
ABŞ prezidenti Donald Tramp, Ağ Evdə Salvadorun prezidenti Nayib Bukellə görüşü zamanı bəyan edib ki, tezliklə Ukrayna müharibəsini tənzimləmək üçün "çox yaxşı" təklifləri olacaq.
Ağ Evin rəhbəri, jurnalistlərin "Ukraynada hərbi qarşıdurmaların dayandırılması ilə bağlı hansı irəliləyişlər var" sualını cavablandırarkən bildirib ki, "Biz bunun öhtəsindən yaxşı gəlirik. Hesab edirəm ki, tezliklə bizim çox yaxşı təkliflərimiz olacaq".
Donald Tramp, həmçinin qeyd edib ki, Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsi prossesi yaxşı istiqamətə doğru irəliləyir. ABŞ prezidentinin sözlərinə görə, "elə anlar var ki, ya gördüyün işi sübut etməlisən, ya da səsini kəsib yerində oturmalısan".
Tramp, "çox yaxşı təkliflər var" dedikdə nəyi nəzərdə tutduğuna aydınlıq gətirmir. Nə baş verəcək? Ukrayna işğal olunmuş ərazilərini Rusiyaya güzəştə gedəcəkmi? Və ya, Rusiya işğal etdiyi Krım yarımadasından, Donbsss, Luqansk, Xerson, Zaparojye vilayətlərini geri qaytaracaqmı?
İstər Ukrayna lideri Volodimir Zelenskinin, istərsə də Rusiya lideri Vladimir Putinin belə bir addım atacaqları mümkün deyil. Ukrayna təslim olmaq aktına, Putin isə, bu müharibədən məğlub aktına heç bir halda imza atmayacaq. Bəs onda Tramp nəyə güvənərək belə bir bəyanatla çıxış edir?
Təbii ki, ABŞ prezidentinin üç ildən artıqdır davam edən qanlı müharibənin sonlandırmaq niyyəti və cəhdləri alqışa layiqdir. Lakin, Tramp administrasiyasının bu yolda, bu günədək atdığı addəmların, verdikləri təkliflətin heç biri uğur qazanmayıb. Bu gündən sonra da, təqdim edəcəkləri "çox yaxşı təkliflərin" uğur qazanacağı inandırıcı görünmür...
Bundan başqa, Avropanın təhlükəsizliyindən ehtiyat edən, Almaniya, Fransa, Böyük Britaniya, Polşa kimi dövlətlər də, bu müharibənin bitməsini istəmirlər. Artıq tədricən ABŞ-ın təsir dairəsindən uzaqlaşmağa çalışan Avropa İttifaqını "yola gətərmək" də, Tramp üçün asan olmayacaq.
Rusiya prezidenti Vladimir Putin dünənki çıxışında, atəşkəsin elan edilməsi məsələsinə toxunaraq, bunun necə əldə olunacağını, atəşkəsə kimlərin, hansı qüvvələrin nəzarət edəcəyini anlamadığını bildirməklə, daha çox bunun mümkün olmayacağını bəyan etmək istədi.
Maraqlıdır, bütün baş verənlərin fonunda, görəsən bu dəfə ABŞ prezidenti hansı fövqaladə "yaxşı təkliflər" irəli sürəcək ki, tərəfləri razı sala bilsin?