Xaçmazın şeir aləmi... - VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
3680 | 2023-12-04 11:24

Yurdumuzun gözəl guşələrindən biri də Xaçmazdır. Samur-Dəvəçi ovalığında yerləşən, Xəzər dəniziylə əhatə olunan, Dağıstanla sərhəddə yerləşən, gözəl təbiəti və elə bu təbiət qədər gözəl insanları ilə tanınan Xaçmazda son iyirmi ildə ədəbi həyat da gurlaşmağa başlayıb. Mənim Xaçmazdan olan dostlarımın sayı çox deyil. Əslən xaçmazlı olan  Firuzə Məmmədlini istedadlı bir şair kimi tanıyıram, həmişə onun şeir kitabları, mətbuatda çıxan şeirləri ilə daima maraqlanmış, onun yaradıcılığı barədə bir neçə məqalə də yazmışam. «Azərbaycan poeziyasının Firuzəsi» adlandırdığım bu gözəl şairənin Xaçmazda yubileyində iştirak edib ürək sözlərimi demişəm.

Xaçmazda  - ədəbi mühit qaynardır.  Mən bu ədəbi mühitin formalaşmasında xüsusi rolu olan, əyalətdə yaşasa da respublikada tanınan bir şair Murad Qudyalçaylını (1939-1995) burada yad etmək istəyirəm. Vaxtilə Xaçmazda, rayon qəzeti redaksiyasında  «Ulduzlar» ədəbi məclisi fəaliyyət göstərib. Yəqin indi də o ədəbi məclis yaşamaqdadır. Onu da xatırlayıram ki, bu məclisin  fəaliyyəti nəticəsində «Duyğu yarpaqları» ədəbi almanaxı nəşr olundu. İndi isə Firuzə xanımın redaktorluğu ilə «Poeziyamızın Xaçmaz baharı» adlı yeni bir nəşri sizlərə təqdim edilir.  Kitab «Firuzə» ədəbiyyat Ocağında  Xaçmaz rayonu Diyarşünaslıq muzeyinin direktoru, Ocağın Xaçmaz bölgəsinin sədri Pakizə Mehdiyevanın təşəbbüsü ilə hazırlanıb.12 şairin son illərdəki yaradıcılığını qismən də olsa əks etdirən bu toplu barədə ilk sözü söyləmək imkanı mənə qismətdir.

Söhbətə Məmməd Qəlirin şeirlərindən başlamaq istəyirəm. Məmməd Qədir əyalətdə yaşasa da, səsi Azərbaycanın bütün bölgələrindən gəlir.Vaxtilə mən onun şeirləri barədə «Ver sözə ehya ki..» adlı bir məqalə yazıb dərc etdirmişəm. O məqalədə mən Məmməd Qədirin  qoşma və gəraylıları haqqında söz açmış, «köhnə havalarda təzə notlar» səsləndirdiyini qeyd etmişdim. Onun poetik düşüncə tərzi, hər hansı hadisəyə, ürəyindən keçən hissləri, duyğuları şeirin ahənginə qatmağı ustalıqla bacarır.  Hiss olunur ki, sözləri, ifadələri poeziya səmtinə, axarına yönəldə bilir.  Onun şeirlərində fikir yükü var, deyirəm ki, onun hər hansı bir şeiri  fikirlə hissin, forma ilə məzmunun vəhdətindən yaranır. Ona gözəllik şairi də demək olar. Həm insanın ən ali hissi olan sevgidən yazır, həm də nə yazırsa, ŞEİR kimi yazır. Bu topluda Məmməd Qədir həm özü üçün, həm də oxucular üçün tamam yeni bir mövzuya müraciət edir. Bu da təbiidir. Əsl şair təkcə gözəllikdən, sevgidən yox, həm də yaşadığı Vətənin ağrı-acılarından, onun sevinc və qələbə üstündə köklənən zəfərindən, ədalətli müharibəsindən, bu müharibədə həlak olan, amma qanı yerdə qalmayan şəşidlərimizdən də yazmalıdır. 
   

Odlar yurdum bu cahanın dan üzünə gün kimi doğ.
Bayrağının kölgəsindən bir şərəfli yer yoxdu, yox,
Ayağa qalx, namusuna göz dikəni yerində boğ,
Halal olmaz Polad kimi  şəhidlərin tökdüyü qan,
Azərbaycan,
Bircə qarış torprağına sənin qurban, Azərbaycan.

Onun «Bu mənim mitllətimdi», «Rəşadətli əsgərim», «Nur simalı şəhidlərim», «Ey şəhid anaları», «Ağladım», «Yenə şəhid-şəhid ölür analar» şeirlərini həyəcansız oxumaq olmur. Son iyirmi ildə şeirimizin tematikasına daxil olan bu tipli mövzularda təzə söz demək göründüyü qədər də asan deyil. Çünki əksər şairlərin şeirlərində demək olar ki, eyni ifadələr, eyni fikirlər bir-birini təkrar edir. Məmməd Qədir isə bu təkrarçılıqdan uzaq olan şairdir. Baxın:
   

Yenə də ah-nalə, yenə duman, çən,
Yenə də bir bacı qardaşsız qaldı.
Atası yerinə şəkildən öpən,
Bir oğul atasız, qız başsız qaldı.

