SEVGİ  VARSA… -  VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
4290 | 2023-10-24 12:40

Qəndab adlı bir şair qızın iki şeir kitabı əlimə düşdü: «Səni elə sevdim ki..» və «Ətirli güllər». Birinci kitaba xalq şairi Musa Yaqub «Sevgi pıçıltıları» adlı ön söz yazıb, ikinci kitabda isə ön sözün müəllifi tənqidçi həmkarım Rəhim Əliyevdir. Hər iki ön sözdə Qəndabın istedadlı bir şair olduğundan söz açılır.

Mən də onun şeirləri barədə öz sözümü demək istəyirəm.Qəndabın şeirlərinin əksəriyyəti sevgi haqqındadır. Eşq yox, sevgi haqqında. Çünki mənim fikrimcə, eşq daha mükəmməl bir anlayışdır, Leyli və Məcnun həsrətlilərinin – onların eşq dastanının əlçatmaz zirvəsidir, amma sevgini-məhəbbəti  yaşamadan eşq adlı o yüksəkliyə qalxa bilməzsən. Amma çox vaxt eşq, sevgi və məhəbbət anlayışlarını sinonim kimi təqim edirlər. Sevgi  və məhəbbət  insan münasibətlərinin çoxsaylı cazibələrini özündə əks etdirir. Gəlin, müdriklərin söylədiyi bəzi fikirlərə istinad edək. Cəlaləddin Rumi deyir ki: «Sevgi və şəfəqət insanlığın məhək daşıdır». F.Dostayevski isə belə deyirdi: «Məhəbbət o qədər güclüdür ki, bizi yenidən yaradır». X.Rodo  isə sevgini belə dəyərləndirirdi: «Sevgisiz həyatı yaşamağa dəyməz». Azərbaycan atalar sözünə müraciət edək: «Sevgi od deyil, amma oddan yaranır». Yenə onlarla belə misallar cətirmək olar.

Qəndabın lirik qəhrəmanı da sevgi cazibəsindədir. Sevgidə vüsal da var, amma bütün Azərbaycan şairləri  daha çox  ayrılıqdan, hicrandan yazıblar. Füzulidən tutmuş bu günün ən gənc şairinə qədər. O cümlədən, Qəndab da. Qəndabın lirik qəhrəmanının etiraflarını Musa müəllim sevgi pıçıltıları adlandırır. Amma mənim fikrimcə, pıçıltı ilə yanaşı, onun şeirlərində haray da var, çılğınlıqdan doğan hallar da. Amma istər pıçıltıyla, istərsə də harayla deyilsin ürək sözləri, əsas odur ki, Qəndab sevgi etiraflarını səsləndirir. Məncə, Qəndabı «etiraflar şairi» adlandırmaq olar. 
  
    Ömrümün qaranlıq üfüqlərindən
    Günəş tək parlayıb  doğan Sən oldun.
    Yarıb  qaranlığı şəfəqlər kimi
    Gözümə süzülən, dolan Sən oldun.

    Çoxluğun içində tənhalaşanda
    Doğmalar yad kimi uzaqlaşanda,
    Ötən keçmişimlə vidalaşanda
    Dünyamı bürüyən, saran Sən oldun.

SƏN - lirik qəhrəmanın sevdiyi insan. Bu şeirdə onun xilaskar rolu ön plana çəkilir. Hər bir gəncin sevgi həyatında ona «işıqpaylayan» bir insan daxil olur. Amma bu «işıqpaylayan» tezliklə ya bir müddətdən sonra o işığı əsirgəyir. Və bundan sonra lirik qəhrəmanın – sevən qızın həyəcanları başlayır. HARDASAN nidaları ahlara-amanlara bürünür:

     Əlimi buraxıb getdiyin gündən
     Ruhum da səninlə qoşa gedibdir.

O gedən kəs bəlkə də sevdiyi qızı düşünmür. Bizim zəriflərin – şair qızların əksəriyyəti elə bu hicrandan çox yazıblar, təbii ki, hərəsi öz təbirincə… Amma həyəcanlar bitmir - tükənmir, o gedən kəs bəlkə də heç qayıtmayacaq, amma sevən qız ümidlərini itirmir: 

     Sevincim tükənib, qəmim bitəndə,
     Ürəyim dayanıb ağlım itəndə,
     Dərdimin əlacın mənim tək Sən də
     Tapanda, Səninlə görüşəcəyik!

Qəndabın lirik qəhrəmanı beləcə çox hallar keçirir, gah özünə təskinlik verib deyir ki: kədərlənmə, gah sevdiyini qınayır: «Heç insafın yoxmu yarım, Ürəyimlə oynayırsan», gah onu yamanlayır: «Geriyə heç yolun yox, Sən bir qılçıq kimisən» və başa düşür ki, o adam tamam unudub bu sevən qızı: «Unutmusan artıq məni, Nə izin var, nə də tozun». Və nəhayət bəbinlik - küskünlük son həddə çatır: «Mən indidən söyləyirəm, Mən sonuma tələsirəm, Mən ölməyə tələsirəm!»
 Keçirəm ikinci kitaba - «Ətirli güllər»ə. Aradan üç il keçib və məni o maraqlandırır ki, Qəndabın lirik qəhrəmanı indi nə fikirləşir, yenə ONU hüznlə xatırlayırmı? Amma baxıb görürəm ki, o sevgi yenə yaşayır bu qızın qəlbində. Bununla yanaşı, ağlından ölmək fikri keçmir, anlayır ki, elə bu sevgini ürəkdə saxlamaq lazımdı. Yazır ki:

     Ölüm qorxutmur məni
     səni axtararkən
     könlümün sahibsiz küçələrində.
     Ən ağır ayrılığı
     yaşamışam gözlərinə baxarkən!

