SON DƏQİQƏ:

PRİSTAV KƏNDXUDANI SÖYDÜ…

  67515   |  
Şriftin ölçüsü  

… Qələmə aldığımız hadisə ötən əsrin əvvəllərində Yelizavetpol quberiyasının əyalətlərinin birində baş verib. Və bu hadisə bu gün də həmin kənd camaatının yadından çıxmayıb. Deyə bilərsiniz ki, balam, bu adamlar vaqe olmuş hadisəni necə biliblər? Çox sadəcə: onlara hadisəni babaları danışıb, babaları atalarına deyib, ataları da övladlarına…

… Uzaqdan gələn faytonu kəndin kənarındakı balaca uşaqlar yaxşı görürdülər. Və sevinə-sevinə də ayaqyalın-başıaçıq kəndə sarı qaçaraq uzaqdan gördükləri faytonun xəbərini çatdırırdılar. Bir göz qırpımında bu xəbər kəndin ayağından başına qədər hamıya gedib çatdı. Hələ indiyə qədər çox nadir halda bu kəndə belə fayton gələrdi. Faytonda da elə-belə adam əyləşməzdi. Əlahəzrət imperatorun ən sədaqətli pristavlarından biri əyləşərdi…

… Toz-torpağın içində fayton kəndə sarı irəliləyirdi. Faytonun qabağında atda əyləşmiş iki qaradavoy vardı. Və faytonun arxasında da yenə iki qaradavoy atın üstündə idilər. Onlar faytonda əyləşmiş pristavın təhlükəsizliyini qoruyurdular. Pristav faytonun pəncərəsindən bir daha gəldiyi əyalətin yollarına baxdı. Təkərlərin altından çıxan toz-torpaq bir anın içində faytonun pəncərəsindən içəri doldu. Pristavın yanındakı mühafizəçi cəld pəncərəni örtdü və qanıqaralmış pristavı şənləndirmək istədi. Ancaq onun zarafatları pristavın eynini açmadı. Əksinə, qanı daha da qaraldı, qaşları çatıldı və dedi:

- Bu kəndin kəndxudası kopəkoğlu hara baxır? Yolu düzəltmək üçün hər il əlahəzrət imperator tərəfindən bir ətək pul ayrılır. O da pulu yolu xərcləmək əvəzinə özünə gün-güzəran düzəldir. Qoy o kəndə çatım, köpəkoğlunun yeyib-içdiyini burnundan tökəcəyəm…

Mühafizəçi pristavın əsəbləşdiyini görüb səsini içinə çəkdi. Dinib-danışmadı və gözünü pəncərədən tozlu-torpaqlı yola dikdi.

Pristavın kəndə gəlməsi təsadüfi deyildi. Kənd ağsaqqallarından biri Kərbəlayı Əliş qubernatora şikayət ərizəsi yazmışdı. Elə bu şikayət ərizəsini də aydınlaşdırmaq üçün pristav kəndə təşrif buyururdu. Yoxsa, belə tozlu-torpaqlı kənddə pristavın nə iti azmışdı?

Pristavın kəndə gəldiyindən xəbər tutan kəndxuda onu düz kəndin girəcəyində - yuxarı hissəsində qarşıladı. Amma qırımından gördü ki, pristav ona bərk əsəbləşib. Heç kəndxudanın verdiyi salamı da almadı. Dedi ki, siz nə ipiqırıq adamlarsınız? Sən özün də, camaatınız da deyəsən qudurubsunuz. Qudurmasalar götürüb qubernatora şikayət yazmazlar.

Pristavın kəndə gəldiyini eşidən camaat mərkəzə yığıldı. Adam əlindən tərpənmək mümkün deyildi. Kərbalayı Əliş, Kərbalayı Cəmşid, Kərbalayı Müzəffər, Məşədi Hüseyn, Məşədi Məmməd… bir sözlə, kəndin ağsaqqalları hamısı toplaşmışdı bu meydana…

Axır ki, pristavın faytonu kəndin mərkəzinə çatdı. Ondan əvvəl qabaqda iki atlı, arxada da digər iki atlı faytonu müşayət eləyərək kəndə çatdırdılar. Sanki onların çiynindən ağır yük götürülmüşdü. Kəndin ağsaqqalları pristavın faytonunu görən kimi qəlyanlarını söndürdülər. Hansı ki, pristav kəndə yaxınlaşana qədər adını çəkdiymiz o ağsaqqalların hər biri qəlyana güc verirdilər…

Pristavın başı faytondan görünəndə hamı onu əl çalıb alqışladı. Pristav da papağını qaldıraraq razılığını bildirdi və sonra da dilləndi:

- Siz ki, belə alicənab adamlarsınız, bəs nə üçün götürüb əlahəzrət qurbernatora uzun bir şikayət yazmısınız? Məgər biz sizə pislik eləmişik? Kəndinizdə məktəb açmışıq, məscidiniz var, hələ bir balaca xəstəxananız da tikilib. Heç qonşu kəndlərdə bunun biri də yoxdur. Amma onlar əlahəzrət imperatordan və qubernatordan çox razıdılar.