Yenə qara yellər əsir cəbhədən,
Bərk durun, oğlunuz gəlir, analar!
Yenə əsgər-əsgər qırılır Vətən,
Yenə  şəhid-şəhid ölür analar..  

Belə bir fikri deməkdən qətiyyən çəkinmirəm, bizim müasir poeziyada şəhidlər haqqında ən çoz yazan, həm də ən yaxşı yazan şairlərdən biri məhz Məmməd Qədirir.
 Bu topluda Məmməd Qədirin bundan öncəki  şeir kitablarında göz oxşayan, bədii təsvir vasitələrinin orijinallığı ilə diqqəti cəlb edən sevgi şeirləri də nəzərdən qaçmır.
   

Necə deyim axı gülə, kövrəyəm,
Əzabım sığışmır dilə, kövrəyəm,
Elə tutulmuşam, elə kövrəyəm,
Toxunsa, sındırar kəpənək kimi.

«Poeziyamızın Xaçmaz baharı»nda təqdim olunan digər şairlər haqqında da söz açmaq istəyirəm. Yaxşı cəhət budur ki, onların hər biri özünəməxsusluğu ilə seçilirlər. Məsələn, ilk dəfə tanış olduğum Sabir Nemətov, Habil Rza Nur, Vüsal Yurdoğlu,  Emfira Ərkli,Agah Xaçmazdı, Mövlan Şahid, Gülümbala Nəsirli, Səxavət Ənvəroğlu, Böyüağa Ağa Ağayev,Aqşin Dadaşoğlu mənə məhz belə təsir bağışladı. Təbii ki, onların hər birinin şeirləri barədə geniş söz açmaq mümkün deyil. Amma şairin şairliyini elə bircə şeiriylə də bəlli etmək olur.Habil Rza Nurun şeirlərini çox bəyəndim. Niyə? O, hər hansı şeirində sözün ehya edilməsinə, bizə məlum olan deyimlərin tamam yeni forma və biçimdə canlanmasına cəhd edir və buna nail olur.
 

 Bilirəm, ömür də sirdi,
 And olsun, səbrim dəmirdi.
İçimi qəmim gəmirdi,-
Çölümü yeyən tapılmaz.

Mən doğulandan beləıyəm,
Beşiyəm, qəmə bələyəm,
Qorxuram, ölüb eləyəm,
Dizinə döyən tapılmaz.

Təfərrüata varmadan mən Aqşin Dadaşoğlunun «Ana», Vüsal Yurdoğlunun «Dan ulduzu», Sabir Nemətovun «Görəsən», Səxavət Ənvəroğlunun «Tənhalıq» şeirlərini də xüsusi qeyd edirəm. Əlbəttə, adını çəkdiyim bu şeirlərdə ən yaxşı təşbihləri, metafraları, bədii təzadları, epitetləri seçib nəzərinizə çatdırardım. Amma hər hansı şeiri bütün bunlara  görə fərqləndirmək doğru deyil. Adını çəkdiyim şeirlər ŞEİR kimi maraqlıdır. Məsələn, Aqşin Dadaşoğlunun «Çəkir məni» şeirində yurdsevərlik, torpağa, kəndə bağlılıq koloritli bir şeir kimi məni özünə çəkir:
 

 İstər dağda olum, istər aranda,
 Ocaq çəkir məni, yurd çəkir məni,
 Təndirdən havaya buğlanan ətir,
  Lavaşa bükülən dad çəkir məni.

 Bu bulaq su səpər köz ürəyimə,
 Bəsirət qoyubdur göz ürəyimə,
 Atıb kəməndini düz ürəyimə,
  Vətən çəkir məni, yurd çəkir məni.

  Yurdun sapandına qoyulan daşam,
  Yağıya zəhərəm, dostlara aşam,
  Tülkü kölgəsində yatmaram, paşam,
  Türkdür soyum-köküm, qurt çəkir məni.

 «Poeziyamızın Xaçmaz baharı»nda həm heca, həm sərbəst, həm də əruz vəznində yazılan şeirlər sıralanıb. Yaxşı seçmələrdir. Xüsusilə, Səxavət Ənvəroğlunun, Mövlan Şahidin qəzəlləri klassik poeziyanın bu ölməz janrına meylin təcəssümüdür. İstər adını çəkdiyim, istərsə də adını çəkmədiyim şeirlərdə  müəlliflər  mümkün qədər şablon, standart ifadə üsulundan, deyilmişlərdən, yazılmışlardan qaçmış, təzəliyə can atmışlar.

 Mən «Poeziyamızın Xaçmaz baharı»şeirlər toplusunu təkcə Xaçmaz oxucuları üçün deyil, ədəbi –mədəni həyatımız üçün də maraq doğuran bir hadisə hesab edirəm.


 

TƏQVİM / ARXİV