adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Dekabr 2018 00:15
30787
GÜNDƏM
A- A+

ƏNDAZƏ


"Uembli arayışı" kitabından

O gün yenə canavarlardan söz düşmüşdü. Danışırdılar ki, dağlardan enib, meşələrdən çıxıb yollarda görünürlər, kəndlərə girirlər, mal-qaranı hürküdürlər. Bəs canavar necə olmalıdı, qoyun-quzuya qoşulub otlamayacaqdı ki... Vətəndaşlardan da biri xahiş etdi bu barədə yazıb camaatı ayıq-sayıq salaq. Söz verdim. Ancaq sonra yadıma düşdü ki, 2-3 il bundan əvvəl də belə bir təşviş yaranmışdı və gerçəkdən canavarlar az qala adamlara da diş göstərirdi. Onda bir köşə yazmışdım. Baxıb gördüm həmin yazının bir çox məqamları elə bugünki təlaş-təşvişə tam uyğun gəlir. Canavar canavarlığından çıxmayacaq ki. İndi xırda-para əlavələrlə diqqətinizə çatdırım.
Əzizlərim, axı hər bir heyvanın da öz qida mənbəyi olur. Canavarlar dağ keçisi, muflon, maral, ceyran, cüyür, dovşan, gücü çatanda qaban kimi heyvanları parçalamaqla qidalanır. Son vaxtlar təbiət qanunları ilə bağlı bu tip balanslaşma yamanca pozulur. Birincisi, canavarların ov mənbəyi sürətlə azalmaqdadır. İnsanlar aclıqdan deyil, kef-damaqdan, delikates zövqdən uyğun heyvanları canavarlardan qat-qat çox ovlayır və ovlatdırırlar. Ov mövsümü oldu-olmadı bahalı və ya məxsusi restoranlarda ceyran, cüyür, dağ keçisi, qaban, hətta ayı, oxatan kirpi kimi heyvanların ətindən kabablar satılır. Əslində bu heyvanların əksəriyyətinin vurulması ov mövsümündə də qadağandır. Buna heç kəsin gücü çatmır. Çünki bu ləzizləri sifariş verənlər elə ən imkanlı və güclülərdir. Keflə yaşayırlar. Bu cür imkanlara malik şəxslər bəzən özlərindən də böyük birisinə və ya sevimli metresinə başı-gözü üstündə, yəni dərisi soyulmamış cüyür, qaban, dağ keçisi gətizdirib qonaqlıq verirlər. Hədsiz dərəcədə imkanlı olmaq görürsünüz ki, necə ağlabatmaz ideyalar yaradır və gerçəkləşdirir. Ancaq mən bir qədər sonranı fikirləşib alüdəçilərə düşüncəsiz deyərdim. Çünki belə davam edərsə, vaxt gələr, ifrat hərəkətləri onlara baha oturar. Yenə də belə "canlı" qonaqlığa söz verib əməl edə bilməyəcək, pərt olacaq və yaxud böyük bir mərci uduzacaqlar. Aciz və ləziz heyvanlar tükənir axı!
Belədə bəs canavarlar neyləsin?
İkincisi. Bir tərəfdən canavarların "payından" çox götürürük, onları ac qoyuruq, bir tərəfdən də... canavarlar çoxalır. Üstəlik canavarlar əsasən xəstə, qoca, gücsüz heyvanları ovlayıb "sanitar" rolu oynasalar da, "biz" harada yaxşısı, körpəsi var - onu güllələyirik.
Canavarlar çoxalır...
... İndi qanuni ovçular da özləri üçün təhlükə yaranmasa canavara güllə atmırlar. Zərif, gözəl və gücsüz heyvanları qoyub canavar vurmayacaqlar ki...
Nə qədər sadəlövh olasan ki, bunu peşəkar ovçu və ya silah götürüb ov istirahətinə çıxanların dünyagörüşündə məlum totemə bağlayasan.
Canavarlar çoxalır...
Bəs nə etməliyik? Yox, mən Azərbaycan ovçularını canavarlarla son döyüşə çağırmıram. Keçən əsrin ortalarında çox mədəni və ağıllı saydığımız fransızlar belə bir tədbirə əl atmışdılar. Bütün ölkə canavarların kökünü kəsməyə qalxmışdı. Uzun müddət davam edən qətliamdan sonra hətta rəmzi olaraq sonuncu canavarın "şərəfinə" abidə də ucaltmışdılar. Heç bircə il keçməmişdi ki, Fransanın bütün əyalətlərini heyvan yolxucu xəstəlikləri bürümüşdü. Meşə heyvanları, mal-qara kütləvi şəkildə qırılırdı. Hökumət belə bir vəziyyəti aradan qaldırmaq üçün xeyli əziyyət və xərc çəkməli oldu.
Avropanın mərkəzində baş verən bu anormal hadisə uzaq Asiyada başqa bir formada təkrarlandı. Bu hadisəni sənədli filmlərdə uşaq vaxtı mən özüm də seyr etmişəm. Dahi Maonun dövründə bir il Çinin taxıl və çəltik istehsalı xeyli aşağı düşür, aclıq təhlükəsi böyüyür. Ölkə rəhbərliyi və yaxud ölkə rəhbərliyinin məsləhətçiləri bütün bunların səbəbini... sərçələrdə görürlər. "Sərçələrlə müharibə günü" elan edilir. Ölkənin ayaq tutan bütün əhalisi alaqaranlıqdan tüfəng, səsgücləndiricilər, döyəcləmək üçün qazan qapaqları və sairlə silahlanaraq Ali Baş Komandanın əmrini gözləyir. Əmr verilir. Ağ-qara lentlərdə görmüşəm. Qəzəblənmiş insanlar küçələrə, çöllərə, zəmilərə səpələnib elə səs-küy salırlar ki, ölkənin bütün sərçələri havaya qalxır. Müxtəlif vahiməli səslərdən havalanan sərçələr yerə enə bilmirlər. Uçub, uçub yorulur, yaxud qorxudan ürəkləri partlayıb elə yedikləri dən kimi yerə tökülürlər. "Müharibə" qaş qaralanacan davam edir və yük maşınları ölmüş sərçələri yığıb daşımağa bəs etmir. Yüz milyonlarla quşcuğaz xunveybin marşlarının təntənəsi ilə zibilliklərdə yandırılır. Bütün ölkə həmin ilin məhsul bolluğu eyforiyasına qapılır.
... Sərçələrin dənlə birlikdə yediyi sağ qalmış ziyanverici həşəratlarsa cuşa gəlib kef edirlər. Ölkədə salamat taxıl, çəltik qoymurlar.