Yerdən səslər gəldi:

- Vallah, biz də həm əlahəzrət imperatordan, həm də qubernatordan çox razıyıq. Bax, beş dəfə vergini artırmısınız, dinmirik. Körpüdən keçməyə görə vergi qoymusunuz, yenə dinmirik. Orda da vergini artırmısınız, yenə susuruq. Təkcə körpüdən keçməyə görə 25 manat hər birimiz pul ödəyirik. Heç buna da narazılığımız yoxdur. Narazılığımız odur ki, o körpüdən keçəndə bir dənə şillə-təpik vuran adam qoymusunuz. Bax, o adam da şillə-təpik vurmağı çatdırmır, körpüdə basabas yaranır…

Pristav handan-hana anlayır ki, balam, bu avam müsəlmanlar yenə fil qulağında yatıblar. Və sakit halda deyir:

- İndi mən sizə nə kömək eləməliyəm? Zarafat deyil, məni qubernator iki daşın arasında bura göndərib ki, görək bu müsəlmanlar niyə şikayət eləyirlər?

Yenə meydana toplaşmış ağsaqqallardan biri səslənir:

- Başına dönək, ay pristav qardaş, sizdən və qubernatordan bir xahişimiz var: bizim kəndi birləşdirən o çayın üstündən keçən körpüdə tez-tez basabas yaranır. Yəni həmin şillə-təpik vuranlar çatdırmırlar. Xahiş edirik ki, ora bir nəfər deyil, üç-dörd nəfər göndərin ki, çayın üstündəki körpünü keçəndə adamlara şillə-təpikləri tez vursunlar ki, orda basabas yaranmasın…

Pristav onları dinləyəndən sonra yenidən qımışır və ürəyi tam sakitləşir. Və deyir:

- Baş üstə, günü sabahdan orda vergilər də artırılacaq, camaata şillə-təpik vuranlar da çoxalacaq. Altı nəfər göndərəcəyik ora, körpünü keçəndə camaata tez şillə-təpik vursun və basabas yaranmasın. Tay başqa şikayətiniz yoxdur ki?!

Yenidən yerdən səslər gəldi:

- Xeyr, hörmətli pristav. Bizim elə şikayətimiz bu idi.

Pristav papirosunu çıxaran kimi yanındakı mühafizəçi onu yandırdı və bir daha pristav dərindən nəfəs aldı. Düşündü ki, balam, bu ermənilərin, gürcülərin yanında müsəlmanlar toya getməlidilər. Onlar bizdən məktəb açmağı, xəstəxana tikdirməyi, uşaqları başqa ölkələrdə oxutmağı tələb eləyirlər. Bu müsəlmanlarsa nə uşaq oxutmağa fikir verirlər, nə məktəb açdırmağa, nə də xəstəxana tikdirməyə. Olsa-olsa məscid tikdirməyi arzulayarlar. Heç ona da çox vaxt əlahəzrət imperator icazə vermir. Deyir ki, hər quberniyada uzaqbaşı bir-iki məscid oldu bəsdi. Qoy müsəlmanlar o məscidlərdə ibadət eləsinlər və Allahına şükür etməyi yaddan çıxarmasınlar.

Pristavın faytonu və mühafizəçiləri kəndin kənarındakı meşənin içində gözəl bir yerdə dayandılar. Çünki müsəlmanlar bu görüşdən razı qalmışdı. Pristav və adamları o meşənin içindəki kababxanada möhkəm yeyib-içdilər və o ki, var kef elədilər…

Axşama yaxın isə fayton hərəkətə gəldi. Qabaqda iki atlı, arxada isə yenə iki atlı pristavı qoruyurdular. Fayton gözdən itdi. Yollar yenidən toz-torpağa büründü. Balaca uşaqlardan biri əlini gözünün üstünə qoyub günəş şüasından qorunaraq pristavın toz qaldıran faytonuna gözdən itənədək tamaşa elədi…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK