Allahımın sənə çatdırmasını istəyirəm. Həm yalvarışla, həm göz yaşı ilə. Və bu yaşamın dəyərini də, mənasını da səndə və sənin varlığında görürəm. Elə ona görə də təkliyimdə, tənhalığımda öz-özümə pıçıldadıqlarımı misralara çevirirəm. Sonra da o misraları üzümü sənə gah da  şəklinə tutub oxuyuram:

 

Mən qapını döyəcəyəm hər zaman,

Açmasan da, küsmüyəcəm, bunu bil!

Yormayacaq məni nə ah, nə aman –

Ümidimi  kəsməyəcəm, bunu bil!

 

Dan yerinə boylanacam, görməsəm –

Gün işığın, doymayacam, hörməsəm!

Dodağının – solmayacam, dərməsəm –

Təbəssümün, bəsləyəcəm, bunu bil!

 

Əlim Allah ətəyində, ünümsə

Sənə çatır, bəs eləyir – gülümsə!

Bu sevgidən mənə düşən ölümsə –

Sevə-sevə səsləyəcəm, bunu bil!

 

Heç kim deyə bilməz ki, insanın düşüncəsi, məntiqi mütləq bütün bəşər övladının kökləndiyi, dayaq nöqtəsi hesab etdiyi mərkəzə hesablanmalıdı, ordan pərvəriş tapmalıdı. Mənim birmənalı olaraq özüm üçün qəbul etdiyim və gerçəkliyinə heç bir şübhəm olmayan yaşam məntiqim Sevgidən ibarətdir. Özü də bu sevgi həm həyatadı, həm təbiətədi, həm insanlaradı, həm doğmalara, həm çevrəyə, həm də sevdiyimə.

Təbii ki, burda başlanğıcda Allah dayanır. Allaha olan sevgim mənə imkan verir ki, bəndələri də sevim. Onların içərisindən seçdiyim mələyi də Allah qədər sevə bilim. Bu cür yanaşmanın, bu məntiqə söykənişin nəyi və harası yanlışdır, onu deyə bilmərəm. Ən azından ona görə ki, mən burda yanlışlıq görə bilmirəm. Gördüyüm, tanıdığım, bildiyim Allahdı, bir də Sən! Özümü də bu təqdimatda Allahın verdiyi sevgini yaşayan bəndə kimi görürəm. Ona görə də zamanın nəbzini tutmağa, həyatın axarına qoşulmağa heç də can atmıram. Qədərimi yaşamağa, qədərimi mənzil başına aparmağa üstünlük verirəm. O qədər isə alın yazım, yəni Allahın mənə lütf etdiyi ömür payıdı. Onun yol xəritəsidi.

Gedirəm, həmin ömrün yolu ilə. O yolun nələrdən bugünə qədər keçdiyi artıq dünəndi, tarixdi, sabaha qədərki məsafədə isə nələr var, nələr olacaq, onu deyə bilmirəm. Onu demək üçün tanımaq, bilmək, görmək lazımdı. Bu isə Allahın ixtiyarında olan hüquqdu. Yəni, sabahların necə, nə cür olacağını yalnız o bilir.  Qaldı ki, mənim bildiklərimə, onlar barəsində artıq şeirə çevrilən duyğularımın səsi hər şeyi deyir:

 

Mənə bol çəkirsən, Tanrım, payımı –

Dərddən yavaş-yavaş doyuram artıq…

Əlimin arxasın şir kürəyitək –

Sakitcə torpağa qoyuram artıq…

 

Külək əlindədi həsrətin donu,

Bəlkə gözləmirdin heç belə sonu!?

Mən qurban demişdim, axır ki, onu –

Kəsmişəm, ürəyi soyuram artıq!

 

Üstümə tökülən kin, ya da nifrət

İçimi öldürən xiflətdi, xiflət…

Qəflətən yıxılsın deyə Əbülfət –

Qayadı, dibini oyuram artıq!.