     Ölüm ayrılığın
     ən yoxsul olanıdır.
     Mənsə Səni ölmədən 
     məzara göndərirəm,
     Əriyən şam
     əllərimi yaxarkən.

     Bu yazıda mən Qəndabın lirik qəhrəmanının timsalında  bir nakam sevgi əhvalatını tamam nəql etmək fikrində deyiləm. Və Qəndabın şeirlərindəki küskünlük, ayrılıq - hicran əzablarından doğan üzüntü hallarını pisləmək, bunu pessimizm kimi qələmə vermək fikrində deyiləm. Onun lirik qəhrəmanının keçirdiyi sevgi hisslərinə çox təbii yanaşıram. Amma bir iradımı da bildirmək istəyirəm: Qəndabın lirik qəhrəmanının təqdir etdiyi, onun ayrılığına dözməyib hətta ölmək istədiyi bu SƏNin kimliyi də məni maraqlandırmır. Sadəcə, demək istəyirəm ki, Qəndabın lirik qəhrəmanı gözüyaşlı qoyan bu SƏNlə olan ayrılıq nədən yaranıb? Axı, səbəb olmalıdır.  Bəlkə o SƏN bir başqasına uyub, Hüseyn Arifin bir şeirində deyildiyi kimi: «Ey məni sevməyən, gör kimi sevdin?». Ya da o bəlkə heç bu sevgiyə layiq deyil və s.
 Mən bu yazıda yalnız Qəndabın sevgi şeirlərindən söz açmaq istəmirəm. Onun digər mövzularda yazdığı elə şeirləri var ki, bunlar həqiqətən də gözəl şeirlərdir. Məsələn, onun Ana haqqında şeirləri xüsusilə seçilir:

     ANA, ANA, ANA yazıram,
     Gözlərimin giləsiylə 
     hər yana. 
     Yıxılır məni sıxan divarlar.
     Yaşayıram.
     ANA!
     Hardadır sənin kimi yar?!
     Səndən güclü Tanrıdırsa,
     Tanrının da ANASI var.

Başqa bir şeiri: «Hər yer başqa, Vətən başqa!» 

     Anam çiçək, gül əkərkən,
     Torpağında iməklərkən
     İlk dil açıb söylədiyim
     O ANA sözüdür Vətən!
     Əgər həyat yaşamaqsa,
    Yaşamaq özüdür Vətən!

 Mənim ikinci kitabda xoşladığım bir şeir var: «Bir yağış yağsa!».  O şeirdə Qəndab öz təbiət sevgisini bəyan edir və mən arzu edərdim ki, belə şeirlərin sayı artsın, təbiətdəki gözəlliklərə göz yummaq olmaz.

    İslatsa paltarımı, işləsə iliyimə,
    Qarışardım yağışa!
    Yağardım uzaqlara, lap uzaqlara…
    Sarılardım
    Yağış sularında
    Yalın ayaq, çıl-çılpaq  qaçan uşağın
    Tonbul ayaqlarına!
    Göylərə açılan balaca əllərinə,
    Bir də tez-tez öyünən isti ürəyinə!

Qəndabın hər iki kitabına daxil etdiyi mənsur şeirləri də oxudum. Bu mənsur şeirlərdə Qəndabın lirikası nəsr dilinə keçir.  Mənim o mənsur şeirlərdən ən çox bəyəndiyim «Qaymaq gülü»dür. Bu yazını həmin o mənsur şeirdən bir parça ilə bitirmək istəyirəm:
 «Mən hey yazardım, əlim qələm tutandan, yəni yazmağı bacarandan bəri hey yazardım. Gördüyüm hər şeyə – yamyaşıl ağaclara, rəngbərəng çiçəklərə, masmavi göylərə, yanan Günəşə, nəğməli quşlara, sulara, yollara daha nə bilim nələrə, nələrə şeir yazar, mahnı qoşardım… Və o şeirlərdən biri hələ də yadımdan çıxmayıbdır:

    Qaymaq gülü, qaymaq çiçəyi,
    Bu cənnət bağçasına  günəşmi sərdi səni?!
    Günəşdənmi əmdiniz bu sapsarı atəşi?!
    Qaymaq gülü, qaymaq çiçəyi,
    Torpağın süd ətri, Anamın gül qoxusu,
    Aylı gecələrimin şirin-şəkər yuxusu,
    Sizi elə sevdim ki, qoxlamağa qıymıram,
    Siz Anamın gülüsüz, siz ANAmın çiçəyi!
    
 


 

TƏQVİM / ARXİV