 

Deyirlər ki, «Yeriyən yıxılmağa baxmaz». Yəni, qaçırsansa, yeriyirsənsə, ayağın büdrəyə bilər və yaxud nəyəsə ilişib yıxıla bilərsən. Bundan nə incimək lazımdı, nə də bundan kimsə sığortalanmayıb. O adam yıxılmır ki, o yerimir, yüyürmür, çabalamır, hərəkət etmir. Əgər həm fiziki, həm də mənəvi aləmdə, yəni, ruh baxımdan insan hərəkət edirsə, onun nəyəsə tuş gəlməsi, nəyəsə uğraması normal sayılmalıdı. Fikir yanlışlığının özü də yıxılmaqdı. Odur ki, mənim də digər adamlar kimi büdrəməyim, yıxılmağım olub və onun ağrılarını bu gün də yaşayıram, bu gün də çəkirəm. Amma bir şeyi bilirəm ki, o yıxılmaq da, o büdrəmək də bilərəkdən, düşünülmüş olmayıb. O yumşaq desəm, bir qəza olubdur.  Qəzalar isə ömrümüzün naxışlarıdı…

İndi son baharın göz yaşlarını çilədiyi bugünlərdə mən tökülən yarpaqlara, ayaq altındakı xəzələ baxa-baxa arxada qalanları gözümün önünə gətirməyə çalışıram. İstəyirəm ki, hisslərimin, duyğularımın, ürəyimin hakimi olan BİR QADININ nə qədər yaxın, nə qədər uzaq olduğunu təxmin edə bilim.

Elə bilməyin ki, mən riyaziyyatdan xəbərsizəm. Burda söhbət hansısa məsafəni ölçməkdən getmir. Burda söhbət  yaxında və ya uzaqda olduğunu, onun və mənim ürəyimin döyüntüləri ilə ölçməkdən, hesablamaqdan gedir. Və bu ürəklər bir-birini özünün güvəni, özünün ifadəsi kimi qəbul edirmi?

Sual bəlkə də mücərrəddi, bəlkə də absurddu. Bəlkə də heç nəyi ifadə etməyən söz yığınıdı. Bu, o sualı dinləyənin, düşünənin ruhun, ürəyin sahibinin kimliyindən çox asılıdır. Varlığında azacıq sevgi olan hər kəs bu sualı özünə verib və verəcək. Elə mən də məhz həmin sevginin diktəsi ilə bu sualı içimdə təkrarlayıram. Bir istək olaraq həmin sualın sənin də ürəyində təkrarlanmasını Allahdan diləyirəm. Özü də son baharın yağışlı günündə, yağışlı gecəsində, yarpaqların xəzəl, xəzəlin isə xəşəm olduğu anda.

Sığındığım tənhalıq, məni bürüyən sükut bu yazı boyu öz-özümlə etdiyim söhbətin sonunu bir işığa gətirib calayır. O işıq sənin durduğun yerdən görünür. Mən görürəm o işığı. Və ona doğru , yıxılmaqdan qorxmadan yüyürmək istəyirəm. Çünki:

 

Səhəri açmağın yolun tapmışam –

Bu payız gecəsi xəzəl sayıram…

Yüz fikir qovmuşam, fikir çarpmışam –

Mən öz tapıntımı özüm yayıram…

 

Xışıltı ovcumda son sözə dönür

Vida pıçıldayır hər xəzəl mənə…

Gözümdə bir ömür şam kimi sönür –

Belə gəlməmişdi bu, əzəl mənə!

 

İtirir budaqlar yarpaq əllərin,

Görür öz işini vədə caynağı…

Hələ ümidlidi odur ki, bunu –

Ağlıma gətirmir hədə saymağı.

 

…Saydığın xəzəllər dan yerinədək,

Məni haldan-hala daşıyacaqlar…

Payız gecəsinə yağan yarpaqlar –

Torpağa qarışıb yaşayacaqdır!..

 

Bəli, tənhalığı sevənlər də var, çal-çağıra can atanlar da. Sükutla həmsöhət olanlar da var, hay-küydə öz səslərini eşitməyənlər də. Mən harda oluramsa səninlə danışıram… Səndən danışıram... Allahın şahidliyi ilə!

TƏQVİM / ARXİV